Xəbər lenti

 
AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovun Ovqat.com-a müsahibəsini təqdim edirik:


-Rəşad bəy ilk olaraq dünən gün boyu Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı fikirlərinizi bilmək istərdik. Ermənistan birdən-birə Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutmasının arxasında nə durur? 
 
-Baş verənlər təxribatdır və bu, ermənilərin Tovuz istiqamətindəki ilk təxribatı deyil. Biz bundan əvvəl də dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Erməni tərəfi Azərbaycan Ordusunu guya UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmaqda ittiham edərək, baş verən bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir. Lakin bu açıqlamaların heç bir əsası yoxdur. Əgər nəzərə alsaq ki, həmin ərazilər hər iki tərəfdən minalanıb o zaman heç bir silahlanmaya malik olmayan, sadəcə daşınma vasitəsi kimi istifadə olunan UAZ markalı maşınla düşmən üzərinə hücuma keçmək heç bir məntiqə sığmır. Ermənistanın niyə məhz indi bu cür təxribata əl atmasına gəldikdə isə bunu bir neçə faktorla izah etmək olar. Birincisi odur ki, erməni tərəfi münaqişə zonasını Qarabağ istiqamətindən yayındırmağa cəhd göstərir və bununla da KTMT və dolayısı ilə də Rusiyanı münaqişəyə cəlb etmək istəyir. İkinci məqam isə Ermənistandakı situasiya ilə bağlıdır. Başqa sözlə baş verənlər həmçinin Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi kimi də qəbul edilə bilər. Paşinyan hakimiyyyəti güman edir ki, Azərbaycanla sərhəddə təxribat xarici düşmən mövzusunu qabartmağa və bununla da öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa kömək edə bilər. Amma səbəbin nə olmasından asılı olmayaraq bir daha əminliklə demək olar ki, aparılan danışıqların heç bir faydası yoxdur və ona görə də bu cür səmərəsiz danışıqlar dayandırılmalı və torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərar qərar qəbul olunmalıdır.
 
-Rəşad bəy, prezident İlham Əliyev bu yaxınlarda verdiyi müsahibədə ATƏT Minsk Qrupunun fəaliyyətini sərt tənqid edərək aparılan danışıqların status-kvonu saxlanmasına yönəldiyini və bu baxımdan XİN-i arasında videokonfrans şəklində aparılan danışıqların da səmərəsiz olduğunu bildirdi. Sizcə, uzun illərdən sonra prezident tərəfindən ATƏT Minsk qrupuna edilən iradlar nəyin göstəricisidir?
 
-Deməzdim ki, bu prezident tərəfindən ATƏT-in Mİnsk Qrupu ilə bağlı səsləndirilən ilk iradlardır. Zaman-zaman prezident tərəfindən bu cür iradlar səsləndirilib. Sadəcə bu dəfəki iradlar daha sərt şəkildə deyildi ki, bunu da müsbət qiymətləndirmək lazımdır. Doğrudan da ATƏT-in Minsk Qrupu vasitəçiliyi ilə aparılan danışıqlarla münaqişənin həlli istiqamətində hər-hansı bir irəliləyişə nail olmaq mümkün deyil. Bu qurumun fəaliyyəti münaqişənin həllinə deyil atəşkəsin uzaldılmasına yönəlib. Başqa sözlə desək, status-kvonun saxlanılmasına. Elə son bəyantlarında da bunu açıq şəkildə görmək mümkün idi. Ümumiyyətlə ATƏT-in Minsk Qrupu BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərir. Bu mandat verildikdə isə onların üzərinə qoyulan vəzifə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin icrasının həyata keçirilməsi ilə bağlı olub. Lakin təəssüf ki, bu illər ərzində Minsk Qrupu ona verilmiş mandat əsasında fəaliyyət göstərib BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılması ilə bağlı Qətnamələrin icrası ilə məşğul olmaqdansa, Dağlıq Qarabağın statusu ilə bağlı danışıq aparmaq səlahiyyətinə də yiyələnib. Əgər mandatında işğal olunmuş ərazilərdəki erməni hərbi birləşmələrininin qeyd-şərtsiz olaraq çıxarılması nəzərdə tutulan bir qurum bu illər ərzində Ermənistanı təcavüzkar adlandırıb işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bir dəfə də olsun bəyanat verməyibsə, demək ki, bu qurumun və qurumda təmsil olunan həmsədr ölkələrin niyyətləri başqadır. Bu baxımdan prezidentin iradları tamamilə başa düşüləndir.
 
-Sizin də qeyd etdiyiniz kimi prezidentin indi bu iradları daha sərt şəkildə dilə gətirməsi Azərbaycanın bu formatda danışıqlardan imtina etməsi ilə nəticələnə bilərmi?
 
-Mins Qrupunun bu günə qədər olan fəaliyyətinə və eləcə də Ermənistanın bundan əvvəlkilər də daxil olmaqla bütün rəhbərlərinin mövqeyi ona deməyə əsas verir ki, Azərbaycan bu formatdan imtina etməlidir. İkinci bir tərəfdən əgər ölkə başçıları arasında, eləcə də müdafiə nazirlikləri arasında hər hansı birbaşa təmaslar və əlaqələr mövcuddursa ortada hər hansı bir vasitəçiyə də gərək qalmır. O ayrı məsələdir ki, iki ölkə arasında təmaslara da ehtiyac yoxdur. Görünən odur ki, erməni işğal etdiyi əraziləri hər hansı danışıqlarla qaytarmaq fikrindən uzaqdır. Buna görə ən azından onları yenidən masa arxasında oturub real danışıqlara məcbur etmək üçün hərbi əməliyyatların keçirilməsi lazımdır.
 
-ATƏT-in Minsk Qrupundan imtina beynəlxalq müstəvidə Azərbaycanın təzyiqlərlə üzləşməsinə səbəb olmayacaqmı? Eləcə də hərbi əməliyyatların başlaması halında aprel döyüşlərində olduğu kimi Rusiyanın təzyiqi ilə üzləşməyəcəyikmi?
 
-Bu təzyiqlər zaman-zaman olub və bundan sonra olmayacağı ilə bağlı da heç kim zəmanət verə bilməz. Təzyiqlərin neytrallaşdırılması üçün isə konkret addımlar atılmalı, düzgün xarici siyasət həyata keçirilməli, beynəlxalq qurumlarla və yarı-ayrı ölkələrlə ayrılıqda geniş və davamlı iş aparılmalıdır. Bunun üçün də ilk növbədə bu təzyiqlərə davam gətirə biləcək diplomat korpusu olmalıdır. Azərbaycana qarşı təzyiqlərin əksəriyyəti xarici siyasətimizə cavabdeh olan şəxslərin fəaliyyətsizliyinin və fərasətsizliyinin nəticəsində baş verir. Azərbaycanın ATƏT Minsk Qrupundan imtina etməsi və məsələni BMT Təhlükəsizlik Şurasına daşıması ən yaxşı çıxış yoludur. BMT Təhlükəsizlik Şurası ən azından özünün 4 Qətnaməsinin icrası ilə bağlı addımlar atmağa məcburdur. Rusiyanın təzyiqlərinə gəldikdə isə ən azından bu ölkənin Ermənistan rəhbərliyi ilə bu günki münasibətlərindən istifadə edərək hərbi əməliyyatlara başlamaq olar. Ermənistana göz dağı vermək istəyən və kifayət qədər problemləri olan Rusiyanın bu dəfə aprel döyüşlərində olduğu qədər inadcıl davranmayacağını düşünürəm. İkinci bir tərəfdən paralel olaraq Rusiyadakı Azərbaycan diasporunun gücləndirilməsi və fəallaşması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.   Təəssüf ki, bu günə qədər bu işlər həyata keçirilməyib və Rusiyadakı ermənilərin qarşısına bütöv və güclü bir diaspor təşkilatı ilə çıxmaq mümkün olmayıb. Ümumilikdə götürdükdə isə bütün çətinliklərə baxmayaraq dost və qardaş dövlətlərlə mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar çərçivəsinə güclü birlik modeli yaradılmalı və bu birlik təkcə parlamentlər arası əlaqələrlə kifayətlənməməli özündə həmçinin iqtisadi münasibətləri, vizasız gediş gəlişi, vahid ordu yaradılması və s. bu kimi məsələləri də ehtiva etməlidir. Bunların həyata keçirilməsi halında istənilən kənar təzyiqə davam gətirmək də mümkün olacaq.
 
-Vahid birlik modeli ilə bağlı dediklərinizi bir az daha geniş açmağınızı istərdim. Konkret nəyi nəzərdə tutursunuz?
 
-Konkret türk dövlətlərinin və eləcə də bizə yaxınlığı ilə seçilən ölkələrin birlik modelini nəzərdə tuturam. Avropa Birliyinə bənzəyən bir modeldən gedir söhbət. Heç kimə sirr deyil ki, dünyanın böyük güclərin təsiri altında olduğu hazırkı zamanda türk dövlətlərinin birləşib gücə çevrilməsi olduqca vacib və zəruri hadisədir. Dünyada fəaliyyət göstərən güc mərkəzləri, adətən hər hansı bir faktor əsasında yaranır. Avropa Birliyində cəmləşən dövlətlər məkan əsasında birləşib. Ərəb dövlətləri milli zəmində liqa halında birləşib. Asiya ölkələri ərazi üzrə, İslam dövlətləri din əsasında təşkilat yaradıb. Bu təşkilatlarda birləşənlərin hər birinin məqsədi gücə çevrilmək və böyük güclərin həmlələrindən qorunmaqdır. Böyük güclərin təzyiqləri isə təkcə Azərbaycanla bağlı deyil. Hazırda dünya güc mərkəzlərinin, xüsusən ABŞ və Avropa dövlətlərinin Türkiyəyə və bütün türk dövlətlərinə qarşı təhdidlərinin gücləndiyi aydın hiss olunur. Qardaş Türkiyə Cümhuriyyəti NATO üzvü olsa da, bir sıra dövlətlər, xüsusən də Fransa və Almaniya 50 ildir Türkiyənin Avropa Birliyinə üzv olmasına imkan vermir. Əksinə, qeyd etdiyimiz dövlətlər, eləcə də ABŞ  Türkiyəyə qarşı dağıdıcı mövqedən çıxış edən PKK və digər bu kimi terror təşkilatlarına uzun illərdir açıq və gizli formada yardım göstərir. Qısası təhlükəsizliyinin təmin olunması barədə düşünən hər bir dövlətin, o cümlədən türk dövlətlərinin birləşərək güc halında cəmləşməsini zərurətə çevirilib. Türk dövlətlərinin, eyni coğrafi məkanda yaşayan 300 miyondan çox əhalinin bir mərkəzdə birləşməsi bu dövlətlərin hər birinə hava və su qədər vacibdir. Çünki türk dövlətlərinin birliyinin yaranması təkcə bu dövlətlərin özlərinin təhlükəsizliyinin təmin edilməsi üçün yox, həm də bütün region dövlətlərinin təhlükəsizliyinin təmin olunması deməkdir.
 
-Uzun illər ərzində bu şəkildə birliyin yaranmaması hansı faktorlardan doğur? Axı hər bir türk dövləti başa düşməlidir ki, bu şəkildə birlik təkcə xarici təsirlərdən qorunmağa deyil, eləcə də güclü iqtisadi patensialın formalaşmasına təkan verə bilər.
 
-İlk olaraq onu deyim ki, bayaq da qeyd etdiyim kimi indiyədək türk dövlətləri arasında arzulanan birliyin olmaması üzündən hər bir türk dövləti müxtəlif dərəcədə təhdidlərlə üzləşib. Azərbaycan türk dövləti iki əsrdən çoxdur ki, xristian Rusiyanın və İran İslam Respublikasının maddi və hərbi yardım göstərdiyi Ermənistan tərəfindən təhdidə və işğala məruz qalıb. Azərbaycanın tarixi əraziləri qonşu Rusiya və İran dövlətləri tərəfindən zəbt olunub. Bununla kifayətlənməyən Rusiya və İran tarixi ərazilərimizdə Ermənistan dövləti yaradıblar. Bu işğal və təhdid prosesi bu gün də davam edir. Torpaqlarımızın 20 faizinin Ermənistan kimi iqtisadi və hərbi baxımdan bizdən qat-qat zəif olan dövlətin işğalı altında qalmasının əsas səbəbi də, türk dövlətləri arasında birliyin olmamasından irəli gəlir. Məhz bu səbəbdən də dünya güclərinin müdafiəsinə güvənən cırtdan Ermənistan Türkiyə kimi güclü dövlətə qarşı soyqırım iddiası ilə hücuma keçib və bir çox xristian dövlətlər də ermənilərin bu sərsəm iddiasını müdafiə edir. Sualınıza gəldikdə isə bu daha çox türk dövlətlərinin bir qisminin müstəqil qərar qəbul etmək imkanlarının olmaması ilə bağlıdır. SSRİ-nin süqutundan sonra müstəqilliyinə qovuşan türk dövlətlərinin bir qismi bu gün də Rusiyanın əlinə baxır və ondan asılı vəziyyətdə yaşayırlar. Onların bu asılılıqdan qurtarması üçün isə gücə ehtiyac var. Bu gün bu güc rolunda çıxış edə biləcək ölkələrdən biri və birincisi Türkiyədir. Amma dünya güclərinə qarşı mübarizədə tək Türkiyənin gücü də yetərli deyil. Ona görə də söhbətin əvvəlində də qeyd etdiyim kimi bu birlikdə həm də bizə yaxın olan ölkələrin patensialından istifadə edilməlidir. Misal üçün Pakistanın. Pakistanın həm Türkiyəyə, həm də bizə olan isti münasibətlərini hər kəs bilir. Pakistan həm də o ölkədir ki, bu günə qədər Ermənistanı dövlət kimi tanımayıb və onunla həra hansı bir əlaqələr qurmayıb. Üstəgəl Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatını yaradan 3 ölkədən biridir. Digər iki ölkə Türkiyə və İrandır və bu gün həmin təşkilatda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi türk dövlətləri də cəmləşib. Ən əsası isə Pakistan nüvə silahına malik ölkədir və yalnız güc dilində başa düşən müasir dünya üçün belə bir ölkənin də birliyə cəlb olunması çox uğurlu nəticələr verər. 
 
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 8 442          Tarix: 13-07-2020, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma