Xəbər lenti
Dünən, 22:59
Dünən, 20:27
Dünən, 17:30
Dünən, 16:22
Dünən, 15:30
Dünən, 14:19
Dünən, 12:54
Dünən, 11:29
Dünən, 10:13
Dünən, 09:11
26-12-2024, 22:52
26-12-2024, 21:48
26-12-2024, 20:42
26-12-2024, 19:42
26-12-2024, 18:43
26-12-2024, 16:29
Fazil MUSTAFA,
BQP sədri, Milli Məclisin deputatı
Ötən gün Rusiyanın xarici işlər naziri Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi.
Düşündüm ki, bu erməni həyasızlığının cavabının sərt şəkildə ilk olaraq, görəsən, hansı qurum verəcəkdir? Baxdım ki, yenə də sərt və tutarlı cavab Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gəldi.
İllərdir artıq alışmışıq: işğalçı Ermənistanın bütün sayıqlamalarının cavabını Valday Diskussiya Klubunda, MDB dövlət başçılarının zirvə görüşüdə, yaxud Münhen Təhlükəsizlik konfransı çərçivəsində təşkil olunan açıq debatda birbaşa ölkə prezidenti cənab İlham Əliyevin özü verir. Bəzən də bu missiyanı başqa platformalarda onun administrasıyasının məsul şəxsləri öz üzərinə götürürlər.
Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirməsinə münasibətdə də yenə bu yükü İlham Əliyev öz çiyninə götürərək, 2020-ci ilin 1-ci rübünün sosial-iqtisadi yekunlara həsr olunan müşavirədə Azərbaycanın qəti mövqeyini ifadə etdi və sistemli çalışan erməni xarici siyasət maşınının formalaşdırdığı təbliğatın effektini heçə endirdi.
Bizim bu milli davamızın yükünü ən çox ölkə prezidenti, ardınca da ayrı-ayrı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətənsevər ekspertlər, diaspora təmsilçiləri götürərək haqq işimizi təbliğ etməklə, illərdir erməni yalanlarının effektini azaltmağa çalışırlar.
Bu savaşda görünməyən yalnız bir qurum var. O da bu sahədə cəbhənin ön xəttində olması vəzifə borcu sayılan Xarici İşlər Nazirliyimiz və xarici işlər nazirimiz cənab Elmar Məmmədyarovdur.
Fərdi qaydada alt səviyyələrdə fədakarlıq edən bir sıra diplomatlarımızın əziyyətlərini yerə vurmadan, əminliklə söyləyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz özünü ATƏT-in Minsk qrupunun yaratdığı bir firma kimi aparır.
Diqqət etsəniz, görərsiniz ki, Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda, Azərbaycan xarici işlər naziri cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışır. Özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən mandat almış filial təmsilçisi kimi apararaq, Ermənistan xarici işlər naziri ilə birlikdə 2+3 formatında birgə bəyanatla çıxış edir.
Bu o deməkdir ki, ermənilərlə savaşda bizim qəti mövqeyi olan Ali Baş komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artilleriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir.
Bütün ölkə və dünya koronavirusla mübarizə apararkən, Xarici İşlər Nazirliyinin Azərbaycan idarəetmə sistemində qətiyyən rolu görünmür. Yalnız martın sonundan alayarımçıq nəsə bir iş görməyə başladı və onu da effektli şəkildə başa çatdırmadı.
Azərbaycanın gördüyü uğurlu işlər, islahatların xarakteri və mahiyyəti hələ də beynəlxalq auditoriyaya lazımi səviyyədə çatdırılmır, beynəlxalq təşkilatlar və digər dövlətlərlə qalıcı faydalı əlaqələr qurulmur. Xaricdə olan vətəndaşlarla görüşmək və durumu izah etmək, həll yolu tapmaq əvəzinə, səfirlərin əksəriyyəti problemi Bakının üstünə atmaqla məşğuldurlar.
Bütün dünyada durum gərgin olduğu halda, Azərbaycanın bir sıra ölkələrdəki səfirləri Bakıda istirahətdədirlər. İndi də bəhanə edib, işlədikləri ölkələrə qayıtmırlar. Səfirlərin əksəriyyəti çalışdıqları ölkələrin media məkanında deyil, daha çox Azərbaycan mətbuatında özlərini göstərməklə məşğuldurlar.
Diqqət yetirdikdə, görürsən ki, Azərbaycanın xarici işlər naziri yeni tezis və mahiyyət ortaya qoymadan, dişsiz, tutarsız və yalnız təkrarlara əsaslanan tezislər əsasında çıxış edir. Sanki, ölkənin milli maraqlara əsaslanan mövqeyini qəti, birmənalı və əsaslı şəkildə ifadə etməkdən çəkinir və ya qorxur. İşğalçı tərəf olan Ermənistan daha sərt və tələbkar formada çıxış edir və bizim Xarici İşlər Nazirliyi isə, əsasən, özünü sığortalamaq prinsipindən çıxış edir. Özünü heç kimlə pis etməmək, “konstruktiv” görünmək kimi meyarlara üstünlük verir. Sanki, öz fəaliyyəti ilə Azərbaycanın dövlət başçısını, Azərbaycan xalqını deyil, bizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatları, ATƏT-in Misk qrupunun həmsədrlərini razı salmaq üçün çalışır.
Mart ayının sonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirildi, ənənəvi olaraq Azərbaycanın xarici işlər nazirliyi öz rolunu sadəcə əvvəlki illərdə verdiyi bəyanatı təkrarlamaqda gördü. Nə Azərbaycanın xarici işlər naziri, nə də müavinlərindən hər hansı biri başlarını özləri üçün diplomatik sanatoriyaya çevirdikləri nazirliyin virtual binasından çölə çıxarıb, ciddi bir mövqe ifadə etmədilər.
Qondarma “seçkilər”lə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Xarici İşlər Nazirliyi, sanki, bu işin Səhiyyə Nazirliyinə aid məsələ olduğunu düşünərək, həmsədr ölkələrə tutarlı cavab vermədi.
Bu qurumun başında duran şəxslərin öz vəzifə borclarına ciddi yanaşmaması, hər şeyi “öz-özünə düzələcək” inancı ilə əhəmiyyətsizləşdirməsi belə bir təşkilatın varlığı ilə yoxluğu arasında bir fərqin duyulmadığını göstərir. Onların əvəzinə yenə də bu işi Azərbaycan prezidenti gördü və ən sərt formada qondarma qurumun “saxta seçkilərinin” mahiyyətini ifşa etdi.
Öz maraq standartlarından formalaşdırdıqları insan hüquqlarını əllərində bayraq edərək Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst beynəlxalq təşkilatların da cavabını, çox nadir hallarda, Xarici İşlər Nazirliyi verir. Bu qərəzli qüvvələrin də tutarlı cavabını yenə də ölkə prezidenti İlham Əliyev verməyə məcbur qalır.
Bütün bunlar eyni zamanda Xarici İşlər Nazirliyinin aparatında və bir çox diplomatik nümayəndəliklərdə mövcud olan yarıtmaz kadr siyasətinin nəticəsidir. Bu qurumda coğrafi bölgü prinsipi əsasında siyasi idarələrin rəisi olan şəxslərin əksəriyyəti, ümumiyyətlə, diplomatik fəaliyyətə yararsızdılar. Ancaq gün keçirməklə məşğuldurlar və ölkənin tale yüklü problemlərinin həllinə biganə yanaşırlar.
Bu gün Xarici İşlər Nazirliyində olan ətalət və qeyri-peşəkarlıq mühitinə görə illər uzunu formalaşmış peşəkar kadrlar, vətənpərvər insanlar diplomatik fəaliyyətdən bezərək uzaqlaşırlar. Burada işə götürmə qaydaları qeyri-şəffaf xarakter daşıyır. Xarici işlər nazirliyinin konsulluq idarəsi də mahiyyət etibarilə vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında çalışır.
Bir neçə dəfə Milli Məclisin plenar iclasında da səsləndirmişəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə prezidentinin yürütdüyü hücum xarakterli diplomatiyaya dəstək vermək və bundan irəli gələn tapşırıqları icra etmək gücündə və iqtidarında deyil. Həm də əminliklə söyləyə bilərəm ki, buna heç maraqlı da deyillər.
Əgər biz bu ölkənin maraqlarını fədakarcasına müdafiə edən, buna bir şərəf məsələsi kimi baxan bir xarici siyasət qurumuna, bir vətənsevər və peşəkar nazirə, eyni zamanda sağlam diplomatik korpusa sahib olmasaq, bu sahədə nöqsanları düzəltməsək, ciddi kadr islahatları aparmasaq, COVİD-19 fəlakətindən sonra başlayacaq yeni və daha ağır beynəlxaq münasibətlər sistemində fəal oyunçuya çevrilməkdə çətinlik çəkəcəyik.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar