Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
İrandan Dağlıq Qarabağa çəkilmiş körpülərin Azərbaycan hakimiyyətinin razılığı ilə baş tutması xəbəri gündəmə bomba kimi düşdü. İranın Azərbaycandakı səfirliyinin Ovqat.com-a verdiyi açıqlamaya görə, körpülər 2016-cı ilin fevralın 23-də Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən tikilib. Həmin saziş isə dövlət başçılarının tapşırığı ilə o zamankı iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi tərəfindən imzalanıb. Səfirliyin açıqlamasından sonra mətbuata müsahibə verən Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov da faktı təsdiqləyib.
Bu da istər-istəməz bəzi suallara yol açır: Dağlıq Qarabağ erməni işğalı altında olduğu halda, faktiki İranla işğal olunmuş ərazi arasında tikilən SES və bu məqsədlə salınan körpülər nəyə lazım idi? Üstəlik, bu saziş Azərbaycan Milli Məclisi tərəfindən də təsdiqlənib. Belə çıxır ki, millət vəkillərimiz də faktiki ermənilərin blokadadan azad olunmasına səs veriblər. Bəs bunu hansı məntiqlə əsaslandırmaq olar? Parlamentin bu sazişin ərsəyə gəlməsində məsuliyyəti nə qədərdir?
Ovqat.com-un suallarını cavablandıran keçmiş deputat, hüquq elmləri doktoru, Ədalət partiyasının sədri İlyas İsmayılov bu kimi məsələlərdə MM-i günahlandırmağı düzgün hesab etmir: “Hər kəsə bəllidir ki, Azərbaycanda bir hakimiyyət var – icraedici hakimiyyət. Hakimiyyətin digər qolları isə onun uzantılarıdır. Deməli, bu kimi problemlərin yeganə məsuliyyətlisi də icraedici hakimiyyətdir. O, başqa məsələdir ki, hakimiyyətin digər qanadları başqa qurumun uzantısı olmağı qəbul etməməli, buna öz etirazlarını bildirməlidir. Bununla belə, biz arzularımıza və xəyali fərziyyələrə yox, faktiki vəziyyətə qiymət verməliyik”.
Bu cür problemlərin Azərbaycandakı mövcud sistemin mahiyyətindən qaynaqlandığını düşünən partiya sədrinin fikrincə, müasir dövlətçilik ənənələrində bənzər sürprizlərlə qarşılaşmamaq üçün hakimiyyət bölgüsü aparılır: “Hakimiyyət bölgüsü prinsipinə görə, bütün külli ixtiyar yalnız bir nəfərə və ya qrupa verilmir. İcra hakimiyyətinin fəaliyyət sahəsi və səlahiyyətləri qanunverici orqan tərəfindən hazırlanan qanunlarla tənzimlənir. Onun qanunlarla müəyyənləşdirilən səlahiyyət və vəzifələrini nə dərəcədə yerinə yetirdiyinə isə məhkəmələr nəzarət edir. Beləcə, dövlət başçılarının siyasətlərində səhvə yolvermə ehtimalları minimuma endirilir və yürüdülən siyasətdə məsuliyyət yükü də bölüşdürülür. Azərbaycan kimi avtoritar rejimlərdə isə hər şeyi bir nəfər həyata keçirir. O, həm öz səlahiyyət sərhədlərini müəyyənləşdirən qanunlar hazırlayıb Milli Məclisə göndərir və parlament notarial qaydada bunu təsdiqləyir. Deputatların buna etiraz etmək hüquqları da yoxdur. Özü də həm faktiki, həm də yuridik olaraq yoxdur. Əvvəl yenə heç olmasa parlamentin yuridik olaraq belə bir səlahiyyəti nəzərdə tutulurdu. İndisə keçirilən son referendumla bu seçkili orqanın cızığından çıxan kimi buraxılma ehtimalı var və buraxılma qorxusu qanunverici hakimiyyəti icra hakimiyyətinin uzantısına çevirib. Məhkəmə hakimiyyətindən isə ümumiyyətlə danışmağa dəyməz. Azərbaycanda məhkəmə sistemi yoxdur. Adına məhkəmə deyilən və sifarişlə işləyən repressiya aparatı var. Kim həddini aşsa, həmin aparat işə düşür və asiləri cəzalandırır”.
İlyas İsmayılovun fikrincə, bütün hakimiyyət səlahiyyətlərinin bir əldə cəmləşməsi istər-istəməz bu cür səhv qərarların verilməsinə səbəb olur: “Çünki hər bir insan oğlunun qabiliyyət sərhəddi var. Nə qədər dahi olsan belə, hər şeyi mükəmməl bilə bilməzsən. Bizimkilər isə özlərini super zəka hesab edir və nəticədə bu cür səhvlərə yol verirlər”.
İranla 2016-ci ildə bağlanan saziş haqqında təfsilatlı bilgiyə malik olmadığını, yalnız mətbuatdan bəzi məlumatlar oxuduğunu bildirən İlyas İsmayılov həmin sənəd imzalanarkən əslində niyyətin saf olduğuna inanır: “Belə başa düşdüm ki, rəsmi Bakı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqləmək və gələcəkdə o torpaqları geri qaytaracağına əmin olduğuna görə indidən həmin coğrafiyanın infrastrukturunu qurmaq xəyalına ilə bu sazişə imza atıb. Təbii ki, xarici təzyiqə məruz qalaraq bu addımı ata bilməsi də istisna deyil”.
İlyas İsmayılova görə, rəsmi Bakının yol verdiyi əsas səhv də elə “arxı hoppanmamış hop deməsindədir”. Adama deyərlər ki, əvvəl get, torpağını al, sonra onun infrastrukturunu yarat. Hakimiyyətin öz torpağını geri almamış işğal altında olan əraziyə körpü çəkməsi və ya buna razılıq verməsi Molla Nəsrəddinin məşhur bir əhvalatına oxşayır. Bir gün Molla əlindəki çubuqla göstərə-göstərə həyat yoldaşına deyir:
-Burda bir tövlə tikərik. Sonra bir ulaq alıb bura bağlayarıq.
Arvad Mollanın əlindən vurub bağırır:
-Ay kişi, bir az asta ol, çubuq ulağın gözünü çıxarar.
Belə görünür ki, Azərbaycan hakimiyyəti də ulağı almamış, onun gözü barəsində düşünürək bu sazişə imza atıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar