Xəbər lenti
Dünən, 19:25

 
 
Covid-19 çox imansız bir infeksiya imiş. Harda dindar görür, gedib yaxasından yapışırmış. Hər halda indiyədək aparılan müşahidələr də bunu təsdiqləyir. 
 
Yəqin xatırlayarsınız; adına “əsrin bəlası” deyilən bu mərdümazar virus İranda ilk dəfə dini təlim mərkəzi olan Qum şəhərində ortaya çıxmışdı. Hazırda belə, cənub qonşumuzda virusun ən çox can aldığı yer də elə həmin şəhərdir. Qəribədir ki, “korona” təkcə  müsəlman dindarlarını da hədəfə almayıb. İran teokratik rejiminin “kiçik şeytan” deyib yamanladığı yəhudi dindarları da koronavirusun əsas hədəflərindən imiş. 
 
Bunu biz yox, ABŞ-ın “COMMUNAL NEWS” nəşri iddia edir. Müəllif Devid Vekselman “İsraillə Azərbaycanın “COVID-19”la mübarizəsi” sərlövhəli yazısında eynilə belə yazır: “İsraildə dindarların yaşadığı bölgələrdə daha çox yoluxma aşkar edilib”.
 


Adından da göründüyü kimi, məqalədə Azərbaycanla İsrailin koronavirusa qarşı mübarizədə bənzər siyasətlər yürütdüyünü iddia edən müəllif hər iki ölkədə pandemiyanın az yayılmasının səbəbini təhlükənin vaxtında hiss edilməsi və dərhal karantin tədbirlərinə keçilməsiylə əsaslandıraraq yazır: “Bir sıra ölkələrdən fərqli olaraq, İsraillə Azərbaycan koronavirusun nə qədər təhlükəli olduğunu, necə sürətlə yayıla biləcəyini vaxtında başa düşüb”.
 
Məqalədə diqqəti cəlb edən digər bir məqam ABŞ-da oxuyan israilli tələbələrlə bağlıdır. İddiaya görə, bu tələbələrin 70%-də koronavirus infeksiyası təsbit olunub. İsrail hökumətinin təsbit etdiyi bu fakt həm də ABŞ-da Covid-19 qurbanlarının niyə çox olmasına aydınlıq gətirir. Çünki bu tələbələri ABŞ toplumunun nümunə üçün götürülmüş kiçik parçası da saymaq olar.
 
Maraqlı təsbitlərin yer aldığı yazını olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq.

 
 
Mayın 3-nə olan məlumata görə, Azərbaycanda 1982 nəfər koronavirusa yoluxub, 25 xəstə həyatını itirib, 1441 nəfər sağalıb. İsraildə isə bu bazar gününədək 16193 nəfərdə “COVID-19” aşkarlanıb. 230 israilli bu xəstəlikdən həyatını itirib, 9634 nəfər isə sağalıb.
 
Bir sıra ölkələrdən fərqli olaraq, İsraillə Azərbaycan koronavirusun nə qədər təhlükəli olduğunu, necə sürətlə yayıla biləcəyini vaxtında başa düşüb. Yeri gəlmişkən, Azərbaycan Avrasiyada, Cənubi Qafqaz regionunda, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. O, müstəqilliyini ilk dəfə 1918-ci ildə elan edib. Bununla da müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olub. Lakin 1920-ci ildə Sovet İttifaqının tərkibinə daxil edilib.
 


Azərbaycan əhalisinin təxminən 97%-i müsəlmandır. Onların 85%-i şiə, 15%-i sünidir. Amma Azərbaycanın Konstitusiyasında ölkənin rəsmi dini göstərilməyib. Üstəlik, Azərbaycanın bütün partiyaları dünyəvi təşkilatlardır. Ölkə əhalisi 10 milyon nəfərdir.
 
Azərbaycan koronavirus təhlükəsinə ilk günlərdən ciddi yanaşıb. Nəticədə martın 31-dən ölkədə xüsusi karantin rejimi elan olunub. Bu gün Azərbaycanda vətəndaşlar evlərini yalnız dükana, aptekə və tibb müəssisəsinə getmək üçün tərk edə bilər. Ölkədə ticarət və əyləncə mərkəzləri, muzeylər, kinoteatrlar, hətta bərbərxanalar belə, bağlı, toy mərasimləri daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır.


 
Amma Azərbaycanda koronavirusun yayılmasına qarşı tədbirlərə xüsusi karantin rejimi elan edilməmişdən qabaq, daha dəqiq desək martın 2-dən başlanılıb. Məsələn, martın 2-də bütün ölkə üzrə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Martın 4-dən isə İrandan gələn yük maşınlarının ölkəyə buraxılması məhdudlaşdırılıb. Yeri gəlmişkən, Azərbaycanda koronavirusa ilk yoluxma halı İrandan qayıtmış insanlarda aşkar edilib.
 
İsrailə gəlincə, o, ehtiyat tədbiri kimi, Çin və digər Asiya ölkələrilə sərhədlərini bağlayıb. Amma bundan sonra ABŞ və Avropadan qayıdan insanlarda yoluxma halları aşkar olunmağa başlayıb. İsraildə koronavirusa ilk yoluxma halı fevralın 21-də qeydə alınıb. Həmi şəxs xəstəliyə Yaponiyanın “Diamond Princess” kruiz gəmisində tutulubmuş.


 
İsrail rəsmiləri İtaliyaya səfərin təhlükəli olduğu haqda xəbərdarlığı hələ fevralın 26-da etmişdi. Bununla yanaşı, vətəndaşlar ümumiyyətlə, xarici səfərlərdən çəkinməyə çağrılmışdı. Martın 9-da isə baş naziri Benyamin Netanyahu ölkəyə gələn şəxslərin məcburi qaydada karantində saxlanacağını bəyan etmişdi. Aydındır ki, İsrailin sərhədlərini amerikalıların üzünə bağlaması çox çətindir. Çünki onların əksəriyyətinin ikili vətəndaşlığı var.
 
Ötən ay ABŞ-da təhsil alan bəzi tələbələr, həmçinin digər israillilər də vətənə qayıdıb. 100 belə tələbədən düz 70-də koronavirus aşkar edilib və onlar karantinə salınıb.


 
Yeri gəlmişkən, İsraildə dindarların yaşadığı bölgələrdə daha çox yoluxma aşkar edilib. Səbəb onların Səhiyyə Nazirliyinin əmrlərinə ciddi yanaşmayaraq, Purim və Pasxa bayramlarını qeyd etməsidir.
 
İsrail də Azərbaycan kimi, dini irsi olan dünyəvi, demokratik dövlətdir. Onun da əhalisi 10 milyondur. İsrail əhalisinin 80%-i yəhudidir. Lakin ölkədə dini müxtəliflik var – ultraortodoks və ənənəvi dindarlar, həmçinin tamamilə dünyəvi düşüncə tərzinə malik olan insanlar və s.


 
Bir sözlə, Azərbaycanla İsrailin koronavirus pandemiyasına çox yaxşı reaksiya verdiyini söyləmək mümkündür. İsraildə artıq mayın 3-dən 1 milyondan çox şagird məktəbə getməyə başlayıb. Doğrudur, ölkədə “Mall”lar hələ də bağlıdır və kütləvi tədbirlərin keçirilməsinə qadağa qüvvədə qalır. Amma dükanların fəaliyyətinə icazə verilib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 761          Tarix: 4-05-2020, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma