Xəbər lenti


Azərbaycanda işsizlərə birdəfəlik ödəmənin verilməsi qaydası və şərtləri təsdiq edilib.
Birdəfəlik ödəmə koronavirus epidemiyasının qarşısının alınması məqsədilə vətəndaşların evdə qalması və bunun nəticəsində işsizlərə və ya işsiz qalmış bəzi şəxslərə yardım kimi nəzərdə tutulur.
Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində təxminən 200 min nəfər işsizə minimum istehlak səbəti, yəni - 190 manat məbləğində vəsait veriləcək. Bunun üçün hökumət 70 milyon manat vəsait xərcləyəcək.
Ölkədə tətbiq olunan xüsusi təcrid vəziyyətinə görə isə məşğulluq və sosial məsələlərlə bağlı "4 istiqamət üzrə 10 tədbir üçün ümumilikdə 394 milyon manat ayrılıb".
Bu gün mətbuata açıqlama vermiş ƏƏSMN naziri Sahil Babayev əhalinin sosial müdafiəsinin və məşğulluğunun yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin bir milyon 900 min insanı əhatə edəcəyini bildirib.
BBC News Azərbaycanca bu yardımın kimlərə şamil edilməsi və qaydaları barədə suallara cavab axtarıb.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Kimlərə birdəfəlik yardım veriləcək, kimlərə yox?

Birdəfəlik ödəmə əsasən işsiz olan və ya pandemiyaya görə işini itirmiş şəxslər üçündür.
Qaydalara görə, bu şəxslərə birdəfəlik yardım verilməyəcək:
  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə,
  • əmək pensiyaçılarına,
  • aylıq müavinət alanlara,
  • aylıq təqaüd alanlara,
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə,
  • işsizlikdən sığorta ödənişi alanlara,
  • peşə hazırlığına görə təqaüd alanlara,
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə,
  • əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara,
  • əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə.

Birdəfəlik ödəmə necə ödəniləcək?

Qurumun qərarına görə, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən yalnız birinə - ər və ya arvada ödənilir.
Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir.
Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir və növbəti ay üçün təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 gün sonra həyata keçiriləcək.
İşsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılacaq.

İşsiz statusu almaq üçün necə qeydiyyatdan keçmək lazımdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar mərkəzlərdə vətəndaş qəbulu həyata keçirilmir.
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.
BBC News Azərbaycancanın sayt üzərində apardığı kiçik analizindən məlum olub ki, ƏƏSMN-in təqdim etdiyi sayta daxil olmaq üçün e-sosial.az (WWW olmadan) domeni yazılmalı və daha sonra "e-xidmətlər" (e-sosial.az/#/eServices) bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" xidmətini seçilməlidir.
Bundan sonra açılan pəncərələrdən ilk sətirdə yer alan "İstifadəçi FİN-i ilə" bölməsi seçilməlidir.
  1. "Qeydiyyatdan keçin" düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.
  2. Daha sonra mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

Qeydiyyatdan keçmək asandırmı?

BBC News Azərbaycancaya danışan bəzi şəxslər qeydiyyatdan keçməyin "asan olmadığını" bildiriblər.
Onlardan biri, koronavuris tədbirləri çərçivəsində işini itirmiş Rasim Nəbiyev iki gündür ki, onlayn qeydiyyatdan keçə bilmədiyini bildirir.
"İşsiz kimi qeydiyyatdan keçməyə çalışıram. Ancaq alınmır. Verdikləri nömrəyə zəng edirsən, onu da götürən yoxdur. Martın 21-dən oturmuşam evdə. Cibimdə cəmi 50 qəpik pul, soyuducuda da iki yumurta qalıb. Evdə iki körpə uşaq var. Nə edəcəyimi bilmirəm", Rasim Nəbiyev deyir.
Rasim Nəbiyev əvvəllər taksi xidməti göstərib, amma fərqlənmə nişanı olmadığı üçün koronavirusla mübarizə tədbirləri nəticəsində fəaliyyəti qadağan olunub.
Martın 21-dən işləmədiyini deyən Nəbiyev indi ümidini veriləcək birdəfəlik yardıma bağlayıb.
"Evdəkilərə nə edəcəyimi bilmədiyimi deyə bilmirəm. Heç olmasa kimsə bazarlıq edib gətirsin, çeki də üstündə. İşləyəndə, qaytararam. Mən belə hala düşəcəyimi heç vaxt ağlıma gətirməzdim", o bildirir.

Onlayn qeydiyyat zamanı texniki problem çıxarsa nə etməli?

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi (ƏƏSMN) qeydiyyat zamanı yaranan çətinliyin "texniki məsələ" olduğunu bildirir və "müracətlərin çoxluğu ilə" əlaqələndirir.
"Hazırda mərkəzdə 264 kanal fəaliyyətdədir, 100 operator gecə saat 12-dək işləyir. Müraciətlərin sayı çoxdur", qurumdan bildiriblər.
ƏƏSMN-nin indiyədək "100 mindən çox işsizin uçotu aparıldığını" deyir.
İşsiz statusu almaq üçün texniki problemlə üzləşmisinizsə, 142 qaynar xəttinə zəng etməlisiniz.

İqtisadi təhlilçilər birdəfəlik yardım barədə nə düşünürlər?

Bəzi təhlilçilərsə hökumətin 200 min nəfərə yardım planınını "qərarları intuitiv qaydada qəbul etdiyini" bildirirlər. Təhlilçilərə görə ölkədə real işçi qüvvəsi barədə məlumatlar dəqiq deyil və bu da minlərlə qeyri-leqal çalışan günəmuzd işçini dəstəkdən kənar saxlayacaq.
İqtisadi Təhlilçi Toğrul Vəliyev isə hökumətin yardım edəcəyi işsizləri müvafiq kriteriyalar əsasında seçəcəyi qərarını "absurd" adlandırır.
"Bir şəxs işsiz qalıbsa, onun ailəsinin gəlirlərinin heç bir əhəmiyyəti olmamalıdır. Fakt odur ki, insan işsiz qalıb və dövlət bu şəxslərə kömək etməlidir", cənab Vəliyev deyir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən təkliflər paketində məhz 200 min nəfərin işsiz olaraq götürülməsi və ya şəxslərin nə üçün müvafiq kriteriyalara uyğun seçilməsi ilə bağlı onlarda məlumatın olmadığını bildiriblər.
Hələliksə, işsiz olan və ya pandemiyaya görə işini itirmiş şəxslər işsiz kimi qeydiyyatdan keçməyə çalışırlar.



Ana səhifəyə qayıt        Baxış: 2 356          Tarix: 8-04-2020, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma