Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Türkiyə və Rusiyanın Cənubi Qafqaz regionunda əzəli rəqabəti getdikcə qızışır. Azərbaycan da istər-istəməz bu rəqabətin əsas hədəflərindən birinə çevrilib. Bəs, bu rəqabət bizə nə vəd edir?
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Ovqat.com-a müsahibəsində bu suala aydınlıq gətirir.
-Rəşad bəy, son bir neçə müddətdir ki, Rusiyanın istər Azərbaycana istərsə də Türkiyəyə qarşı həmlələrinin şahidi oluruq. Bu durumda Azərbaycan və Rusiya rəsmilərinin qarşılıqlı səfərləri də həyata keçirildi. Lakin görünən odur ki, hər hansı bir müsbət irəliləyişə nail olmaq mümkün olmayıb. Belə vəziyyəti və onun yaradacağı nəticələri necə şərh edərdiniz?
-Nəticələri şərh etməzdən öncə Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti haqqında danışmaq yerinə düşər. Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dollar, Rusiyanın isə Azərbaycana qoyduğu investisiya 4,9 milyard dollar həcmindədir. İllik ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb, Rusiyanın ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollardır. Hazırda iki ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Başqa sözlə, fakt ondan ibarətdir ki, bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Digər tərəfdən isə erməniləri Cənubi Qafqaza gətirən və onların burada möhkəmlənməsini təmin edən, illər ərzində Ermənistan ərazisini genişləndirən, nəhayət, Dağlıq Qarabağ problemini yaradan da məhz Rusiyadır. Bu, Rusiyanın strateji marağına uyğun olaraq apardığı siyasətdir və görünən odur ki, Rusiya əsrlər boyu həyata keçirdiyi siyasətdən imtina etmək fikrində deyil. Rusiyanın nə zamansa Cənubi Qafqazdakı strateji maraqlarından və erməniləri dəstəkləməsindən əl çəkəcəyini gözləmək sadəlövlük olardı. Hazırkı gərginliyə gəldikdə isə qeyd etmək lazımdır ki, movcud münasibətlərdəki gərginlik bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Düşmən ölkəni davamlı olaraq silahlandırması, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çıxışının yaratdığı qıcıq, Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda regionda söz sahibliyini itirmə qorxusu və bundan çıxış edərək Azərbaycana yönəlik təzyiqləri nəhayət ki, hakimiyyəti sərt təpki göstərməyə məcbur etdi. Göstərilən təpkinin, prezident İlham Əliyevin rəsmi Moskvaya olan reaksiyasını ictimailəşdirməsinin, Ceyhun Bayramovun Moskvadakı mətbuat konfransında ortaya qoyduğu mövqe və ən nəhayət, prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamasının Rusiya üçün nə dərəcə böyük təpki olduğunu deyə bilmərəm, amma uzun illərdir Rusiyanın bir dediyini iki etməyən Azərbaycan üçün sadaladığım addımlar kifayət qədər ciddi görünür.
-Ceyhun Bayramovun Rusiyaya səfərini qeyd etdiniz. Həmin səfəri necə qiymətləndidirsiniz?
-İstənilən səfərə və danışıqlara qiymət nəticələrə görə verilməlidir. Bu gün görünən odur ki, ortada hər hansı bir müsbət nəticə yoxdur. Rusiyanın son bir neçə ayda Ermənistana silah-sursat daşıması bu gün də davam edir. Əgər rəsmi Bakı ilk olaraq 400 ton yüklə bağlı məsələ qaldırmışdısa bu gün həmin yükün həcmi artıq 500 tonu keçir. Rusiya hər nə qədər də daşınan yükün tikinti materialları olduğunu desə də, bu cavab Azərbaycan rəsmilərini qane etməyib və istər xarici işlər naziri, istərsə də prezidentin köməkçisi bunu açıq tekstlə bəyan ediblər. Çünki ölkəmizin əlində olan kəşfiyyat məlumatları bunun tamamilə əksini deyir. Amma bütün bunlara rəğmən, Ceyhun Bayramovun xarici işlər naziri olaraq Azərbaycanın haqlı mövqeyini Rusiya rəsmilərinə çatdırması və eləcə də Mətbuat Konfransında mediaya açıq müraciətləri qaneedici sayıla bilər. Ceyhun Bayramovun iyulun 12-16-da Ermənistanla sərhəddə gedən döyüşlərin Azərbaycanın nəqliyyat infrastrukturunu təhlükə altına salmaq məqsədilə törədilən təxribat olduğunu vurğulaması, danışıqların imitasiya xarakteri daşımamalı olduğunu xüsusi olaraq vurğulaması ilə Rusiya artıq gördü ki, qarşısında nə əvvəlki qədər sözəbaxan Azərbaycan var nə də nə danışdığını özü belə başa düşməyən xarici işlər naziri.
-Səfərin nəticələrinə görə qiymət verilməli olduğunu dediniz. Rusiya XİN başçısı Lavrovun tərəflərin danışıqlarda iştirakının imzalanan sənədlərdəki şərtlər daxilində davam edəcəyini və danışıqları aparanların tərkibini dəyişmək cəhdlərinin qəbuledilməz olduğunu deməsini uğur kimi təqdim etmək olmazmı?
-Lavrov məlum bəyanatı ilk dəfə deyildi ki, səsləndirirdi. Və son bəyanatda da təkcə Dağlıq Qarabağ ermənilərinin danışıqlar prossesində iştirakının yolverilməzliyinə işarə etmirdi. Tək onları nəzərdə tutsaydı, bunu ad çəkərək açıq şəkildə qeyd edərdi. Amma bəyanat ümumi xarakterli idi və daha çox Türkiyənin prosseslərə qoşulmasının əleyhinə olan bəyanat kimi başa düşülməlidir. Bu gün ATƏT Minsk Qrupu ilə bağlı yanlış bir təəssürat var. Minsk qrupu deyəndə ancaq Rusiya, ABŞ və Fransa nəzərdə tutulur. Halbuki, ATƏT Minsk Qrupu tərkibində adını çəkdiyim 3 ölkə ilə yanaşı Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiya da var. Başqa sözlə Türkiyənin də ATƏT Minsk Qrupunun üzvü olaraq danışıqlarda iştirakına heç kim qadağa qoya bilməz. Rusiyanı narahat edən də elə bu faktdır. Türkiyənin Azərbaycanla yaxınlığı, regionun digər dövləti olan Gürcüstanla sıx münasibətləri bu dövləti regionun söz sahiblərindən birinə çevirir. Rusiyanı narahat edən məqam Türkiyə-Azərbaycan münasibətlərinin yeni müstəviyə çıxmasıdır. Hazırda intensiv müzakirələr, hərbi-siyasi dialoq getməsini Rusiya da yaxından izləyir və narahatdır ki, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər. Bir daha qeyd edirəm, bu Rusiyanı çox narahat edir ona görə də bütün imkanlarla Azərbaycana təzyiq edir. Nümayiş etdirir ki, əgər siz mən dediyimlə oturub durmasaz, sözə baxan olmasaz, mən Ermənistanı açıq şəkildə müdafiə edəcəyəm. Əslində isə bizi yeni müharibə ilə təhdid edir. Azərbaycan bu vəziyyətə hazır olmalıdır.
-Yeni müharibə ehtimalını nə dərəcədə ciddi hesab edirsiniz?
-Ehtimallar kifayət qədər ciddidir. Rusiyanın Azərbaycana təzyiq etmək üçün Ermənistandan istifadə etmək ehtimalı yüksəkdir. Tovuz hadisələri dövründə və xüsusilə ondan sonra intensiv şəkildə Ermənistanı silahlandırması da bu məqsədə xidmət edir. Bu baxımdan Tovuz istiamətindəki hərbi təxribatı yoxlama məqsədli də hesab etmək olar. Ruslar düşünür ki, Ermənistan tərəfindən məhdud da olsa uğurlu əməliyyat həyata keçirilərsə, bu, Azərbaycan tərəfindən ciddi mesaj kimi qəbul edilə bilər. Bütün bunları nəzərə alaraq gecikmədən Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqlik haqqında saziş imzalanmalıdır. Heç kim demir ki, saziş imzalanmalı və Türkiyə bizim əvəzimizə torpaqların işğaldan azad olunması üçün döyüşməlidir. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan ordusunun vəzifəsidir və mən əminəm ki, ordumuz bu işin öhdəsindən layiqincə gəlmək gücündədir. Hərbi müttəfiqlik sazişi isə Rusiyaya və eləcə də Ermənistanı müdafiə etmək niyyətində olan başqa dövlətlərə düşmənimizi müdafiə edəcəkləri halda Türkiyənin də yanımızda olacağını çatdırmaq üçün bir mesaj olacaq. Başqa sözlə Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalanacağı halda həm Rusiya, həm də Ermənistan baş verəcək hər hansı bir təxribatın bədəllərinin ağır olacağını dərk etmiş olacaqlar.
-Rusiyanın Azərbaycana təzyiq imkanlarını anladıq, bəs Türkiyəyə qarşı hansı təzyiq imkanları var?
-Rusiya Türkiyəyə qarşı birbaşa təzyiq etmək gücündə deyil. Bunu Suriyada da, Liviyada da gördük. Çünki Türkiyəyə açıq şəkildə təzyiq NATO üzvü olan bir dövlətə təzyiq etmək anlamını daşıyır. NATO dövlətləri Türkiyənin bu və ya digər ölkələrlə münasibətlərində Türkiyənin yanında dayanmasalar da Rusiya ilə konflikt zamanı Türkiyəni mövqeyini müdafiə edəcəklər və Rusiya da bunu yaxşı başa düşür. Odur ki, daha çox dolayı faktorlarla təzyiq etməyə çalışır. Elə bu günlərdə Rusiyanın Türkiyəyə qarşı PKK kartından istifadəyə cəhd etməsi bunun ən bariz sübutudur. Bildiyiniz kimi bir neçə gün əvvəl rəsmi Moskva Suriyada olan PKK/YPG rəhbərlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qarşılayaraq onların Suriya siyasi sisteminə inteqrə etməklə bağlı çalışmalara başlayıb. Moskvada Suriya rejiminin nümayəndəsi ilə PKK/YPG rəsmiləri arasında aparılan danışıqlardan sonra 5 bənddən ibarət saziş imzalanıb. PKK/YPG-nin nümayəndə heyətinin tərkibinə terrorçu təşkilatın himayəsində fəaliyyət göstərən Demokratik Suriya Şurasının üzvləri Sanharib Barsum, Sihanok Dibo və Hikmət Həbib də daxildir. Heyət Əsəd rejiminə və Moskvaya yaxınlığı ilə tanınan Suriya Xalq İradəsi Partiyasının başçısı Qədri Cəmillə 3 günlük danışıqlar çərçivəsində bir müqavilə imzalayıb. Moskvanın da dəstəklədiyi müqavilədə tərəflər "Suriyanı muxtar şəkildə idarə olunması" və PKK-nın "Cenevrədə konstitusiya ilə bağlı danışıqlarda" təmsil olunması barədə razılığa gəliblər. Razılaşma çərçivəsində həmçinin terror təşkilatı PKK / YPG-nin Suriya ordusuna daxil edilməsinə də qərar verilib. Rəsmi Ankara isə öz növbəsində təbii olaraq PKK / YPG-nin Moskvada qarşılanmasına sərt reaksiya verib. Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada “terror təşkilatı PKK / YPG-nin rəhbərliyi altında qondarma "Suriya Demokratik Şurası"nın bir qrup ünsürünün Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya rəsmi qurumları tərəfindən yüksək səviyyədə qəbul olunması” qınanılıb. Rəsmi Ankaranın Rusiyaya ünvanladığı bəyanatda Rusiya Federasiyasının Astana sammitinin ruhuna və Astana formatlı yığıncaqlarda qəbul olunan öhdəliklərə uyğun hərəkət etməsi və terror təşkilatı PKK / YPG-yə bağlı təşkilatların mənafeyinə xidmət edəcək addımlardan çəkinməsi istənilib. Gözləmək olar ki, Rusiya tərəfindən bu kimi fəaliyyətlərin ardı gələcək və əlində olan imkanlardan istifadə edərək Türkiyə əleyhinə yönəlik fəaliyyətini davam etdirəcək.
Söhbətləşdi: Nicat Türkoğlu,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar