Xəbər lenti


“Dünən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə keçirilən aksiya Azərbaycan gəncliyinin vətənpərvərliyinin, igidliyinin və Dağlıq Qarabağ probleminə biganə olmadığının nümayişi idi. Azərbaycan hakimiyyəti insanlarımızın bu əhal-ruhiyyəsindən düzgün istifadə etməli, milli-mənəvi enerjini işğal altında olan torpaqlarımızın qurtarılmasına yönəltməlidir”.
 
Ovqat.com xəbər verir ki, 1990-cı illərdə Naxçıvanın müdafiəsində əvəzsiz rol oynamış “Sportrota”nın döyüş komandiri İbrahim Əliyev bildirib.
 


Əməkdaşımızla söhbətində keçmiş komandir qeyd edib ki, 30 ildir insanlarımızın içində toplanan bu müsbət enerjidən məkrli niyyətləri üçün istifadə edən xarici və daxili düşmənlər də var və ötən gün dinc aksiyanın öz məhvərindən çıxarılması da bu planın tərkib hissəsidir.
 
“Azərbaycan yetkililəri başqa qüvvələrə bu fürsəti vermədən özü gəncliyin enerjisini boşaltmağa şərait yaratmalı, ümummilli səfərbərlik elan etməlidir. Əks halda vətənpərvər oğulların qəlbində getdikcə artan daxili enerji sıxılmış qaz effekti verə və proseslər arzuolunmaz istiqamətlərə yönələ bilər. İndiki şəraitdə ən doğru yol 30 ildir toplanan enerjini işğal altında olan torpaqların azad edilməsinə yönəltməkdir. Bu da Ali Baş Komandanın qərarından asılıdır”.
 


Ali Baş Komandan ümumi səfərbərlik əmri verərsə, keçmiş döyüşçülərini bir araya gətirib Vətən torpağının müdafiəsində ön sıralarda xidmət göstərəcəyini bildirən İbrahim ƏIiyev digər əsgər yoldaşlarının da buna hazır olduqlarını bildirib: “Biz “Sportrota” döyüşçüləri dünən bir araya gəlib Azərbaycandakı son vəziyyəti müzakirə etdik. Xüsusilə general-mayorumuzun ön cəbhədə şəhid olmasını böyük təqdirlə qarşıladıq və onun qisasını almağa söz verdik. Cənab Prezidentimizdən isə bir təvəqqemiz var: bu andımızı yerinə yetirmək şəraiti yaradılsın”.
 
Qeyd edək ki, “Sportrota”nın döyüş əməliyyatları üzrə müavini İbrahim Əliyev isə SSRİ qoşunları tərkibində Əfqanıstanda ağır döyüş yolu keçmiş, səngərlərdə, üz-üzə hərbi döyüşlərdə mübarizənin sirlərinə vaqif olmuşdu. Sovet ordusunda müsəlman xalqların irəli çəkilməsinin və mükafatlandırılmasının mümkün olmadığı bir dövrdə İbrahim Əliyev 2 illik həqiqi hərbi xidmətindən xeyli mükafat və yüksək rütbə ilə evə qayıtmışdı. O, bir əsgərin yüksələ biləcəyi ən yüksək rütbəyə - baş serjantlığa və döyüşlərdə göstərdiyi şücaətə görə igidlik medalına layiq görülmüşdü. Sovet ordusu sıralarında qazandığı bu təltiflər “Sportrota”nın döyüş əməliyyatlarına rəhbərlik edən şəxsin hərbi təcrübəsindən xəbər verir. 
 


İbrahim bəy “Sportrota”nın gənc əsgərlərinin yetişməsində xüsusi rol oynamış, onlarla bərabər səngərlərdə əlində silah Vətən qorumuşdu. Onu riqqətə gətirən elə general-mayor Polad Həşimovun ön cəbhədə əsgərləriylə eyni səngərdə düşmən atəşinə məruz qalmasıdır. Təcrübəli döyüşçü Azərbaycan unudulmuş hərb mentalitetinin Şah İsmayıl Xətai ənənələrinə söykəndiyinə inanır. Onun fikrincə, bu ənənə ordu komandirlərini paytaxtda rahat kabinetlərdə oturmasını yox, Şah İsmayıl Xətai kimi əsgərlərinin önündə dayanmağı tələb edir. Şəhid general-mayor Polad Həşimov da məhz bu ənənəyə sadiq qaldığı üçün ən böyük hərbi titulu – şəhidlik zirvəsini qazana bilmişdir.
 


Ana səhifəyə qayıt        Baxış: 5 344          Tarix: 15-07-2020, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma