Xəbər lenti

 
Birinci vitse-prezident Mehriban Əliyeva özünün Telegram səhifəsində ölkə başçısını sonuncu dəfə prezident seçilməsinin ikinci il dönümü münasibəti ilə təbrik edib.
Ovqat.com xəbər verir ki, xanım Əliyeva bu münasibətlə AzərTAC-dan bir məqalə paylaşıb
 “Xalqa və dövlətə şərəfli xidmət missiyası” səlövhəli məqalədə deyilir:
Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin iki ili tamam olur. Ötən iki il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.
AZƏRTAC xəbər verir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.
 


Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
 
Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi son iki ildə də dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.
 
Ötən iki il ərzində də Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunun, onun problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bildiyimiz kimi, ötən il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir.
 
Dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil edir.
 
Hər zaman sözü ilə işi bir olan dövlətimizin başçısı 2019-cu il aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.
 
2019-cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Təkcə 2019-cu ildə bu istiqamətdə görülən işlərin miqyası dövlətimizin başçısının bu sahəyə diqqətinin bariz göstəricisi oldu. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Ötən il xalqımız on milyonuncu sakinin dünyaya gəlişini bayram etdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin uğurlarıdır.
 
Onu da qeyd etmək lazımdır ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi.
 
Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu.
 
Son illər Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Bu işlər ötən iki il ərzində də uğurla davam etdirilib. Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunur. Ötən iki il ərzində ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi işlər görülüb. Belə ki, İmişlidə, Şəkidə, Kürdəmirdə, Tovuzda yeni “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Beləliklə, ölkə üzrə bu mərkəzlərin sayı 17-yə çatdırılıb.
 
Qeyd etməliyik ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son iki ildə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb ki, bu da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.
 
Ötən iki il ərzində dövlətimizin başçısı tərəfindən daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı mühüm islahatlar həyata keçirildi. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldı.
 
Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək, onun cəmiyyətə mümkün təsirlərini araşdırmaq, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək mümkün olacaq.
 
Qısa müddət ərzində dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində qazanılan bu uğurlar həm də dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu struktur islahatları dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcək.
 
Bu gün Azərbaycan müstəqil və tarazlaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizdə ən prioritet məsələdir. Dünya ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyət sayəsində Azərbaycanın bu məsələdəki ədalətli mövqeyinə dünya ictimaiyyətinin dəstəyi daha da artır. Ermənistanın yeni rəhbərliyinin separatçı rejimi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara cəlb etmək cəhdləri Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində iflasa uğradı. Düşənbə, Sankt-Peterburq və Davos görüşlərindən sonra martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş keçirildi. Bu, bir daha təsdiq etdi ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında davam etdirilir.
 
Əlbəttə ki, Prezident İlham Əliyevin ötən il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri dövlətimizin bu məsələdəki birmənalı mövqeyini bir daha nümayiş etdirdi. Həmçinin dövlətimizin başçısının Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasından bəhs edərək tutarlı faktlarla, arqumentlərlə Ermənistanın keçmiş hakimiyyətini ifşa etdi və işğalçı ölkənin baş nazirini çıxılmaz duruma saldı. Cari il fevralın 15-də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələrdə iştirak etdi və bu mötəbər tribunadan Azərbaycanın ədalətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Paşinyanın əsassız fikirlərinə tutarlı cavablar verdi, erməni yalanını ifşa etdi.
 
Ötən müddət həm də uzun müddətdir müzakirə olunan Xəzərin hüquqi statusuna dair razılaşmanın əldə edilməsi ilə yadda qaldı. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd həm də Xəzəryanı ölkələrlə çox sıx və bərabərhüquqlu münasibətlərə malik Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açdı.
 
Bu gün bütün dünya qorxunc koronavirus pandemiyası ilə üz-üzədir. Bu virus dünyanın səhiyyə sahəsində ən güclü ölkələrinə belə ağır zərbələr vurmaqdadır. Bir sıra ölkələrin bu virusla mübarizədə çarəsiz olduqları bir vəziyyətdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq, bu böhrandan az itkilərlə çıxmaq üçün ciddi tədbirlər görür. Prezidentin “Biz birlikdə güclüyük” fikri xalqımızda əsl mübarizlik əzmi yaradıb. Dövlətimizin başçısının təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və virusun geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması, dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən qabaqlayıcı tədbirlər nəinki ölkəmizdə, həmçinin beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nümunə göstərilir. Görülən bütün bu işlər Azərbaycan Prezidentinin öz xalqına olan sevgisinin bariz göstəricisidir.
 
Beləliklə, son iki il ərzində Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edəcək.
 
Əsəd Məmmədov
 
AZƏRTAC-ın redaksiya müdiri



Ana səhifəyə qayıt        Baxış: 3 274          Tarix: 11-04-2020, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma