Xəbər lenti
 
 

Xatırlayırsınızsa, bir müddət əvvəl İran koronavirusu 5 saniyədə aşkarlayan cihaz hazırladığını açıqlamışdı. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami açıqlama verərək bildirmişdi ki, cihaz 100 metr radiusda olan obyekti və ya insanı maqnit dalğaları ilə müəyyənləşdirib, koronavirusa yoluxub-yoluxmadığını 5 saniyədə təsbit edə bilir.
 
General SEPAH tərəfindən hazırlanan cihazın uğurla sınaqdan keçirildiyini və dəqiqlik göstəricisinin 80%-dən çox olduğunu da sözlərinə əlavə etmişdi: “Cihaz qan almadan uzaqdan test həyata keçirir, üstəgəl, antenası ilə infeksiya olan əraziləri də müəyyənləşdirir”.
 


Ovqat.com xəbər verir ki, İranın bu “elmi nailiyyəti” dünyanın bir sıra alimlərinin diqqətini cəlb edib və hər kəs həmin qurğunu incələməyə başlayıb.  Nəticədə nə ortaya çıxsa yaxşıdır? BBC-nin məlumatına görə, yumşaq desək, heç nə? 
 
Sən demə, İranın bu qeyri-adi kəşfi 20 ildən artıqdır elm dünyasına məlum imiş. Həm də müxtəlif ölkələrdə adi cizah mağazalarında satılan və hətta münaqişə bölgələrində ordular tərəfindən istifadə edilən saxta bomba detektorundan başqa bir şey deyilmiş.
 
BBC jurnalisti Karoline Haulinin araşdırmasına görə, bu dedektoru kəşf edən isə iranlı yox, bir ingilis şirkətidir və məhsulunu müxtəlif ölkələrə sataraq 80 milyon funt sterlinqdən çox pul qazanandan sonra cihazın boş bir qutu olduğu anlaşılıb. Yüzlərlə bomba axtaranların həyatını risk altında qoyan firmanın yetkililəri cəzalandırılaraq həbsə atılıblar. 


 
"Bağdaddakı intihar bombaçılarına, Meksikadakı narkotik satıcılarına və Afrikadakı brakonyerlərə qarşı mübarizə aparmaq üçün istifadə edilən  bu "sehrli çubuğun", partlayıcı maddələrdən tutmuş fil sümüyünə və kokainə qədər bir çox maddələri təsbit etdiyi iddia olunurdu.
 
Cihazlardan Taylandın cənubundakı üsyançılara qarşı aparılan əməliyyatlarda, Pakistanın Karaçi hava limanının mühafizəsində və Yaxın Şərqdəki bir çox otellərin təhlükəsizliyində istifadə olunub. Ancaq heç birində işə yaramadığı göründü. Üstəlik, bu həqiqətin ortaya çıxmasına baxmayaraq, Pakistan və İran kimi ölkələrdə hələ də istifadədir.
 
Qurğuların qablaşdırılmasına və reklamına çəkilən xərc onun özünün istehsalı üçün xərclənəndən daha çox idi. Son dərəcədə elmi görünən bu detektorlar əslində üzərində anteni olan boş bir qutudan ibarət idi.


 
İş adamı Ceyms Mak Kormik tərəfindən istehsal edilən bu detektordan bombaların aşkar edilməsinin vacib olduğu İraqda da istifadə edildi. 2008-2009-cu illərdə ondan istifadə edilərkən baş verən partlayışlar nəticəsində təkcə İraqda 1000-dən çox insan ölmüş, 1000 nəfər yaralanmışdır”,- Karoline Hauli belə yazıb.
 
Jurnalistin iddiasına görə, hazırda İranın öz kəşfi kimi təqdim etdiyi boş qutunun istehsalçısı Mak Kormik bu fırıldağı səbəbindən 2013-cü ildə dələduzluq ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.


Ana səhifəyə qayıt        Baxış: 2 642          Tarix: 5-05-2020, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma