Xəbər lenti
 
 
“Son günlər baş verənlər göstərir ki, karantin rejiminin yumşaldılmasının ikinci mərhələsi ilə bağlı qərar yalnış olub”.
 
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu bu fikirdədir.
 
Qubad bəy dünən axşam facebook səhifəsində paylaşdığı statusunda Azərbaycan hökumətinin koronavirusla apardığı mübarizəni bu cür şərh edib:
 
“Biz iqtisadçılar rəqəmlərlə danışmağı xoşlayırıq, baxmayaraq ki, Azərbaycan kimi qeyri-şəffaf ölkələrdə rəqəmlərə həmişə güvənmək olmur. Gəlin, ilk növbədə rəqəmlərə diqqət edək. Karantin rejimi 2 mərhələdə yumşaldılıb. 
 
I. 27 Apel - 4 mayadək - bu dövrdə 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 302 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Balans: + 15. 
II. Maydan başlayaraq - son 5 gündə 490 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 179 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Balans: -311. 
 
Mayın 9-da 1 gün ərzində yoluxanların (143 nəfər), həm də ölənlərin sayı (3 nəfər) pik həddə çatıb. 
Bu rəqəmlər göstərir ki, mayın 4-dən etibarən: 
1) Azərbaycanın rayonları karantin rejimindən əvvəlki duruma qaytarılmamalı;
2) Metronun fəaliyyəti bərpa olunmamalı;
3) Ticarət və xidmət obyektləri açılmamalı;
4) SMS-lərlə icazənin vaxtı artırılmamalı;
5) İş yerləri bərpa olunmamalı idi. 
 
Hesab edirəm ki, karantin rejiminin yumşaldılmasının ikinci mərhələsi ilə bağlı qərar yalnış olub. Görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ya reallıq hissini itirib, ya da gerçək vəziyyəti bilsə də müstəqil qərar vermək qabliyyətində deyil, sadəcə siyasi qərarları elan edir. Siyasi qərarların əsasında da iqtisadi maraqlar və mənafelər durduğu açıq görsənir. Belə olan halda risklər artır, təhlükələr çoxalır
 
Özünüzü qoruyun! Nəzərə alın ki, Azərbaycan səhiyyəsi bu təhlükəni qarşısında duruş gətirə bilməz. Səhiyyə sistemi Azərbaycanla müqayisədə dəfələrə güclü olan ABŞ, Kanada, Böyük Britaniya, Avropa ölkələri virusun qarşısında aciz qalıb. Çox uzağa getməyək, Moskvada baş verənlərdən dərs götürək. 
 
Bizim bacarağımız sosial izolyasiya yolu ilə özünütəcriddir. Bu da polis nəzarətindən çox, insanların davranışından asılıdır. Təəssüf ki, Azərbaycanda əhalinin çoxu virusun mövcudluğuna inanmır. Əhali gözləməməlidir ki, Allah eləməsin, kimsə qohumdan, qonşudan xəstələnsin və vəfat etsin, sonra inansın ki, bu həqiqətdir. 
 
Açıq-aşkar görünür ki, hakimiyyətdə bir qrup yaranmış vəziyyətdən maddi maraqları üçün istifadə edərək qərarlara təsir etmək gücündədir. Görünür, onlara lazımdır ki, obyektlər işləsin, pul qazansınlar, büdcəyə və pensiya fonduna pul köçürülsün. Eyni zamanda kasıb və işsiz əhali evdə qalıb, dövlətdən yardım istəməsin. 
Hesab edirəm, belə vəziyyətin yaranmasının əsas səbəbi məsuliyyətin düzgün bölüşdürülməməsi ilə bağlıdır. Odur ki, təklif edirəm:
 
1) Təhlükə ocaqları xüsusi nəzarətə götürülsün.
2) Əhali arasında təbliğat və izahat işləri gücləndirilsin. 
3) Birdəfəlik ödəmə (190 manat) proqramı üzrə imtina cavabı alanların müraciətlərinə təkrar baxılsın, onların ehtiyacları digər sosial təminat proqramları çərçivəsində qarşılansın. 
4) Sahibkarlara muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, eləcə də fərdi (mikro) sahibkarlara dövlət maliyyə dəstəyinin əhatə dairəsi genişləndirilsin, davamlılğı artırılsın.
5) Metronun fəaliyyəti dayandırılsın”.




Ana səhifəyə qayıt        Baxış: 3 555          Tarix: 10-05-2020, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma