Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
ABŞ Belarusiyada baş verənlərdən narahat olan Rusiyanın sözügedən ölkəyə silahlı müdaxilə edə biləcəyini gözdən qaçırmamalıdır.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Hörbst “The National Interest” çıxan bir məqaləsində belə yazıb.
Con Hörbst
Diplomat qeyd edib ki, zahirən sabit rəhbərlərini xatırladan Prezident Aleksandr Lukaşenko "rejimi" 26 ildən sonra istefanın astanasına dirənib: “Kütləvi etiraz aksiyaları Lukaşenkonun 9 avqustda keçirilmiş prezident seçkilərini "oğurlamaq" cəhdindən sonra ölkəni silkələyir. Hakimiyyətin sərt tədbirləri — minlərlə insanın həbsi, hər yerdə "işgəncələrin tətbiqi" hələ ki, uğurla nəticələnməyib. Hələlik Lukaşenkonun təhlükəsizlik qüvvələrinin ölkədə asayişin bərpası üçün lazım olan hər şeyi etməyə qadir olub-olmadığını qəti şəkildə söyləmək olmaz. Vəziyyət Lukaşenkonu Rusiya prezidenti Vladimir Putinə üz tutmağa vadar edib.
Belaruslu "diktatorun" sözlərinə görə, o, Moskva ilə elə bir razılaşmaya nail olub ki, Rusiya iğtişaşların aradan qaldırılması üçün respublikanın daxili işinə müdaxilə edə bilər. Moskva da belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Lukaşenko ümid edir ki, Rusiyanın hərbi müdaxilə təhlükəsi Belarus Silahlı Qüvvələrinin mənəvi ruhunu artıracaq və etirazçıları geri çəkilməyə məcbur edəcək”.
Hadisələrin bu cür inkişafının Kreml üçün ciddi problem yaratdığını yazan Hörbst, Belarusun geopolitik əhəmiyyətindən bəhs edib. O xatırladıb ki, Lukaşenkonun dövründə Belarusiya uzun müddət Avrasiya İqtisadi İttifaqının əsas üzvü olub və bu ittifaq Putinin xarici siyasətinin vacib istiqaməti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) etibarlı müdafiə tərəfdaşıdır: “Bundan əlavə, respublika NATO ilə həmsərhəddir və Kalininqrad yaxınlığında yerləşir. Putin-Lukaşenko münasibətlərini sadə adlandırmaq mümkün olmasa da, Kreml başçısı seçkinin nəticələrinin dəyişilməsini qəbuledilməz hesab edir. Beləliklə, Rusiya Belorusda hakimiyyəti qorumağa niyyətlidir. Lukaşenko isə hal-hazırda çətin vəziyyətdədir: qəddar repressiyalara başlayıb, amma uğursuz olub. Onun legitimliyi pozulub və hələ də vəziyyətə nəzarət edə bilmir”.
Ukraynadan fərqli olaraq Belarus xalqında antirus əhval-ruhiyyəsinin təşəkkül tapmadığını vurğulayan müəllif müxalif liderlərin mövqeyini bunun ən bariz nümunəsi olaraq göstərib: “Müxalifət NATO-ya və ya Avropa İttifaqına üzv olmağa çalışmır. Müxalifətin prezidentliyə aparıcı namizədi Svetlana Tixanovskayanın bəyan etdiyi kimi, mitinqlər tamamilə “evcildir” (yəni xaricdən idxal olunmayıb – Ovqat.com) və Qərbin təsiri yoxdur. Ukrayna avromaydanından fərqli olaraq, Aİ-nin bayraqları mitinqlərdə dalğalanmır. Üstəlik, müxalifətin digər lideri Mariya Kolesnikova hətta repressiyalara qatılmış belaruslu məmurlara qarşı Aİ-nin sanksiya tətbiq etməsi üçün çox erkən olduğunu bildirib.
Lukaşenkoya dəstək verən Rusiyanın onun yerinə kimisə təyin etmək məqsədilə Belarusu işğalı xalqın əhval-ruhiyyəsini də dəyişə bilər... Putin avtoritar liderlərin xalq üsyanları və nümayişləri ilə öz postunu buraxmaq məcburiyyətində qalmasını sevməsə də, o, 2018-ci ildə Nikol Paşinyanın rəhbərlik etdiyi kütləvi aksiyalardan sonra Ermənistanın Baş naziri Serj Sarqsyanın istefası ilə razılaşdı.
ABŞ diplomatının fikrincə, Rusiya qoşunları Belarusda nəzarəti bərpa edə bilər, ancaq bu, o qədər də asan başa gəlməyəcək: “Belorusda müxalifət başsızdır və ya onların birlikdə qərar verə biləcək mərkəzi rəhbərliyi yoxdur. Nümayişlər isə təkcə Minskdə deyil, ölkənin bir çox şəhərlərində də davam edir. Təşəbbüs tez-tez geniş kütlələrdən gəlir. Odur ki, Moskva onminlərlə, bəlkə də daha çox hərbçini bütün ölkə boyu yerləşdirməli olacaq. Stabilləşdirmə, böyük ehtimalla, on minlərlə insanın həbsi və çoxsaylı qurbanların sayəsində mümkün olacaq”.
Rusiyanın vəziyyətini tündləşdirən əsas məsələlərdən birinin də sosial media olduğuna diqqət çəkən diplomatın fikrincə, bu amil Moskvanın xalq üsyanlarını qəddarcasına yatırmaq imkanlarını azaldır: “Kremlin Belarusa hücumu və onun nəticələri sosial şəbəkələrdən dərhal məlum olacaq. Rusiya qüvvələri sosial mediada “ərəb baharı”nın əvvəllərində Suriya prezidenti Bəşər Əsəd qoşunlarının etirazçılara etdiyi basqın zamanı olduğu kimi çirkin görünəcək. Əlbəttə ki, Moskva və Lukaşenko "rejimi" interneti söndürə bilər, lakin bu müvəqqəti bir tədbir olacaq. Bu, sadəcə müxalifətin zorakılıqları işıqlandırma səylərini çətinləşdirəcək, amma onun qarşısını almayacaq”.
Putinin başının təkcə Belarusda deyil, öz daxilində də üsyanlara qarışdığına diqqət çəkən müəllif xüsusilə Xabarovskidəki proseslər üzərində dayanıb: “Putin də Rusiyadakı vəziyyəti nəzərə almalıdır. Artıq 6 həftədir ki, Xabarovskidə məşhur qubernator Sergey Furqalın həbsinə qarşı nümayişlər keçirilir. Son həftələrdə nümayişçilərin hücum etdikləri obyektlər Rusiyanın federal sistemləri olub. Uzaq Şərq və Sibirin bir çox şəhərlərində Xabarovski üsyançılarına dəstək nümayişləri keçirildi. Son iki həftə ərzində isə Xabarovskidəki nümayişçilər də Minskdəki "yoldaşlar”ı dəstəkləyən həmrəylik aksiyaları ilə yadda qaldılar.
Digər tərəfdən, müxalifət lideri Aleksey Navalninin Sibirdə keçirilən regional seçkilərin təşkili zamanı zəhərlənməsi onu göstərir ki, Kreml nümayişlərdən və onların regional seçkilərə təsir imkanlarından qəzəblənib... Hələlik Moskva bu şəhərdəki nümayişçilərə divan tutulmayıb. Putin Xabarovskiyə və Belarusa qoşun göndərərkən digər yerlərdə gözlənilməz nəticələri nəzərə almalıdır”.
Bəs Belorusda gözlənilən repressiyalar Xabarovskidə iğtişaşlara necə təsir göstərə bilər?
Məqalədə bu suala da cavab axtaran müəllif yazır: “Əlbəttə, bu bir həqiqətdir ki, “Kremldəki qırğılar” Belorusda güc tətbiqinin Uzaq Şərqdə etirazçıları qorxudacağını düşünə bilərlər”.
Müəllifin fikrincə, Belarusda represiyalara başlanacağının ilkin əlamətləri belə artıq görünməyə başlayıb: “Bütün bunlar Putinin Lukaşenkoya asayişi bərpa etmək üçün vaxt verəcəyini göstərir. Avqustun 19-da Belarus hakimiyyəti müxalifət liderlərini əks tədbirlər görməklə təhdid etdi və avqustun 20-də prokurorluq onlara qarşı cinayət işi açdı. Bundan başqa, etiraz aksiyalarının keçirildiyi Qrodno şəhəri yaxınlığında Belarus qoşunlarının cəmləşdiyi bildirilir. Bu, yeni repressiyaların başlanğıcı ola bilər. Son iki gün ərzində Lukaşenkoya dəstək verən kiçikmiqyaslı mitinqlərdə Moskvanın Donbasdakı müharibəsiylə bağlılığı o qədər gizli olmayan Georgi bayraqlarının peyda olması da Kremlin səbr kasasının dolduğu haqda xəbərdarlıq ola bilər”.
Hal-hazırda hadisələrin mümkün inkişaf yollarının sayının artdığını vurğulayan diplomatın fikrincə, əgər Lukaşenko hakimiyyətdə qalmaqda israr etsə və buna onun öz imkanı kifayət etməsə, Moskva çətin seçim qarşısında qalacaq: “ABŞ bütün bu nüansları nəzərə almalıdır ki, Belarusda "qan tökülməsinin qarşısını almağa" və hakimiyyətin Lukaşenkodan yeni liderə sülh yolu ilə verilməsinə kömək etməyə çalışsın. Bununla əlaqədar Ağ ev administrasiyası Aİ-nin Xarici İşlər nazirlərinin hakimiyyətin ötürülməsində vasitəçilik səylərini dəstəkləməlidir. Administrasiya və Konqres iğtişaşların qarşısının alınması məqsədilə sərt tədbirlərdə iştirak edən olan belaruslu məmurlara qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirməlidir. Bu addım məntiqli olardı və onu Aİ-nin ümumilikdə razılaşdırılmış analoji sanksiyaları ilə əlaqələndirmək lazımdır”.
Lakin bu tədbirlərin Kremlin müdaxiləsi təhlükəsini aradan qaldırmadığına inanan diplomatın fikrincə, ən yaxşı variant Rusiya Belarusa qoşun göndəriləcəyi təqdirdə, ABŞ-ın ona qarşı tətbiq edəcəyi sanksiyaları indidən göstərməsi olardı: “Belə sanksiyalar qüvvədə olan qanunvericiliyə uyğun tətbiq edilə bilər... Vaşinqton, həmçinin, ikilitəyinatlı texnologiyaların, enerji və kibertəhlükəsizlik texnologiyalarının ixracına qoyulan məhdudiyyətləri də sərtləşdirməlidir. Məqsəd Moskvanın yeni işğalına son qoymaq üçün yeni sanksiyalar tətbiq etməkdən ibarət olmalıdır. Buna görə də sanksiyalar kifayət qədər sərt olmalıdır ki, Moskva bu təzyiqi hiss etsin. Bunu etmək üçün ən optimal yol vaxt çatışmazlığı səbəbindən qüvvədə olan qanunvericiliklə kifayətlənməməli, xüsusi fərman əsasında Belarusa sanksiyalara dair ayrı bir idarəetmə orqanı yaradılmalıdır...
ABŞ administrasiyası bu sanksiyanı necə reallaşdırmağın yollarını axtarmalıdır. Həm Administrasiya, həm də Konqres bu addımları kordinasiya etmək üçün Aİ ilə əlaqə saxlamalıdır. Lakin Aİ bu addımı atmasa belə, Vaşinqton təkbaşına hərəkət etməyə hazır olmalıdır. Bu, qabaqlayıcı tədbirlər məqsədilə nəzərdə tutulan və istifadə olunan sanksiyalar üçün ən optimal və ağlabatan yoldur”.
Haşiyə
Ovqat.com xəbər verir ki, yazı dərcə hazırlanan zaman Moskvadan Belarusa hərbi müdaxilə planları barədə yeni məlumatlar gəldi. TAAS informasiya agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ehtiyat qüvvələrinin formalaşdırdığını bəyan edib.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Sergey Brilevə müsahibəsində bildirib. Putin müsahibəsində deyib:
"Aleksandr Qriqoryeviç [Lukaşenko] məndən hüquq-mühafizə orqanlarının əməkdaşlarından ehtiyat hissələri formalaşdırmağı xahiş edib. Mən də bunu etdim. Lakin biz razılığa gəldik ki, vəziyyət nəzarətdən çıxmayana qədər ondan istifadə olunmayacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar