Xəbər lenti

 
“İsraildən fərqli olaraq, Ermənistan beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) sevimlisidir”.
 
Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ-ın “Newsweek” nəşrinin yazarı  Pol Miller irəli sürüb.
 
“Koronavirus, korrupsiya və koqnitiv dissonans QHT-nin simasını necə formalaşdırır?” sərlövhəli yazısında müəllif müxtəlif beynəlxalq fondlar tərəfindən maliyyələşən təşkilatların Ermənistanla İsrailə fərqli standartlarla yanaşmasından gileylənib. Erməni lobbisinin yəhudilərdə belə, qibtə hissi yaradacaq gücündən bəhs edən yazını Ovqat.com oxucularına təqdim edirik.


 
 
İkili standart İsrail üçün yenilik deyil. Dünyanın yeganə yəhudi dövlətinin yerləşdiyi regionda çox sayda avtoritar rejimə rast gəlinir. Bu şəraitdə İsrail öz problemlərinə görə başqalarını günahlandımağa can atan despotlar üçün “boks kisəsi” rolunu oynayır. Hər halda, onlar illərdir antisemit çağırışlar edir, bununla öz vətəndaşlarında nifrət, qəzəb hisləri yaratmağa çalışırlar.
 
Doğrudur, qeyri-demokratik dövlətlərin bu davranışı gözləniləndir. Lakin iş bununla bitmir. Təəssüf ki, bəzi insan haqları təşkilatları belə, davamlı olaraq, İsrailin adını hallandırır, digər ölkələrin cinayətlərinə isə göz yumur.


 
Məsələn, İsraildən fərqli olaraq, Ermənistan beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) sevimlisidir. Bu mənada, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə keçmiş direktoru Sara Liye Vitsonun davranışı ikili standartın bariz nümunəsi sayıla bilər. O, bu yaxınlaradək Corc Sorosun maliyyələşdirdiyi Kuins İnstitutunda siyasət və araşdırmalar şöbəsinə rəhbərlik edib. Yeri gəlmişkən, həm “Human Rights Watch”, həm də Kuins İnstitutu İsrailin İudeya və Samariyada apardığı tikinti işlərini sərt tənqid edir. Lakin onlar uzun müddətdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi daxil olmaqla, digər ərazi münaqişələrini sanki, görmürlər.
 
Görünür, Sara Liye Vitson Ermənistanın işğal etdiyi, əslində Azərbaycana məxsus Dağlıq Qarabağ regionunda apardığı qeyri-qanuni tikinti işlərindən narahat deyil. Halbuki, bu region BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bir neçə qətnamə ilə də Azərbaycan ərazisi kimi tanınır.


 
Yeri gəlmişkən, Vitson 2018-ci ildə Amerika Erməniləri Milli Komitəsi üçün ianə toplanması mərasimində belə, iştirak edib. Halbuki, bu təşkilat Qarabağı Ermənistanın “ayrılmaz hissəsi” sayır.
 
Vitson uzun müddətdir hüquq müdafiəçisi adı altında İsrailə qarşı düşmənçiliyin təbliğilə məşğuldur. O, İsrailin fələstinlilərlə bağlı siyasətini dəfələrlə tənqid edib. Ermənistanın Dağlıq Qarabağı işğal altında saxladığını isə sanki unudub. Belə yanaşma yalnız koqnitiv dissonansla əlaqələndirilə bilər.
 
Bu yaxınlarda Vitsonun əsl siması bir daha üzə çıxıb. O, “Twitter” sosial şəbəkəsində israillilərin koronavirus pandemiyasından əziyyət çəkməsini, hətta ölməsini... təqdir edən fikirlər yazıb. Doğrudur, sonradan bu paylaşımını silib və fikrinin səhv anlaşıldığını iddia edib. Amma maraqlısı odur ki, Vitson bunun ardınca çalışdığı institutdan ayrılıb...


 
Kuins İnstitutunda İsrail əlehinə mövqeyilə tanınan şəxslərin sayı-hesabı yoxdur. Məsələn, “İsrail lobbisi” adlı “məşhur” kitabın müəllifləri Stiven Uolt ilə Coş Mirsxaymer, İran-Amerika Milli Şurasının keçmiş işçisi, represiv İran rejimi ilə əlaqələri olan Trit Parsi və s.
 
Qeyd etmək lazımdır ki, belə riyakarlıq edən yalnız Vitson deyil. Rokfeller Qardaşları Fondu daha ədalətli, dayanıqlı inkişafın və sülhün hökm sürdüyü dünyanın qurulmasına yardım edəcək sosial dəyişikliklərə can atdığını bəyan edir. Lakin İsrailə qarşı təbliğat aparan “Boycott, Divestment and Sanctions” (BDS) kimi QHT-ni maliyyələşdirir. Bütün bunların fonunda Fondun prezidentinin Ermənistanın dövlət başçısı ilə ötən ilin fevralında keçirdiyi görüş təsadüf sayılmaya da bilər. Görüşdə gələcək əməkdaşlığa dair müzakirəklər aparılıb.


 
Yeri gəlmişkən, Demokratiyanın Müdafiəsi Fondunun (FDD) bu ilin əvvəllində yaydığı hesabatda vurğulanır ki, beynəlxalq sistemdə hökumətlərin və QHT-in selektiv tənqidilə bağlı dərin problemlər var. Hesabatda deyilir ki, Ermənistan Dağlıq Qarabağın işğalı zamanı beynəlxalq ictimaiyyətin əsasən, rəmzi müqavimətilə üzləşib: “Yəni ona qarşı konkret sanksiyalar tətbiq olunmayıb, sərt tədbirlər görülməyib. BMT Təhlükəsizlik Şurası isə oradan çox sayda Azərbaycan vətəndaşının köçürülməsini və Azərbaycan ərazilərinin işğalını qınamaqla kifayətlənib. O, BMT-də Ermənistanın maraqlarını qorumaqla məşğul olan Rusiyanın israrı üzündən, işğalçının kim olduğunu birmənalı ifadə etməyib”.
 
Elə həmin hesabatda bildirilir ki, Ermənistandan fərqli olaraq, İsrailə qarşı sərt beynəlxalq tələblər (ABŞ-dan tutmuş Avropaya qədər) irəli sürülür. Buraya İudeya və Samariyada istehsal olunan məhsulların üzərinə “Made in Israel” yarlığının vurulmaması tələbi də daxildir: “Halbuki, ABŞ və Avropa İttifaqının Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağda istehsal olunan məhsullar Qərb bazarlarında çox vaxt “Ermənistan istehsalı” markası altında satılır”.
 
Bütün bunlar azmış kimi, Ermənistanı dəstəkləyən müxtəlif təşkilatların, QHT-in, xeyriyyə fondlarının, hətta siyasətçilərin adı korrupsiya qalmaqallarında, hüquqi mübahisələrdə hallanır. Məsələn, Ümumerməni Fondu “Hayastan”ın direktoru Ara Vardanyan 2018-ci ildə külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək, həbs edilib. Bununla yanaşı, bu yaxınlarda FTB-nin sabiq agenti Babak Brumand həbs olunub. O, ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə ilə əlaqəli vəkildən rüşvət alıbmış. Yeri gəlmişkən, Kaliforniyanın hüquq mühafizə orqanlarına yaxşı tanış olan bu cinayətkar dəstəsinin rus mafiyası ilə də əlaqələri var.



Hər halda, koronavirus pandemiyası dövründə hökumətlər, həmçinin QHT və ayrı-ayrı şəxslər daha diqqətli olmalıdır. Bu gün milyonlarla amerikalı işsizdir, yüz minlərlə amerikalı müxtəlif xəstəliklərə tutulub. Odur ki, humanitar məsələlərlə ianə ayıranlar vəsaitin təyinatı üzrə xərclənəcəyinə əmin olmalıdır.
 
Bir sözlə, korrupsiya şəbəkəsinin ifşası, ikili standartlar və açıq antisemitizm nümayişi göstərir ki, Ermənistanı müdafiə edən bəzi qüvvələr ABŞ-ın xarici siyasətini müəyyənləşdirən, həmçinin Vaşinqtonun dəstəklədiyi alyansları formalaşdıran dəyərlərlə bir sıraya qoyulur.


Ana səhifəyə qayıt        Baxış: 2 827          Tarix: 29-05-2020, 02:10      


Paylaş: