Xəbər lenti
Dünən, 19:25

 
Nazim Əkbərov
 
Bu gün oturub dünənki Facebook paylaşımım haqda düşünürdüm: görəsən, paylaşdığım dərdə şərik çıxan oldumu? 
 
Hadisə o qədər dərin, o qədər ağrılı, acı və fəcidir ki, bu boyda dərdin havadan asılı qalması, bizim düşüncə aparatımıza enməməsi/enə bilməməsi və bizi dərdləndirməməsi milli faciə adlandırıla bilər. Ancaq Hüseyn Cavid əfəndinin, Vilyam Şekspir kimi dünyanın neçə-neçə faciə ustalarının qələminin gücü yetəcəyi bir milli faciədən, bir milli dərddən bəhs edirəm. 
 
İki yüz ildir bir qövm soyqırıma məhkum edilib və dünya bu soyqırıma ləzzətlə, hırıldaya-hırıldaya tamaşa edir. Lakin faciə təkcə bu deyildir, əsil faciə qırılan, qırdırilan qövmün, insanların buna soyuqqanlılıqla seyrçi qalmasıdır
Təsəvvür edirsinizmi? Bizim yaşlı, sovet ideologiyası ilə böyümüş nəsli bir kənara qoyaq, müstəqilliyimizin elan edilməsindən keçən 30 ərzində doğulan, məktəbə gedən, bir hissəsi bakalavr, onun da bir hissəsi magistr təhsili alan gənc nəsl bu dərdlə nə qədər yüklənmişdir?
Söhbət türklərin, hətta müsəlman olmayan türklərin də ümumi faciəsindən gedir. İki yüz ildir qırılırıq, daha dogrusu, bizi qırırlar. Qırırlar və qırdıqca da yerimizə erməniləri, yaxud bizə düsmən olaraq bəsləyib yetişdirdiklər qeyrilərini yığırlar.
Məsələn, dünya türklərini bir kənara qoyaq, bu günün Azərbaycan yeniyetmə və gənclərinin neçə faizi ermənilərin Qafqaza köçürülməsinin tarixini, səbəblərini və səbəbkarlarını bilir?
Neçə nəfər Rus-Qacar, Rus-Osmanlı müharibələrinin səbəbləri və nəticələrindən xəbərdardır? (Bilərəkdən Rus-İran və Rus-Turk ifadələrini işlətmədim, çünki XIX əsrdə nə İran adlı, nə də Turkiyə, türk adlı dövlətlər yox idi. Yox idi, amma dərsliklərimizə baxın, hələ də Rus-İran, Rus-Turk müharibələri yazirlar).
Bu müharibələr nəticəsində Azərbaycan adlanan, Gürcüstan və Ermənistan adlandırılan cografiyaya neçə erməni gətirilmiş, yerləşdirilmişdir və nə üçün?



Bu erməniləri yerləşdirərkən bu coğrafiyanın türk əhalisi hansı fiziki və mənəvi soyqırımlara məruz qalmışdır?
Bakıda Ermənikənd adlandırılan ərazi nə zaman salınıb, bu erməniləri Bakıya kim, nə məqsədlə gətirib?
Məhsəti türkləri niyə sürgün edildi?

Erməni-müsəlman müharibələrinin ssenari müəllifləri, baş rollarının ifaçıları və nəticəsindən faydalanan kimlərdir?
Sualları və suallarla bərabər faciənin coğrafiyasını da genişləndirmək olar, Krım türklərinin, Türkustan (Orta Asiya) türklərinin, Rusiya coğrafiyasindakı türklərin başına nələr gətirildiyini soruşmaq olar. Amma bunun hamısının cavabı eynidir – bunlar keçmişdə qalıb, bu gün dünya başqadır, biz gələcəyə baxmalıyıq. Bir də, bu dediklərin tarix müəllimlərinə, tarix fənninə aiddir.
Razıyam, amma o gələcəyə baxacaq gözlər indi də var və bu günə baxdığı kimi kecmişə də baxmaq üçündür. Gözlərə baxmağı öyrədən isə məktəbdir. Tarixə gəldikdə, bunlar tarix fənninə aid gorundə də, yəni ixtisas və pesəsindən, məşğuliyyət sahəsindən asılı olmayaraq hər birimizin gen xəritəsinin (el dilində, zatımızın) bir zərrəsi, bir parcaşıdır, yaxud zərrəsi, parçası olmalıdır.


 
Bu günkü məktəb hara baxır, yaxid necə baxır və baxarkən nə görür?
 
Bu suala cavab verə bilməmiz üçün məktəbin idrak aparatımıza təsirini bilməliyik. 
Bir zamanlar, yaxın keçmisdə məktəblərimizə düşündürmə, tədqiq etmə, nəticə çıxarma yönlü bir üsul gətirdilər və bunun üçün neçə milyon dollar vəsait sərf etdilər. Amma bir görünməyən əl bunun baş tutmaması üçün dəridən-qabıqdan çıxdı, anti-təbliğat təbliğatı üstələdi və Kurikulum adlanan o islahat zibil qutusuna atıldı. Biz tarixi bir fursəti əlimizdən buraxdıq. Düşünməkdən imtina edib yenə köhnə vərdişimizə - əzbərçiliyə geri qayıtdıq.
 
Müasir dünya təhsil sistemləri insana bilik verməkdən daha çox onu düşünməyə, təhlil etməyə, nəticəyə gəlməyə sövq etməklə məşğuldur və məncə, bu gün dogru olan da budur. Çünki az qala işıq sürəti ilə inkişaf edən və dəyişən dünyada insanın beyninə hazır doqmalar yığmaq onu əlküt, kor və birinci qrup əlil, şikəst etmək deməkdir. Bir də anlasaq ki, dunya bu gün 5G üzərində cəmləşib və bir neçə ildən sonra, lap yaxın gələcəkdə bu günkü bilgilərin çoxu zibil qutusuna atılacaq və biz əliyalın qalacağıq, o zaman oturub məktəbin bu günkü halına yas tutmamız lazımdır.


 
Yuxarıda sadaladığim dərdlərin çarəsinin bir qismi məktəbin öhdəsinə düşursə və məktəb bu gün playstation kimi bir vəzifəni yerinə yetirirsə, hər gun bir budaqdan o biri budaga atlanırsa, əyləncəli təlimlə öyünürsə, o zaman bu günkü nəsli nəyisə bilməməkdə, müəllimlərimizi isə  dərdsiz nəsillər yetişdirməkdə ittiham etməmiz yersiz olar. Çünki biz düşünən deyil, əzbərləyən və əylənən bir nəsil yetişdirən məktəbin məhsulundan bəhs etmiş oluruq.

Nəticədə sosial şəbəkələrdə məsələnin mahiyyətini anlamayan və anlamadığını da anlamayıb tragikomik statuslar, sərhlər yazan, bir-birini söyən və milli məsələni erməniləri söyməklə məhdudlaşdıran, övladlarını sürətlə yadların qucağına atan və bununla qürur, fəxr edən, dilimizi zibilləyən və ondan üz çevirən, dinimizi təhqir etməklə ucaldığını zənn edən ateist, deist, səfil bir nəsillə üz-üzə qalmamızla barışmaqdan başqa çarəmiz qalmır.



Bu dediklərimlə razılaşanlar olacaqdır, amma razılaşmayanlar da olacaqdır. Razılaşmayanlara təklifim:
Gəlin, bu günün yuxarı sinif məktəbliləri və müəllimləri arasında yuxarıda sadaladığım suallar əsasında sorğu aparaq və nəticələrinə baxaq. Müəllimləri də işin içərisinə qatmağımı hər halda anlayır və təqdir edirsiniz, elə deyilmi? Çünki bu dərdlə dərdlənməyən müəllimin şagirdlərini sorğu-suala çəkməyin nə qədər mənasız olduğu ilə həmfikirik, elə deyilmi?
 
Razısınızmı?
 
Niyə belə hirslə baxırsınız? 



 
Razı deyilsinizsə, eybi yox, yolunuza davam edin. Amma heç olmazsa, şagirdlərə Mirzə Ələkbər Sabiri oxudun, əzbərlədin, bacarırsınızsa, sevdirin. Heç olmazsa, dərdlənəndə Sabirdən bir-iki misra deməklə dərdlərini soyutsunlar. Məsələn, 
 
Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?
...Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, --
Biz də edərik aləmi-röyadə tərəqqi...
Və sair və ilaxır...
Vəssəlam!


Ana səhifəyə qayıt        Baxış: 5 032          Tarix: 20-04-2020, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma