Xəbər lenti

 
 
Azərbaycanın özü belə, ərazisinin 20%-ni işğal edən Ermənistanı bir dövlət kimi tanıyır. İki ölkənin rəhbərliyi, özəlliklə Xarici İşlər nazirləri müxtəlif zamanlarda bir araya gəlib Dağlıq Qarabağ problemini müzakirə edirlər. Hətta keçmiş Xarici İşlər nazirimiz bu “cükküldəşməkdə” ağını elə çıxarmışdı ki, Prezident İlham Əliyev bununla bağlı xüsusi müşavirə keçirib onu vəzifədən qovdu
 
Bizimkilərdən fərqli olaraq, dünyada hələ də Ermənistanı bir dövlət kimi tanımayan var – Pakistan. Rəsmi İslamabad  Ermənistanı nəyə görə tanımasa, yaxşıdır: Dağlıq Qarabağı işğal etdiyinə görə. Yəni özgələr bizim halımıza bizdən daha çox yanırlar. 
 
 “The Express Tribune”  qəzetinin “Pakistan Ermənistanın müstəqilliyini tanımayan yeganə ölkədir! - Niyə? sərlövhəli yazısı da məhz bundan bəhs edir.
 
Ovqat.com nəşrin müəllifi Andrey Korıbkonun qələmə aldığı məqaləni təqdim edir.
 
Pakistan Ermənistanın müstəqilliyini tanımayan yeganə ölkədir. Doğrudur, Cənubi Qafqazda belə ölkə həqiqətən mövcuddur və o, BMT-nin üzvüdür. Lakin o, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı əhalisinin hüquqlarını kobud şəkildə pozub və pozmağa davam edir. Odur ki, İslamabad Ermənistanı tanımamaqla, Yerevanın bu siyasətinə etirazını nümayiş etdirir. Pakistan bu məsələdə prinsipialdır.
 
İslamabadın Ermənistanı dövlət olaraq tanımaması üçün həqiqətən də çox ciddi səbəblər var. Gəlin, onlara nəzər salaq.
 
Pakistanın bu qərarının əsasında Dağlıq Qarabağ münaqişəsi dayanır. Bu münaqişə 1988-ci ildə alovlanıb, az sonra genişmiqyaslı müharibəyə çevrilib və savaş 1994-cü ildə başa çatıb. Qarabağ problemi bügünədək “dondurulmuş münaqişə” olaraq qalır.
 
Problemin səbəbinə gəlincə, SSRİ-nin son illərində Azərbaycan SSR-yə məxsus Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi qonşu Ermənistan SSR-i ilə birləşmək istəyilə çıxış edib. Bu, bütünlükdə Sovet İttifaqında millətçilik ab-havasının gücləndiyi dövr idi. Belə vəziyyətin yaranmasına isə SSRİ-nin rəhbəri Qorbaçovun “aşkarlıq” adlı uğursuz təcrübəsi səbəb olmuşdu.  
 
Əslində, Ermənistanla Azərbaycan arasında narazılıq əvvəllər də mövcud idi. Amma Sovet hakimiyyəti onları nəzarətdə saxlaya bilirdi. Bu vəziyyət mərkəzi hakimiyyətin 1980-ci illərin sonlarında dağılmasına qədər davam edib.
 
Qeyd edək ki, hələ Stalinin hakimiyyəti dövründə əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində saxlanılmasına qərar verilmişdi. Bəzi tənqidçilər hesab edir ki, Stalin bu qərarı “parçala hökm sür” siyasəti çərçivəsində qəbul etmişdi. Amma bu vəziyyət Sovet İttifaqının dağılmasınadək heç vaxt ciddi problem yaratmamışdı.
 
Nəhayət, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri separatçı etnik ermənilərə dəstək olaraq, Azərbaycan ərazisinə hücum edib. Müharibə onların qələbəsilə bitib və nəticədə regionun azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalıb. Maraqlıdır ki, bu gün Ermənistanın özü belə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Yerevan anlayır ki, onun qondarma qurumun müstəqilliyini tanıması beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanacaq.
 
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistandan öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxarması tələb olunur. Lakin Yerevan bu tələblərə məhəl qoymur.
 
Problemin həllilə məşğul olan ATƏT-in Minsk qurupu 2007-ci ildə “Madrid prinsipləri” adlanan təkliflərlə çıxış edib. 2009-cu ildə həmin təkliflərin yenilənmiş variantı ortaya qoyulub. Yerevan öz növbəsində, bu təkliflərə maraq göstərsə də, iddia edir ki, onun “Madrid prinsipləri”nə yanaşması ilə Azərbaycan tərəfinin yanaşmasında fərq var. Bu üzdən də Ermənistan “Madrid prinsipləri”nə əməl olunmasını qeyri-müəyyən müddətə təxirə salıb.
 
Ermənistan-Azərbaycan sərhədində bu günlərdə baş vermiş hərbi toqquşmalardan sonra beynəlxalq ictimaiyyətin diqqəti yenidən həll edilməmiş bu münaqişəyə yönəlib. Bu haqda “Medianın Ermənistan və Azərbaycan haqda fikirlərinə inanmayın” və “Ermənistanla Azərbaycan “Madrid prinsipləri”ni dərhal yerinə yetirməlidir” başlıqlı məqalələrimdə bəhs etmişəm. Yenidən alovlanan münaqişəni geosiyasi çərçivədə başa düşmək istəyən oxucalar bu məqalələrlə tanış ola bilər.
 
İslamabadın mövqeyinə gəlincə, onun Azərbaycan və Türkiyə ilə güclü əlaqələri var. Bu, Pakistanı Ermənistanın müstəqilliyini tanımamağa sövq edir. Lakin onun bu qərarı göründüyündən daha böyük anlam kəsb edir. Pakistan dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin birtərəfli qaydada, zorla dəyişdirilməsinin, demək, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin qəti əleyhinədir. Bundan başqa, İslamabad əmindir ki, Yerevan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə qeyd-şərtsiz əməl etməlidir. O, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasını dəfələrlə qınayıb.
 
Lakin Pakistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı bu prinsipial mövqeyi haqda çox az insanın məlumatı var. Odur ki, Pakistan xüsusilə müsəlman ölkələrini bu mövqeyi haqda məlumatlandırmalıdır. Bu zaman o, müsəlman ölkələri arasında “yumşaq güc”ə malik cəlbedici dövlətə çevrilə bilər.
 
Sonda qeyd edək ki, Kəşmir və Fələstin münaqişələri kimi, Dağlıq Qarabağ problemi də Avrasiyada “saatlı bomba”dır. İslamabadın Cənubi Asiya və Yaxın Şərqdəki həll edilməmiş münaqişələrlə bağlı mövqeyi demək olar ki, hər kəsə bəllidir. O, Cənubi Qafqazdakı münaqişə ilə bağlı mövqeyini də dünyaya çatdırmalıdır.


Ana səhifəyə qayıt        Baxış: 4 182          Tarix: 24-07-2020, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma