İran parlamentinin spikeri Əli Laricani də koronavirusa yoluxub.
Ovqat.com xəbər verir ki, məlumatı İranın rəsmi dairələri də təsdiq ediblər.
Əli Laricani İran siyasi elitasına daxil olan ailələrdən birinin üzvüdür. Laricani qardaşları İranın yüksək vəzifələrində yer alırlar.
İran İslam İnqilabının aparıcı simalarından Ayətullah Mirzə Haşim Amulinin oğlu olan Əli Laricani 1957-ci ildə Qum şəhərində anadan olub. Bu şəhərdə mədrəsələrdə dini təhsil alan Laricani daha sonra təhsilini Şərif Universitetində Riyaziyyat və Kompüter Elmləri fakültəsində, oradan məzun olduqdan sonra isə Tehran Universitetində Qərb Fəlsəfəsi fakültəsində davam etdirib.
İran siyasi elitasının mühafizəkar qanadının aparıcı şəxslərindən biri kimi tanınan Laricani SEPAH-da başladığını «dərin» iş həyatında İran Ali Milli Təhlükəsizlik Ali Şurasının baş katibi vəzifəsinə qədər yüksəlib. Dini liderin əsas müşavirlərindən olub və əsasən İranın nüvə texnologiyası ilə əlaqədar beynəlxalq təşkilatlarla danışıqlarda iştirak edib.
2007-ci ildə prezident Mahmud Əhmədinejadla girişdiyi mübahisə səbəbindən ali dini lider tərəfindən bu vəzifədən azad olunub. Onun vəzifəsindən uzaqlaşdırılmasını dini rəhbərin blefi kimi qiymətləndirənlər də var. Bu mülahizəyə görə, İran beynəlxalq qurumlarla danışıqlarda vaxt qazanmaq üçün bəzən xarici diplomatlara müsbət mesajlar verir, vədə yetişəndə isə ölkədə baş verən hansısa siyasi proses danışıqlarda götürülən öhdəliklərin qarşısını alırdı. İran İslam Respublikası yaranandan bəri davam etdirilən bu siyasətinin 2007-ci ildəki qurbanı isə Laricani olur.
Amma Laricani də bu ssenaridə şüurlu şəkildə qurban rolu oynadığı üçün vəzifəsiz qalmir. O, Milli Təhlükəsizlik Ali Şurasının sədrliyindən uzaqlaşdırılsa da, bu vəzifədə oynadığı rolun meyvələrini hakimiyyətin əsas qanadı sayılan parlamentin ən yüksək postunda toplayır. İranın ən ali təhlükəsizlik qurumunun rəhbərliyindən uzaqlaşdırılan Laricani bir ildən sonra keçirilən parlament seçkilərinə qatılır və Qumdan millət vəkili seçilir. O zamandan indiyədək Laricaninin parlamentari həyatı başlayıb və 12 il sərasər İran Milli Şurasının sədri vəzifəsinə seçilir.
Laricani İran parlamentinin koronavirusa yoluxan ilk nümayəndəsi də deyil. İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Əsədulla Abbasi mediaya açıqlamasında 23 deputatın koronavirusa yoluxduğunu təsdiq edib.
O bildirib ki, 100 deputatdan «Covid-19» infeksiyası ilə bağlı götürülən test analizlərinin nəticələri müəyyənləşib: «Təəssüflər olsun ki, artıq 23 deputatın test analizləri müsbət çıxıb. Hazırda 40 deputat da koronavirus daşıyıcısı olmaqda şübhəli bilinir» — deyə, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi əlavə edib.
Sözçü, virusa yoluxmuş iranlı deputatların indiki durumu və onların hansı xəstəxanalarda müalicə almasını açıqlamayıb. Üstəlik, İran parlamentinin cəmi 100 üzvündən bu cür analiz götürülüb. Parlamentin isə 290 deputatı var. Qalan 190 deputatdan da test götürüləcəyi təqdirdə bu sayın artmayacağı bəlli deyil.
Dini lider Xameneinin fikrincə, koronavirus İranın düşmənləri tərəfindən bu ölkəyə qarşı tibbi müharibə üçün hazırlanmış bioloji bombadır. Xameneinin sözlərinə inansaq, belə çıxır ki, bu «bioloji bombanın» növbəti hədəfi İranın qanunvericilik hakimiyyət orqanı olub və zərərçəkənlər arasında Laricani də var.
Qeyd edək ki, İranda koronavirusun sürətlə yayılmasını nəzərə alaraq, ölkə parlamentinin iclasları martın ortalarından başlayaraq dayandırılıb. Həmin müddət ərzində parlamentin bir neçə iclası video-konfrans şəklində keçirilsə də, bəzi deputatlar bu addımı «qanunsuz» adlandıraraq etiraz bildiriblər.
Həmçinin 42 deputat parlamentin fəaliyyətinin dayandırmasına etiraz bildirərək, İslami Şura Məclisinin fəaliyyətinin yenidən bərpasını tələb ediblər.
İran parlamentinin koronavirusa ilk qurbanlarını da verib. Bildirildiyinə görə, parlamentin deputatları Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani koronavirusdan ölüblər.
Paylaş: