Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Hindistan Rusiyanın sentyabrda keçirilməyi planlaşdırdığı "Qafqaz-2020" strateji komanda-qərargah təlimində iştirakdan imtina edib.
Ovqat.com-un məlumatına görə, bunu Hindistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Nazirlik imtinanın səbəbini “koronavirus pandemiyası və onun nəticələri ilə bağlı çətinliklər, o cümlədən bu bəlanın logistikanın təşkilində yaratdığı problemlərlə” əlaqələndirib. Yeni Dehli öz qərarı barədə artıq Moskvaya məlumat verib və qeyd edib ki, bununla belə Rusiya ilə Hindistan yaxın və imtiyazlı strateji tərəfdaşlar olaraq qalırlar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 5 xarici dövlətin iştirakı gözlənilirdi. Onlardan biri olan Hindistanı bu təlimlərdə 200 hərbçi təmsil edəcəkdi.
Qeyd edək ki, istər Rusiya, istərsə də Hindistan bu təlimlərə ciddi həvəslə hazırlaşırdılar. İki dövlətdən başqa “Qafqaz-2020” təlimlərində İran, Belarus, Myanmanın da iştirakı gözlənilir. Təlimlərə qatılmağa hazırlaşan dövlətlərin siyahısına nəzər salasaq, onların beynəlxalq birliklə ciddi problemlərinin olduğunu görə bilərik. İran, Rusiya və Belarusun Qərblə, Hindistanın Pakistanla ciddi münaqişələri var. Myanmaya gəlincə, Tramp hakimiyyətə gələndən sonra Uzaq Şərqin bu kasıb ölkəsi Çinin təsir dairəsinə girib. Rusiya isə xüsusilə Hindistanı bu təlimlərə dəvət etməklə faktiki olaraq Çini özündən “küsdürmüş”, bu dəvətdən sonra iki ölkə arasında soyuq yellər əsməyə başlamışdı. Belə bir vəziyyətdə Hindistanın son anda təlimlərdən imtina etməsi Rusiyanın Uzaq Şərqdə də yalnızlığa sürükləndiyini göstərir.
Halbuki, Çinin son zamanlar Rusiya ilə iqtisadi münasibətlərini gücləndirməyə meylləndiyi hiss olunurdu. Rəsmi Pekin Yaxın Şərqdən aldığı nefti xeyli azaltmış, rus bazarına yönəlmişdi. Statistik məlumatlara görə, Çin Rusiyadan aldığı neftin həcmini 31% artırmışdı. Qərb tərəfindən ağır sanksiyalara məruz qalan Rusiya üçün bu dar macalda açılmış nəfəslik idi. Bununla belə, Moskvada Pekinin bu yaxınlaşma siyasətinə birmənalı yanaşılmır, rus iqtisadiyyatının Çin təsiri altına düşməsindən ehtiyat edilir. Rusiyanın Hindistanla hərbi əlaqələrə daha çox önəm verməsi də bu qorxuyla izah olunur.
Hindistan isə regionda bir tərəfdən Çin, digər tərəfdən Pakistanla hərbi və siyasi rəqabət halındadır və bu rəqabətdə ABŞ-ın yardımına ehtiyac duyur. Yeni Dehli nə qədər Rusiya ilə hərbi strateji müttəfiq olaraq qaldığını bəyanlasa da, “Qafqaz-2020” təlimlərindən imtina etməsində Qərb təsirinin də mühüm rol oynadığı istisna deyil.
Əslində Hindistanın “Qafqaz-2020” təlimlərində iştiraka qərar verməsindən dərhal sonra həm Çinlə, həm də Pakistanla sərhədlərində ciddi problemlər özünü göstərməyə başlamışdı və yəqin ki, onun son anda qərarından vaz keçməsində bu amillər də rol oynayıb. Kəşmir məsələsinə görə Pakistanla müharibənin astanasına gələn Hindistan artıq 4 aydır ki, Çinlə sərhəddəki Ladax əyalətində böyük bir təhlükə ilə üz-üzədir. Məlumata görə may ayının əvvəlində Ladaxda iki ölkə hərbçiləri arasında 250 nəfərin iştirak etdiyi ciddi dalaş çıxmış, 100-dən artıq əsgər yaralamışdı. İyunun 15-dən 16-na keçən gecə isə Çin və Hindistan əsgərləri mayda yarımçıq qalan hesablaşmalarını davam etdirmiş və nəticə də xeyli hərbçi həlak olmuşdu. Hindistan ordu mənbələrinin məlumatına görə, odlu silahdan istifadə olunmayan, yalnız çubuq və daşların işə salındığı dalaşda ən azı 20 hərbçisini itirmiş, 76 nəfər isə yaralanmışdı. Rəsmi Yeni Dehli qarşıdurmalarda təxminən 45 Çin əsgərinin öldürüldüyünü və yaralandığını da gizlətməmişdi. Pakistanın da Myanma kimi Çin tərəfindən dəstəkləndiyini nəzərə alsaq, Hindistanın bu iki düşmən qüvvənin iştirak etdiyi təlimlərdən imtinasının digər başlıca səbəbi də ortaya çıxır.
“Qafqaz-2020” strateji komanda-qərargah təliminin digər potensial iştirakçısı Belarusa gəlincə, Miskin son zamanlar başının özünə qarışdığı sirr deyil. Belarus xalqının Lukaşenko hakimiyyətinə qarşı üsyanı Avropanın bu əzazil və son diktatorunu Putinin qucağına atıb və Moskva indi həmin üsyanı yatırmağın yollarını axtarır, hətta öz hərbi qüvvələrini bu ölkəyə göndərməyə çalışır. Sözsüz ki, öz ölkəsindəki vəziyyətə nəzarət edə bilməyən silahlı qüvvələrin başqa coğrafiyada əzələ nümayiş etdirmək qabiliyyəti olmaz və böyük ehtimalla Belarus da bu təlimlərdən geri çəkilmək məcburiyyətində qalacaq. Belə görünür ki, “Qafqaz-2020” təlimlərində 3 ölkə iştirak edəcək, onlardan ikisi isə müsəlmanlara qan udduran Myanmanın təbii düşmənidir. Pakistanla İranın Azərbaycan məsələsinə həssas yanaşdığını, “Qafqaz-2020” təlimlərinin əslində Rusiyanın bu coğrafiyada hegemonluq görsənişi (nümayiş) olduğunu nəzərə alsaq, həmin ölkələrin də öz qərarlarını yenidən gözdən keçirəcəkləri ehtimalı istisna edilməməlidir. Xüsusilə Ermənistanın iyulun 12-də Azərbaycana hərbi təcavüzündən sonra Rusiyanın açıq-aşkar onun tərəfində yer alması “Qafqaz-2020” təlimlərinə tamamilə fərqli rəng qatır. Həmin döyüşlərin ən qızğın çağlarında Rusiyanın Ermənistana göndərdiyi təyyarələrin İran üzərindən keçməsinə icazə verən Tehran bu addımı ilə öz “müsəlman həssasiyyətini və səmimiyyətini” ortaya qoymuş olsa da, hər halda bunun gizli qalacağına ümid edirdi. Döyüşlər sırasında Azərbaycana İranın üzəvari sözlü dəstəyinə kölgə salan bu hərəkətin rəsmi Bakı, üstəlik ölkə başçısı İlham Əliyev tərəfindən faş edilməsi, ümidvarıq ki, Tehran tərəfindən nəzərə alınacaq. Ən azı ona görə ki, prezidentin rusiyalı həmkarı ilə telefon söhbətində dilə gətirdiyi, daha sonra isə ictimailəşdirdiyi bu hadisə Azərbaycanın xarici əks-kəşfiyyat dairələrinin regionda baş verən bütün üstüörtülü oyunları dəqiqliklə izlədiyini sübut edir və hər kəs kimi İranın da zəif nöqtələri var. Yaxın qonşular isə bir-birinin zəif nöqtələrinə toxunmamalı, əksinə, onu gücləndirməyə çalışmalıdırlar. Əks halda qonşunun dəmir qapısına daş atmaq vərdişindən əl çəkə bilməyənlər şüşə evlərinin komfortuna çox bel bağlaya bilməzlər.
Pakistana gəlincə, Azərbaycanın hərbi cəhətdən ən güclü strateji müttəfiqlərindən sayılan bu ölkə, görünür, “Qafqaz-2020” təlimlərinin əsl mahiyyətindən xəbərsizdir. Zənnimizcə, bu məlumatsızlıq Rusiyanın bu təlimlərinin Cənubi Qafqaza sahibliyin nümayişi olduğunu və bu regionda əsasən müsəlmanların, o cümlədən Azərbaycan xalqının məskunlaşdığını İslamabada çatdıra bilməyən diplomatik korpusumuzun yetərsiz çalışmalarından qaynaqlanır. Yəqin ki, yeni Xarici İşlər naziri sələfindən miras qalan bu səhvləri nəzərə alacaq, xüsusilə strateji müttəfiqimiz sayılan ölkələrlə ünsiyyətimizi daha da gücləndirəcək.
Düzdür, rəsmi Moskva “Qafqaz-2020” təlimlərinin hər hansı xarici ölkəni təhdid etmədiyini, sadəcə özünün cənub-qərb müdafiə xəttinin hərbi ayıqlığını artırmaq məqsədi güddüyünü bildirsə də, onun bir sıra rəqibləri bu arqumentə inanmırlar. Xüsusilə Gürcüstan, Ukrayna və NATO hərbi qüvvələri təlimlərin Rusiya ordusunun yeni təcavüzkar müdaxilələrə hazırlıq mərhələsi kimi qiymətləndirirlər və hədəf ölkələr arasında Azərbaycanın da adı çəkilir. Hərbi təlimlərin keçiriləcəyi coğrafiyanın genişliyi və Rusiyanın bu manevrlərə ciddi şəkildə hazırlaşması da bu ehtimalı qüvvətləndirir.
Belə ki, təlimlərin sentyabr ayında keçirilməsinə baxmayaraq, ona hazırlıq iyulun 17-dən başlayıb. Məlumata görə, həmin tarixdə Rusiya Prezidenti Vladimir Putin ordunun “qəfil yoxlanması” barədə əmr verib. Faktiki “Qafqaz-2020”-a hazırlığın özü belə ayrıca təlim kimi keçirilir. Rusiyanın Müdafiə Nazirliyinin iddiasına görə, yoxlama ordunun hazırlıq səviyyəsinin qiymətləndirilməsi, həmçinin hərbi birlik və hissələrin "Qafqaz-2020" təliminə buraxılmasına dair qərar üçün aparılıb.
“Qafqaz-2020”-a hazırlıq çərçivəsində Rusiyanın cənubunda 6 minə yaxın hərbçinin və 750-dək hərbi texnikanın iştirakı ilə xüsusi təlimlər başlayıb. Manevrlər avqustun 21-dək davam edib və rus əsgərləri guya, sentyabrda keçiriləcək "Qafqaz-2020" strateji komanda-qərargah təliminə hazırlığın nəzarət mərhələsindən keçiblər. Rusiya hərbi ekspertləri hesab edirlər ki, “Qafqaz-2020” təlimlərinə Quru Qoşunlarının, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin bölmələri qatılacaqlar və planlaşdırılan bu manevrlər Rusiyanın Cənub Hərbi Dairəsi Qüvvələrinin döyüş hazırlığını artırmağa imkan verəcək.
Hazırlıq təliminin keçirildiyi məkan da düşündürücüdür: Volqoqrad, Rostov, Həştərxan, Dağıstan və Krım vilayətləri. Sentyabrda başlayacaq əsas təlimlərə isə bu bölgələrdən savayı, Stavropol, Şimali Osetiyada, Adıgey, Çeçenistan, habelə Abxaziya və Cənubi Osetiyadakı ordu hissələri də qatılacaq. Faktiki olaraq bu bölgələr arasında Rusiyanın hərbi təcavüz yoluyla ələ keçirdiyi Gürcüstan və Ukrayna torpaqları da yer alır.
Təlimlərə Dağıstanın da əlavə olunması Rusiyanın Azərbaycanın şimal sərhədlərində də əzələ nümayiş etdirməsi mənasına gəlir. Məlumata görə, təkcə ölkəmizin şimal sərhədləri regionunda iyulun sonunda keçirilən təlimlərə hazırlıq mərhələsində Rusiya ordusunun Cənubi hərbi dairəsi və Zaqafqaziyadakı qüvvələrinin motoatıcı, tank və artilleriya hissələrinin irimiqyaslı batalyon təlimləri keçirilib. Bu tədbirlərdə 10 mindən çox əsgər iştirak edib. Ümumilikdə isə qəfil yoxlamalara 150 minə yaxın hərbi qulluqçu, 400-dən artıq uçuş aparatı, 26 min ədəddən çox hərbi texnika, 100-dən çox hərbi və təchizat gəmiləri cəlb olunacaq.
Üstəlik, bu o zaman baş verirdi ki, Ermənistanın Azərbaycana hücumu daha səngiməmiş və Türkiyə ordu hissələri ölkəmizə gələrək “Turaz Qartalı-2020” təlimləri keçirirdilər. Eyni anda Rusiyanın şimal sərhədlərimizdə böyük miqyaslı təlimlərə başlaması təsadüfə bənzəmir, rəsmi Bakıya və müttəfiqlərinə verilmiş mesaj kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, hərbi ekspertlər və siyasi xadimlər “Qafqaz-2020” təlimlərinin təcavüz aktına çevriləcəyindən narahatdırlar. Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar da bu narahatlığı bölüşənlərdəndir. Onun mediaya verdiyi açıqlamaya görə, “istənilən təlim tezliklə hərbi əməliyyatların aktiv fazasına keçə bilər”.
"Hərbi hücumun mümkünlüyü ilə bağlı fikirləri xeyli sayda hərbi ekspert və analitik bölüşür. NATO-da da Rusiyanın Ukraynaya qarşı hərbi potensialından istifadənin nə qədər real olduğunu anlayırlar, özü də hərbi gərginliyin baş verməsi yaxın perspektivdə mümkündür",-deyə Bodnar hələ iyun ayında “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirmişdi.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, "Qafqaz-2020" təlimləri çərçivəsində Rusiya bu ölkə ilə sərhədinə 120 min hərbi qulluqçu, 3 min zirehli maşın, 500-dən çox tank, 300 təyyarə, 250 helikopter, 50 gəmi və 5 sualtı qayıq göndərməyi planlaşdırır.
"Rusiya Qafqaz-2020 təlimləri çərçivəsində bütün kəşfiyyat növlərini gücləndirib qoşunlarını müəyyən regionlara yerləşdirəcək. Onlar təlimlərdən sonra daimi dislokasiya yerlərinə qayıdacaqlarmı? Həmçinin, təlim adı altında başqa addımların atılıb-atılmayacağı da bəlli deyil", - deyə iyulun 20-də Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski mətbuata müsahibəsində bildirib.
Ukrayna rəsmilərinin bu naharatlığını NATO qüvvələri də bölüşür. Bildirildiyinə görə, Qafqaz-2020-yə cavab olaraq, NATO "Birləşmiş Təşəbbüslər-2020" komanda-qərargah təlimləri keçirmək niyyətindədirlər. Görünən budur ki, Qara dəniz – Xəzər dənizi bölgəsi getdikcə daha çox NATO ilə Rusiya arasında hərbi poliqona çevrilir.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar