Xəbər lenti

 
SSRİ dağıldıqdan sonra bizə torpağınının 20 faizi işğal olunmuş məmləkət və erməni qəsbkarlarının hücumları qarşısında əliyalın buraxılan xalq qaldı. Halbuki ölkəmizdə nəinki Zafaqafqaziyanın, həmçinin SSRİ-nin ən güclü hərbi bazaları yerləşirdi və onların bir çoxu əlahiddə hərbi hissələrdir. 
 
Sovet imperiyası dağıldıqdan sonra bir çox respublikalarda əlahiddə səlahiyyətli hərbi hissələr müstəmləkə ölkələrinə qalmışdı. Bizdə isə o dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov komandası nəinki ordu quruculuğu və bu hərbi hissələri öz ordumuzun tərkibinə qatmaq barədə düşünmür, əksinə, vətəndaşlarımızın əlindəki ov tüfənglərini belə, toplayırdı. Nəticədə erməni təcavüzünə məruz qalan respublikamız böyük miqyaslı torpaq və insan itkiləri verərək, «ağır yaralanmış» şəkildə müstəqilliyini elan etməli oldu.
 
Bəs, Azərbaycanda sovet vaxtı hansı hərbi birləşmələr vardı?
 
Biləsuvar rayon N.Nərimanov adına 6 saylı tam orta məktəbin tarix müəllimi  Bəhruz Rufullayev bu mövzunu araşdırıb və dəyərli bir yazı qələmə alıb.
 
Məqaləni Ovqat.com oxucularına təqdim edirik.
 
 
 
SSRİ dövründə Azərbaycan ərazisində SSRİ-nin çox böyük hərbi birləşmələri yerləşirdi və Zaqafqaziya Hərbi Dairəsinə tabe idi. Azərbaycanda çox böyük ordu yerləşdirməsinin səbəbi Azərbaycanın Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə sərhəd olması idi.
 
Azərbaycanda SSRİ-nin 4-cü ordusu, 19-cu əlahiddə HHM ordusu və 34-cü hava qüvvələri yerləşirdi.
 
4-cü ordunun tərkibinə diqqət yetirdikdə Sovet hökumətinin Azərbaycana və onun sərhədlərinə çox həssas yanaşdığını görürük. Hərbi birləşmələrinin növləri və yerləşdiyi ərazilər də çox maraqlıdı. 4-cü ordu miqyasına görə, ən böyük hərbi birləşmələrdən biri sayılıb və  zərbə ordusu idi. 

 
     
Sovet ordusu Azərbaycanın aşağıdakı bölgələrində yerləşirdi: 

Bakıda 295-ci motoatıcı diviziya (komandir general-mayor Y.N. Antonov) və diviziyanın Raket-Artilleriya qoşunları; 127-ci əlahiddə dəniz briqadası; Hava Hücumundan Müdafiə polku (Hövsanda); Baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan QRU-nun (Baş Kəşfiyyat İdarəsinin) 22-ci xüsusi təyinatlı briqa-dası (Pereşkül); Bakı Hava Hücumundan müdafiə dairəsi.
      
Gəncədə birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü Hava Desant Diviziyası yerləşirdi (komandir V.V. Şerbak, sonra V.İ. Orlov). HDD-nın tərkibində 345-ci paraşut-desant alayı var idi. Həm də diviziyasnın operativ qrupu; əməliyyat şöbəsi; özüyeriyən artilleriya divizionları var idi.


      
Bundan başqa Gəncədə 23-cü motoatıcı qvardiya diviziyası yerləşirdi (komandir A.P.Budeykin). Diviziyanın tərkibində Xankəndində yerləşən 366-cı alay, Gəncədə yerləşən 368-ci, 370-ci motoatıcı alayı,131-ci tank alayı, 1071-ci artilleriya alayı, Naxçıvanda 1041-ci zenit raket alayı, Gəncədə 958-ci əlahiddə raket di-vizyonu, 768-ci kəşfiyyat batalyonu və digər yardımçı hissələr olub.
 
Lənkəranda 60-cı motoatıcı divizya (komandir V.K.Muratov) yerləşirdi. Diviziyanın tərkibi böyük olub: 
 
Lənkəran ərazisində 119-cu əlahiddə tank batalyonu, 1035-ci zenit artilleriya alayı, 337-ci əlahiddə raket di-viziyonu, 774-cü əlahiddə artilleriya alayı; Port-İliçdə (indiki Liman) 1073-cü artilleriya alayı və bazası; Astarada 20-ci motoatıcı alay; Cəlilabadda Göytəpə ərazisində 22-ci motoatıcı alay və bu alayın həmin ərazidə bazası; Bankə qəsəbəsində yerləşən 14-cü motoatıcı alay.


      
Naxçıvanda 75-ci mexanikləşdirilmiş motoatıcı diviziyası (komandir L.Y.Roxlin) və 41-ci sərhəd dəstəsi yerləşirdi.  41-ci sərhəd dəstəsinin qərargahı sərhəddən cəmi 10 kilometr məsafədə idi. 
      
Ədəbiyyatlarda 4-cü ordu ilə bağlı başqa rəqəmlərə rast gəlirik. Onlara diqqət edək: 
      
4-cü ordunun tabeliyində 136-cı raket briqadası, 117-ci zenit-raket briqadası, 215-ci artelleriya alayı, 941-ci reaktiv artilleriya alayı, 381-ci vertalyot eskadriliyası, 121-ci əlahiddə qarışıq aviasiya eskadriliyası və digər hissələr olub.
     
Azərbaycan ərazisində SSRİ-nin Sərhəd Qoşunlarının çox böyük hissəsi yerləşirdi. Belə ki, 41-ci sərhəd dəstəsi Naxçıvanda; 42-ci sərhəd dəstəsi indiki Xocavənd rayonunda; 43-cü sərhəd dəstəsi Göytəpədə (Cəlilabadda) (Azərbaycan ərazisndə ən böyük sərhəd dəstəsi idi); 44-cü sərhəd dəstəsi Lənkəranda yerləşirdi. 


      
Ulu Öndər Heydər Əliyev Azərbaycan ərazisində olan Sərhəd Qoşunlarının vəziyyətini belə qiymətləndirirdi: «… mən bilirəm, sərhədin bir kilometrində mühəndis-avtomatik qurğuların yaradılması üçün nə qədər vəsait sərf olunurdu. O tikanlı simlər ki var, onlar bir neçə cərgə olurdu. Ora toxunan kimi, — onlar hamısı elektrik cərəyanlı idi, — idarə edilən yerdə məlum olurdu… Mənim o vaxtdan xatirimdədir, çox hallarda, məsələn, tülkü, ya dovşan, yaxud hansısa bir heyvan gəlib simə toxunurdu. Dərhal həyəcan siqnalı verilirdi, bilinirdi ki, hansı sahədədir. Orada idarəetmə pultu var idi. Sərhədçilər dərhal onu axtarırdılar, bəzən tapa bilmirdilər. Elə bilirdilər ki, o adam artıq keçdi getdi. Amma orada nəzarət zolağı elə olurdu ki, oraya adam yaxud heyvan ayağını basanda izi qalır. Onunla da müəyyən edirdilər ki, burdan insan keçibdir, yaxud heyvan keçibdir. Bu qədər etibarlı idi… Amma o vaxt simi nəinki kəsən kimi, hətta ona toxunan kimi bilinirdi… Vaxtilə Azərbaycanda, Azərbaycan ərazisində sərhəd qoşunlarının komandanlığı və baş qərargahı yerləşirdi. Onların yerləşdiyi yer də indiki „Cənub“ mehmanxanası idi…»


      
Sovet ordusunun Azərbaycanda iri sursat anbarları vardı. Giləzidəki strateji sursat anbarı, Ağdam və Nasosnıda dairə anbarları, Naxçıvan, Lənkəran və Gəncədə divizon anbarları. Bundan başqa Goran qəsəbəsinin yaxınlığındakı poliqon və Şəmkirdə Seyfəli təlim mərkəzi yerləşirdi.
      
Azərbaycanın müxtəlif ərazilərində — Nasosnı, Qala, Dəllər, Kürdəmir, Gəncə, Sitalçayda aviabazalar və aerodromlar yerləşirdi. Onlar haqqında qısa məlumatlara baxaq:
 
Nasosnı aviabazası  — Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən hərbi aerodrom. Burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün).


 
Qala aviabazası — Xəzər rayonunda hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. 1980-1992-ci illərdə burada 300-cü qarışıq aviasi-ya eskadrilyası fəaliyyət göstərirdi.
 
Dəllər aviabazası — Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən aviabaza. Aviabazada vaxtı ilə 882-ci qırıcı aviasiya polku yerləşirdi. Burada Su-24 və MiQ-25  hərbi təyyarələri yerləşdirilmişdi.
 
Kürdəmir aviabazası — Kürdəmir rayonunda hərbi aerodrom. 1945-1969-cu illərdə MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku yerləşirdi.
 
Gəncə aviabazası — Gəncə şəhərində yerləşən aviabaza. Müştərək bazalı aerodrom idi. Burada aeroport və hərbi aerodrom yerləşirdi. 1945-ci ilin dekabrından 1963-cü ilə qədər burada 259-cu qırıcı aviasiya polku dislokasiya olunurdu. Sonrakı illərdə burada 36-cı bombardmançı aviasiya polku yerləşdirilir.


Şəkildə: İlk azərbaycanlı qadın pilot Züleyxa Seyidməmmədova
 
Sitalçay aerodromu — Xızı rayonunda yerləşən hərbi aerodrom. Bazada Su-25  qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda SU-25 qırıcıları xidmət edirdi.
 
Azərbaycanda Sovet ordusunun Hərbi Sənaye Kompleksləri yerləşirdiOnlar haqqında da məlumatlar çox maraqlıdır. SSRİ dağılanda Azərbaycanda 20 hərbi sənaye müəssisələri var idi. Bunların içində ən böyüyü, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında yerləşən, cəbhə aviasiyasının (ordu və HHM qırıcı-ları, cəbhə bombardmançıları, kəşfiyyatçıları, nəqliyyat təyyarələri) təmir və bərpa müəssisəsini idi. 


 
Əlavə olaraq sovet təyyarələrinin kabinalarında və texniki qovşaqlarında iqlim rejiminə cavabdeh olan kondisioner sistemləri istehsal edən hərbi müəssisə «Klimat» Sənaye Birliyi, kosmik gəmilərdən və qitələrarası ballistik raketlərdən tutmuş, atıcı silahların nişangahlarında işlənən inteqral mikrosxemlər istehsal edən OZON Elmi Sənaye Birliyi, tərkibində bir neçə cihazqayırma müəssisəsini birləşdirən Bakı Kosmik Tədqiqatlar Elmi-Sənaye Birliyi, müxtəlif kimyəvi yanacaqlar və partlayıcı maddələr istehsal edən müəssisələri göstərmək olar.
      
Sonda bir neçə cümlə Qəbələ RLS haqqında. Qəbələ rayonunda fəaliyyət göstərmiş radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən  Raketdən Müdafiə Kompleksi olmuşdur. 6000 km-ə qədər ərazilərin müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. 


Qeyd olunan rəqəmlər və məlumatlar bir məsələni aydın göstərdi ki, Azərbaycan ərazisində SSRİ-nin çox böyük hərbi birləşmələri, hərbi obyektləri olmuşdur. Bunun bir səbəbi yuxarıda qeyd etdiyim sərhədlərlə bağlı idisə, hesab edirəm ki, ikinci səbəbi Azərbaycanın coğrafi mövqeyi idi. Lap dəqiq desəm Azərbaycanın mövqeyinin strateji baxımdan çox önəmli olması idi. 

 
Bəhruz Rufullayev     
Biləsuvar rayon N.Nərimanov adına 6 saylı tam orta məktəbin tarix müəllimi  
 
02.06.2020-ci il


Ana səhifəyə qayıt        Baxış: 4 306          Tarix: 7-06-2020, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma