Xəbər lenti


Məddah” sözü bu gün Azərbaycanda yaltaq kimi başa düşülür. Halbuki İslam mədəniyyətində əsrlər boyu məddahlıq sənəti olub və bu sənəti icra edənlərə “məddah” deyilib. 
 
Məddahlar dini rəvayətlər nəql edərək insanlar arasında İslami ehkamları yayıblar. Oxuma-yazma qabiliyyətinin yüksək səviyyədə olmadığı orta əsrlərdən ta 20-ci əsrə qədər xüsusilə kənd adamlarına dini dəyərlərin ən yaxşı çatdırılma vasitəsi kimi görülən məddahlığın tarixi daha qədimdir. Türk kültüründə bu tarix ozanlara qədər uzanır. 
 


Məddahlıq qədim dövrün ilk teatrı idi. Onu müasir teatrlardan fərqləndirən isə rol sahiblərinin ən minimum sayda olmasıydı. Yəni məddah nəql etdiyi hekayədə bütün rolları təkbaşına icra edirdilər. 
 
Danışdıqları dini rəvayətlərdə vəzifələri isə hadisələri şişirtmək, vəsf etdikləri müqəddəs şəxsləri ifrat dərəcəsində mədh etmək idi. Adları da burdan gəlir. “Məddah” ərəbcə “mədh” sözündən əmələ gəlib, “çox-çox mədhedən” deməkdir.

Teokratik ölkə olan İranda hələ də məddah yetişdirmə məktəblərində minlərlə insan təhsil alır. Onminlərlə insan məddahlıqla çörək qazanır. Di gəl ki, müasir məddahların işləri sələflərinə nəzərən daha çətindir. Çünki onların xitab etdikləri insanlar da dünənki cahil deyillər. Oxuyub yaza bilmələri, sosial şəbəkələr vasitəsilə dünyanı tanımaları nəticəsində tükü tükdən seçə bilirlər. Bu da məddahları bəzən çıxılmaz vəziyyətlərə salır. 
 
İranlı məddah Mahmud Kəriminin də başına  gözləmədiyi axmaq bir hadisə gəlib.
 


Ovqat.com-un məlumatına görə, binəva Mahmud Kərimi əslində İmam Hüseyni təbliğ etmək istəyirmiş. Amma məddahlığın barıtını çox edərək, şiəliyin 3-cü imamına özü də istəmədən qumarbaz yarlığı yapışdırıb. Bu da sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
 
Məlumata görə o, dünən iştirak etdiyi tədbirlərdən birində qeyib ki, Xosrov adlı sərxoş bir kişinin şiələrin 3-cü imamı Hüseyn ibn Əli ilə nərd oyunu oynayıb və ona 2 kisə düyü uduzub. Daha sonra isə uduzduğu düyünü imam Hüseynə verib.
 
"Həmin kişi düyü çuvallarıni götürüb, həmin yerə gələndə ona deyiblər ki, 1 qadın (Hüseynin anası Fatimeyi-Zəhra) səni gözləyirdi. Sənin gəlmədiyini gördükdə həmin qadın bizə dedi ki, ona deyin nəziri qəbuldur, amma bir də heç vaxt mənim oğlumla qumar oynamasın!", - deyə məddah Mahmud Kərimi bildirib.


 
Sözlərinin sosial şəbəkələrdə müzakirələr və gülüş obyektinə çevrildiyini görən məddah bu gün verdiyi açıqlamada qeyd edib ki, bu kimi hallar (qumarbazlıq-red.) gündəlik həyatda bir çox insanın yaşadığı normal həyat hadisəsidir. O, həmçinin sözlərinin yalnız hekayə olduğunu, dini rəvayət olmadığını deyib. Məddah iddia edib ki, guya o, Xosrov adlı həmin şəxsin "imamla qumar oynamasını yuxuda gördüyünü" demək istəyib.
 
Qeyd edək ki,  Mahmud Kərimi elə-belə sənətkardan deyil. O, hətta İran dini liderinin əlini sıxmaq şərəfinə nail olmuş nadir məddahlardandır.






Ana səhifəyə qayıt        Baxış: 3 194          Tarix: 2-05-2020, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma