Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Fransızların 28 may bilgisi, bizim öz tarıximizə “fransızlığımız”
Türk dilində “fransız” kəlməsi bir neçə məna verir. Həm bizdəki kimi Fransanın qurucu milləti o cür adlanır, həm də bu söz informasiyasızlıq mənasına gəlir. Məsələn, türkiyəlilər bir mətləbi anlaya bilməyəndə “ben bu konuya fransız kaldım”,-deyirlər. Və yaxud, “o, fransızdır” demək heç də Türkiyədə milli mənsubiyyəti ifadə etmir. Bəzən bu cümləni işlətməklə onlar kiminsə mətləbdən bixəbər olduğunu qəsd edirlər.
Doğrusu, Türkiyə insanının fransızlara niyə belə baxdıqları əvvəldən məndə şübhə doğurmuşdu. Dünyaya ən müasir mədəniyyətlərdən birini bəxş edən fransızlar, türkün sözü, necə “fransız” ola bilərlər?
Bu gün Fransanın məşhur nəşrlərindən olan “AgoraVox”-un səhifəsində “Rusiya və Azərbaycan: nadir hekayə” sərlövhəli yazını görəndə şübhəm daha da böyüdü. Nədən ki, bizimkilərin Respublika Günündə AXC-nin qabırğasına döşədiyi bir vaxtda fransız yazar Alən Rumestand Şərq dünyasının ilk demokratik respublikasından tarixdə oynadığı roldan bəhs edib. Bununla da bizimkilərin öz tarixinə daha “fransız” olduqlarını əyani şəkildə ortaya qoyub.
Ovqat.com bizə tarix dərsi verən məqalənin tərcüməsini təqdim edir.
Mayın 28-də Azərbaycan Respublikası Milli bayramını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin bu günündə elan olunub. Lakin o, 1920-ci il aprelin 28-dək, yəni cəmi 23 ay yaşayıb. Həmin gün ölkədə hakimiyyət o vaxt Moskvanın adından çıxış edən Azərbaycan İnqilab Komitəsinin əlinə keçib, XI bolşevik ordusu Bakıya daxil olub və demokratik parlament buraxılıb.
Rusiya ilə Azərbaycanın nadir sayıla biləcək hekayəsi var. Müsəlman azərbaycanlılar iki əsr ərzində Rusiya imperiyasının tabeliyində olublar. Bu zaman onların nə hakimiyyətə, nə iqtisadiyyata, nə ictimai təhsilə, nə də orduya sərbəst çıxışı olub. Bir sözlə, Rusiya imperiyası Azərbaycandakı ayrı-ayrı xanlıqların hamısını özünə birləşdirmişdi. Bununla da Bakı sənaye və neft mərkəzinə çevrilmişdi və bu, Rusiyanın inkişafında əsas amillərdən biri idi. Bunun fonunda Azərbaycanda Qərbə və Qərb dəyərlərinə meylli bir müsəlman ziyalı təbəqəsi də formalaşmışdı.
Məlum olduğu kimi, Rusiya imperiyası Birinci Dünya müharibəsindən sonra, 1917-ci ildə dağılıb. Fevral inqilabından sonra ölkədə mart-oktyabr aylarında qısa demokratik dövr hökm sürürdü. Bu zaman Azərbaycanda da siyasi qüvvələr bir araya gələrək, Gəncədə Müsavat Partiyasını yaradır.
Artıq 1918-ci ilin əvvəlində Moskva və Petroqradda olduğu kimi, Azərbaycanda da eyni siyasi qruplara rast gəlinirdi – bolşeviklər, menşeviklər və sosialist inqilabçılar. Artıq müxtəlif cəbhələrindən minlərlə rus əsgəri Bakıya doğru irəliləyirdi. Elə həmin ilin martında “müsəlman əks-inqilabçı” adı altında minlərlə azərbaycanlı qətlə yetirilir, məktəblər, xəstəxanalar, məscidlər qarət olunur.
Lakin mayın 28-də keçmiş Rusiya qubernatorluğunun ərazisində müstəqil Azərbaycan elan edilir, müstəqil hökumət qurulur. Bunun ardınca müxtəlif siyasi partiyaları və milli azlıqların nümayəndələrini (Slavyan-Rus Cəmiyyəti fraksiyası, yəhudi, alman, gürcü, polyak, ukrain, erməni) özündə cəmləyən demokratik parlament seçilir. Həmin parlamentdə müstəqilliyin əleyhinə olan partiyanın nümayəndələri belə, yer alır.
1919-cu ilin iyulunda cinsindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, hər kəsə seçki hüququ verilir, mətbuat azadlığı təmin edilir. Bundan başqa, dini ibadət yerlərində seçki təbliğatının aparılması qadağan olunur, din və məscidin müqəddəsliyini siyasətdən qorunmalı olduğu bəyan edilir.
Bu cür demokratik, dünyəvi dövlət ölkə ətrafında hökm sürən millətçi, hərbi, sosialist və ya kommunist rejimlərlə, Rusiya imperiyası daxil olmaqla, böyük imperiyaların dağılması ilə, ard-arda baş verən inqilablarla, millətlərarası toqquşmalarla, böyük dövlətlər arasındakı qarşıdurmalar nəticəsində yaranmış ümumi vəziyyətlə ziddiyyət təşkil edirdi. Belə bir şəraitdə AXC tezliklə əsasən zəruri malların ticarətini, xüsusən də Azərbaycan neftinin ixracını asanlaşdırmaq üçün Sovet rejimilə razılığa gəlməyə çalışırdı.
Bununla yanaşı, gənc respublika Sovet Rusiyasına qarşı, həmçinin müttəfiqlərin iştirakı ilə Parisdə keçirilən Sülh Konfransında daha güclü mövqeyə yiyələnmək üçün qonşularına Qafqaz Konfederasiyasının yaradılmasını da təklif etmişdi. Paralel olaraq, AXC müstəqilliyinin tanınması üçün Litva, Latviya, Estoniya və Ukrayna ilə danışıqlar aparırdı.
Artıq gənc respublika bir çoxlarının maraqlarına toxunurdu. Kommunist Rusiyasında isə əks-inqilab hərəkatı sürətlənirdi. “Ağ generallar” Kolçak, Denikin, Vrankler bolşevizmi devirmək istəyir, Qafqazın, o cümlədən Azərbaycanın Rusiyanın tərkibinə qayıtmasını arzulayırdılar. Lakin 1920-ci ilin əvvəlində Denikinin “Ağ ordu”su məğlub olur. Qırmızı ordu isə artıq Qafqazda idi.
Böyük güclər – İngiltərə ilə Fransa da bolşevizmin süqutunu istəyirdi və onlar 1920-ci ildə Azərbaycanla Gürcüstanın müstəqilliyini tanıyırlar. Klemansonun rəhbərlik etdiyi Fransa hökuməti bolşevik hakimiyyətinin devrilməsi və demokratik rejimin qurulması ideyasına açıq dəstək verir. O dövrdə Fransanın istehsal etdiyi malları satmağa, iqtisadiyyatı üçün həyati əhəmiyyətə malik karbohidrogen almağa böyük ehtiyacı var idi.
Qarşıda isə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını dəstəkləyən Leninlə Trotski var idi. Bu məqsədlə 1920-ci ilin martında hərbi əməliyyata başlanır və sonda Bakı işğal olunur. Halbuki, Azərbaycanın yeraltı sərvətləri və digər üstünlükləri burada demokratik rejimin qurulması və yaşaması üçün zəmin idi. Amma o dövrdə bu kiçik ölkənin nefti Rusiyanın ehtiyacının 80%-ni ödəyirdi. Üstəlik, o, geosiyasi mövqeyinə görə də böyük üstünlüyə malik idi: Azərbaycan Rusiya, İran və Türkiyədən ibarət strateji üçbucaq yaradırdı.
Qərbi Avropada bolşeviklərin arzuladığı proletar inqilabı baş tutmamışdı. Belə bir şəraitdə keçmiş Çar imperiyasının cənub sərhədlərinin qorunması vacib idi. Odur ki, bolşeviklər üçün məhz Azərbaycan inqilab “ixracı” üçün əsas istiqamətə çevrilmişdi. Trotski bunu gizlətmirdi: “Asiyada bizim Qırmızı ordumuz Avropa ilə müqayisədə son dərəcə böyük qüvvədir”.
İşğal zamanı İngiltərə ilə Fransa Bakıya heç bir hərbi dəstək göstərmədi. Onların siyasi dəstəyi də uzunmüddətli olmadı. Hətta yeni sovet rejiminin İngiltərəni Türkiyə, İran, Əfqanıstan və İranda əliboş qoyacağına baxmayaraq, London dərhal onu tanımaq haqda düşünməyə başlamışdı.
Vrankelin “Ağ ordu”sunun məğlubiyyəti fransızlara da göstərirdi ki, Sovet hakimiyyəti məğlub olmayacaq və hələ uzun müddət yaşayacaq. Belə olan təqdirdə Fransanın iqtisadi maraqları hər şeyi üstələyirdi. İqtisadi maraqların başında isə neft gəlirdi.
İşğal Azərbaycana çox baha başa gəldi. Təhsil almaları üçün Avropanın ən yaxşı universitetlərinə göndərilmiş azərbaycanlı tələbələrə dövlət tərəfindən göstərilən maliyyə dəstəyi kommunistlərin dövlət çevrilişindən dərhal sonra dayandırıldı, geri dönənləri isə repressiyalar gözləyirdi. Bir yandan iqtisadi fəlakət, bir tərəfdən də Moskva tərəfindən göndərilmiş rus siyasi komissarlarının yaratdığı bolşevik qorxusu. Fransanın Qafqaz üzrə Ali Komissarı 1920-ci ilin dekabrında yazırdı: “Bolşeviklərin hökmranlığı daha bir neçə ay da davam etsə, Azərbaycan səhraya çevriləcək”. O vaxt Azərbaycana amansız Orconikidze nəzarət edirdi…
Bütün bunların nəticəsi özünü bu gün də göstərir. O vaxt Sovet Rusiyası Azərbaycan ərazisindən bölgədəki strateji məqsədləri üçün istifadə edib. 1921-ci ilin dekabrında Rusiya Zəngəzur mahalını sovet Ermənistanına verib, nəticədə Naxçıvanın Azərbaycanın digər bölgələrilə quru əlaqəsi kəsilib və o, anklava çevrilib. Bu siyasətin əsas nəticəsi isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsidir. Bolşeviklər bu qərarı müsəlmanlar və ermənilər arasında millətlərarası barışıq, Qarabağın dağlıq hissəsilə düzənlik hissəsi arasında iqtisadi əlaqələr, eyni zamanda, Dağlıq Qarabağın daim Azərbaycana bağlı olması ilə əsaslandırırdılar. Odur ki, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılsa da, ona mərkəzi Şuşa şəhəri olmaqla, geniş muxtariyyət verilmişdi...
Dağlıq Qarabağ və Zəngəzur bu gün də azərbaycanlıların qəlbində açıq yara kimi qalır. Azərbaycanla Ermənistan arasında münasibətlər də bu üzdən pozulub. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələri isə heç nəyi dəyişmir...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar