Xəbər lenti


Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlayıb.
Sənəddə iş dünyasıyla yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrə yardım da nəzərdə tutulub. Fəqət olduqca məhdud ölçüdə: “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı”.
Sözügedən Sərəncamda məsələnin bu şəkildə qoyulması ümidini dövlətin yardımına tikən bir çox aztəminatlı ailələri xeyli narahat edib. Onlar dövlət dəstəyinin həmin ailələrdəki tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə məhdudlaşacağı, yoxsa daha geniş əhatə dairəsinə malik olacağı barədə düşünür, suallarına cavab tapa bilmirlər. Xüsusilə karantin tədbirlərinin artırıldığı bir şəraitdə günəmuzd işləyən insanlarımızın nə cür dolanacağı aydın deyil. Ən çətin vəziyyətə düşənlər isə dağılmış ailələrdir.
Ovqat.com vasitəsilə hökumətə vəziyyətlərini çatdırmaq istəyən dağılmış ailələr işləmədən necə yaşayacaqlarını bilmirlər.
Kərimova Cəmilə xanımın ixtiyarında iki uşaq var. Onlardan biri 14, digəri isə 13 yaşındadır. Bu zamanadək keçmiş yoldaşından aldığı 300 manat civarında alimentlə uşaqlarını dolandıran ana bu məbləğin heç bir uşağa çatmadığını deyir. Ağcəbədidə yaşayan valideynlərinin köməkliyi ilə ailəsini ayaqda tutmağa çalışan Cəmilə xanım karantin məhdudiyyətlərindən sonra aldığı alimentin də kəsiləcəyindən narahatdır: “Onsuz da alimenti zamanında ala bilmirdim. Hər dəfə dövlət qurumlarına şikayətdən sonra keçmiş yoldaşım aliment ödəyirdi. İndi karantin məhdudiyyətləri istər-istəməz keçmiş həyat yoldaşımın da imkanlarını zəiflədəcək və bu öhdəliyini yerinə yetirə bilməyəcək”.
Bakı ilə rayonlar arasında yolların bağlanmasının da güzaranına təsir etdiyini deyən şikayətçi dövlət orqanlarının onun kimi ailələri də düşünməsini istəyir: “Valideynlərim Ağcabədidə yaşayırlar. Onlar təqaüdlə dolanan insanlardır. Pensiyalarının az olması və özlərinin zəruri gündəlik xərcləri məni yetərli səviyədə dəstəkləmələrinə imkan vermir. Bununla belə, valideynlərimin rayondan göndərdikləri sovqatlar əlimizdən tuturdu. İndisə yollar bağlanıb və nə zaman açılacağı da bəlli deyil. Bu da ailəmizin son ümid yerini də ortadan qaldırır”.
15 il müəllimə işləyən Cəmilə xanım yol uzaq olduğu üçün 2015-ci ildə öz ərizəsiylə işdən çıxıb. Yaxın ərazidə isə özünə iş tapa bilmədiyindən ailmentə və valideynlərindən aldığı cüzi dəstəyə bel bağlayıb. O da deyəsən, koronavirusun güdazına gedəcək.
Digər şikayətçi Hüseynova Rövşanə xanımın vəziyyəti daha çətindir. Rövşanə xanım da müəllimədir və  onun da ailəsi dağılıb. Tabeliyində iki yaşlı uşağı olan Rövşanə xanım heç aliment də ala bilmir. Yeganə ümid yeri anasının aldığı pensiya və yaşadığı məhəllədə tibb baçısı (o, həm də tibb baçıcısı ixtisası üzrə təhsil alıb) kimi fəaliyyətdən qazandığı çaxçux olan şikayətçinin ağır karantin rejimində nə edəcəyi aydın deyil. Hər iki ana həm də kirayədə yaşayırlar.
Dağılmış ailə başçıları olan xanımlar dövlətin iş adamlarına, məmurlara ayırdığı yardım paketlərinin onlara niyə çox görülməsinin səbəbini anlaya bilmirlər: “Axı biz də bu ölkənin vətəndaşlarıyıq. Yarımçıq kəsilmiş ailə həyatlarımızın dərdini çəkmək azmış kimi, indi də çörəyimiz tamamilə kəsilir. Biz heç, bəz azyaşlı övladlarımızı necə dolandıraq? Axı bu uşaqlar gələcəyin vətəndaşları olacaq, ya əsgər kimi sərhəd qoruyacaq, ya da əsgər yetişdirən ana olacaqlar. Dövlət niyə öz gələcəyini çörəklə imtahana çəkir?”
Qeyd edək ki, Azərbaycanda bu cür problemlərlə üzləşən minlərlə ana var. Statistik məlumatlara görə, son 5-6 ildə nigaha daxil olanların sayı azalsa da, boşananların sayı artıb. Belə ki, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb. Ötən ilin boşanma statistikası isə hələ ki açıqlanmayıb.
2014-cü ildə neft böhranın baş verdiyini və bununla da Azərbaycan iqtisadiyyatında ciddi çöküşlərin yaşandığını nəzərə alsaq, son 5 ildə boşanmaların artmasının əsl səbəbi aydın olur. 



Üstəlik, son 5 ildə evlənənlərin sayında da ciddi azalmalar var. Məlumata görə, Azərbaycanda 2014-cü ildə 84 912, 2015-ci ildə 68 773, 2016-cı ildə isə 66 771 nəfər, 2017-ci ildə isə 62 923 nəfər nikah bağlayıb. 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, qeydə alınan ən aşağı göstəricisidir. 2019-cu ildə də azalmaların müşahidə ediləcəyi gözlənilir. Koronavirus və iqtisadi çətinliklərlə keçən 2020-ci ilin ailələri daha çox dağıdacağından ehtiyat edilir. Bütün bu neqativ hallar isə dağılmış ailələrin cəmiyyətimizdəki nisbətini artırır.
Hər il orta hesabla 14 min nəfərin boşandığını nəzərə alsaq, bu, 7 min ananın və ya qadının Cəmalə və Rövşanə xanımların vəziyyətilə üzdiyindən xəbər verir. Hər ananın ən azı 1 uşağı olduğunu nəzərə alsaq, bu hər il 14 min insanın dağılmış ailələr sırasına daxil olması deməkdir. Yetkinlik yaşına çatma zamanının 18 il olduğunu hesaba qatsaq, sosial yardıma ehtiyacı olan dağılmış ailə mənsublarının sayı astronomik sayda artar. Cəmiyyətimizin ədalətli idarəçiliyi və gələcəyimiz olan uşaqların faydalı vətəndaş kimi yetişməsi naminə bu cür ailələr diqqətdən kənarda qalmamalıdır. Əks halda bu insanlara diqqətsizliyimiz ölkəni sonu görünməyən sosial problemlərə apara bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 668          Tarix: 3-04-2020, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma