Xəbər lenti

 
“Sazişin maddələrinin diqqətlə nəzərdən keçirilməsi sübut edir ki, İran İslam Respublikası bu su-elektrik stansiyasını Azərbaycan tərəfini saya salmadan öncədən tikib bitirmiş və sonda işə hüquqi don geyindirmək üçün Azərbaycan tərəfi ilə razılaşdırmışdır”. 
 
Ovqat.com xəbər verir ki, bu iddianı Bütöv Azərbaycan Ocaqları irəli sürüb.
 
Təşkilatın bu gün yaydığı bəyanatda digər maraqlı müddəlar da var.  Azərbaycan hakimiyyətinin diplomatik səvabsızlığın ən bariz örnəyi olan 2016-cı il Sazişinin bir sıra qaranlıq məqamlarına işıq tutan bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq.
 
 
 
Son günlər İran İslam Respublikasının Dağlıq Qarabağa yardımı ilə bağlı gündəmə gələn Azərbaycanın işğal altında olan ərazilərinə körpü çəkilməsi və Xudafərin Su-Elektrik Stansiyası haqqında yeni təfərrüatlar meydana çıxdı. Bəlli oldu ki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi tərəfindən imzalanmışdır.


 
Mətbuata açıqlama verən Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov da bunu təsdiqlədi. Əslində, Xələf Xələfovun Azərbaycanın erməni işğalı altındakı ərazilərə körpü çəkilməsiylə bağlı izahı məsələyə heç bir aydınlıq gətirmədi. Tehran birmənalı şəkildə vurğulayır ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş də mövcuddur. Xələfə Xələfov izah edə bilmədi ki, biz belə körpünün tikintisinə niyə icazə vermişik.
 
Maraqlı bir vəziyyət yaranmışdır. Bir tərəfdən haray salırıq ki, İrandan erməni separatçılarına humanitar yardım adı altında hər cür yük daşınır, yüklərin daşındığı körpülərin şəkillərini paylaşırıq, o biri tərəfdən də məlum olur ki, həmin körpü sən demə Azərbaycan hökumətinin icazəsiylə tikilib.
 
Vəziyyətdən çıxmaq üçün Xələf Xələfov bildirir ki, “körpünün tikintisinə “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su-elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır”.


 
Sual olunur: Bu stansiyasının tikintisinin körpüyə nə dəxli vardır? Hesab edirik ki, Xələfə Xələfov buna izahat verməlidir. O cümlədən həmin Sazişə imza atanlardan biri olan keçmiş İqtisadi İnkişaf naziri Şahin Mustafayev də bu məsələyə acıqlama gətirməlidir. Maraqlıdır ki, bu sənədi Azərbaycan parlamenti də ratifikasiya etmişdir.
 
Ratifikasiya zamanı səs verən deputatlar hansı məntiqlə bu körpünün tikintisini nəzərdən qaçırıblar? Sual doğuran məsələlərdən biri də körpü tikintisi zamanı İranın Ermənistandan icazə almasıdır. Çünki bu ərazilər ermənilər tərəfindən işğal olunub və İran mütləq qaydada Ermənistanla razılaşdırmadan bu körpünü tikə bilməzdi.
 
Sazişin maddələrinin diqqətlə nəzərdən keçirilməsi sübut edir ki, İran İslam Respublikası bu su-elektrik stansiyasını Azərbaycan tərəfini saya salmadan öncədən tikib bitirmiş və sonda işə hüquqi don geyindirmək üçün Azərbaycan tərəfi ilə razılaşdırmışdır. Sazişdə diqqət çəkilən məqamlardan biri də “Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su-elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi” məsələsidir. Əslində, bu maddə İrana özünün hiyləgər siyasətini həyata keçirməyə imkan verir. Bu gün həmin ərazilərdə özünün hərbi qüvvələrini də yerləşdirməyə şərait yaradır.



Digər tərəfdən isə, bu ad altında erməni separatçılarına hərbi yardımlar da göndərilə bilər. Hesab edirik ki, Azərbaycan tərəfi bu Sazişdə həmin ərazilərin Azərbaycan tərəfindən qorunması məsələsini də ortaya qoymalıydı. İran tərəfi bu məsələdə erməni tərəfinin həmin əraziləri işğal etməsi bəhanəsi gətirərdisə, onda Azərbaycan burada BMT qüvvələrinin iştirakı üzərində dayanmalıydı. Amma bunların heç biri baş verməmişdir. Deməli, İran tərəfi Azərbaycanı öz diplomatiya hiyləsi ilə yenə aldatmışdır.
 
Xatırladaq ki, sözügedən su bəndi ilə bağlı danışıqlar hələ mərhum Prezident Əbülfəz Elçibəyin zamanında gedirdi. O zaman Azərbaycan torpaqları hələ işğal olunmamışdı.


 
Sonradan İran tərəfi bu danışıqları mərhum Prezident Heydər Əliyevlə davam etdirmək istədi. Amma ərazilərimiz işğal olunduğuna görə Heydər Əliyev bu danışıqlardan imtina etmişdi.
 
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Xələf Xələfova və Şahin Mustafayevə müraciət edirik ki, bu məsələ haqqında ictimaiyyətə doğru məlumat versinlər. Əks halda, baş verənlər düşünməyə əsas verir ki, atılan bu addım Azərbaycanın dövlət maraqlarına ziddirbeynəlxalq hüquqda dövləti cinayət hesab olunur.
 
Bütöv Azərbaycan Ocaqları.
 
Bakı, 07 may 2020-ci il.


Ana səhifəyə qayıt        Baxış: 4 304          Tarix: 7-05-2020, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma