Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Dünən günün ən önəmli xəbəri Mixail Saakaşvilinin Ukrayna Baş nazirinin müavini vəzifəsinə gətirilməsi ilə bağlı oldu.
Ovqat.com-un məlumatına görə, xəbəri gürcü liderin özü Ukrayna deputatları ilə görüşündə dilə gətirmiş və Vladimir Zelenski tərəfindən ona verilən bu təklifi qəbul etdiyini açıqlamışdı.
Saakaşvilinin bu etirafının Rusiyanın Şimalı Qafqaz bölgəsində ən önəmli böhran mərkəzlərindən sayılan Çeçenistan və Dağıstana hərbi qüvvələrini yeritmək xəbəriylə eyni anda gəlməsi təsadüfi görünmür. Saytımızın etirbarlı mənbələrdən əldə etdiyi məlumata görə, Çeçenistan lideri Ramazan Kadirovun koronavirusu bəhanə edərək müstəqillik addımları atmasının qarşısını almaq üçün Moskva hərbi təlim adı altında bölgəyə əsgərlərini göndərmiş və bu da 3-cü Çeçen müharibəsini qaçınılmaz hala gətirmişdir. Saakaşvilinin məhz belə bir məqamda Ukraynanın siyasi hakimiyyətində son dərəcədə mühüm posta gətirilməsi, zənnimizcə, Rusiyaya qarşı planlaşdırılan eyni ssneraninin bir başqa tərkib hissəsidir.
Məsələ burasındadır ki, nə Saakaşvili, nə də Ramazan Kadirov özbaşına hərəkət edən aktor deyillər. Saakaşvili açıq şəkildə ABŞ tərəfindən dəstəkləndiyi kimi, Ramazan Kadirovun arxasında Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin dayandığı bəllidir. Regiona sələfi islami düşüncə yayan və bu cərəyanları maliyələşdirən körfəz ölkələrinin ABŞ-a bağlı olduğu da ortadadır. Dolayısıyla Qərbdən və Cənubdan eyni anda edilən iki həmlə NATO-nun Rusiyanı çevrələmə strategiyasını xatırladır.
Məlum olduğu kimi, NATO-nun bu strategiyasının 5 əsas ayağı var:
- Baltikyanı ölkələri Rusiyanın caynağından qoparıb Avropaya bağlamaq;
- Balkan yarımadasını ələ keçirmək;
- Anadolu yarımdasında güclənmək;
- Qaradəniz-Xəzər hövzəsini Rusiyanın təsir dairəsindən çıxarmaq;
- Əfqanıstan və Orta Asiyaya tədricən hakim olmaq.
Bəllidir ki, SSRİ dağıldıqdan dəhal sonra ABŞ və NATO qüvvələri Baltikyanı ölkələrində öz hədəflərini böyük ölçüdə reallaşdıra bildilər. Siyasi və iqtisadi cəhətdən tamamilə Avropaya inteqrasiya edən və Rusiya ilə onsuz da kövrək olan əlaqələrini tamamilə qoparan Baltikyanı ölkələrinin hazırda yeganə problemi hərbi cəhətdən möhkəmlənməkdir. Alyans qüvvələrinin 2004-cü ildə NATO-nun üzvlüyünə qəbul edilən Estoniya, Litva və Latviyada tam yerləşməsinə Rusiya mane olsa da, bu ölkələr üçün hərbu təhlükənin böyük ölçüdə aradan qalxdığı da sirr deyil. NATO-nun Baş katibi Cens Stoltenberq 4 ay bundan öncə - 2019-cu ilin 4 Dekabr tarixində “Baltik Müdafiə Planı”nı açıqlamış, bununla da həm Rusiyaya, həm də Baltikyanı ölkələrə öz ismarışını göndərmişdi. Stoltenberq həmin çıxışında demişdir:
"Bütün müttəfiqlərimizi qorumaq üçün planlarımız var. Əsgərlərimiz Baltikyanı ölkələr və Polşaya yaxın şərq sərhədində hazır vəziyyətdə gözləyirlər. Lazım gələrsə, daha çox əsgərlə müdaxilə edə biləcəyik. İttifaqın digər üzvlərini müdafiə etmək planlarımız da yenilənir. Bu gün isə Baltikyanı ölkələrin və Polşanın müdafiə planlarını yenilədik".
Stoltenberqin sözlərindən göründüyü kimi, açıq-aşkar Rusiyaya təhdid təsiri bağışlayan Baltık Müdafiə Planına Polşa da daxildir.
NATO-nun Rusiyanı çevrələmə strategiyasının ikinci mühüm ayağı Balkan yarımadasıdır. Yarımadanın Qaradəniz sahillərində yerləşən iki ölkəsi – Rumıniya və Bolqarıstanın 2004-cü ildə NATO-ya üzv edilməsiylə Alyans Rusiyanın qapısına dayanmaqla qalmadı, onun Qaradənizdəki hegemonluğunu da böyük ölçüdə sarsıtdı. Hazırda Balkanların yalnız önəmli iki ölkəsi – Ukrayna və Moldava Alyansa qoşulmamış qalır. Ukraynada 2014-cü ildə baş verən narıncı inqilab da məhz bu xəyalı reallaşdırmaq üçün həyata keçirilirdi. Rusiyanın Krımı işğalı və Şərqi Ukraynanı qarışdırması səbəbindən ciddi yaralar alan bu plan Saakaşvilinin Kiyevə qayıtmasıyla yenidən gündəmə gətirilə bilər.
Qeyd edək ki, Ukrayna problemi - təkcə Balkan yarımadası üzərində hegemonluq məsələsi də deyil. Rusiyanın isti dənizlərə açıqlanan yeganə qapısının – Qaradənizin bağlanması deməkdir. Rusiya əsas imperial hədəfi olan Qaradənizə sahiblik imkanını əldən versə, super dövlət olmaq şansını birdəfəlik itirər və nəticədə dünyanın ən iri quru ölkəsi kimi içinə qapanıb yoxoluşa sürüklənə bilər. Əslində ABŞ və NATO-nun da dünya hegemonluğu uğrunda mübarizəsinin əsas hədəfi budur. Rusiyanı bu imkandan məhrum etmək üçün Qara dəniz onun əlindən alınmalıdır.
Qara dənizin Qərb sahillərində öz hədəflərini reallaşdıran NATO qüvvələrinin 2003-cü ildən etibarən hövzənin şərq sahillərinə yönəlməsi nəzərdən yayınmır. 2003-cü ildə bu məqsədlə Gürcüstanda hakimiyyətə gətirilən Saakaşvilinin 5 il sonra Cənubi Osetiyaya hərbi müdaxiləsini sərt şəkildə cəzalandıran və paytaxt Tbilisinin yaxınlığına qədər irəliləyən rus ordusu öz həmləsiylə təkcə Gürcüstana deyil, həm də ABŞ-a mesaj verdi. Sübut etdi ki, Qaradənizin tamamilə əlindən çıxmasına razı olmayacaq, nəyin bahasına olursa olsun, öz imperial potensialı uğrunda döyüşəcək. Nəticədə 2013-cü ildə ikinci prezidentlik müddəti başa çatar-çatmaz dərhal Gürcüstanı tərk edən Saakaşvili bir ildən sonra Ukraynada başlayan narıncı inqilabın ardınca Kiyevdə peyda oldu. Ukraynanın sabiq prezidenti Poroşenko tərəfindən ölkənin ən önəmli liman şəhərinə vali təyin edilən Saakaşvili faktiki olaraq ölkənin həlledici siyasi qərarlarının qəbulunda mühüm söz sahibinə çevrildi. Maraqlıdır ki, Saakaşvilinin valilik etdiyi Odessa şəhəri də üzərində böyük oyunların getdiyi Qara dəniz sahillərində yerləşir.
Biz onun Ukraynada nə qədər ciddi çəkiyə malik olduğunu 2017-ci ildə ölkə prezidentinə qarşı başlatdığı üsyan zamanı daha aydın müşahidə edə bildik. 2016-cı ildə Odessadakı vəzifəsindən istefa edərək ABŞ-a yollanan gürcü lider bir ildən sonra Poroşenkonun Rusiyaya yaxınlaşma siqnalı verdiyi zaman yenidən Polşaya qayıtdı və açıq şəkildə rəqibinə qarşı meydan oxudu. 2017-ci ildə vətəndaşlığından atıldığı Ukrayna sərhədlərini bir neçə yüz nəfərlik tərəfdarı ilə pozaraq ölkəyə daxil oldu və bir sıra şəhərlərdə aksiyalar keçirdi. Hətta bu üsyan dalğasını Ukraynanın paytaxtına qədər daşıya bildi. Ölkənin hüquq mühafizə orqanları isə bu güc göstərilərini seyr etməklə kifayətlənməli oldular. Arada onu göz altına alsalar da, bir gün sonra məhkəmə qərarıyla buraxmaq məcburiyyətində qaldılar.
Sözsüz ki, hər hansı əcnəbi vətəndaşın ölkə prezidentinə qarşı bu cür cəsur addımlar atması və qələbə qazanması təsadüfi deyildi: Saakaşvili ABŞ tərəfindən dəstəklənir və Poroşenkonun ona müdaxilələrinin qarşısı alınırdı. Bu da əslində ABŞ tərəfindən Poroşenkonun qələminin qırılması anlamına gəlirdi.
Saakaşvilinin 2017-ci ildə Rusiyaya meyləndiyi üçün qələmi qırılan Petro Poroşenkoya qarşı başlatdığı nüfuzdan salma hərəkatı 2 il sonra - 2019-cu ildə öz nəticəsini verdi. İkinci dəfə Ukraynanın prezidentliyi uğrunda girdiyi yarışda heç bir siyasi təcrübəsi olmayan komediya artistinə biabırcasına uduzan narıncı inqilabın ilk lideri siyasi səhnədən uzaqlaşmaq məcburiyyətində qaldı. Seçicilərin böyük əksəriyyətinin - 73.18%-nin səsini alan Vladimir Zelenski Ukraynanın yeni prezidenti oldu. Hakimiyyətə gəldiyi gündən şəxsi davranış və hərəkətləriylə bir çox iri məmurlara nümunə olmağı bacaran Zelenskinin üzərindən bir il keçməmiş “tələnin əsl sahibi” olan Saakaşvilini ölkəyə dəvət etməsi və ona Baş nazirin müavini vəzifəsini verməsi də öz seçiminə oxşamır. Belə görünür ki, Vaşinqton Ukraynanın bir komediya aktyoruna həvalə edilməyəcək qədər geniş olduğuna inanır və bölgəyə nəzarəti ən çox güvəndiyi adama tapşırmaq istəyir.
NATO-nun Baş katibi Stoltenberqin ötən ilin sonlarında Ukraynanın 1+1 televiziyasına verdiyi müsahibədə dilə gətirdiyi bəzi fikirlər Alyansın növbəti əsas hədəflərindən birinin də bu ölkə olduğunu təsdiqləyir. O, müsahibəsində bütün NATO müttəfiqlərinin Ukraynanın alyansa daxil olmasına qərar verdiklərini açıqlayataq demişdi: “Biz Ukraynaya lazımi islahatları həyata keçirməyə və NATO-ya üzv olmaq üçün cəmiyyətini modernləşdirməsinə kömək edəcəyik”.
Müsahibənin üzərindən cəmi 5 ay keçəndən sonra Saakaşvilinin yeni postuna gətirilməsi artıq tələb olunan islahatların başlayacağına işarədir və bu gedişatlar Ukraynanın da yaxın zamanlarda NATO-nun müdafiə çətiri altına girəcəyini göstərir.
Qərb üçün Rusiyanı çevrələmə strategiyasında Qara dəniz anklavının ən mühüm hissəsindən biri də Şimali və Cənubi Qafqaz regionudur. Ölkənin Qara dənizə açılan əsas qapısı bu bölgədə yerləşir. Regionu ələ keçirdiyi 18-ci əsrdən etibarən rus imperiyası qəniməti itirmək ehtimalı heç zaman beynindən çıxarmamış və bəzi proflaktik tədbirlər almışdır. Həmin tədbirlərin başında isə Şimali Qafqazı etnik tərkibinə görə ən azı 6 hissəyə bölmək olmuşdur. Bölünən hər əyalətdə ayrı-ayrı etnik muxtar respublikalar quran Rusiya bununla da kifayətlənməyib, vilayətlərin içindəki etnik qrupları və tayfaları belə üz-üzə qoyub. Bu gün Çeçenistanda inquşlarla çeçenlərin torpaq üstündə az qala-qala bir-biriylə döyüşəcək vəziyyətə gətirilməsi də “parçala, hökm et” siyasətinin ən bariz nümunəsidir.
Bununla belə regionun ortaq dəyərləri var və bu dəyərlər onları Rusiyaya qarşı birləşdirəcək əsas faktorlardan sayılır. Əsas ortaq dəyər isə İslam ehkamlarıdır. Şimali Qafqazda xüsusilə Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri vasitəsilə dini təbliğatların ön plana çıxarılmasının səbəbini məhz bu amildə axtarmalıyıq. Nəzərə alsaq ki Çeçenistan lideri Ramazan Kadirov da körfəz dövlətləri ilə yaxın təmasdadır və onların Rusiyadakı ən çox etibar etdiyi şəxs olaraq tanınır, son zamanlar Moskva ilə Riyad arasında neft savaşının getdiyi sırada Kadirovun üsyan bayrağı qaldırması təsadüfi görünməyə bilər. Görünən budur ki, artıq Şimali Qafqazın da Rusiyanın əlindən çıxarılması ssenarisinə start verilib.
Rusiya dəniz hərbi qüvvələrinin Qara dənizdə rahat hərəkət etmələri üçün Cənubi Qafqaz regionu da böyük əhəmiyyət daşıyır. Xüsusilə Qara dənizə birbaşa çıxışı olan Gürcüstan NATO qalxanı altına keçmək istəyən ilk ölkələrdəndir. 2003-cü ildə Gürcüstanda başladılan narıncı inqilab 10 il sonra Rusiyaya yaxın qüvvələr tərəfindən sona çatdırılsa da, ölkənin siyasi və iqtisadi təmayülündə silinməz iz buraxdı. Artıq hakimiyyətə kimin gəlib-gəlməməsindən asılı olmayaraq, Gürcüstanı bu məhvərindən ayırmaq müşkül məsələdir. Çünki Gürcüstan taleyüklü tellərlə Qərbə inteqrasiya olunub və onunla əlaqələrini istəsə də kəsə bilməz.
Cənubi Qafqazın digər ölkəsi Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi də bölgədəki rus hegemonluğuna son qoymaq məqsədi daşıyırdı. Di gəl ki, ölkənin güvənliyi üçün Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində güzəştli siyasət yürüdəcəyinə inam getdikcə azalır və bu, Rusiyanın təxribatçı siyasətlərə əl atma ehtimalını artırır. Məsələ burasındadır ki, Ermənistan bu işğalçı siyasətindən vaz keçmədikcə, regionda müharibə təhlükəsi də yox olmayacaq və Rusiya ən həlledici anda bu ixtilafı körükləyə biləcək.
Azərbaycana gəlincə, sirr deyil ki, son zamanlar prezident İlham Əliyevin apardığı bir sıra kadr dəyişiklikləri ölkəmizdə dərinləməsinə kök salmış rus təsirlərinin azaldılmasına yönəlib. Rusqafalı qartalmış məmurların Avropada təhsil almış kadrlarla əvəz olunması yuxarıdan başlayan narıncı inqilab təəssüratı yaradır. Prosesin uğurla başa çatması Rusiyanın başının daxili məsələlərinə qarışmasından və Azərbaycanda yuxarıdan başlayan narıncı inqilabın Qərb tərəfindən dəstəklənməsindən asılıdır.
Rusiyanın isti dənizlərə açılan əsas qapsının Anadolu yarımadası olduğu sirr deyil. Qara dənizdən Aralıq dənizinə açılan bu qapı isə əvvəldən etibarlı əllərdədir. 1952-ci ildə NATO-ya daxil olan Türkiyə Alyansın ikinci böyük ordusu ünvanını daşıyır. Baxmayaraq ki, bu üstünlük sayısal xarakter daşıyır, amma Türkiyənin isti dənizlərə açılan rus qapısını tam bağlamağa gücü çatar. Qardaş ölkə bu gücünü hərbi dəniz donanmasına borcludur. Ağır artilleriya silahlarında Rusiyadan xeyli geri qalan Türkiyə Qara dənizdəki hərbi donanması baxımından Rusiyanı üstələyir. Üstəlik, NATO-nun Qara dənizdəki Hərbi Dəniz Qüvvələri (NATO Standing Naval Forces in the Black Sea) layihəsi çərçivəsində alyansın bu su hövzəsində donanma gücünü artırması planlaşdırılır.
Son zamanlar NATO ilə Türkiyə arasında başlayan ixtilaflar qardaş ölkənin Rusiyaya yaxınlaşmasına səbəb olsa da, bütün bunların müvəqqəti xarakter daşıdığı da bəllidir. Zira Türkiyə ilə Rusiya arasındakı geopolitik mövqelərindən doğan təbii rəqabət iki ölkənin əbədi dostluğuna mane olur və olacaq da. Hakimiyyətdə kimin olması bu həqiqəti dəyişdirə bilməz.
Təsadüfi deyil ki, 15 iyun hadisəsindən cəmi ay qabaq Rəcəb Tayib Ərdoğan NATO-nun Baş katibi Stoltenberqi Qara dənizə laqeyd yanaşmaqda qınayır və müttəfiqlərini cəsarətli addımlar atmağa çağırırdı: “Qara dənizdə görünmürsünüz. Qara dənizdə görünməməyiniz onu Rusiyanın gölünə çevirir. Qara dənizi yenidən bir sabitlik hövzəsinə çevirməliyik. "
2016-cı ildə FETÖ-nün planlaşdırıb həyata keçirə bilmədiyi 15 iyun çevriliş cəhdi Türkiyə-Rusiya yaxınlaşmasına səbəb olsa da, Ərdoğanın son Ukrayna səfəri zamanı Kiyevlə bağladığı hərbi saziş və Krımın ilhaq edilməsini açıq şəkildə qınaması rəsmi Ankaranın yenidən ənənəvi mövqeyinə qayıtdığını göstərir. Ümumiyyətlə, Türkiyə NATO müttəfiqləriylə münasibətlərinin ən kritik dövründə belə alyansla bağlı həyata keçirdiyi heç bir layihəni dayandırmadı və bu məsələdə sədaqətini qoruyub saxlaya bildi. Biz bunu “Kanal-İstanbul” layihəsinin yürüdülməsi proqramında da görə bilərik. Ekspertlərə görə, bu kanal NATO hərbi donanmalarının Aralıq dənizindən Qara dənizə keçməsi üçün inşa olunur. Nədən ki, 1936-cı ildə imzalanmış Montrö müqaviləsi Qara dənizə sahili olmayan ölkələrin İstanbul boğazından istifadəsinə icazə vermir. Boğazın genişliyi də buna uyğun deyil və NATO dövlətlərinin Qara dənizə hərbi donanma göndərə bilmələri üçün daha geniş su keçidinə ehtiyacları var. “Kanal İstanbul” inşa olunduqdan sonra NATO-nun bu probleminin öz həllinə qovuşacağı güman olunur.
Göründüyü kimi, dünya neft bazarlarında son zamanlar qiymətlərin çöküşüylə iqtisadiyyatı sarsılan Rusiya isti dənizlərə açılan qapılarını da tədricən itirir. Bu isə ABŞ və müttəfiqlərinin məqsədli şəkildə həyata keçirdikləri Rusiyanı çevrələmə strategiyasının hədəflərindən irəli gəlir və istər Ukraynada, istərsə də Şimali və Cənubi Qafqazda baş verən bir çox hadisələr bu strategiyanın tələblərinə uyğundur.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar