Xəbər lenti


 
Ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın koronavirusla “müharibə”də ilk döyüşü qazandığını elan etdi və bildirdi ki, bu, ən çətin mərhələ idi. Azərbaycanın bu çətin mərhələdən ən az itkiylə çıxan ölkələrdən olduğunu vurğulayan vitse-prezidentin bu zəfər mesajını Qoşulmama Hərəkatının videoformatlı sammitində iştirak edən beynəlxalq qurumların təmsilmçilərinin etirafları da təsdiqləyir.
 
Rusiyanın “İnfo24” saytının video-sammit barədə yazdığı bir məlumatı Ovqat.com oxucularına təqdim edirik.
 


 
 
Bazar ertəsi, mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Forum Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilib.
 
Hərəkata üzv olan 40-dan çox dövlət və hökumət başçısının qatıldığı konfransa həmçinin BMT-nin baş katibi Antoniu Qutyerreş, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande, Afrika İttifaqının sədri Siril Ramaposa, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreisus və Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel də qoşulublar.
 
Sammitdən giriş sözü ilə çıxış edən İlham Əliyev Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün görülən zəruri preventiv tədbirlərdən danışıb. O vurğulayıb ki, pandemiya dövründə dövlət üçün prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsinin təmin olunmasıdır. Görülmüş tədbirlər nəticəsində ölkədə kütləvi yoluxma hallarının qarşısı alınıb. İqtisadi sabiliyi təmin etmək üçün isə ölkə rəhbərliyi 3,5 milyard manat dəyərində sosial-iqtisadi dəstək paketi qəbul edib.
 


Azərbaycanın dövlət başçısı həmçinin qeyd edib ki, qlobal COVID-19 pandemiyası büün dünya dövlətlərinə təsir edib. Onun sözlərinə görə, koronavirusun fəsadlarının öhdəsindən yalnız birgə səylərlə gəlmək mümkündür. Əliyev qlobal həmrəylik nümunəsi kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumə başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının keçirilməsini təklif edib.
 
BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande də bildirib ki, heç bir ölkə bu problemin öhdəsindən təkbaşına gələ bilməz. Odur ki, o, Azərbaycan liderinin təşəbbüsünü dəstəkləyib. “Biz BMT olaraq, bu cür təşəbbüsləri çox böyük məmnunluqla dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərlik aradan qaldırılsın”, - deyə o, qeyd edib.
 
BMT-nin baş katibi Antoniu Qutyerreş Azərbaycan prezidentinə bu təşəbbüsə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, böhranın miqyası və mürəkkəbliyi dünya birliyindən əlaqəli qlobal cavab tədbirlərinin görülməsini tələb edir. Bu mənada BMT üzvlərinin üçdə ikisinin daxil olduğu Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında vacib rol oynayır.
 


Bakının böhrandan çıxış səylərini ÜST-nin baş direktoru Tedros Adan Gebreysus da dəstəkləyib. O, təşkilata göstərdikləri 5 milyon dollarlıq maliyyə yardımına görə Azərbaycan prezideni və xalqına təşəkkürünü bildirib. Gebreysus hesab edir ki, ölkələr bütün səylərini böhranın fəsadlarının aradan qaldırılması və tezliklə normal həyatın bərpasına yönəltməlidir.
 
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezideni Jozel Borrel isə qeyd edib ki, COVID-19 dünyanın müxtəlif guşələrinin əslində bir-birinə nə qədər yaxın olduğunu göstərib. Onun fikrincə bu, insanlığı ayılmağa çağıran qlobal çağırışdır. Borrel həmçinin İlham Əliyevin Qoşulmama Hərəkatının sammitini çağırmaq təşəbbüsünü alqışlayıb və bəyan edib ki, pandemiya üzərində qələbə qazanmaq üçün qlobal yanaşma və əlaqələndirilmiş cavab tədbirləri lazımdır.
 
Forumda 40-dan çox dövlət və hökumət başçısı çıxış edib. 


 
Qeyd edək ki, bu, Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil olunan ilk forum deyil. Aprelin 10-da Azərbaycanın dövlət başçısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Şuranın onlayn formatda növbədənkənar sammiti keçirilib.
 
Qoşulmama Hərəkatının 18-ci sammiti 2019-cu ilin oktyabrında Bakıda İlham Əliyevin sədrliyi ilə baş tutub. Hərəkata üzv 120 ölkənin yekdil qərarı ilə quruma 2019-2022-ci illərdə sədrlik Azərbaycana həvalə edilib. Qoşulmama hərəkatına hərbi bloklarda iştirakdan imtina etmiş ölkələr daxildir. Hərəkat “soyuq müharibə” dövründə, 1961-ci ilin sentyabrında Belqrad konfransında yaradılıb. Bura NATO və ya Varşava müqaviləsi blokuna qoşulmaq istəməyən ölkələr, o cümlədən Yuqoslaviya, Hindistan və Misir daxil olub. Hazırda Hərəkatda 120 ölkə birləşib. Daha 17 ölkə və beynəlxalq təşkilat orada müşahidəçi statusuna malikdir.



Ana səhifəyə qayıt        Baxış: 2 993          Tarix: 8-05-2020, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma