Xəbər lenti

 
“Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin qardaşı Əli Həsənlinin vəfatı ilə əlaqədar yaxınlarının toplaşdığı məclisə polis müdaxiləsi olub.
 
Ovqat.com-a məclisdə iştirak edənlərdən birinin verdiyi məlumata görə, 24 saylı polis bölməsinin əməkdaşları iş adamına və qonaqlarına qarşı kobud davranıblar.
 
Qonaqların rəsmən qovulduğu məclisdə AMİP lideri Etibar Məmmədov və bəzi tanınmış ziyalılar, o cümlədən deputatlar da iştirak edirmiş. Məlumata görə, polislər karantin rejimini pozduğu ittihamı ilə Mürvət Həsənlini 5 min manat cərimələyiblər də. Bu cərimənin hansı qanunvericilik aktına əsasən tətbiq olunduğu da bəlli deyil.
 
Qeyd edək ki, təziyyə ziyarətinə gedib başsağlığı verdikdən sonra toplantı məkanını erkən tərk edənlərdən biri kimi iş adamının karantin qadağalarını yerinə yetirdiyinin şahidi olmuşduq. Müşahidələrimizə əsasən, dəfndə iştirak edib qayıdanlar bir-birindən 5-6 metr aralıdakı köşklərdə qoyulan 10 nəfərlik masalarda əyləşib mərhumun yaxınlarına təskinlik verirdilər. Bu isə Operativ Qərargahın və TƏBİB-in müəyyənləşdirdiyi koronavirus məhdudiyyətlərinə uyğun sosial məsafə qaydalarına tamamilə uyğundur. Xatırladaq ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı 28 may 2020-ci il tarixli açıqlamasında bu qaydaları belə tövsif etmişdi:
 
“Bulvar və parklara giriş-çıxış sərbəst olsa da, sosial məsafə qorunmalıdır, 1,5-2 metr məsafə olmalıdır. Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək, buna nəzarət ediləcək. Eyni zamanda 10 nəfərdən artıq qruplar halında toplaşmaq qadağandır, karantin rejimini qaydaları pozularsa, müvafiq tədbirlər görüləcək”.
 
Üstəlik, maşanın üzərində maska və dezinfeksiyaedici müxtəlif vasitələr qoyulmuşdu. Məclis hər hansı yas mərasimdən çox, yaxın insanların dərdləşdiyi, fikirlərini bölüşdüyü məkanı xatırladırdı. Toplantıda molla belə yoxdu və Qurandan ayə də oxunmurdu. Ziyarətçilərə çaydan başqa heç nə verilmirdi. Biz bənzər mənzərəyə hər gün müxtəlif çayxana və kafelərdə də rast gələ bilərik. Bütün bunlara baxmayaraq, yaslı bir ailənin qəlbinə dəyəcək kobudluqda polis müdaxiləsinə nə gərək vardı? 
 
Ən əsası isə, Bakıda bir çox molllar, böyük ticarət mərkəzləri, insanların az qala bir-birinin üstünə mindirildiyi avtobuslar, metrolar hələ də fəaliyyət göstərir. Koronavirusun əsas yayılma mərkəzi bu məkanlar olduğu halda, polislər nədən onlara yox, ürəyi dağlanmış insanların toplaşaraq dərdlərini bölüşdüyü yerlərə müdaxilə edirlər? Həm də heç bir qanunla əsaslandırılması mümkün olmayan qaydada?
 
Xüsusilə Yasamal qalmaqalında ictimai qınaqla qarşılaşan polis əməkdaşlarının bənzər hadisəni hansısa taziyə ziyarətində törətməsi xeyli təəccüblü görünür. Bəzən insane elə gəlir ki, bütün bu polis zorakılıqları ölkə başçısını və Daxili İşlər naziri Vilayət Eyvazovu çətin vəziyyətə salmaq üçün törədilir. Olmaya, polis idarələrində hələ də toxunulmadan qalan köhnə komanda üzvləri sıranın özlərinə gələcəyi təşvişilə revanş hərəkətinə başlayıblar?
 
Aldığımız məlumatı dəqiqləşdirmək və beynimizdə yaranan suallara aydınlıq gətirmək üçün həmin vaxt orda olduğunu eşitdiyimiz AMİP-in sədr əvəzi Arzuxan Əlizadə ilə əlaqə saxladıq. Partiya rəhbəri taziyə ziyarətinə polis müdaxiləsi faktını inkar etmədi. Onun dediyinə görə, onlarla polis həqiqətən də məclisə müdaxilə edib, amma bu müdaxilədə kobudluq elementi olmayıb: “Biz Etibar Məmmədovla bərabər 10 nəfərlik kabinetdə oturub söhbətləşirdik. Birdən qapı açıldı və 2 polis əməkdaşı içəriyə daxil oldu. Bizdən məclisi tərk etməyimizi xahiş etdilər. Biz də bu xahişə əməl etdik. Açığı, şəxsən biz polis zorakılığı ilə üzləşmədik. Masalar bir-birindən aralı və fərqli məkanlarda qoyulduğundan digər yerlərdə nə baş verdiyi barədə məlumatım yoxdur”.
 
İş adamı Mürvət Həsənli isə hadisəyə belə aydınlıq gətirib: “53 yaşlı qardaşımın Türkiyədə vəfatı bizi yaxından tanıyan hər kəsi üzmüşdür. İstər mənim, istərsə də mərhumun dostları, yaxınları, qohumlarımız bizə təskinlik vermək üçün yanımızda olmaq istəyirdilər. Dəfn mərasiminin qələbəlik alınmasın, karantin qaydaları pozulmasın deyə dəfnin vaxtını bir çox dostlarımızdan gizlədirdik. Dəfn mərasimindən sonra taziyə ziyarətinə gələnlərə yas mərasiminin olmayacağını açıq şəkildə bildirmişdik. Buna baxmayaraq, dəfndən sonra iş yerimə mənə başsağlığı verməyə gələnlər oldu. Mən nəzakət göstərib ziyarətə gələnləri geri qaytara bilməzdim və onlarla bir masada oturub dərdləşdim. Ziyarətçilər çox olduğundan “Xəmsə” restoranının həyətindəki köşklərdə oturub söhbətləşirdilər. Köşklər bir-birindən aralıdır, mən də masaların üstünə bəzi pandemiyadan qoruyucu vasitələr qoyulmasına və qonaqlara çay süfrəsi açılmasına göstəriş verdim. “Xəmsə”yə yolu düşən hər kəs etiraf edər ki, biz kimliyindən asılı olmayaraq hamıya çay veririk. Taziyə ziyarətçiləri üçün açdığımız çay süfrəsi də bizim adi iş prinsiplərimizdən irəli gəlirdi”.
 
İş adamı polislərin “Xəmsə”yə toplaşan insanlara kobud müdaxiləsi barədə məlumatları təkzib edərək ona kəsilən cərimə barədə də danışmaq istəmədi: “Qardaşımın ölümüylə bağlı başım qarışıqdır. Bu kimi məsələlərlə özüm yox, vəkilim Sahil bəy maraqlanır. Məlumatı onunla dəqiqləşdirə bilərsiniz”.
 
Vəkil Sahil Quliyevin telefonuna zəng çatmadığından bu barədə hər hansı məlumat almaq istəyimiz baş tutmadı.


Ana səhifəyə qayıt        Baxış: 5 481          Tarix: 12-06-2020, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma