Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Eldəniz Cəfərov,
Ovqat.com
Giriş
Niyə məhz «Kürdüstan» haqqında?
Kürdlər və Azərbaycan türkləri. Tarixi və coğrafi arealına rəqib olmasına baxmayaraq, bu iki xalqın taleyində oxşar cəhətlər çoxdur. Əsas bənzərliyimiz isə parçalanmış xalq olmağımızdır. Bölgədə aparıcı dövlətlərin maraq dairələrinin kəsişməsində yerləşmələri hər iki xalqın taleyini də bir-birinə bənzətmişdir...
Kürd məsələsi üzərində qurulan siyasətlər, tarixi hadisələrin öyrənilməsi bizim üçün vacib məsələdir. Ən azı ona görə ki, xarici güc mərkəzlərinin dəstəyi ilə kürdlərin millətləşmə və dövlətləşmə prosesi Azərbaycan xalqının tarixi torpaqları üzərində aparılır və bu da bizi yaxın dostdan təbii rəqibə çevirir. Rəqibi yaxından tanımaq isə milli təhlükəsizlik strategiyasının başlıca tələblərindəndir.
Oxuduğunuz yazı da məhz bu məqsədlə qələmə alınıb.
Tarixi ekskurs
Bugünkü «Kürdüstan» deyilən bölgə qədim Mesapatomiya torpaqları üzərində yerləşir. Bu bölgədə antik dövrün Assuriya, Babil kimi imperiyaları da yerləşmiş, antik İsrail və Yəhudi krallıqları qurulmuşdur. Bu dövlətlərin süqutundan sonra çox sayda yəhudi Mosul bölgəsinə sürgün edilmişdir. Bölgədə İslamdan öncə xristianlığın və yəhudiliyin dərin izləri var. Bölgə Assuriyanın, Böyük İsgəndərin imperiyalarının süqutundan sonra uzun müddət xarabalıga çevrilmişdir. İslamın bölgəyə gəlişi ilə bölgə yenidən dirilmiş, inkişaf mərhələsinə qədəm qoymuşdur. Əməvilər və Abbasilərdən sonra bölgə İhşitoğulları, Səlcuqluların, Atabəylərin, Əyyubilərin, Cəlairilərin, Xərəzmşahların, Qaraqoyunluların, Agqoyunluların, Səfəvilərin hakimiyyəti altında olmuşdur. XVI əsrdə bölgə Osmanlıların hakimiyyəti altına düşmüş, 1514 cü ildə Səfəvilərlə müharibədən sonra Osmanlılar qalıcı olaraq bölgədə möhkəmlənsələr də, son 500 ildə qısa müddətlərdə əldən ələ keçmişdir.
Osmanlıların bölgəyə tətbiq etdikləri yeni idarəetmə düzəni (bəyliklər, sancaqlar, əmirliklər) bölgədə yeni hakim ailələrin irəli çıxmalarına səbəb oldu. Şərqi Anadoluda parlayan bəzi aşirətlərdən ziyadə, cənubda üç tayfa irəli çıxdı ki, bunlar : Baban, Soran və Bədirxan aşirətləri idi. Günümüzdə hakim olan Bərzanilər də Mosul vilayətində yerləşən Bərzan kəndindəndirlər. Ərəblər Bərzan vilayətini əl-Cəzirə adlandırırlar.
Bərzan vadisi Dəclə və Fərat çaylarının hövzəsində yerləşir və çox önəmli strateji ərazi sayılır. Şimaldan Diyarbəkir, qərbdən Diyari Mudar (Harran), şərqdən isə Diyari Rabia (Nüsaybin) kimi əsas bölgələrin tam ortasına düşməklə, qədim Mesapatomiyanın şimal nöqtəsi olaraq, qitələrarası karvan yollarının kəsişməsində yerləşir. Bütün stratejik əhəmiyyətindən, zənginliyindən başqa, bura Tövratda adı keçən Əzra peygəmbərin yaşadıgı bölgədir və tarixdə ən qədim bilinən yəhudi izi burda görünüb. Tövrat bu bölgədə yazılı şəklə keçirilib.
Osmanlıların himayəsi altında türk dominantlığının sonu
Kürdlərin bölgədə yüksəlişi 1514-ci ildə, bu cografiyanın iki böyük türk dövləti olan Osmanlı və Səfəvilər arasında baş verən Çaldıran savaşı ilə başlayıb. Bu tarixə qədər bölgədə türkman aşirətləri hakim idi ki, bunlar İran cografiyasından Bizansa axın edən tayfalar idi. Çaldıran savaşı öncəsi kürd tarixində səlnaməçi kimi məşhur olan İdris Bitlisinin diplomatik səyləri bölgədə kürdlərin mövqeyini möhkəmləndirdi. Buna qədər bölgə əsasən məzhəbi fərqliliklərə görə formalaşmışdır. Kürdlər əsasən sünnə, türkmanlar isə ələvi idilər. İdrisi Bitlisi kürd aşirətlərinin dəstəyini alaraq Sultan Səlimlə ittifaqa getdi və Səfəvilərin qarşısında yer aldı. Döyüşün taleyi kürdlərin cografiyada bir neçə yüz illik möhkəmlənməsiylə nəticələndi. Osmanlı-kürd ittifaqı məzhəb üzərinə inşa edildi və döyüşdən sonra türkmanların bölgədə sıxışdırılmasına və yurd-yuvalarını tərk etmələrinə səbəb oldu.
Osmanlının süqutu və missionerlik fəaliyyətləri
Bitlisli İdrisin rəhbərliyi altında bölgənin kürd bəyləri Sultan Səlimlə Amasyada, bölgənin statusu barədə tarixi razılıga gəldilər. Beləliklə, bölgədə torpaq sahibkarlığı atadan oğula keçəcək, keçmişdən gələn aşirət sistemi oldugu kimi qalacaq, kürdlər hər il sultana bəlli miqdarda vergi verəcək, müharibə zamanı bəylər öz dəstələri ilə orduya qatılacaqdılar. Osmanlı isə bölgə bəylərini xarici təcavüzlərdən qoruyacaqdır. Bitlisli İdrisin də iştirakı ilə Osmanılının ilk bəylərbəyliyi - Diyarbəkır bəylərbəyliyi quruldu. Beləliklə bölgədə bir neçə yüz il davam edən, Uzun Həsənin dönəmində daha da güclənən türk tayfalarının dominantlığına son qoyuldu.
Osmanlı dövlətinin Avropa dövlətləri qarşısında başlayan məğlubiyyətləri XVIII əsrin sonunda aşagılayıcı güzəştlərlə nəticələndi. Osmanlı dövləti daxilində yaşayan erməni, rum və digər xristian xalqlar rus patronajlığı altına girdilər. Bu xalqlar Osmanlı təbəəsi oldugu kimi Rus çarının da təbəəsi sayılırdı. Bu illərdə verilən ən əsas güzəştlərdən biri xristian missionerlərin Osmanlı dövləti ərazisində sərbəst fəaliyyətə başlamaları ilə bağlı idi. Missionerlər fəaliyyətinə kəşfiyyat, məlumat toplamaq və bölgənin dərindən öyrənilməsi funksiyaları da daxil idi. Onların fəaliyyət sahəsi xristianlardan çox müsəlman kürdləri də əhatə edirdi. Bölgə etnik və dini yöndən ciddi araşdırılır və gələcək üsyanların təməli atılırdı.
Bu illərdə Avropada missionerlər tərəfindən bölgə ilə əlaqədar ciddi araşdırma materialları çap olunurdu. Bu illərdən başlayaraq bölgənin etnik və dini parçalanmasını təşviq etmək üçün ciddi fəaliyyətlər başladı. Bölgə xalqları üçün “qədim böyük tarix” nagılları da o dönəmdən yaradılıb yayılmağa başlandı. Nəhayət, bu fəaliyyətlər 1800-ci ilin başlangıcında hakim kürd aşirətlərindən olan Babanzadə üsyanı ilə nəticələndi və sonralar Osmanlı torpaqlarında yunan üsyanlarını da tətiklədi. Nəticədə Yunanıstan və Misir Osmanlıdan qopdu. Zəif düşmüş Osmanlı biabırçıcasına Misirli Mehmet Ali Paşaya qarşı ruslardan yardım istəyib, İstanbula 15 000 rus əsgərinin yeridilməsinə razılıq verdi. Xristian ittifaqının fəaliyyəti bölgədə erməni və kürd üsyanlarının təməlinin atılmasına səbəb oldu.
Xristian İttifaqı və geo-strateji modellər
Qısa müddətdən sonra Xristian İttifaqı İslam cografiyasını hədəf alan teo-strateji modellər yaradıb həyata keçirməyə başladı. Bu strategiyanın əsası iki xətt üzərində qurulmuşdu: biri kilsə, məktəb, xəstəxana və bənzəri qurumlardan, digəri isə diplomatlar və xarici dövlətlərin konsulluqları. Hər iki xəttin ana hədəfi Qərb mədəniyyətinin və məsihi düşüncənin qəliblərinə uygun zehniyyət inşa etmək idi. Missioner təşkilatlar 1830-cu ildən başlayaraq bölgədə Beyrut mərkəzli təhsil şəbəkələri qurmağa başladılar. Günümüzdə oldugu kimi, o dönəmdə də missionerlik, öz inanc və mədəniyyət dünyaları xaricində qalan cəmiyyətlərin mədəni kodlarını anlayıb, onları hədəf alan siyasi və iqtisadi məqsədli strategiyalar həyata keçirməkdən ibarət idi.
İnanc sistemində “islahatlar”
Osmanlıda çöküş dönəmi həm də inanc sistemində dəyişimlə müşahidə olunurdu. Burda əsas fiqur da kürd əsilli Şeyx Xalidi Nəqşi Seyit Taha olmuşdur. Şeyx Xalid Süleymaniyyə şəhərində meydana atıldı və bölgədə sonralar çox yayqınlaşan Naqşibəndi təriqətinin “Xalidiyyə” qolunu qurdu və bu təriqət bir müddət sonra Osmanlı sarayında da hakim mövqeyə yüksələ bildi. Sonralar bu təriqət İrana, Qafqaza və bütün Anadoluya yayıldı. Yeri gəlmişkən, bu təriqətin Qafqaz qolu Şirvandan bütün ətrafa yayılmış və onun əsas öncüllərindən biri Şeyx İsmayıl Kürdəmiri olmuşdur. Şeyx İsmayıl sayəsində Nəqşibəndilik Şimali Qafqaza da yol tapacaq və sonralar Şeyx Şamil hərəkatının əsas stimulverici gücü olacaqdı. Şeyx İsmayıl sonralar ruslar tərəfindən Türkiyənin Amasiya vilayətinə sürgün edildi və həyatının sonuna qədər sürgündə yaşadı. Məqbərəsi də Amasiyadadır. Şeyx İsmayılın oğlu sonralar Osmanlı sarayının sədrəzəmi (Baş vəzir) vəzifəsinə qədər yüksələcəkdi.
Qayıdaq Şeyx Xalidə.
Osmanlı Sultanı II Mahmudun Bektaşi təriqətinə baglı Yeniçərilərin saraya güclü nüfuzunu aradan qaldırmaq üçün yeni təriqətin dəstəyinə ehtiyacı var idı. Sultan nəqşibəndilərə və yeniçərilərə qarşı verilən fətva vasitəsi ilə bu dəstəyi əldə edir. 1826-cı il 15-16 iyun tarixində İstanbulda Yeniçəri qışlaları (kazarmaları) mühasirəyə alınır və on mindən çox yeniçəri əsgəri öldürülür. Bu qətliam bektaşilikdən nəqşibəndiliyə keçid kimi teo-strateji dəyişimlə nəticələnir. Bütün Osmanlı cografiyasında minlərlə bektaşi türk qətl edilir. Nəticədə Şərqi Anadoluda Çaldırandan bəri bərqərar olan kürd əmirlərinin də gücü qırılır və yerinə Nəqşibəndi seyid və şeyxləri gətirilir. Bu hakim gücün də əsas fiquru kürd əsilli Şeyx Xalidi Bağdadi Nəqşibəndi olur.
Şeyx Xalid 1827-ci ildə gənc yaşında vəfat etsə də, onun təlimi bütün Osmanlı ərazisində hakim inanca çevrilir və günümüzə qədər də davam edir.
Separatçı kürd üsyanları niyə başladı?
XIX əsrin əvvəlindən başlayaraq Mosul və şimaldan Cizrə xətti ətrafında Baban, Soran və Botan bəylərinin yaşadıgı ərazilərdə kürd separatçı üsyanları baş qaldırmağa başladı. Bu üsyanlar əsasən milli zəmindən çox tayfa üsyanları idi. Milli zəmində ilk kürd üsyanı 1880-cı ildə Şəmdinli Şeyx Ubeydullah tərəfindən başladıldı. Şeyx Ubeydullah məşhur Şeyx Tahanın oğlu idi. O dönəmdə missionerlərin sıx əlaqələr qurduqları şəxslərdən biri də məşhur Nəqşibəndi Şeyxi Seyid Taha Şəmdinli ( Xalidi-i Nəqşi Seyit Taha ) idi. Ubeydullahın ruslar və ingilislərdən kürd dövlətini qurmaq üçün yardım istədiyi bilinir. Bir neçə istisnanı nəzərə almasaq, bu cografiyada baş verən kürd üsyanlarının liderləri əsasən Nəqşibəndi camaatından çıxan şeyxlər olub. Bəzi tarixçilər üsyanın səbəbi kimi, Ubeydullahın osmanlı-rus müharibəsində göstərdiyi xidmətə görə mərkəzi hökümətdən yetərli mükafat ala bilməməsini göstərirdi. Bəzilərinə görə isə, bölgədə ingilis və ruslar tərəfindən erməni dövləti yaradılmasının planlaşdırılması barədə şayiələr Ubeydullanı bu qənaətə gətirib çıxarmışdır.
Səbəb nə olursa olsun, Ubeydullah Manqur və Piran aşirətlərini də öz tərəfinə çəkib bölgədə bir neçə şəhəri tutdu. Ubeydullahın Təbriz üzərinə getməsi rusların və ingilislərin maraqlarına uygun deyildi. Osmanlı və İran birləşib üsyanı yatırdılar. Burda ingilis kəşfiyyatının da həlledici rolu olur. Nəticədə Ubeydullah təslim olaraq mərkəzi hökümətlə razılaşır. Oglanlarından Seyid Abdulqədir ikinci məşrutiyyət dönəmində Əyan Məclisinə seçilir və hətta bu Məclisə bir müddət sədrlik də edir. Sonralar işgalçı ingilislərlə işbirliyinə gedir, adı məşhur Nəqşibəndi Şeyx Səit üsyanına (1925) da qarışır. Sonralar Abdulqədir edam edilir.
Maraqlı orasıdır ki, Diyarbəkır Sultan Səlimin dönəmində Osmanlının tərəfinə keçir və o dönəmdə Şah İsmayıla qarşı Səlim tərəfində döyüşən bölgə bəylərinin kimlikləri tarixi arxivlərdə qalsa da, Bərzanilərin adı bu siyahılarda çəkilmir. Hətta XX əsrin əvvəllərində qeydə alınan arxivlərdə də, bu bölgənin nə kürd, nə ərəb nə də İrandan bu bölgəyə yerləşən aşirətlər arasında Bərzan tayfasının adı keçməyib. Daha bir maraqlı fakt: Bərzanilər Mosul sancagına baglı olsa da, bölgəyə son 500 ildə hakim olan Baban, Bədirxan, Soran aşirətlərinə aidiyyatları yoxdur. Bərzanilərin bügünkü güclərinin əsas mənbəyi Mövlana Şeyx Xalid Nəqşibəndi idi və Əbdülsalamın Şeyx olmasıyla tayfa siyasi güc əldə etmişdir.
Tayfanın atası Şeyx Tacəddinin babası Məsud sayılırdı. Şeyx Tacəddin Məsudun oğlu Səiddən olan nəvəsi idi. Əbdülsəlamın özünü şeyx elan etməsi Ubeydullahla arasında konfliktə yol açdı. Ubeydullah üsyanı yatırıldıqdan və Hicaza sürgün edilməsindən sonra Əbdülsəlamın bölgədə nüfuzu gücləndi. O zor gücünə bölgə aşirətlərini özünə tabe etdirdi. Sonralar Əbdülsəlam ruslar və ingilislərlə əlaqələr qurub onlardan dəstək istəyir və üsyana başlayır. Bir müddət sonra onu tutub Osmanlılara təhvil verirlər. Bu dönəmdə İraqda İngilis işgal idarəsi hökm sürürdü ki, I Faysal da artıq İraq kralı elan edilmişdi.
1914-cü ildə Əbdülsəlam edam edilir.Böyük qardaşı Əbdülsəlamın ölümü, sonrakı dönəmdə kürdlərin siyasi tarixində mühüm rol almış Molla Mustafa Bərzaninin həyatında dərin iz buraxdı.
Kürd separatizmi Osmanlıdan sonrakı illərdə
Ubeydullah üsyanı bölgənin ilk camaat üsyanı idi. Bunu Cümhuriyyət dönəmində Koçgiri üsyanı əvəzləyir. Koçgiri üsyanı, işgalçıların Anadolunun böyük bir hissəsini ələ keçirdiyi vaxtda başlamışdı ki, bu dönəmdə ingilis kəşfiyyatı bölgədə ciddi iş aparırdı. Türk birlikləri bölgədən geri çəkildikcə bölgəni üsyan dalğaları bürüyürdü. Sonralar Şeyx Mahmud Berzənci üsyanı ortaya çıxdı ki, bu Bərzənci də Şeyx Səidin oğlu idi. Bu üsyan Əhməd Bərzani tərəfindən çox ciddi dəstək görmüşdür.
Bərzanilər 1931-ci ildə İraq mərkəzi höküməti ilə silahlı münaqişəyə başladılar və bu üsyan 1932-ci ilə qədər davam etdi. 1932-ci ilin iyun ayında Bərzanilər 1700 nəfər tayfa üzvü ilə Türkiyəyə sıgındılar. Tayfa başçısı Şeyx Əhməd 1933-cü ildə İraqa təslim ediləndən sonra tayfa üzvləri Bərzana qayıtdılar.
Molla Mustafa Bərzaninin siyasi fiqur kimi parlaması 1943-cü ildə baş verən hadisələrlə başlayır. Həmən ilin iyul ayında Mustafa Bərzani ətrafındakı bir dəstə adamla İrana keçir və bölgənin Qədiri təriqətinin lideri sayılan, Mamış tayfasının mənsubu Ağa Givijdən dəstək alır. İraq hökumətinin Mustafa Bərzaninin başına mükafat qoyması ilə, bölgəyə öncədən qaçmış Bərzan tayfası üzvləri onun ətrafına yıgılmağa başlayır ki, sonra onlar İraqa qayıdıb ətraflarında silahlı dəstələr yaratmağa başlayırlar. İki min nəfərə qədər qüvvə yıgılır və Bərzana yaxın bölgədəki hökümət qüvvələrinə hücum edib hərbi postları ələ keçirirlər. Hökümət qarşısında qoyulan tələblərlə Mustafa Bərzani siyasi kimlik qazanmış oldu. Lakin hökümət qüvvələrinə məğlub olandan sonra, Bərzani öz dəstəsi ilə İrana keçir və sonralar İranın qərbində qurulan Mahabat Kürd respublikasının qurulmasında yaxından iştirak edir.
Bərzani aşirəti Azərbaycana necə yerləşdirildi?
Mahabad Respublikası rusların dəstəyi ilə qurulmuşdur, burda Bərzani Seyid Abdullah Geylaninin vasitəsi ilə rus kəşfiyyatıyla əlaqə yaratmışdı. O zamanlar kürd məsələsi rus strateqləri üçün Aralıq dənizinə çıxış üçün bir vasitə idi. Bu dövlətin qurulması ruslar üçün bölgədə möhkəmlənmək baxımından önəm daşıyırdı. Mahabad respublikasının ilk prezidenti Mahabadlı Kadi Məhəmməd olub. ABŞ və İngiltərənin Sovetlərə verdiyi nota ilə rusların İrandan çəkilməsi ilə Mahabad respublikası da süquta uğradı.
Respublika süqut edəndə Bərzani və tərəfdarları Sovet İttifaqına qaçdı. O vaxt sovet sərhəddini Naxçıvan istiqamətindən keçib Sovetlərə sıgındılar. Bir müddət sonra onları Ağdam və Laçına yerləşdirib, Bərzaninin özünü isə Bakıya aparırlar. Bakıda Bağırovla görüşdən sonra tayfa hamısı Bakı ətrafına yerləşdirildi.
Bakıda 10 yanvar 1948-cı ildə kürd konfransı keçirilir və kürdlərin gələcək strategiyaları təsbit edilir. SSRİ tərəfindən Bərzani ilə danışıqları sovet kəşfiyyatının əfsanəsi sayılan general Sudoplatov aparırdı. Amma o özünü Bərzaniyə Sovet Teleqraf Agentliyinin müdir müavini kimi təqdim etmişdir. Danışıqlar sovet kəşfiyyatının rəhbəri Abakumovun əmri ilə maksimal şəkildə gizli saxlanılırdı. Hətta Bağırovdan da gizlədilirdi. Məsələ orasında idi ki, Bağırov mərkəzə Bərzanidən İranı qarışdırmaq məqsədi ilə istifadə olunmasını təklif edirdi. Bununla da Cənubi Azərbaycan məsələsinin həllinə çalışırdı. Amma Moskvanın bu işdə öz planları var idi. Bu amil kürdlərin Bakıdan Özbəkistana köçürülməsinə gətirib çıxartdı.
Bərzanilər İraqa qayıdırlar: Yarımüstəqillik dövrü
1958 –ci ildə İraqda çıxan üsyan nəticəsində yeni qurulan hökumət əfv fərmanı imzaladı. Bunun nəticəsində Bərzanilər öz vətənlərinə qayıtmağa qərar verdilər. Yeni rejim kürdlərə müəyyən haqlar tanımağa razılıq vermişdi. Lakin torpaq islahatlarının başlaması yenidən kürdlərlə İraq mərkəzi hökumətinin arasını vurdu və yeni üsyanların başlamasına səbəb oldu. Lakin üsyan sərt şəkildə yatırıldı və Bərzani şimala qaçmalı oldu. Amma nəticə olaraq kürdlər Kürdüstan Demokrat Partiyası ilə siyasi həyatda partiyalaşma dönəminə keçdilər. Beləliklə Bərzaninin başçılığı ilə partizan müharibəsi dönəmi başladı.
Bərzaninin Rusiyaya mühacirəti kürdlərin siyasi və əsgəri sistem qura bilmələri üçün çox faydalı olmuşdu. Sovet hərb sistemi əsasında ordu birlikləri quruldu ki, bu sistem gələcəkdə PKK üçün də nümunə təşkil edirdi. Yeni üsyan İraq ordusunu kürd bölgəsində gücsüz hala gətirib bölgəni tamamən nəzarətə götürməsinə səbəb oldu. Kürd üsyanı Qasım hökümətinin devrilməsi ilə nəticələndi. BAAS 1968-ci ildə hərbi çevrilişlə Bağdadda hakimiyyəti ələ keçirdi. Kürdlər Tələbaninin başçılığı altındakı nümayəndə heyəti ilə yeni hökumətlə danışıqlara başladı və muxtariyyət tələbini irəli sürdülər. Başlayan yeni müharibədə kürdlər yenə üstünlüyü ələ aldılar və İraq ordusunu ağır məğlubiyyətə uğratdılar. Nəticədə İraqın bütünlüyü qorunmaqla kürdlər yarı-müstəqillik əldə etdilər.
70-ci illərin əvvəlində Yaxın Şərqdə baş verən hadisələr kürd məsələsinin aktuallığını artırdı. İsrail-ərəb münaqişəsi SSRİ-nin ərəb ölkələri ilə yaxınlaşmasına səbəb oldu və İraq da bu məsələdə kənarda qalmadı. İraqın bu addımı ABŞ-ın Bərzani ilə yaxınlaşmasına səbəb oldu. İlk vaxtlar bu əlaqələr ABŞ-ın bölgədəki əsas müttəfiqi olan İran Şah rejimi vasitəsi ilə başladı. ABŞ hökuməti Konqresdən gizli olaraq kürdlərə silah və pul yardımı etməyə başladı. 1974-cü ildə Bağdad hökümətinin təktərəfli olaraq Kürd muxtariyyatının səlahiyyətlərini məhdudlaşdırması yeni böhrana yol açdı. Nəticədə İraq qoşunları «Kürdüstan»a hücum etdi. Bu sənəddə neft bölgəsi olan Kərkük «Kürdüstan» tərkibində göstərilmirdi. Bu müddət ərzində Tələbani də KDP-dən ayrılaraq Kürdüstan Yurtsevərlər Birliyini qurmuş oldu. Aralarındakı fikir ayrlığı nəticəsində ordunun partizanlarla yeni müharibəsində Tələbani və tərəfdarları mərkəzi hökümətin yanında yer almış oldular. Tələbani Bərzaninin radikal mövqeyindən narazı idi və İraqlı solçularla ittifaq içində idi.
İran Bərzanidən niyə üz döndərdi?
Bu müharibədə kürdlər ilk dəfə o dönəm üçün artıq beynəlxalq əhəmiyyət daşıyan Kərkük-Bağdad neft boru kəmərinə hücum edib partlatdılar. Bərzaniyə bu dönəmdə gizli dəstək verən ölkələrdən biri də İsrail və onun kəşfiyyat xidməti MOSSAD idi. 1975-ci il Əlcəzairdə OPEK toplantısı zamanı İraq ilə İran arasındakı problemlərdə (Şəttül-ərəb məsələsi) qarşılıqlı razılaşma əldə edilməsi ilə İran Bərzaniyə dəstəyini kəsdi. Bu, Bərzaninin ciddi şəkildə zəifləməsinə yol açdı və məğlubiyyətə uğradı.
Onu da qeyd edək ki, Əlcəzair razılaşmasının əsas memarı da ABŞ Dövlət Departamentinin sədri Henri Kissincer idi. Kissincer Yaxın Şərqdə kürd kartından aktiv istifadənin əsas memarlarından biri olub. Hətta sonralar 1993-cü ildə oğul Bərzani bu hadisəyə görə Vaşinqton ziyarəti əsnasında, Kissincerin görüşmə istəyini rədd etmişdir. Nəticədə Molla Mustafa Bərzani İrana qaçır və Tehran yaxınlığında bir düşərgəyə yerləşdirilir. Ağır xəstəlik tapdıgı üçün liderliyi oğlu Məsud Bərzaniyə ötürür, xəstəliyi səbəbi ilə müalicə üçün ABŞ-a gedir və orada da vəfat edir.
1979-cu ildə İranda inqilab nəticəsində şahın devrilməsi ilə Xomeyni hakimiyyətə gəldi. Eyni zamanda İraqda general Əl-Bəkir hakimiyyəti Səddam Hüseynə təhvil verdi. Səddam Hüseyn Əlcəzair müqaviləsini ləgv edərək, İranın hələ də kürdlərə dəstək verdiyi bəhanəsi ilə 22 sentyabr 1980-ci ildə ona qarşı müharibəyə başladı. Bu sırada KYP və KDP ayrı-ayrılıqda özlərinə yaxın partiyalarla birlikdə iki cəbhə yaratdılar. Tələbaninin başçılığı ilə İraq Milli Yurdsevər Demokratik cəbhəsi, Bərzaninin başmılığı ilə isə İraq Milli Demokratik cəbhəsi qurdu. Bu dövr kürd cəbhəsində PKK-nın da ortaya çıxdıgı dönəm kimi tarixə düşdü. Türkiyədə 1980-ci il hərbi çevrilişindən sonra bu təşkilatla silahlı mübarizəyə başladı.
Həmin dövrlərdə İraq hökumətinin Sovet İttifaqı ilə əlaqə qurması və bölgədə ərəb-İsrail müharibəsinin başlaması da önəmli faktor oldu. Gedişat Bərzani tərəfdarlarının məğlubiyyəti ilə nəticələndi.
İraqın İrana qarşı başlatdıgı müharibə sırasında hər iki əsas kürd təşkilatı - həm Kürdüstan Yurdsevərlər Partiyası, həm Kürdüstan Demokrat Partiyası İranı dəstəklədilər. Buna qarşılıq kürdlərin Xalqın Mücahidləri Təşkilatı və İKDP-Komele kimi təşkilatları İraqın tərəfini tutdular. Nəticə olaraq İran kürdləri İraq tərəfindən, İraq kürdləri isə İran tərəfindən istifadə edilməyə başlandı. Kürdləri ciddi dəstəyi ilə İran ordusu «Kürdüstan» ərazisi üzərindən Süleymaniyyə şəhərinin həndəvərinə qədər gəlib çıxmışdılar.
İran-İraq müharibəsi bitəndən sonrakı illərdə baş verən I Körfəz müharibəsi dönəmində İran Tələbani başçılığındakı KYB-nə dəstək verməyə başladı. Körfəz müharibəsi dönəmində «Kürdüstan» bölgəsi Qərb koalisiyasının ciddi qoruması altına alınmışdı. BMT Təhlükəsizlik Şurasınnın 1991-ci il 688 saylı qətnaməsi ilə İraq güclərinə 36-cı paraleldən şimalda hərəkət qadağası qoyulmuşdu ki, bu “Çəkic Güc” vasitəsi ilə təmin edilirdi. Qərb koalisiyasının «Kürdüstan» bölgəsindəki qoruma siyasəti İran üçün həm təhdid, həm də fürsət kimi dəyərləndirilirdi. Qərbin «Kürdüstan» üzərindən burda möhkəmlənməsi təhdid idisə, İranın kürdlərə təsiri və İraq mərkəzi hökümətinin zəifləməsi üzərindən İraqdakı digər marjinal qruplara, xüsusi ilə şiələrə təsir baxımından bu, bir fürsət kimi dəyərləndirilirdi.
1991-ci ilin dekabrında KDP, KYB və daha 8 kürd partiyası İraq Kürdüstan Cəbhəsini qurdular və İraqın kürd bölgələrində seçkilərə getməyə qərar verdilər. 17 May 1992-ci ildə seçkilər keçirildi, 105 yerlik parpamentdə KDP və KYB hərəsi 50 yer qazandılar. 7 İyul 1992-ci ildə isə KDP və KYB-nin təmsil olunmaq imkanı qazandıqları Nazirlər Kabineti təşkil edildi və bu, dövlətləşmə yolunda çox önəmli bir addım oldu. Bununla birlikdə kürdlər müstəqil Dövlət qurmaq məqsədi daşımadıqlarını bəyan edərək, məqsədlərinin İraq daxilində Federal haqlar almaq olduğunu bildirdilər. Bölgə dövlətləridən yalız İran bu məsələdə onlara dəstək oldu, Ərbil və Süleymaniyyədə konsulluq açdı. Amma I Körfəz müharibəsindən sonra Bərzani Türkiyə, Fransa kimi ölkələrlə münasibətlərini inkişaf etdirməsi və ABŞ-ın da öz növbəsində İranın regiondakı nüfuzunu qıraraq Bərzani ilə yaxın münasibətlər qurması İran üçün təhdid mənbəyi yaratmağa başladı. Bərzani üstün diplomatik bacarıqlar göstərərək regional və qlobal dövlətlərin maraqlarını öz maraqları çərçivəsində istifadə etməyə başladı.
Onu da qeyd edək ki İraq kürdlərinin müstəqillik yolundakı addımları qonşu İran və Türkiyə kürdlərinə də təsir göstərirdi. Bu təhdidlərə baxmayaraq, İran və Türkiyə İraq siyasətlərini Şimali İraq «Kürdüstan» varlığı üzərindən yeritməkdə hər zaman maraqlı olublar. İraqdakı kürd varlığı üzərindən aparılan siyasət həm İraq mərkəzi hökümətinə təsir, həm də qlobal güclərin regiondakı təsirini nəzarətə almaq baxımından hər iki dövlət üçün xüsusi önəm daşıyıb. Əsas da öz daxillərində separatist terror təşkilatları olan PKK və İran Kürdüstan Demokratik Partiyası (İKDP)-nın əl qolunun baglanması baxımından Şimali İraq «Kürdüstan»ı siyasəti kilid rol oynayırdı. Bu məsələdə hər iki dövlətin istifadə etdiyi əsas instrumentlərdən ən vacibi isə KDP və KYB arasındakı rəqabətdən istifadə etmək olub.
2010-cu ildən başlayan Ərəb baharı ilə bölgədə İŞİD və təkfirçi terror təşkilatları Suriya və İraqda ciddi qələbələr qazandılar. Sonrakı mərhələdə İranın da ciddi dəstəyi ilə Bağdad mərkəzi hökuməti İraq «Kürdüstan»ının hərbi birləşmələri ilə birlikdə İŞİD-ə qarşı ciddi nəticələr göstərdilər. Bərzani 2017-ci ildə mərkəzi hökumətin zəifləməsindən istifadə edərək, İraq Kürdüstanı Bölgəsəl Yönətimi sərhədləri xaricində qalan, kürdlərin çoxdan iddia etdikləri Mosul və Kərkük kimi bölgələrin müstəqilliyi referendiumunu keçirdi və qonşu ölkələrin ciddi təzyiqi ilə üzləşdi.
Nəticə olaraq onu bildirək ki, kürdlər əsasən İran, Türkiyə, Suriya və İraqda məskunlaşmasına baxmayaraq, ugurlu nəticələri mərkəzi hökumətin ciddi zəiflədiyi İraqda əldə etdilər. Burda əsas həlledici məqamın ABŞ və Qərb koalisiyasının göstərdiyi dəstək oldugunu qeyd etməliyik. Bu gün Yaxın və Orta Şərqdə yürüdülən ABŞ siyasətində əsas mərkəz rolunu «Kürdüstan» və kürd faktoru oynamaqdadır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar