Nazim Əkbərov
Təhsil eksperti
Türkiyə Prezidenti Ərdoğanın Yaponiyaya rəsmi səfərində yadda qalan və cəmiyyətin iki qütbü arasında mübahisəyə yola açan bir neçə hadisə içərisində diqqətimi cəlb edən onun Yaponiyada 90 qız universitetinin olması barədə bəyanı, bu universitetlərdən birinin fəxri doktoru adını alması, bu münasibətlə keçirilən tədbirdəki çıxışında qız universitetlərinin ayrıcalığına təəccübünü gizlətməməsi və ali təhsildə bu ayrıcalığa diqqət yetirməsi oldu. Ərdoğan bu cür universitetlərin Türkiyədə də açılmasının vacibliyini qeyd etdi və Türkiyəyə geri qayıdan kimi bu cür ali məktəblərin açılması barədə təlimat verdi.
Ərdoğanın bu tapşırığı yerinə yetiriləcəkmi, yetirilməyəcəkmi, bunu yaxın gələcəkdə görəcəyik. Məncə, bu barədə danışmaq bir az tezdir. Bəlkə Prezidentin sözü yerə düşməsin, deyə bir-iki belə bir universitet açılar, amma təhsil sisteminə bunun əsaslı şəkildə daxil olması çox böyük məbləğ vəsait, maddi-texniki baza, ən başlıcası da, kadr hazırlığı tələb edir ki, Türkiyə bu gün buna hazır deyildir. Amma hazır olmaq bir gündə olmur, hazır olmaq üçün bir yerdən başlamaq lazımdır.
Məsələnin həllini Türkiyənin səlahiyyətlilərinə həvalə edib mövzunun əsasına qayıdaq.
Mən bu məsələdə tərəf olmaq niyyətində deyiləm, nə Ərdoğanın təklifinə, nə də bu təklifi “Orta əsrlər dövrünə qayıtmaq” iddiasını irəli sürənlərə. Məqsədim bizim xalqın hafizəsini qurcalamaq, onun diqqətini təkrar bu məsələyə yönəltməkdir.
Dünya iqtisadiyyatında, sənayeləşmədə, xüsusən də elektron sənayedə Yaponiyanın yeri və əhəmiyyəti barədə danışmağa gərək varmı? Məncə, yox. Çünki dünyada bu ölkənin hansı səviyyədə olduğu əksəriyyətə məlumdur. Ən azı ona görə ki, hər bir evdə ən az 1-2 ədəd Yapon məhsulu cihaz var – soyuducu, paltaryuyan, tozsoran, qabyuyan, televizor, kopyuter və s. və i.a.
Bu cür inkişafın əsasında təhsilin dayandığına etiraz edən varmı? Yoxdur. Təhsilin iqtisadi və ictimai inkişafda rolunu inkar edən varmı? Zənn etmirəm.
O zaman Yaponiyaya qayıdaq. Nə üçün dünya iqtisadiyyatında, texnologiyasında, ticarətində bu qədər müvəffəq olan Yaponiya qızlarla oğrlanların təhsilini ayıranda bu “orta əsrlərə dönüş” kimi qiymətləndirilmir, amma bizdə, eyni zamanda da Türkiyədə belə bir təşəbbüs qılınc-qalxanla qarşılanır?
Məktəb, təhsil müəssisəsi nə üçündür? Elm öyrənmək, təcrübə qazanmaq üçün. Bu yaxınlaracan bu tərifdə “tərbiyə almaq” ifadəsi də var idi, müstəqillik əldə etdikdən sonra bu ifadəni məktəbin məqsədləri arasından çıxardıq.
Başqa bir sual: Məktəbdə elm öyrənmək, elmin, yəni qazanılmış biliklərin həyata tətbiqini öyrənmək, əldə etmək üçün iki qarşı cinsin bir yerdə olması şərtdirmi, yoxsa bunun olması işə manedirmi (yeri gəlmişkən, bunu bir daha xatırladım ki, məktəblərdə cinsi ayrı-seçkiliyin aradan qalxması, yəni oğlanlarla qızların bir yerdə təhsil alması məsələsinin tarixi bəşəriyyətin və təhsilin tarixi ilə müqayisədə çox-çox cavandır, XX əsrin 30-cu illərindən başlamış, 50-ci illərin sonunda başa çatmışdır)? Yəni, bizim bu gün varlığını davam etdirməsinə dirəndiyimiz sistemin tarixi 60-70 ildən çox deyildir. Və bu gün heç kəs mənə elmi sübutlar gətirə bilmir ki, oğlanlarla qızların bir yerdə təhsil alması hansı elmi, texniki, ictimai tərəqqiyə səbəb olmuşdur/olur. Yalnız bunu müşahidə edirik ki, qızlarla oğlanların təhsilinin ayrılmasından söhbət düşəndə dərhal bir qrup bunun orta əsrlərə geri qayıtmaq olduğu barədə mərsiyə deyir, özünə əl qatır, şivən qoparır, başını-saçını yolur, amma... Amma fizika, kimya, riyaziyyat, ədəbiyyat, dil, tarix və s. fənləri öyrənməyin cinsi birlikdəliklə hansı əlaqəsi olduğuna dair heç bir arqument, dəlil, sübut gətirə bilmir. Çünki məqsəd başqadır.
Sizə bir şeyi də xatırladımmı? Mən keçən əsrin 60-cı illərində məktəbi bitirmişəm. Hələ o illərdə məktəbdə müəllim-müəllim, müəllim-şagird, şagird-şagird cinsi münasibətləri kifayət qədər var idi və bunu hər kəs yaxşı bilir, yaxşı xatırlayır. Sərt sovet qanunçuluğu dövründə olan bir şey indi hansı halda olar, özünüz düşünün.
Bu gün, elektron vasitələrin bu qədər geniş yayıldığı, hər kəsin evində, hətta cibində internetin olduğu bir dövrdə siz oğlanlarla qızları bir sinifə qatarsınızsa, o zaman, türklər demişkən, heyvanı yemiş olursunuz. Bu gün məktəblərdə nələr baş verdiyini deməyəcəyəm, bunu siz məndən yaxşı bilirsiniz. Bilirsiniz, amma özünüzü bilməməziliyə vurursunuz, yaxud görməməzlikdən gəlirsiniz.
Bu gün Azərbaycanda (dünyanı demirəm, çünki fərq çox deyildir) ailələrin yarsının ilk mərhələdə dağıldığını bilmirikmi? Səbəb?
Bu gün əxlaqsızlığın zirvədə olduğunu bilmirikmi? Səbəb?
Bu gün pis (zərərli) vərdiş və davranışların fontan vurduğunu bilmirikmi? Səbəb?
Məktəbdən tərbiyə etmək vəzifəsini çıxardandan sonra, ibtidai məktəbdən başlayaraq hər bir şagirdin dərsə və ümumən həyata internetlə girib-çıxdığını görə-görə, bilə-bilə oğlanlarla qızları bir yerə qatmağın barıtın yanında kibrit şəkməkdən fərqi varmı?
Faciə də bundandır – bilirik, amma özümüzü bilməmiş kimi göstəririk, yəni riyakarlıq edirik.
Ən böyük faciə isə bundandır - etdiyimiz bu riyakarlığın ən böyük zərərini də biz özümüz çəkir, amma yenə də bundan geri dönmək istəmirik. Səbəb?
Nə Şekspir, nə Hüseyn Cavid bu fəciəni qələmə ala bilməyiblər və bu günkülər də bilmirlər.
Naxçıvanda bunu aşağıdakı deyimlə ilə çox sərrast ifadə edirlər: “Bu məktəbdir, təlim-tərbiyə müəssisəsidir, yoxsa Matı meyxanası?” Bilməyənlər üçün izah edim: Matı kimdir, kim olub, bilmirəm, amma “Matı meyxanası” ifadəsinin açılımı “əxlaqsızlıq yuvası” deməkdir.
Faciə içərisində xoşbəxt görünmək. Bunun adını qoymaq barədə çox düşündüm, amma tapa bilmədim. Buna ad qoymağın çarəsizliyi içərisində sözü sizə verirəm.
[Dövlət müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri olan Nazim Əkbərov əxlaq, mənəviyyat və təhsil problemlərini gündəmə gətirən yazıları ilə vaxtaşırı dövri mətbuatda çıxış edir]
Paylaş: