Xəbər lenti
 
 
Ağacı qurd içindən yeyər”. Sözsüz ki, bu hikmətamiz atalar sözü elə-belə, havadan yaranmayıb. Babalarımız tarix boyu bizi içdən yeyən qurdlarla qarşılaşdığından bunun təbiətdəki inikasını ağacda tapıb sözügedən aforizmi meydana gətirmişlər. Burdan belə nəticə hasil olur ki, babalarımız da minillər boyu bizim kimi böyük xəyanətlərlə üzləşib və yuxarıdakı atalar sözünü yaratmaq ehtiyacı duyublar.
 
Xüsusilə işğal altında olduğumuz dövrlərdə “ağacı içindən yeyən qurdlarımız” xeyli artmış, siyasətdən iqtisadiyyata, mədəniyyət və incəsənət sahələrinə qədər yayılmışlar. Bu da təəccüblü deyil. Çünki bu qurdların arxasında dövlət mexanizmi dayanır və onların artmasını təşviq edirdi. 
 
O başqa söhbətdir ki, müstəqillik qazandıqdan sonra həmin qurdları içərimizdən tam təmizləyə bilmədik. Bu gün belə,  köləsinə çevrildiyimiz “5-ci kolon” sayəsində Azərbaycan qurdlar süfrəsinə çevrilib və bütün sahələrdə çöküşə, tənəzzülə sürüklənir. Yeganə təsəllimiz odur ki, Azərbaycan rəhbərliyinin gec ayılmışlığı nəticəsində onlardan bəziləri ifşa olunur və hakimiyyətdən uzaqlaşdırılırlar.
 
Sovet hakimiyyəti dövründə isə bu “ağac qurdları” vəzifə xətrinə ölkəmizin torpağından tutmuş yeraltı-yerüstü sərvətlərinə, hətta vətənpərvər ziyalılarına qədər ən müqəddəs dəyərlərini yadellilərə satmaqla məşğul idilər. 

 
Yaxından tanıdığım mərhum alimimiz Arif Əliyevin 2011-ci ildə qələmə aldığı “Əbədiyaşar şəxsiyyətlər, işıqlı xatirələr” sərlövhəli məqaləsi də dövrün ziyalılarının “ağac qurdları”na qarşı mübarizəsindən bəhs edir. Məqalədə bildirilir ki, 1965-ci ildə Andranikin 100 illiyi münasibətilə Naxçıvan Ermənistana verilirmiş. Həmin vaxt Azərbaycandan çoxsaylı nümayəndə heyəti İrəvanda keçirilən yubiley tədbirlərinə qatılır. Azərbaycanda isə etirazını dilə gətirənləri müxtəlif yollarla susdururlar.

Günlərin bir günü filologiya elmləri namizədi Abbas Zamanov həmin il keçirilən Səməd Vurğunun yubliyev  gecəsində bu məsələni qaldırır. Toplantını aparan ədəbi tənqidçi Məmməd Arif isə onun sözünü kəsərək, bu məsələnin tədbirə aidiyyəti olmadığını bildirir və alimi səhvini etiraf etməyə dəvət edir. Abbas Zamanovun rədd cavabından sonra Məmməd Arif üzünü zala tutub deyir:
 
– Yoldaşlar, Abbas Zamanov nahaq narahat olur. Naxçıvana muxtariyyət verən Lenin milli siyasəti onun muxtariyyətini qoruyacaqdır.
 
Maraqlıdır ki, Abbas Zamanovun vətənpərvərlikdən doğan narahatlığını gurultulu alqışlarla qarşılayan zal Məmməd Arifin “ağac qurdluluğuna” da eyni hərarətlə çəpik çalır.
 
Azərbaycan ziyalılarının “ağac qurdlarına” qarşı mübarizəsinin tarixi sənədi olan məqaləni olduğu kimi Ovqat.com oxucularına təqdim edirik.


 Arif Əliyev
 
Elə görkəmli şəxsiyyətlər var ki, onların adları qoca tarixin özünə çıraq tutur, əsrlərin uzun yollarını işıqlandırır. Hardasa unudulmuş, təhrifə uğramış, ən incə təfərrüatlar, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər bu işıqda öz yerini tapır.
 
 Elə görkəmli şəxsiyyətlər var ki, onların adlarına bir xalqın, bütöv bəşərin tarixi güvənir. Elə şəxsiyyətlər var ki, biz onları babalarımızın, atalarımızın mənəvi yaşadığı kimi tanıyır, sevirik. Şəxsiyyətlər də var ki, biz onların adları qarşısında sehrlənir, həqiqi qəhrəmanlığın vətəndaşlığın azadlıq çırağı yandıranların ünvanı kimi bu adları ehtiramla çəkirik.
 
Tarixin hökmü ilə doğma Azərbaycandan bir qədər aralı düşmüş Naxçıvan bütün zamanlarda bəşər tarixinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bütün bu əfsanəyə çevrilmiş şəxsiyyətlər haqqında zəngin ədəbiyyat yaranmışdır.
 
Səttarxan hərəkatında (1906-1911), Azərbaycan Xalq Cümhuriyyəti dövründə, erməni qəsbkarlarına qarşı aparılan mübarizədə Naxçıvan ziyalılarının müstəsna xidmətləri olsa da tələskənliklə yaradılmış Naxçıvan Ensiklopediyasına onların böyük hissəsinin adı düşməmişdi. Fətulla bəy Hüseynov, partizan Əfruz (əri ilə birlikdə Şərur və Dərələyəzdə ermənilərə qarşı vurulmuşdur) və Çivə (Dərələyəz) müqavimət hərəkatın yaradıcısı və başçısı Bala bəy Vəkilov, Ordubad müqavimət dəstəsinin komandiri, Müsavat hökuməti zabiti, Naxçıvanda idman hərəkatının qurucularından olan İbrahim Xəlil Axundov, Səttarxan hərəkatında fəal iştirak etdiyinə görə Şeyxülislam tərəfindən mollalıqdan məhrum edilmiş, “Müdjəddin”, “Difai” partiyaların şöbələrini Naxçıvanda yaratmış, erməni işğalçılarına qarşı mübarizədə müstəsna rolu olmuş, sovet hakimiyyəti illərində Azərbaycanı öyrənmə cəmiyyətinin üzvü, Naxçıvan tarixşünaslıq müzeyində rəhbər vəzifədə çalışdığı dövrdə akademik Meşşaninovun, Ələkbərovun arxeoloji qazıntılarında iştirak etmiş Hacı Mir Bağır ağa Heydərzadənin və s. bu cəfakeşlərin apardıqları mübarizə bu gün belə tariximizin açılmamış səhifələrindəndir.



Görkəmli yazıçı, jurnalist, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış etmiş, ömrünün bir hissəsini sovet dövründə Sibirdə keçirmiş Əli Səbri Qasımov hələ 92 il bundan əvvəl Transqafqaz Ali Komissarı general Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaqdır. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bu bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq əldə edən xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu mütləq nəzərə alınmalıdır.” (“Azərbaycan”, qəz., 1919 № 193).
 
Bu həmin Əli Səbri Qasımovdur ki, Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Ələkbərzadə, Hüseyn Cavid və digər nüfuzlu xalq dəstələrinin yaradılmasına təşəbbüs qaldırmış, onların əlaqələndirilməsində xüsusi rol oynamışdır.
 
Bu həmin Əli Səbri Qasımovdur ki, Ordubaddan Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə 1919 il sentyabrın 9-da Tiflisdə olmuş, Naxçıvanın neytral zona elan olunmasına etirazını bildirərək 17 maddədən ibarət tələbləri qərb diplomatlarına təqdim etmişdir. Məhz bu cəsur, qəhrəmanlıq qarşısında 1920 ci ilin yanvarında bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk edirlər. Ermənilərin Naxçıvanda möhkəmlənmək niyyətləri puça çıxır. Təəssüflə qeyd edək ki, ermənilər silahla əldə edə bilmədiklərini Sovet hakimiyyətinin ilk illərində əldə etdilər.


 
... 1965-ci il. Qəribə standartlar şəraitində yaşayırıq: Lenin Milli siyasətinin təntənəsindən ağızdolusu danışdığımız halda Ermənistanda quldur Andranik milli qəhrəman kimi alqışlanır və Azərbaycan rəhbərliyi həmin “şənlikdə” böyük nümayəndə heyəti ilə iştirak edir. Qəribə deyilmi?! İrəvanda soyqırım matəm mitinqləri keçirilir. Onu da deməliyəm ki, həmin anlarda Naxçıvanda dinc durmur, hər bir keçirilən müxtəlif səviyyəli dövlət tədbirlərində etirazlar açıq-saçıq bildirilir (partiya funksionerləri dinləyir, münasibət bildirmirlər), kütləvi etiraz məktubları rəsmi Moskvaya yağdırılır.
 
Sözümün canı budur ki, həmin vaxtlarda Naxçıvan yalnız bu metodlarla öz etirazlarını bildirmək zorundaydı. Məhz bu etirazlar nəticəsində rəsmi Kreml sahibləri Naxçıvanda və Dərələyəzdə “dostluq həftələri” keçirmək barədə Azərbaycan rəhbərliyinə göstəriş verir.
 
... Görkəmli vətəndaş alim Abbas Zamanovun anadan olmasının yüz illiyi münasibəti ilə Prezident sərəncamını mətbuatda oxuduqda ibrətli xatırlama istər-istəməz qələm məhsuluna çevrildi:


 
Səməd Vurğunun akademik M.A.Dadaşzadənin sədrliyi ilə keçən xatirə gecəsində natiqlər bir-birini əvəz edərək dünyasını vaxtsız dəyişən böyük şairimizin həyat və yaradıcılığından danışırlar. Söz Abbas Zamanova verilir:
 
– Əziz həmvətənlilər.... Əziz Səmədsevərlər, Vurğun xalqımızın kisəsindən getdi. Vurğun ruhu haqqında danışmaq azdır, onun canından da çox sevdiyi Azərbaycan torpağının taleyi, müqəddəratı uğrunda mübarizə aparmaq lazımdı.. İndi elə bir az bundan əvvəl buraya gələndə köhnə naxçıvanlı bir alimlə (Bakıda ezamiyyətdə olan Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi Əli Əliyev nəzərdə tutulur. – A.Ə.). Vurğunun xatirə gecəsinə getdiyini biləndə fikirli-fikirli dedi: “Abbas, Naxçıvanı ermənilərə verirlər.... Görəsən Səməd Vurğun sağ olsaydı, buna nə ad verərdi? Dedim, sağ olsaydı, deyərdi: Qədim Naxçıvan torpağı Azərbaycanındır və biz onu heç kəsə verməyəcəyik!
 
Elə bu dəm zal gurladı, hamı ayağa qalxıb natiqi alqışladı... Məmməd Arif handan-hana dedi:



Şəkildə: Məmməd Arif ailəsiylə
 
– Yoldaşlar Naxçıvan məsələsinin Vurğun gecəsinə dəxli yoxdur. Hörmətli alimimiz Abbas müəllim yəqin ki öz səhvini boynuna alar.
 
Bu anda Abbas Zamanov yerindən durub qəzəblə dedi: “Əsla yox!”
 
Məmməd Arif vəziyyətdən çıxmağa çalışaraq dedi:
 
– Yoldaşlar, Abbas Zamanov nahaq narahat olur. Naxçıvana muxtariyyət verən Lenin milli siyasəti onun muxtariyyətini qoruyacaqdır.
 
Salondakılar onun bu sözlərinə də möhkəm əl çaldılar.
 
... Torpağımızın müqəddəsliyi, ulu xalqımızın şərəfli yolunda mübarizə aparmış odlu-alovlu vətəndaş alim Türkiyə Dil qurumunun həqiqi üzvü seçildi. Öz halal qazancı hesabına Ərzurum Universitetinə, Təbrizin Təbiət Universitetinə müntəzəm olaraq qiymətli kitablar alıb göndərirdi. Ərzurum Universitetinin kitabxanasına türk dünyasının ləyaqətli, fədakar oğlu Abbas Zamanovun adı verilmişdir.
 
Atam Əli Əliyev Abbas müəllimdən yeddi yaş böyük idi, hər ikisi Şərur rayonundan idi. Məlum hadisədən sonra Abbas müəllim 6 ildən artıq müddətdə sınmadı, mübarizəsini davam etdirdi, işinə və partiya sıralarına bərpa edildi. Atamın o illərdə dediyi sözlərini olduğu kimi oxuculara çatdırıram: “Məni tənbeh etsələr də, yerlipərəstlikdə günahlandırsalar da, nə bilim, lap şişə taxsalar da, bir danılmaz həqiqəti deməliyəm və ömrüm boyu deyəcəyəm: Naxçıvan-Azərbaycanın misilsiz elm, mədəniyyət mərkəzi, onun ürəkparasıdır. Müqəddəs Azərbaycanımızın döyünən qəlbi, düşünən beyni olmuşdur, Azərbaycanın vuran əlidir Naxçıvan... Alim qardaşım Abbas Zamanov da bu odlu torpağın od ürəkli, vuruşqan, atəş saçan cəngavər oğullarından idi... Əgər Azərbaycan qədim Odlar Yurdu Türk dünyasının qızıl üzüyüdürsə, Naxçıvan onun qeyrət qapısıdır...”
 
Mən Abbas Zamanovun rəhbərliyi altında görkəmli publisist Hüseyn Minasazovun publisistikasından bəhs edən elmi əsər üzərində çalışan ilk aspirant olmuşam. Üç il birgə işlədiyimiz müddətdə elmi rəhbərim və mənə tapşırılan tədqiqat işinin qəhrəmanı arasında biri digərini tamamlayan oxşarlıqlar görmüşəm və bundan təsirlənmişəm.
 
Arif ƏLİYEV,
 
Azərbaycan DBTİA-nın  kafedra müdiri,
 
Əməkdar müəllim
 
525-ci qəzet.- 2011.- 23 noyabr.- S.7.


Ana səhifəyə qayıt        Baxış: 5 480          Tarix: 25-06-2020, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma