Xəbər lenti

 
“Vətəndaşlarımızın xaricdən gətirilməsi zamanı ölkədaxili durum da nəzərə alınır”.
 
Ovqat.com xəbər verir ki, bunu iki gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
 
Himkət Haciyev bu sözləri Rusiya-Azərbaycan sərhədində ilişib qalan bir qrup Azərbaycan vətəndaşının çadırlarda qalmasına münasibət bildirərkən söyləsə də, digər ölkələrdə də eyni çətinlikləri yaşayan insanlarımız var. 


 
Hazırda Iğdırda 30-a yaxın azərbaycanlının sərhədlərin açılmasını gözlədiyi bildirilir. Azərbaycanın Qars konsulluğunun Iğdır bürosu qarşısında skameykalarda gecələyən vətəndaşlarımızla isə maraqlanan yoxdur. Aralarında qadınların, uşaqların, xəstələrin olduğu bu insanlar hara müraciət edəcəklərini də bilmirlər. 
 
Müalicə üçün Türkiyəyə gedən, sərhədlər bağlandığından Iğdır küçələrində sərgərdan vəziyyətə düşən Elxan Məmmədov da onlardan biridir. Naxçıvan sakini olan Elxan bəy ürək xəstəsidir. Qardaş ölkəyə müayinə üçün gedib. Lazımi müayinələrdən keçəndən sonra bir neçə gün həkim nəzarətində saxlanılıb. Daha sonra xəstəxanadan çıxarılaraq evə getməsi və ürəyini çətinə salmamaq üçün bir neçə ay istirahət etməsi məsləhət görülüb. Xəstə isə artıq 1 aydır ki, Iğdırın küçələrində döymədiyi rəsmi qapı qalmayıb. Di gəl ki, nə Naxçıvanın gömrüyünün, nə də Qars konsulluğunun Iğdırdakı nümayəndəliyinin qapısını onun üzünə açan olmayıb. 
 


Əməkdaşımızla söhbətində “ürəyimin bu qədər dözümlü olduğunu bilsəydi, Türkiyəyə müalicəyə gəlməzdim”,-deyən Elxan bəy Azərbaycanın öz vətəndaşlarına bu qədər hörmətsiz davranışın heç sağlam insanların da dözə bilməyəcəyini bildirib. Onun ən böyük qorxusu isə heç kimsəsinin olmadığı bu qərib diyarda həyatını itirməsidir: “Burada bizimlə bərabər İran, hətta Ermənistan vətəndaşları da vardı. Dövlətləri onlara sahib çıxdı və dərhal məmləkətlərinə təxliyə etdilər. Bizim isə sahibimiz yoxdur. Öz dərdimiz bir tərəfə, adam başqa xalqların yanında Azərbaycan vətəndaşı olmaqdan da utanır”.
 
Elxan Məmmədov ürək onun xahişini Azərbaycan rəhbərliyinə çatdıqmağımızı xahiş etdi. Biz də vətəndaşın bu istəyini geri çevirmədik. Sən demə, onun ürəyi dolu imiş. Düz 4 dəqiqə ara vermədən dil töküb tezliklə onun təxliyə edilməsini istədi. Elxan Məmmədovun xahişnaməsi aşağıdakı videoda təqdim olunur.


 
Iğdırda çətin vəziyyətdə qalanlar arasında Azərbaycan qadınları da var. Onlardan bəzilər Türkiyənin müxtəlif şəhərlərində təhsil almaq üçün cəlai-vətən olublar. İndisə Iğdırın küçələrində sərhədlərin açılacağı günü səbrsizliklə gözləyirlər. Azərbaycan qadınının başqa ölkə ərazisində bu qədər çarəsiz vəziyyətə salınması da rahatlıqla həzm ediləsi məsələ deyil. Bütün israrlarımıza baxmayaraq, bizə müsahibə vermək istəməyən həmin vətəndaşlarımızın adını və pasportlarının fotosunu başqa qaynaqlardan əldə edə bildik. 


 
Söhbətləşdiyimiz digər vətəndaşlarımız da öz ürək sözlərini deməkdən çəkindilər. Onların bildirdiyinə görə, Ovqat.com-un Iğdırda çarəsiz vəziyyətə qalan 3 vətəndaşımızın başına gələnləri yazmasından sonra Azərbaycan dövlətinin ordakı təmsilçisi Behdud Qadalı həmin şəxsləri türk polisinə şikayət edib. Nəticədə 3 gün polis idarəsində saxlanılan və beton döşəmədə yatan vətəndaşlar daha sonra sərbəst buraxılıblar. İndi onlar da Iğdırdakı digər azərbaycanlılara qoşulub ümidini göydə Allaha, yerdə rəsmi Bakının insafına bağlayaraq, sərhədlərə göz dikib açılacağı günü gözləyir. Nə illah etsək də, onlar da bizə açıqlama verməkdən imtina etdilər. Görünür, onlar da danışmağın “bəhrəsini” yenidən dadmaq istəmirlər. Necə deyərlər, başına gələn başmaqçı olar.
 




Ana səhifəyə qayıt        Baxış: 3 993          Tarix: 15-05-2020, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma