Xəbər lenti


“Prezident İlham Əliyevin Yunanıstanın yeni səfiri ilə görüşdə səsləndirdiyi fikirlər onun bir müddət əvvəl elan etdiyi “hücum diplomatiyası”nın ən gözəl örnəyidir”.

Milli Məclisin vitse-spikeri Adil Əliyev Strateq.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Prezident həmin görüşdə səsləndirdiyi fikirlərlə təkcə Yunanıstana deyil, Azərbaycana qarşı ədalətsiz mövqe tutan bütün dövlətlərə öz mesajını verdi: “Ölkə rəhbəri bu görüşdə belə, Rusiyanın Ermənistana hərbi yardım göstərməsini təndiq etməklə bu cür məsələlərdə heç kimə güzəştə gedilməyəcəyini ortaya qoydu”.

Xüsusilə iyulun 12-dən 16-na qədər erməni hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində hücumu ərəfəsində Rusiyanın düşmən dövlətə 500 tondan çox silah-sursat göndərməsinin heç bir vasitəçilik missiyasına sığmadığını düşünən vitse-spiker bunun rəsmi Bakıda ciddi narahatlıq doğurduğunu vurğuladı: “Təsadüfi deyil ki, Rusiyanın bu mövqeyi nəticəsində mərhum Heydər Əliyevdən miras qalan balanslaşdırılmış xarici siyasət yürüdən rəsmi Bakı öz siyasət kursunu dəyişdirməli oldu. Çıxışında “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır”,-deyən Prezident bunun ilk nümunəsini şəxsən özü göstərdi”.

Prezidentin Yunanıstan səfiriylə görüşündə Siriza hökumətinin SOCAR-ın yunan qaz şirkəti “DESFA”-nı almasına mane olmasını təsadüfən xatırlatmadığını bildirən Adil Əliyev bunu rəsmi Afinanın TANAP-TAP layihəsini məhv etmək planı kimi qiymətləndirir: “Bilirsiniz ki, bir neçə il bundan əvvəl Yunanıstan iflas etdiyini açıqlamış və o zamankı hökumət istefaya getmişdi. Sol görüşül Siriza hökuməti hakimiyyətə gəlmiş və Rusiya ilə əlaqələrini gücləndirmişdi. Siriza hökumətinin ilk addımı da, Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, SOCAR-ın açıq tender yoluyla aldığı “DESFA”-nın yeni hüquqi sahibinə təhvil verilməsini əngəlləmək olmuşdu. Səbəb, sözsüz ki, Rusiyanın Şərqi Avropaya qaz nəqlini nəzərdə tutan proyektlərinin əsas rəqibini aradan qaldırmaq idi. Təsadüfi deyil ki, Afina hökuməti elə həmin ərəfədə Cənubi Kipr və Ermənistanla hərbi əməkdaşlıq müqavilələri imzaladı. Faktiki olaraq, Azərbaycana düşmən dövlətlər sırasında yer aldı”.

TANAP-TAP layihəsinin bütün əleyhdarlarının hüquqi və siyasi müstəvidəki bütün səylərinin puça uğradığını bildirən Adil Əliyev bundan sonra onların yeganə yolunun həmin boru xəttinin keçdiyi coğrafiyalarda hərbi təxribat törətmək olduğunu düşünür: “Ermənistanın Tovuz istiqamətindəki hücumu da bu məqsədə qulluq edirdi, amma alınmadı. Azərbaycan ordusu bu hücumun qarşısını böyük rəşadətlə aldı”.

Həmsöhbətimizin fikrincə, məsələyə bu aspektdən nəzər salanda Prezident İlham Əliyevin Yunanıstanın yeni səfiri ilə görüşündə Türkiyəni açıq-aşkar dəstəkləməsi təsadüfi deyil: “Türkiyə əvvəla, bizim strateji müttəfiqimiz, qardaş dövlətimizdir. İkinci, Türkiyənin yunanlarla girdiyi mübarizə təkcə qardaş ölkənin milli maraqları ilə əlaqədar deyil. Şərqi Aralıq dənizində həm də Azərbaycanın milli maraqlarının davası gedir. Təsadüfi deyil ki, Azərbaycanla Türkiyə arasında bağlanan hərbi əməkdaşlıq aktına əsasən, Xəzər dənizindəki donanmamız Aralıq dənizində qardaş ölkə ilə birlikdə hərbi təlimlərə başlayacaq. Bu, dünyaya verilmiş güclü mesajdır və Azərbaycanla Türkiyə arasındakı sarsılmaz əlaqələrin ifadəsidir”.



Ana səhifəyə qayıt        Baxış: 3 686          Tarix: 3-09-2020, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma