Xəbər lenti
 
 
Azərbaycanın yenicə təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramov avqustun 26-da bu vəzifədə ilk dəfə Rusiyaya səfər edib. 
 
Ovqat.com Rusiyanın NEWS.ru nəşrinə istinadən xəbər ki, səfər Moskvanın dəvətilə baş tutub. Bunu nəşrə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova da etiraf edib.
 
NEWS.ru-nun Lavrov Bakıya söz verdi ki, diplomatiyanı canlandıracaq” sərlövhəli yazısında bildirilir:
 
 
Azərbaycanın xarici işlər nazirinin Moskva səfəri Bakı ilə Yerevan arasında iyulda yaşanmış növbəti gərginlik fonunda baş verib. Bu, digər ikitərəfli əlaqələrlə eyni vaxta təsadüf edib. Məsələn, avqustun 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edib. O, Bakıda həm həmkarı Zakir Həsənov, həm də ölkə prezidenti İlham Əliyevlə görüşüb. Rusiyanın müdafiə naziri Bakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasiminə də qatılıb. Bu kubok “ArMİ-2020Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilir. Oyunlar Azərbaycan, Ermənistan, Belarus, Rusiya və Özbəkistanın ərazisində təşkil edilir. Azərbaycan paytaxtı “Dəniz Kuboku”nu dördüncü dəfədir qəbul edir.
 
Şoyqu Bakıda bəyan edib ki, Moskva Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil. Onun sözlərinə görə, Rusiyanın Ermənistana silah tədarükü və hərbi əməkdaşlığı da daxil olmaqla, heç bir addımı bölgədəki üçüncü ölkəyə qarşı deyil. “Ermənistanla sərhəddə baş verənlərdən xəbərimiz var və hadisələri narahatlıqla izləyirdik. Bəri başdan demək istəyirəm ki, nə əvvəl, nə də indi bizim heç bir addımımız qonşumuz və tərəfdaşımız Azərbaycana qarşı yönəlməyib”, - deyə nazir bildirib.
 
Şoyqunun səfərinin səhəri gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya gəlib. Gözlənildiyi kimi, əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan sərhədində iyulda baş vermiş gərginlik olub. O zaman Ermənistan özünün ərazi bütövlüyünün müdafiəsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də, təşkilatın ciddi reaksiyasına nail ola bilməmişdi. Görünür, səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın bu strukturla köhnə ədavətidir.


 
Bakı ilə Yerevan arasında münasibətlərin nizamlanmasına cavabdeh olan digər vacib orqan isə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupudur. İyul gərginliyinin buna birbaşa aidiyyəti olmasa da, ərazi münaqişəsi faktı özü-özlüyündə iki ölkə arasındakı hərbi təxribatların əsas tətiyidir.
 
Beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Bakı ilə Yerevanın münasibətlərində əsas moderator rolunu ilk növbədə Moskva oynayır. Kreml ardıcıl olaraq danışıqların davam etdirilməsinin tərəfdarı kimi çıxış etsə də, proses ləngiməkdə davam edir. Bu yaxınlarda ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycanı ciddi müzakirələrin zəruriliyi haqda xəbərdar edib. Yerevanda hazırkı formatı məhsuldar saysalar da, Bakıda bu tezisi şübhə altına alırlar ki, bu da anlaşılandır. Dağlıq Qarabağ beynəlxalq səviyyədə de-yure Azərbaycan ərazisi kimi tanınsa da, de-fakto Ermənistanın nəzarətindədir. Odur ki, Ermənistan hakimiyyətinin status-kvodan razı olması tam məntiqlidir.
 
Ceyhun Bayramov bildirib ki, Yerevanın iyul qarşıdurması zamanı reallaşdırmağa çalışdığı “yeni hərbi strategiya” ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini görüşdürmək planına mane olur.
 
Azərbaycan diplomatiyasının başçısı Sergey Şoyqunun Bakıda bir gün əvvəl müzakirə etdiyi mövzuya da qayıdıb – söhbət Rusiyanın erməni tərəfinə silah-sursat tədarükündən gedir. Nazir vurğulayıb ki, Moskva ilə Bakı bu məsələdə “stretiji tərəfdaşlıq ruhunda” qarşılıqlı anlaşmaya nail olub.
 
Sərhədyanı toqquşmalar və Dağlıq Qarabağ ətrafında mübahisələrə gəldikdə isə, Rusiya və Azərbaycan rəsmiləri yenidən münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə həlli yoluna sadiq qaldıqlarını ifadə ediblər. Azərbaycanlı nazirin fikrincə, Yerevanın son hərəkətləri hər şeydən əlavə, Ermənistanın daxili problemlərdən diqqəti yayındırmaq cəhdidir. Jurnalistlərin suallarını cavablandıran Bayramov xatırladıb ki, Bakı 30 ildir danışıqları dəstəkləsə də, proses məhz erməni tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından ləngiyir.
 


Lakin Bayramovun səfəri zamanı yalnız bu məsələ qaldırılmayıb. Avqustun 26-da hələ rəsmi danışıqlardan əvvəl Azərbaycan və Rusiya nümayəndə heyətlərinin üzvləri qeyri-formal şəraitdə iki ölkə arasında hava əlaqələrinin bərpa olunmasını müzakirə ediblər. Azərbaycan rəsmiləri Rusiya paytaxtına xüsusi reyslə gəlmişdilər, lakin Bakı ilə Moskva arasında hava yolu ilə daimi sərnişin daşımaları hələlik bərpa edilməyib. Tərəflər kommersiya reyslərinin açılmasının zəruriliyini bildirib. Bununla belə, hələlik problemin həlli istiqamətində konkret qərarlar haqda danışmaq tezdir. Çünki Moskva ilə Bakı koronavirusun profilaktikasına çox ciddi yanaşırlar. Elə bu səbəbdən, hər iki nümayəndə heyəti danışıqlar masası arxasında maskada oturmuşdu.
 
Sergey Lavrov giriş nitqində bildirib ki, Ceyhun Bayramov Moskvaya ilk dəfə gəlməsə də, bu, onun xarici işlər naziri qismində Rusiyaya ilk səfəridir. Lavrov həmkarını yeni təyinatı münasibətilə təbrik edib, Rusiya ilə Azərbaycan arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyinə əminliyini bildirib. “Hiss edirəm ki, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlərlə bağlı çox faydalı və maraqlı söhbətimiz olacaq”, - deyə Lavrov qeyd edib.
 
Ceyhun Bayramov isə öz növbəsində xatırladıb ki, hazırda Moskva ilə Bakı arasında 200-dən çox saziş qüvvədədir və onlar “çox uğurla həyata keçirilir”. Daha 50-yə yaxın yeni müqavilə hazırlıq mərhələsindədir. “Onlar siyasət, iqtisadiyyat və humanitar əlaqələr daxil olmaqla, çox geniş spektri əhatə edir”, - deyə nazir vurğulayıb.
 
Danışıqlar başa çatdıqdan sonra XİN başçıları birgə mətbuat konfransı keçirib. Onlar “saatların tutuşdurulması”nın uğurlu keçdiyini etiraf ediblər. Diplomatlar təhsildən, birgə iqtisadi layihələr tutmuş, koronavirusa qarşı mübarizəyədək ən müxtəlif sahələrdə sıx tərəfdaşlıq münasibətlərinin olduğunu xatırladıblar. Sergey Lavrovun sözlərinə görə, Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq müraciətini dəstəkləyəcək. Bakı bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və bunun müşahidəçi statusuna kimi yüksəldilməsində maraqlıdır.
 
Bayramovla Lavrov Rusiyanın koronavirusa qarşı peyvənd tapması haqda da danışıblar. Moskva peyvəndin verilməsində digər tərəfdaş ölkələr kimi, Azərbaycanın da prioritet olduğunu bildirib.
 
Renat Abdullin, Lyubov Qlazunova
 


Ana səhifəyə qayıt        Baxış: 3 559          Tarix: 27-08-2020, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma