Xəbər lenti


Artıq 2 aydan çoxdur ki, koronavirus pandemiyası dünya siyasəti və iqtisadiyyatını istiqamətləndirən əsas faktora çevrilib. Çindən qısa bir zamanda Asiya və Avropaya yayılan koronavirus dünyadakı qüvvələr balansını və strateji ittifaqları alt-üst edib.

Koronavirusun “vurduğu” qitə Avropa...

Məlum olduğu kimi Avropa artıq pandmiyanın episentri hesab edilir. Ən çox ölümlərin yaşandığı Avropa ölkələri ardıcıllıqla, İspaniya - 13.055, İtaliya - 15.887, Fransa - 8.078, Britaniya - 4.932, Hollandiya - 1.776, Belçika - 1.632 və Almaniyadır - 1.584.
Lakin Avropada problem sadəcə virusdan ölənnlərin sayının çox olması deyil, əsas problem virusun təsiri ilə formalaşan iqtisadi problemlər və siyasi parçalanmadır.

Avropa İttifaqını parçalanmağa aparan yol

Avropa İttifaqı daxilində “Soyuq Müharibə”dən sonra parçalanma meylləri meydana gəlməyə başladı. İttifaq daxilində ilk ziddiyəti Fransa yaratmışdı. Alman divarının dağılması ərəfəsində Almaniyanın birləşərək yenidən Fransa üçün güclü təhdidə çevriləcəyini düşünən prezident F. Mitterand bu birləşməyə mane olmaq üçün Qorbaçovla danışıqlar aparmışdı. Lakin Mitterand niyyətinə müvəffəq olmadığı kimi Avropa daxilində qalıcı bir “rəqabət”in də əsasını qoymuş oldu.
Euro layihəsi və Şengen vizası, eyni zamanda Avropa İttifaqının genişlənməsi ittifaq daxilindəki geosiyasi rəqabəti unutdurmuş, daxili və xarici inteqrasiyanı gücləndirmişdi. Lakin 2008-ci il (2008-2012) iqtisadi böhranı Avropanın iqtisadi baxımdan parçalanmasını başlatdı. 2008 krizisində Yunanıstan, İspaniya, Portuqaliya kimi iqtisadi böhran və ağır borc yükü altında əzilən dövlətlər iflasın astanasındaykən, Almaniya və Şimali Avropa dövlətləri bu duruma soyuq yanaşmış, hətta Almaniya Yunanıstan başda olmaqla borc verdiyi dövlətlərdən borcunu qaytarmağı tələb etmişdi. Sonradan Fransa və digər müttəfiqlərin reaksiyasından sonra Almaniya “daşın altına əlini qoymağa” razı oldu, nəticədə Avropa Mərkəzi Bankı əsasən Avropanın cənubunda yerləşən və iqtisadi böhranın fəsadlarını ən ağır formada yaşayan dövlətlərə 150 milyard avroluq yardım paketi ayırdı. Zamanla iqtisadi böhranın yaratdığı fəsadlar “Şimal dövlətləri”nin yardımıyla həll edildi. Lakin bu iqtisadi böhran ilk dəfə Avropa İttifaqı daxilində “şimal” və “cənub” arasında iqtisadi, siyasi, sosial-mədəni fərqlilikləri üzə çıxardı.
İkinci böyük böhran Afrika və Yaxın və Orta Şərqdən Avropaya axışan xalqların səbəb olduğu “qaçqın böhranı” oldu. 2015-ci ildən Avropa İttifaqı daxilində Macarıstan, Fransa, Almaniya və Avstriya kimi dövlətlər qapılarını qaçqınların üzünə bağladı. Lakin Şimali Afrika (Liviya) ilə dəniz sərhəddinə malik İtaliya Aralıq üzərindən ölkəsinə axan qaçqın selini durdurmaqda çətinlik çəkirdi. Fransa Afrikadan gələn qaçqınların mərkəzi və qərbi Avropaya axın etməməsi üçün İtaliyadan qaçqınları ölkəsində saxlamağı tələb etdi. Təbii, İtaliyaya vədlər verilmişdi və Roma bu vədlərə inanıb, qaçqınların bir qismini ölkəsində saxladı. Lakin İtaliya və qaçqınları qəbul edən digər dövlətlər Fransa və Almaniyadan zərrə qədər yardım görmədi. Nəticədə İtaliya ilə Fransa arasında əvvəlcə “Qaçqın”, sonra isə “Liviya” böhranı başlandı və bu bütün Avropaya sıçradı.
 


Üçüncü böhran 2019-da “Şimal Axını 2” layihəsi oldu. Bu layihə Rusiya qazının Baltik dənizi üzərindən birbaşa Almaniyaya çatdırılmasını hədəfləyir. Layihəni Baltik ölkələri dəstəkləsə də Fransa, Polşa və digər dövlətlər Almaniyanın Avropanın qaz mərkəzinə çevrilməsi və regionda rus qazından asılılığının artırılması səbəblərindən layihəyə etiraz edir. Fransa əslində layihədə iştirak etmək istəyir, ona görə də Şimal Axını 2-nin Avropa İttifaqı daxilində müzakirə edilməsini, yalnız Almaniya və Rusiya arasında həll edilməməsini tələb edir. Polşa və Aİ-yə daxil olmağa hazırlaşan Ukrayna isə layihəyə bütövlükdə etiraz edir. Bir sözlə, “Şimal Axını 2” Avropa daxilində yeni bir parçalanmanın xəbərçisidir. Belə ki, bu layihə ilə Almaniya həm özünü Avropanın enerji mərkəzinə çevirir, həm də Avropanın şimalı və şərqini bir layihədə, öz liderliyi ətrafında birləşdirir.

Və 2020 koronavirus böhranı...

Koronavirus böhranı Avropada indiyə qədər formalaşmış parçalanmanı sadəcə su üzünə çıxardı. Avropa dövlətləri bu pandemiyaya qarşı nəinki birgə mübarizə aparmadı, hətta bir-birilərinə bu işdə mane oldu. Əvvəlcə “maska savaşları” başladı. Çexiya mart ayında İtaliyanın sifariş etdiyi 110 min tibbi maska və tibbi ləvazimatı gömrükdə ələ keçirdi. 3 martda isə İsveç tibb şirkəti "Mölnycke"nin Çindən aldığı maskalara Fransa əl qoydu. Uzun diplomatik danışıqlardan sonra maskaların sadəcə yarısı sifarişçilərə, İtaliya və İspaniyaya göndərildi. Belə bir dövrdə Avropaya, xüsusilə İtaliyaya Çin, Rusiya Türkiyə və Kubanın yardımları diqqət çəkdi.
Hazırda isə pandemiya üzündən iqtisadi böhranın astanasında olan İspaniya, İtaliya və digər dövlətlər Avropa İttifaqı daxilində borc yükünün paylaşılmasını və dövlətlərin qarşılıqlı dəstəyini tələb edir. İtaliya ötən həftələrdə birgə borclanaq deyərək “korona istiqrazları”paketini Aİ üzvlərinə təklif etdi. Fransa, Kipr, Yunanıstan, İspaniya, Belçika, Fransa və Portuqaliya bu təklifi dəstəkləsə də, iqtisadi baxımdan daha güclü Almaniya, Hollandiya, Avstriya və Finlandiya təklifi qəbul etmədi. Buna səbəb kimi digər dövlətlərin “borc problemləri”nin olması göstərildi. Sözügedən problem bu gün Avropa liderləri arasında həyata keçirilməsi planlaşdırılan telekonfransda müzakirə ediləcək.

İtaliya Avropadan qopur...

Bu gün Pandemiya böhranında İspaniya və İtaliya kimi Avropa dövlətləri özlərini yarı yolda qoyulmuş kimi hiss edir. Korona ilə mübarizədə tək
qalan və 15 mindən çox vətəndaşı həlak olan İtaliya siyasi dairələrində Aİ-yə qarşı reaksiyalar günü-gündən sərtləşir. Məsələn, ötən həftələrdə İtaliyanın ultra sağ millətçi partiyası Lig hökuməti Aİ-dən çıxmağa səslədi. Aİ parlamentinin İtaliyalı sədri David Sasolli “Həmrəylik və qarşılıqlı dəstək olmadan Aİ ölkələrinin birlikdə olma səbəbi ortadan qalxar”- deyərək, Aİ-ni Romaya dəstəyə çağırdı. Millətçi italyan lider Matteo Salvini “Aİ ilə hesablaşmağın və lazım gələrsə Avropaya əlvida deməyin vaxtı gəlib” deyərək Avropaya “İtexit” xəbərdarlığı etdi. Salvini və digər liderlər həmçinin İtaliyada Holland mallarına boykot çağırışları ilə də seçildilər.
İspaniya da vəziyyət İtaliyadakından fərqli deyil. İspan millətçilər Aİ-yə sərt etirazlar edir. Ötən günlərdə İspaniya Baş Naziri Pedro Sançez Avropa dövlətlərini koronavirusla birgə mübarizəyə səsləyib: “Avropanın gələcəyi təhlükə altınadır. Görünməz bir qüvvə Avropanın birliyini test edir”.
Bunlardan sonra 2 aprel tarixində Aİ Komissiyasının sədri Ursula von der Leyen İtaliyanın doğrudan da pandemiya qarşısında tək buraxıldığını etiraf edərək üzr istədi: “Avropalı liderlər ilk günlərdə pandemiyaya sadəcə birlikdə qalib gələ biləcəyimizi anlamadılar. Bu məyusedici bir davranış idi. Lakin bu gün Avropa İtaliyanın yanındadır. Bütün imkanlarımızı, əlimizdəki hər avronu pandemiyayla mübarizəyə sərf edəcəyik və ilk olaraq İtaliyadan başlayacağıq”.

Avropa İttifaqının ölümü yeni ittifaqlar doğuracaq

Avropada baş verən 2008 krizisi, Qaçqın problemi, "Şimal Axını” böhranlayırla, hazırda davam edən koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi böhran arasında çox ciddi bir bənzərlik var. Bu bənzərlik böhranlar zamanı Avropa dövlətlərinin sərgilədiyi davranışdadır. Belə ki, hər böhranda öz milli maraqlarına köklənən Avropa dövlətləri həmrəylik nümayiş etdirə bilmədilər. Ona görə də hər böhran onları daha çox bir-birindən ayırdı və münasibətləri gərginləşdirdi. Koronavirus göstərdi ki, artıq Avropada “birlik” sadəcə ittifaqın adında qalıb.
Bu gün Almaniya Şimali və Şərqi Avropa dövlətlərini ətrafında birləşdirərkən, Fransa, buna cavab olaraq, İtaliya, İspaniya, Yunanıstan kimi dövlətlərlə “Club Med”i formalaşdırır(Aralıq dövlətləri ittifaqı). Almaniya 2008 krizisindən sonra yürütdüyü siyasət və həyata keçirdiyi strateji layihələrlə “öz Avropasını yaratmaq” niyyətində olduğunu göstərdi. Almaniya iqtisadi, sosial, siyasi problemləri bitib tükənməyən Aralıq dövlətlərinin məsələləri ilə məşğul olmaq istəmir. Almaniyada formalaşan bu siyasi görüş millətçi partiyaların günü-gündən gücləndiyi Şimali Avropa dövlətlərində də müşahidə edilir. Almaniyanın bu siyasəti Fransanın son dövrlər ən uğursuz liderlərindən biri olan Makron tərəfindən təbii ki, dəstəklənmir. Fransa Avropa həmrəyliyini arzulayır, “Club Med” isə onun planı deyil, geosiyasi yüküdür. Hətta Fransa “Avropa ordusu” yaratmaqla NATO və ABŞ yükündən azad olan, onun liderliyində dünya siyasətinin əsas aktoruna çevrilən bir Avropa İttifaqı xülyasına sahibdir. Lakin Almaniya bu xəyallardan çox uzaq durmaqla Avrasiya (Rus-Çin) və ABŞ arasında balansı qorumaq və bu siyasətin dividentlərindən maksimum yararlanmaq kimi real hədəfə sahibdir.
Beləliklə, fikrən və siyasətən Avropa artıq parçalanıb. Bunu Avropalı liderlər də dərk edir. Avropa komissiyasının sabiq rəhbərlərindən olan 94 yaşlı Jackues Delors mövcud vəziyyəti şərh edərkən “Avropa İttifaqı layihəsi ölümcül bir təhdidlə qarşı-qarşıyadır”-demişdi, görünən odur ki, yaşlı qitənin yaşlı ittifaqı öləcək və bu ölüm Avropada yeni ittifaqlar doğuracaq...

Nicat İSMAYILOV
Ednews.net


Ana səhifəyə qayıt        Baxış: 3 984          Tarix: 7-04-2020, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma