Xəbər lenti
 
 
Azərbaycanda hələ orta məktəbdə mədəniyyətlərarası inteqrasiya prinsiplərini qəbul edilməsinə əhəmiyyət verilir. Ali məktəblərdə isə multikulturalizm həm bakalavr, həm də magistr dərəcəsi üzrə təhsil proqramlarında diqqət mərkəzində saxlanılır.
 
Ovqat.com xəbər verir ki, bu iddianı Almaniyanın “Der Freitag” nəşri “Azərbaycanda multikulturalizm – Qafqaz modeli” sərlövhəli yazısında irəli sürüb.
 
Nəşrin fikrincə, bu, əslində bir yenilikdir və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə mümkün həyata keçirilir.
 
Məqalədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun da fikirlərinə yer verilib. Aktuallığını nəzərə alıb məqaləni olduğu kimi təqdim edirik:
 
 
Rəvan Həsənov: “Dünyamız mədəni müxtəlifliklə daha gözəldir. Gəlin, onu birlikdə qoruyaq”.
 
Adətən ən azı iki fərqli mədəniyyətə sahib ölkələrdə həm ziddiyyətlər olur, həm də mədəniyyətlərin qarşılıqlı olaraq biri-birini zənginləşdirmə prosesi gedir. Üstəlik, bu ikili arasında heç də hər zaman seçim imkanı olmur. Mədəniyyətlərin biri-birini zənginləşdirməsi isə çox vaxt sanki bir mübarizəyə çevrilir.
 
Çoxmillətli dövlət olan Azərbaycan bu işin həm problemli tərəfinə bələddir, həm də üstün cəhətlərinə. Məhz bu səbəbdəndir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Ölkədə istər siyasi instansiyaların, istərsə də digər qurumların azlıqların qorunmasına xidmət edən fəaliyyəti də bu siyasətin bir parçasıdır.
 
Azərbaycanda qeydiyyatdan keçmiş yüzlərlə dini icma, ən azı 40 mədəniyyətin nümayəndəsi, o cümlədən 15-dən artıq etnik azlıq var. Belə bir ölkədə mədəniyyətlərarası mübadilənin təmin edilməsi məqsədilə müxtəlif tədbirlərin görülməsi, üstəlik, bu tədbirlərin necə həyata keçirildiyinə nəzarətin olması anlaşılandır. Doğrudur, multikulturalizmin dəstəklənməsi, qorunması istiqamətində tədbirlər yalnız Azərbaycana xas məsələ deyil. Guman ki, belə yanaşma bir sıra dövlətlərdə var. Lakin mədəniyyətlərarası mübadiləyə nəzarətin nə qədər düzgün həyata keçirildiyini yalnız uzunmüddətli müqayisə, eyni zamanda, əldə edilmiş nəticələrlə müəyyən etmək olar. Bu zaman o da nəzərə alınmalıdır ki, zaman-zaman azlıqların müdafiəsilə bağlı çağrışlar da edilir. Odur ki, burada mümkün mənfi halların qarşısının alınması üçün siyasi dəstək vacibdir.
 
Həll olunmamış bu cür münaqişələr tez-tez ortaya siyasi səhvlərin də səbəb olduğu degenerasiya kimi çıxır. Bu gün belə hal özünü ABŞ-da göstərir. Söhbət az qala qlobal kampaniyaya çevrilmiş, artıq heç də dinc xarakter daşımayan “Black lives matter” hərəkatından gedir.
 
2019-cu ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə rəhbərlik edən Dr. Rəvan Həsənov Azərbaycanda etnik qruplar arasında heç zaman heç bir münaqişənin yaşanmadığını deyir: “Bir xalqın özünəməxsus müxtəlifliyi bir növ xəzinə, təbii sərvətdirsə, onun qorunması bunun məntiqi nəticəsidir”.
 
Azərbaycanda mədəni plüralizm yalnız qanunlarla yox, həm də maliyyə yardımları ilə dəstəklənir. Həsənov cəmiyyətdə qeyri-bərabərliyi yalnış sayır və multikulturalizmin əksinin ən yaxşı halda ayrı-seçkilik ola biləcəyini düşünür. R.Həsənov deyir ki, qloballaşmaya və getdikcə miqyaslı xarakter alan miqrasiya proseslərinə nəzər yetirsək görərik ki, mədəniyyətlərarası dialoq həm regional, həm də qlobal təhlükəsizliyin təmini üçün açardır: “Azərbaycan qısa zaman içərisində mənəvi dəyərlər üzərində qurulmuş, müxtəlif xalqlar arasında baş vermiş tarixi münaqişələr nəticəsində ortaya çıxmış ümumi qaydalara əsaslanan siyasət yürütməyə başlayıb”.
 
Azərbaycanın yeni, tolerant nəslin formalaşması yolunda addımlar atdığı ortadadır. Burada hesab edirlər ki, uşaqların hələ orta məktəbdə mədəniyyətlərarası inteqrasiya prinsiplərini qəbul etməsi vacibdir. Birgə, dinc yaşam, digərlərini anlama və qəbul etmə işində yalnız bu halda uğur əldə etmək olar. Rəvan Həsənov deyir ki, Azərbaycanda ali məktəblərdə multikulturalizm həm bakalavr, həm də magistr dərəcəsi üzrə təhsil proqramlarında diqqət mərkəzində saxlanılır. Bu, əslində bir yenilikdir və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə mümkün olub.
 
R.Həsənov “The Prisma”ya müsahibəsində deyir: “Bir dövlətdə mövcud olan müxtəlif mədəniyyətlərin tolerant şəkildə birgə yaşamaqdan başqa yolu yoxdur. Tarix bunu dəfələrlə sübut edib”.
 
Aydındır ki, yeni nəsillərin bu cür tərbiyə edilməsi gələcəkdə də aktual olacaq. Odur ki, heç bir dövlət və xalq bu gün əldə etdiyi uğurlarla kifayətlənməməlidir. Həsənovun fikrincə, bu məsələdə çətinlik həm də millətçilikdən qaynaqlanan problemlərdir. Başqa sözlə, millətçiliyə qarşı məhz multikulturalizm və tolerantlığa əsaslanan fundamental anlayışlarla dayanmaq olar. Rəvan Həsənov hesab edir ki, insanların bu sistemin, bu ideyanın əhəmiyyətini anlaması vacibdir.
 
Beləliklə, aydındır ki, Azərbaycan üçün mədəniyyətlərarsı mübadilə, Həsənovun da qeyd etdiyi dialoq böyük əhəmiyyətə malikdir. Amma bu, adətən dinc, sabit şəraitdə mümkün olur. Odur ki, Azərbaycanın çoxsayılı mədəniyyətlərin mütəşəkkil, birgə və dinc yaşamasına nail olması təəccüblü deyil.
 
Bütün bunları nəzərə alsaq, bəlkə Avropadakı durum yenidən gözdən keçirilməlidir? Avropada Qafqaz modelini tətbiq etmək, yaxud ən azı ondan ilhamlanaraq, tolerantlıq hərəkatı təşkil etmək olmazmı? Əlbəttə ki, buna çox sayda maneə var. Amma Azərbaycanda da bu, siyasi dəstəklə, müxtəlif yardımlarla mümkün olub. Odur ki, bu üsul hər bir demokratik dövlətdə xüsusi önəm daşımalıdır.
 
Müəllif: Asif Məsimov


Ana səhifəyə qayıt        Baxış: 4 176          Tarix: 9-07-2020, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma