Xəbər lenti

Şimal-Cənub Nəqliyyat Dəhlizi (ŞCND) layihəsi Hindistan üçün Avrasiyada öz nüfuzunu artırma imkanıdır. Ekspertlər bu layihənin Hindistanı sözügedən regionda əsas oyunçulardan birinə çevirəcəyini iddia edirlər. Layihəsinin reallaşması üçün Cənubi Qafqaz regionu xüsusi strateji əhəmiyyətə malikdir.

Hindistan da son dövrlər Cənubi Qafqazın üç dövləti, Azərbaycan, Gürcüstan və Ermənistanla təmaslarını artırıb. İllərdir Azərbaycandan neft idxal edən Hindistan, Gürcüstanın kənd təsərrüfatı və turizm sektorunda qoyduğu invesitisiya, Ermənistanla isə hərbi sahədə əməkdaşlığını genişləndirməsi ilə diqqət çəkir.

Yeni Dehlinin Cənubi Qafqazdakı diplomatik fəallığı bir neçə faktorla bağlıdır. Əvvəla, Hindistan ŞCND işə düşdükdən sonra öz malları üçün region ölkələrini əlverişli bazar hesab edir və indidən güzəştli tariflər üçün təmaslarını artırır. Həmçinin Hindistan son dövrlər xeyli inkişaf etmiş hərb sənayesinin məhsullarını ABŞ, Rusiya və Çin kimi ixrac etmək niyyətindədir. Cənubi Qafqazda yerləşən hər üç dövlət də Hindistan istehsalı olan hərbi məhsullar üçün real alıcılar hesab edilə bilər. Və ən önəmlisi Cənubi Qafqazın neft və qaz ehtiyatları ilə zəngin ölkəsi Azərbaycanla əməkdaşlıq, dünyanın ən çox neft idxal edən üçüncü ölkəsi olan Hindistan üçün hər zaman maraqlıdır. Azərbaycanı Hindistan üçün maraqlı edən yeganə detal sadəcə təbii ehtiyatları deyil, həm də onun Pakistanla müttəfiqliyidir.

Ona görə də Hindistan Cənubi Qafqazda “oyunun içində qalmağa” çalışır. 2016-cı ilin Aprel müharibəsindən sonra Hindistan həm Azərbaycana, həm də Ermənistana öz hərbi texnikalarını təklif etdi. Ermənistan bu təklifə pozitiv reaksiya versə də Pakistanla müttəfiqliyini nəzərə alan Azərbaycan bundan diplomatik nəzakətlə imtina etdi. Ardınca isə Azərbaycan JF-17 Thunder və Super Mushak təyyarələrini almaq barədə Pakistanla razılaşdı. Hindistanın gepolitik həmləsi bundan sonra başladı...

Bu hadisədən sonra Hindistanla Ermənistan arasında olan əməkdaşlıq daha da intensivləşdi. 2017-ci ilin fevralın 11-də Ermənistanın o zamanki prezidenti Serj Sarkisyan hind Baş Naziri Modinin dəvətiylə Hindistana rəsmi səfər etdi. İki dövlət başçısı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi.

2017-ci ilin 26 aprel tarixində isə Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari Ermənistana rəsmi səfər etdi. Ermənistan prezidentiylə görüşdən sonra Ənsari jurnalistlərə açıqlama verdi və qeyd etdi ki, Hindistan və Ermənistan liderləri hərbi və digər sahədə birgə əməkdaşlıq məsələlərini müzakirə edirlər. Hindistan hərbi-texniki sahədə əldə etdiyi təcrübəsini Ermənistanla bölüşməyə hazırdır.

2018-ci ildə “Times of India” nəşrinin verdiyi məlumata görə Ermənistan Hindistan istehsalı olan “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanıb və bu sistemləri almaq niyyətindədir. Qeyd edək ki, sonradan bu xəbəri Ermənistan Müdafiə Naziri Artsrun Hovanesyan təsdiq etdi.

27 sentyabr 2019-cu ildə Ermənistanın yeni baş naziri Nikol Paşinyan mətbuata verdiyi açıqlamada Kəşmir problemində Ermənistanın birmənalı olaraq Hindistanın mövqeyini dəstəklədiyini açıqladı. 17 dekabr 2019-cu ildə isə mükafat olaraq Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval Ermənistan müdafiə naziri David Tonoyan görüşdü və hərbi məsələlərdə birgə əməkdaşlıqla barədə razılaşmaya qol çəkdi.

2 mart 2020-ci ildə isə Hindistanın sövdələşmə çərçivəsində Ermənistana 40 milyon dollar dəyərində 4 ədəd “Svati” radar sistemi verəcəyi məlum oldu. Qeyd edək ki,  Erməni ekspertlər Ermənistanın Hindistan istehsalı olan hərbi texnikalara marağının daha da artacağını proqnozlaşdırır. Buna səbəb, Paşinyanın Rusiyadan  əvvəlki hökumət dövründə alınan hərbi texnikalardan narazı qalmasıdır.

Ermənisanla hərbi əməkdaşlıq Hindistanın Cənubi Qafqazda ən ciddi geopolitik həmləsidir. Bu həmlə ilə Hindistan həm Pakistanla müttəfiq olan Azərbaycanı “cəzalandırır”, həm də Ermənistandan Azərbaycanı öz tərəfinə çəkmək üçün təhdid kartı kimi istifadə edir. Hindistana regionda oyun aparmaq üçün Azərbaycan lazımdır. Azərbaycan həm hind məhsulları üçün sərfəli alıcı, həm də əlverişli enerji mənbəyidir. Bundan savayı Kəşmir problemində müsəlman bir dövlətin dəstəyini qazanmaq Hindistan üçün əlamətdar diplomatik zəfər olardı.

Beləliklə, Hindistan Cənubi Asiyadan Cənubi Qafqaza diplomatik həmlə edəcək qədər genişmiqyaslı və cəsarətli siyasət yürüdür, lakin bu siyasət Hindistan üçün Avrasiyada Rusiya ilə kəllə-kəlləyə gəlmək kimi yeni problemlər yarada bilər...




Ana səhifəyə qayıt        Baxış: 2 203          Tarix: 25-03-2020, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma