Xəbər lenti
 

Biləsuvarda torpaqları əllərindən alınan ailələrin bu günlərdə Prezident İlham Əliyevə ünvanlandığı müraciət nəzarətə götürülüb. 
 
Ovqat.com xəbər verir ki, ölkənin rəsmi informasiya agentliyi olan AzərTAC  bu məlumatı yayıb. 
 
Məlumata görə, Prezidentə ünvanlanan müraciətdə 12 ailənin əkin-biçinlə məşğul olduğu 50 hektar torpaq sahəsinin keçmiş icra başçısı tərəfindən zəbt edildiyi bildirilib. Həmin ailələr Prezidentdən torpaqlarının geri qaytarılmasına kömək göstərilməsini xahiş ediblər.


 
Müraciət ünvanlandıqdan sonra Prezidentin köməkçisi Anar Ələkbərov onlarla əlaqə saxlayıb, məsələnin araşdırılacağını bildirib.
 
Beş ildir torpağını əkib-becərə bilmədiyini söyləyən Biləsuvarın Çaylı kəndinin sakini Vaqif Abışov deyib ki, 50 hektar torpaq sahəsini 25 illik müqavilə əsasında 1998-ci ildə alıb. Həmin ildən də 12 ailə burada əkin-biçinlə məşğul olub. Lakin 2012-ci ildən torpaq üstündə mübahisələr baş qaldırıb. Bir müddət ona təzyiqlər də göstərilib. Beləliklə, uzun çəkişmələrdən sonra torpaq qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilib. Bu barədə dəfələrlə yerli icra orqanlarına müraciət etdiyini deyən kənd sakini hər hansı müsbət cavab ala bilmədiyini vurğulayıb. Hazırda həmin torpaq sahəsində taxıl əkilib.
 


Xatırladaq ki, mayın 1-də Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən yerlərdə məmur özbaşınalığından söz açarkən, bu məsələyə də toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

 

Bizim üçün maraqlı olan bir başqa məqam var. Vətəndaşın iddiasından belə anlaşılır ki, torpağı qanunsuz yolla əlindən alınandan sonra o, boş dayanmayıb. Döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb. Sözsüz ki, şikayətinə ilk başladığı yer də elə Biləsuvar hüquq-mühafizə orqanları olub. Görəsən, 8 ildir ki, vətəndaşın şikayətinə baxmayan həmin qurumların məsul şəxsləri də cəzalandırılacaqmı? Axı onların dövlət qarşısındakı vəzifə borcları özünü qanunlardan üstün görən icra başçılarını yox, qanunu müdafiə etməkdir. Məhz onların öz təyinatlarından kənara çıxmaları icra başçılarının harınlamasına yol açır. 
 


Bir çox hallarda isə həmin məsul şəxslər rayon rəhbərlərinə qoşulub sakinləri talanlamaqla məşğul olurlar. Bu qanunsuz fəaliyyət isə dövlət qurumlarının deyil, mafiya qruplaşmalarının əməlinə bənzəyir. Mafiyalaşmış sistemə qarşı mübarizə isə kompleks şəkildə aparılmalı, heç kim cinayət məsuliyyətindən kənarda qalmamalıdır.


Ana səhifəyə qayıt        Baxış: 4 216          Tarix: 3-05-2020, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma