Xəbər lenti
Dünən, 19:25

 

Koronavirus çox yoluxucudur. Onun dərmanı yoxdur, vaksin ən yaxşı halda bir il, hətta çox güman ki, iki ildən sonra tapılacaq. Ölüm faizi həddindən yüksəkdir, xüsusilə də yaşı əllidən yuxarı olan insanlar arasında. Simptomlar olmayan insanlarda, o cümlədən bir çox uşaqlarda virusu müəyyənləşdirmək o qədər də asan deyil, ancaq virus orqanizmlərinə düşübsə, onlar da yoluxdurucudurlar.

Müqavimət göstərmək faydasızdırmı? Hamımız öləcəyik? Ümumiyyətlə, nə etmək lazımdır?

Sankt-Peterburq Dövlət Universitetinin mikrobiologiya kafedrasının professoru Aleksey Potexin bizi nələrin gözlədiyini izah etməyə çalışıb.

 

“Ürəyimə damıb ki, biz nəhəng qarmaqarışıqlıq ərəfəsindəyik”

 

(“Malinovkada toy”).

 

Havada ümumi bir təşviş əhval-ruhiyyəsi dolaşır. Zənnimcə, uzun illər universitetdə virusologiyadan mühazirə oxuyan bir bioloq olaraq mənim də koronavirus haqqında bir-iki kəlmə demək vaxtım çatıb. Bunu tezislər şəklində eləməyə çalışacağam, çünki onsuz da internetdə artıq bu mövzu ilə bağlı həddindən çox şey var, İtaliyada deyildiyi kimi, hətta donuzlar da fikir bildirib.

  

Beləliklə:

 

1 – Bu, sadəcə koronavirusdur. O, əvvəllər də insanda kəskin respirator virus infeksiyası (KRVİ) törədicilərinin ümumi spektrində təqdim olunan fəsilənin nümayəndələrindən biridir. Koronavirus cüzam deyil. Hətta o, 2002-ci ildə atipik pnevmaniya törədən və indikindən daha ağır olan koronavirus da deyil. Hazırkı virus da insana başqa heyvandan yenicə keçmiş və özünə hörmət eləyən hər virus kimi öldürür, amma az-az öldürür. Bütün bu müddət ərzində COVID-dən nə qədər adam ölübsə, hər gün dünyada tuberkulyozdan o qədər adam ölür, bir o qədər insanı da malyariya aparır. Sadəcə biz həmin rəqəmləri onlayn rejimdə izləmirik.

2 – Təəssüf ki, bu vuris kifayət qədər yoluxucudur. Qripdən daha çox, amma xanazırdan, ya da məxmərəkdən daha az yoluxur, hələ qızılcanı demirəm. Yoluxanların və ölənlərin sayını göstərən rəqəmlərin real zamanda artması bizim təxəyyülümüzə təsir edir və biz fikrən həmin rəqəmlərə “artıq” sözünü yapışdırırıq. Peterburqda “artıq” səkkizinci hadisə! Rusiyada “artıq” 93 oldu! Çində “artıq” 80 mindir. Əslində isə “hələ”, ya da “cəmi” demək daha doğru olardı. Milyardlıq Çində epidemiyanın davam etdiyi, təxminən, üç ay ərzində 80 min yoluxma – “düz 80 min” deyil, “cəmi” 80 mindir. Odur ki, panikanı həddindən çox şişirdirlər. Biz Rusiyada epidemiyanın genişlənməsi mərhələsinin ən başındayıq. Çox güman ki, bir-iki həftədən sonra digər ölkələrdə olduğu kimi burda da vəziyyət pisləşəcək. Lakin bu, yenə də son əlli ili çıxmaq şərtilə, bəşəriyyətin bütün tarixi boyu üzləşdiyi epidemiyalardan xeyli uzaq olacaq. Və həmin epidemiyalarla müqayisədə, demək olar ki, heç kim ölməyəcək. Odur ki, panikaya gərək yoxdur!

 

3 – Virus bir ölkənin sərhədlərindən kənara çıxıb və bütün dünyada ocaqları yaranıb. Bu, qaçınılmaz idi. Yeri gəlmişkən, “pandemiya” sözündən də qorxmaq lazım deyil – bu söz sadəcə xəstəliyin özünü dünyanın əksər ölkələrində büruzə verdiyini göstərir, bəşəriyyətin yoxolma təhlükəsi ilə üz-üzə qaldığını yox. Ancaq hər ölkə yaxın aylarda Çinin yolunu təkrarlasa, yoluxma halları xeyli çoxalacaq. Bütün hallarda hər ölkədə populyasiyanın kiçik bir hissəsi zərər görəcək, ancaq onların cəmi az olmayacaq. Karantinlərin məqsədi qısa zaman ərzində Çinin göstəricilərinə çatmamaqdır. Çinin və hazırda Avropa ilə dünyanın qalan hissəsinin tətbiq etdiyi təhlükəsizlik tədbirləri tamamilə presedentsizdir. Onların əsas hədəfikütləvi yoluxmalar nəticəsində eyni anda bütün xəstəxanaların üzərinə düşmüş yükü azaltmaq (hazırda İtaliyada bu baş verir və son dərəcə faciəvi mənzərədir), infeksiyanın yayılma zamanını uzatmaqdır.

4 – Koronavirus nəticəsində ölüm sayı reallığı əks etdirir. İlkin qrip və ya hansısa başqa KRVİ keçirmədən, qəflətən ağciyər iltihabından ölən insanların qohumlarının dərhal sosial şəbəkələrə doluşa biləcəyi bir zəmanədə real rəqəmləri heç kim gizlətməzdi. Bununla belə, təbii ki, yoluxma hallarının ümumi sayının göstəriciləri xeyli azaldılıb, çünki bir yığın insan infeksiyanı simptomsuz keçirib: üstəlik onu müəyyənləşdirməyin hələ mümkün olmadığı zamanlarda. Elə indi də bir çox hallar müəyyənləşdirilmir, baxmayaraq ki, indi onları artıq müşahidə və nəzarət edirlər. Ki, bu da çox yaxşıdır – yoluxanların sayı nə qədər az göstərilirsə, deməli, ölümlə nəticələnən halların faizi də bir o qədər azdır.

 

5 – Bu virusun insanların araşdırmalarına heç bir dəxli yoxdur, o, heç bir laboratoriyadan “qaçmayıb”. Camaat panika içində vurnuxduğu vaxt bütün dünyanın laboratoriyalarında SARS-CoV haqqında xeyli şey öyrəniblər. O cümlədən də hər şeyin Çində tək yoluxmadan başladığını – yəni orda kimsə yeyilməməli hansısa heyvanı yeyib. Ya da sadəcə bazarda o heyvanın yanında dayanıb. Ki, o bazarlarda ilanlar, yarasalar, toyuqlar, panqolinlər, sivetlər eyni qəfəsdə olurlar, sonra onları eyni masada, heç bir gigiyenaya və “halallığ”a əməl etmədən alıcılar üçün “bişirirlər”.

Bu, bəxtini başqa sahib-heyvanda sınamaq istəyən viruslar üçün ideal mühitdir – yarasa ağız suyunu tısbağanın, dovşanın ağız suyu ilə başqa harda mübadilə edə bilər?

Yeni sahibin orqanizminə düşən viruslar isə ona uyğunlaşmaqdan ötrü hökmən yeni xüsusiyyətlər qazanacaq və tez-tez özlərini aqressiv aparacaq. Digər tərəfdən növlərarası baryeri bir dəfə aşan virus ikinci dəfə də aşacaq və yolüstü yeni sahiblərinə də uyğunlaşacaq. Və bu sahiblər zəncirinin bir həlqəsi də insan ola bilər.

Koronavirus, mənşəyini məhz Çinin bazarlarında axtarmalı olduğumuz ilk virus deyil. Bəlkə bundan sonra Çin o bazarlara əl gəzdirər. Ümumiyyətlə, bizim hələ bəxtimiz gətirib ki, vuris o qədər də güclü çıxmayıb.

 

6 – SARS-CoV koronavirusu artıq hər zaman həyatımızda olacaq. O, yoxa çıxmayacaq. Karantinlər onu məhv eləməyəcək. Bir çox viruslar kimi koronavirusun da dərmanı yoxdur, həkim tövsiyələri – dəstəkləyici müalicədən ibarətdir. Vaksin yaranacaq (zənnimcə, yayda), amma kütləvi istifadəyə ilin sonundan tez çıxmayacaq, çünki istənilən vaksinin sınaq müddətini azaltmaq olmaz. Odur ki, planetimizin əhalisinin böyük hissəsi bu virusa yoluxmağa məhkumdur. Və bu, vacib məqamdır, çünki yoluxucu xəstəliklərə qarşı ən yaxşı vasitə – kollektiv immunitetdir (nə qədər çox insan xəstələnib immunitet qazansa, yeni xəstələnmə halları bir o qədər az baş verəcək və tədricən, xəstəlik arxa plana keçəcək). Təkrar yoluxmalar haqqında şayiələrə inanmayın. İmmunitet koronaviruslara qarşı güclənməyə məcburdur.

7 – Koronavirus, qrip virusuna qətiyyən bənzəmir. Buna görə də o, bəşəriyyəti illərlə, onillərlə döyüş vəziyyətində, karantinlərdə saxlamayacaq. Koronavirusun qrip viruslarına xas yüksək dəyişkənliyi təmin edən mexanizmləri, xüsusiyyətləri yoxdur. Çox güman ki, bu virus onun kimi infeksiyaların getdiyi adi yolla gedəcək – insanla nə qədər uzun müddət birlikdə olsa, simptomatika bir o qədər yüngülləşəcək, yeni formaları da nadir hallarda meydana çıxacaq və ilk yoluxmadan sonra yaranan immun baryerini asanlıqla aşmayacaq. Lakin mövcud epidemik vəziyyət, təxminən, yarım il (mənim hesablamalarıma görə) uzana bilər. Tədricən, virus peyzajın bir hissəsinə çevriləcək, çoxları xəstələnəcək və bəşəriyyət normal həyatına qayıtmağa başlayacaq.

 

8 – Xoşbəxtlikdən, uşaqlar, demək olar ki, xəstələnmirlər, hərçənd virusu simptomsuz keçirə bilərlər. Çox güman ki, sağlam yetkin insanlar infeksiyanı “ayaq üstündə” keçirəcəklər, kiminsə bir az hərarəti artacaq, kimsə möhkəm qrip keçirirmiş kimi xəstələnəcək. Xəstəxanalara göstəricilərə görə (yəni həyati-təhlükə ehtimalı ilə) az insan düşəcək. Onların çox cüzi faizinin ölmək ehtimalı var. Bu, ən xoşagəlməz və dəhşətli ağırlaşmalarından biri pnevmaniya olan qripdən daha qorxunc deyil. Və yəqin, artıq hamımız başa düşmüşük ki, yüksək risk qrupuna yaşı 75-ə yaxın olan, xüsusən də, hər hansı ciddi xəstəlik keçirmiş insanlar düşüblər (özümüzü sığortalayaq – həyat səviyyəsi 70-dən aşağı olan ölkələrdə). Mövcud statistikaya əsasən, bu situasiyada hər beşinci-altıncı xəstəni ölümcül təhlükə gözləyir.

9 – Biologiya nöqteyi-nəzərindən insana heyvanların bir növü kimi baxsaq, koronavirus, ümumiyyətlə, son dərəcə təhlükəli bir şey kimi qəbul olunmamalıdır. O, zəif immunitetli insanları öldürür (istənilən yoluxucu xəstəlik kimi) və böyük yaş qrupunda populyasiyanı mülayim keçirir.

Hələ 100 il əvvəl bəşəriyyət buna fəlsəfi yanaşardı, allahın işi kimi baxardı və doğma şəhərciklərindəki poliomielit, ya da qızılca epidemiyasına fikir vermədən 2020- koronavirus epidemiyasını rahat qarşılayardı. Amma tərəqqinin astar üzü belədir – biz, aralarında kiminsə valideynləri, ana-atası olan qocaların heç birini bu virusa asanlıqla vermək istəmirik. Bu baş verməsin deyə yaşlıları xəstəxanada belə vəziyyətlər üçün uyğunlaşdırılmış palatalara yatırtmaq və nəfəs almalarına kömək etmək lazımdır. Palataların sayının məhdud olduğunu da bilirik, güman ki, ağciyərlərin süni yolla işləməsini təmin edən cihazlar da hər kəsə çatacaq qədər deyil. Üstəlik onlar daima koronavirus ucbatından özü nəfəs ala bilməyən bir yığın başqa insana da kömək edir.

 

10 – Buna görə də, karantin tədbirləri olmalıdır. Hansımız, axşamlar bara getməklə, virusun ötürülmə zəncirinə düşüb istəmədən də olsa, tanımadığımız yaşlı insanın ölümünə səbəb olmaq arasında qalsaq, bara getməyi seçərik? Əgər darıxmağın bədəli yaşlıların həyatı ilə ölçülürsə, hamımız evdə darıxmağa, bayıra çıxmamağa, əylənməməyə hazırıq. Hətta hərdən işə də getməmək olar, xüsusən də, əgər ora metroyla getmək lazımdırsa. Evdə qalsanız, dünya dağılmayacaq.

Amma tam özünütəcridi sosial aktivliyin düşünülmüş şəkildə azaldılması ilə qarışdırmaq lazım deyil. Koronavirus, həyatımızı iflic edəcək qədər qorxulu deyil. Bir illik ərzaq ehtiyatı almağa gərək yoxdur, çox yəqin ki, mağazalar bağlanmayacaq, aldığınız makaronlar isə köhnələcək.

Bir memdə çox yaxşı deyilmişdi: əgər 14 günlük karantin üçün sizə 144 rulon tualet kağızı lazımdırsa, bu o deməkdir ki, siz həkimə koronavirusun gəlişindən xeyli əvvəl müraciət etməliydiniz!

 

Küçəyə çıxmaqdan qorxmayın. Əgər həqiqətən işə getmək lazımdırsa, getməkdən qorxmayın. Ümumiyyətlə, bu infeksiyaya yoluxmaqdan qorxmaq lazım deyil! Yəni biz heç vaxt qrip olmamışıq, ya da heç vaxt qızdırmamız qalxmayıb?

Nənələrə, babalara görə qorxmaq lazımdır. Bax, onlar evdən az-az çıxsalar, başqa insanlarla az ünsiyyətdə olsalar, nəqliyyatdan az istifadə etsələr, filarmoniyaya, ya da asudə vaxtı mədəni keçirməkdən ötrü nəzərdə tutulmuş digər məkanlara heç getməsələr, daha yaxşı olar. Yəqin, onların heç ürəyinə yatmayacaq, amma yaxın zamanlarda övladları, nəvələri ilə də gec-gec görüşməkləri məsləhətdir. Özləri də bilmədən onlardan təhlükəli virusa yoluxa bilərlər. Bunu yaşlı qohumlarınıza, dostlarınıza izah edin, özünüz də onlar üçün minimal kontakt rejimi yaratmağa çalışın. Onlar yenə də xəstələnəcəklər, amma əsas odur ki, hamısı birdən xəstələnməsin.

 Aleksey Potexin

Sankt-Peterburq Dövlət Universitetinin mikrobiologiya kafedrasının professoru

azlogos.eu




Ana səhifəyə qayıt        Baxış: 7 042          Tarix: 21-03-2020, 02:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma