Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın başı koronavirusla mübarizəyə qarışıb. Ölkəmizi isə başqa bir “virus” da təhdid edir. Adına şərti olaraq “petrovirus” dediyimiz bu bəlanın təsirləri isə daha ağır olacaq. “Ola bilər” yox ha, məhz “olacaq”. Nədən ki, koronavirus yaxaladığı adamların yalnız 2 faizinin canını alır. “Petrovirus”un isə döymədiyi qapı qalmayacaq. Hətta ölkə iqtisadiyyatının tamamilə defolt olma ehtimalı da yox deyil.
Söhbət, əlbəttə, qlobal neft bazarında qiymətlərin düşməsindən və Azərbaycan iqtisadiyyatının isə tamamilə “qara qızıl”dan asılı olmasından gedir. Məsələ burasındadır ki, ölkəmizin əsas gəlir mənbəyi neftdir və bu ilin dövlət büdcəsində neftin baza qiyməti 55 dollardan götürülmüşdü. Büdcə proqnozlarında gəlirlərin 57%-nin və ya 13.95 milyard manatın neft sektorundan əldə ediləcəyi nəzərdə tutulmuşdu. Hazırda isə neft 25 dollardan satılır. Yəni proqnozlaşdırılan nə az, nə çox, düz 30 dollar ucuzuna. Neftin yaxın gələcəkdə bahalaşacağı da gözlənilmir. Bunu Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin dünən yaydığı məlumat da təsdiqləyir.
Ovqat.com-un məlumatına görə, nazirlik dünən neft nəhəngi ARAMCO şirkətinə xam neft hasilatını önümüzdəki aylarda da gündə 12,3 milyon barel həcmində davam etdirmək barədə təlimat verdiyini açıqlayıb.
Açıqlamada qeyd edilib ki, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ixracatı artıracaq və may ayından başlayaraq gündə 10 milyon bareldən çox neft bazara çıxarılacaq. Məlumatdan belə anlaşılır ki, rəsmi Riyad daxili tələbatını maksimum səviyyədə azaltmaqla ixracatını artırmağa çalışacaq.
Üstəlik, krallıq elektrik enerjisi istehsalını xammaldan asılılığından azad etməyi də planlaşdırır ki, bu da əslində bizim kimi neft istehsalçıları üçün bəd xəbərdir. Belə ki, Səudiyyə Ərəbistanının bol günəşli və 3 tərəfdən dənizlə əhatə olunduğunu göz önünə gətirəndə “elektirik enerjisi istehsalında xammaldan asılığı azaltmaq” deyiləndə nəyin nəzərdə tutulduğu aydın olur: ölkə alternativ enerji mənbələrini işə salmağa çalışacaq və indiyədək elektirik istehsalına sərf etdiyi məhsulu da qlobal neft bazarına çıxaracaq. Bu isə qlobal neft bazarında təklifin tələbi daha çox üstələyəcəyi, dolayısıyla qiymətlərin daha çox ucuzlaşacağı anlamına gəlir.
Açıqlamada o da qeyd olunur ki, ölkənin yalnız Fadhili neft mədənlərindən çıxarılan gündə təqribən 250 min barel neft daxili istehlakı ödəmək üçün istifadə ediləcək, qalan xam maddə isə (hardasa 12.25 milyard barel – Ovqat.com) xarici bazara nəql olunacaq. “Bununla da yaxın bir neçə ay ərzində Səudiyyə Ərəbistanının xam neft ixracatını gündə on milyon barreli keçəcək”.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin bu açıqlaması “ARAMCO”-nun ötən bazar ertəsi günü elan edildiyi aprel və may aylarına planlaşdırılan yüksək hasilat hədəfləri ilə də üst-üstə düşür. Xatırladaq ki, ARAMCO-nun Baş direktoru Əmin əl-Nasir ötən bazar ertəsi günü mətbuata verdiyi açıqlamasında gələn aydan hasilatı maksimum səviyyəyə çatdıracağını bildirmiş və əlavə etmişdi ki, neft tədarükünü gündə 300 min barel artırmaq üçün heç bir əlavə investisiyaya belə ehtiyac yoxdur. Sadəcə istismardakı quyulardan daha çox neft çıxarmaqla buna nail olmaq və il ərzində günlük hasilatı 12 milyon barelin üzərində tutmaq mümkündür. Məhz bu açıqlamadan sonra neft bazarında qiymətlərin tənəzzülü başlamışdı. Əmin əl-Nasirin və Energetika Nazirliyinin açıqlamalarından anlaşılır ki, neft hasilatçıları əsl qiyamətlə hələ önümüzdəki aylarda tanış olacaqlar. Xüsusilə may ayında.
Ən dəhşətlisi isə odur ki, Səudiyyə Ərəbistanının neft bazarında qiymətlərin ucuzlaşdırılması planı təkcə yaxın gələcək üçün nəzərdə tutulmayıb. Riyad önümüzdəki illər üçün də hasilatı yüksək tutmaq üçün bir sıra planlar üzərində baş sındırır. Bu planlardan biri də ARAMCO-nun əş-Şərqiyyə neft sahəsini işə salmaq layihəsidir.
Şirkət ötən fevral ayında bu neft sahəsində hasilata başlamaq üçün rəsmi icazə alıb. Həmin neft sahəsi isə 200 trilyon kubmetr rezerviylə ölkənin ən böyük “qara qızıl” ehtiyatı hesab olunur. Əş-Şərqiyyə neft yataqlarında 2024-cü ilin əvvəllərindən hasilata başlanılacağı gözlənilir. Bu isə həm də o anlama gəlir ki, rəsmi Riyad açıq-aşkar neft müharibəsi elan etdiyi iki əsas hədəfi - Rusiya və İran 2024-cü ilə qədər çökməsə, hasilatı və ixracatı daha çox artıraraq, onları çörək üzünə möhtac vəziyyətə gətirməyə çalışacaq. Arada isə zərbə onlardan daha çox, bizim kimi gözünü yeraltı sərvətinə dikib özünü inkişaf etdirməyən “qaragünlü”lərə dəyəcək.
Sual oluna bilər: Səudiyyə Krallığını bu qədər qəzəbləndirən nədir?
Zənnimizcə, krallığını neft savaşının bir səbəbi, bir də bəhanəsi var. Səbəb bəllidir – ABŞ Rusiya və İranı çökdürmək istəyir. Vaşinqtonun əsas silahı isə neftdir. Hər iki ölkənin əsas gəlir qaynağı olan neftin ucuzlaşması onları sərsəmlədər, sonunda iqtisadi böhran keçirib qınına çəkilməyə və ağ bayraq qaldırmağa məcbur edə bilər. Xüsusilə atom gücü olan Rusiyayla danışmağın başqa yolu yoxdur və ən ağıllı Moskva acından ölən Moskvadır.
Bəs, Rusiya ilə ABŞ arasında hesablaşmada rəsmi Riyadın dərdi nədir? - deyə soruşmayın. Trampın diliylə desək, Səudiyyə Ərəbistanı ABŞ-ın sağmal inəyidir, nə vaxt istəyər sağar, nə vaxt istəyər, başını kəsib ətini yeyər. Hələ onun “südü” Rusiyanı və İranı çökdürməyə yaradığı üçün sağılır. Əsl düşmənlər çökəndən sonra isə, Allah Kərimdir.
Savaşın bəhanəsinə gəlincə...
Səudiyyə Ərəbistanı ötən həftə Rusiyaya və digər neft istehsalçılarına neft savaşı açaraq, hasilat gücünü maksimum səviyyədə artıracaq bir proqramı başlatdığını elan etmişdi. Neft müharibəsinin bəhanəsi isə koronavirus epidemiyasının yayılması nəticəsində qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün rəsmi Riyadın hasilatı azaltmaq təklifinə Moskvanın “yox” deməsiydi. Rəsmi Riyad Rusiyanın məhz bu “üzə ağ olmasını” əsas gətirib onu çökdürmək planının düyməsinə basıb.
Uzun sözün qısası, Operativ Qərargah koronavirusa qarışan başını arada qaldırıb arada neft bazarlarındakı vəziyyətə nəzər salsa, yaxşı olar. Çünki yenə təkrar edirik: koronavirusdan fərqli olaraq, “pertovirus”un döyməyəcəyi qapı qalmayacaq.
Heydər Oğuz
Ovqat.com
Paylaş: