Xəbər lenti

 
İngiltərənin məşhur “The London Post” nəşri Ermənistanın hazırkı baş naziri Paşinyan hakimiyyətinin populizmindən bəhs edən məqalə yayımlayıb.
 
Ovqat.com “Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır” sərlövhəli məqaləni təqdim edir.
 
 
Klassik realistlər hesab edirlər ki, XX əsrin birinci yarısında kütlənin dövlətin xarici siyasətinin formalaşdırılmasına qarışması fəlakətlərə səbəb olub. Odur ki, onlar diplomatlara kütlənin arxası ilə getməyi deyil, ictimai düşüncəyə əsaslanmağı məsləhət görür. Bu, bəlkə də, yeni qurulmuş, dövlət institutları inkişaf etməmiş demokratik dövlətlərə daha çox aiddir.
 
Bəzən istər kütləvi aksiyalarla, istərsə də normal seçki ilə hakimiyyətə gəlmiş lider populizmə meyilli olur. O, bununla daha çox seçici dəstəyi qazanacağını düşünür. Lakin bu yanaşma xarici siyasət strategiyalarının tərkib hissəsinə çevrildikdə regional, bəzən hətta qlobal fəsadlara yol açacaq şovinist, populist addımlara səbəb olur.
 
Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilab”dan sonra həyata keçirilən xarici siyasət bu baxımdan nümunədir. Dövlət quruculuğu və ya diplomatiya sahəsində təcrübəsi olmayan keçmiş jurnalist Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist meylləri onun baş nazir kimi səlahiyyətlərə başlamasından çox az sonra üzə çıxıb. Əvvəl bu, özünü daha çox daxili siyasətdə göstərirdi. Məsələn, Paşinyan 2050-ci ilə qədər Ermənistan əhalisinin sayının 3 milyondan 5 milyona qədər artacağını vəd etmişdi. Ancaq BMT-nin demoqrafik vəziyyətlə bağlı son hesabatına görə, bu ölkədə 2100-cü ilə qədər əhalinin sayı 913 min nəfər azalaraq, 2,039,000 nəfər təşkil edəcək.
 
Nikol Paşinyanın uzun müddətdir iqtisadi tənəzzül və demoqrafik böhranın hökm sürdüyü Ermənistanda futbol üzrə dünya çempionatının təşkil ediləcəyi, ümumdaxili məhsulun 15 dəfə artırılacağı, ümumi dəyəri 10 milyard dollardan çox olacaq azı 5 texnoloji şirkətin yaradılacağı, ordunun döyüş hazırlığı indeksinə görə ilk iyirmi ordu sırasına, kəşfiyyatın dünyada ilk onluğa daxil olacağı kimi vədləri də qeyri-realdır.
 
Bu populizm orta və uzunmüddətli perspektivdə Ermənistandakı daxili ictimai-siyasi və iqtisadi sabitliyi təhlükə altına qoyur. Paşinyanın bu yanaşmanı xarici siyasətdə də tətbiq etməyə başlaması isə Ermənistanla yanaşı, bütünlükdə regionda ciddi fəsadlara aparıb çıxara bilər.
 
İqtisadi inkişafla bağlı vədlərinin çoxunu həyata keçirə bilməyən, COVID-19 pandemiyasının humanitar və iqtisadi fəsadları ilə mübarizədə aciz qalmış Paşinyan, indi Yerevanın Azərbaycan və Türkiyə ilə bağlı siyasətində populizmə keçib. Məqsəd yalnız erməni ictimaiyyətini “bir bayraq ətrafında” birləşdirməkdir.
 
Yeri gəlmişkən, Paşinyanın 2019-cu ilin avqustunda səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın populizmi ən yüksək səviyyədə qəbul etdiyinin ilk əsas təzahürü idi. Məsələ ondadır ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın işğal altındakı ərazilərinə Yerevanın nəzarət etdiyi haqda fikirləri inkar edirdi. Paşinyan sözügedən bəyanatı ilə əslində, keçmiş rəhbərliyin ənənəvi siyasətindən imtina edib. Onun bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Ermənistanla Azərbaycan arasındakı danışıqların əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya – ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən kəskin tənqid olunub. Amma bütün bunlar Paşinyanı Dağlıq Qarabağ münaqişəsində populizmin yolverilməzliyinə inandıra bilməyib.
 
Əksinə, koronavirus pandemiyasının başlamasından bir neçə ay sonra Paşinyan hökumətinin xarici siyasətlə bağlı populist fikirləri daha da artıb. Məsələn, ölkə rəhbərliyi avqustun 8-də Sevr müqaviləsinin imzalanmasının 100 illiyini qeyd edib. Bu, populizmin ən yüksək həddi sayıla bilər. Məlum olduğu kimi, Osmanlı imperiyası Sevr müqaviləsilə ləğv olunub. Sənəddə keçmiş imperiyanın ərazisinin bölüşdürülməsi nəzərdə tutulurdu. Həmin müqaviləyə əsasən, Türkiyənin şimal-şərq hissəsinin Ermənistana verilməsi planlaşdırılırdı. Bunun baş verəcəyi təqdirdə Ermənistan Respublikasının ərazisi 160 min kvadrat kilometr, yəni bu günkü ərazisindən dəfələrlə böyük olacaqdı. Bu gün onun ərazisi təxminən 30 min kvadrat kilometrdir.
 
Lakin Sevr müqavələsi qüvvəyə minməyib və o, Türkiyənin beynəlxalq sərhədlərinin tanındığı Lozanna müqaviləsilə əvəzlənib. Başqa sözlə, bu gün Sevr müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Görünən isə odur ki, Ermənistan hökuməti belə düşünmür. Hər halda, baş nazir Nikol Paşinyan Sevr müqaviləsinin yüzilliyinə həsr edilmiş “elmi konfrans”dakı çıxışı zamanı bu sənədin “tarixi fakt” olduğunu bildirib: “Bu müqavilə müstəqil dövlətçiliyimizin bərpası üçün keçdiyimiz uzun yolu əks etdirir. Biz Sevr müqaviləsini, onun əhəmiyyətini unutmamalıyıq. Biz bu sənədin verdiyi icmarıcların arxasınca getməyə borcluyuq”.
 
Sevr müqaviləsinin 100 illiyinə həsr edilmiş və Ermənistan hökumətinin maliyyə dəstəyi ilə keçirilmiş tədbirdə bu ölkənin prezidenti daxil olmaqla, bir çox rəsmisi iştirak edib. Prezident Armen Sarqsyan da çıxışında həmin sənədin “müasir Ermənistan və onun milli maraqları üçün mühüm əhəmiyyət kəsb etdiyini” söyləyib.
 
Amma heç bir hüquqi qüvvəyə malik olmayan, sadəcə insanlığın müstəmləkə tarixinin qalığı olan müqavilənin yubileyinin qeyd edilməsi təkcə populizm deyil, həm də Ermənistanın regionda yürütdüyü eksponsianist siyasətin təzahürüdür. Digər tərəfdən, sağlam düşüncəli bəzi ermənilər müqavilə ilə bağlı bu cür icmarıcların təhlükəli olduğunu başa düşür. Məsələn, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirair Libaridyan Paşinyan hökumətini “xəyallara qapılmamağa” çağırır: “Mən bilmirəm bizim başçılarımız bunu bilərəkdən edir, ya yox, ancaq Ermənistan prezidenti və baş nazirinin bəyanatları Türkiyəyə qarşı ən azı diplomatik savaş elan etməyə bərabərdir”.
 
Hər halda, bu gün Yerevan Sevr müqaviləsinin ərazilərlə bağlı müddəalarını qeyd-şərtsiz qəbul edir, xarici siyasətdə onu əsas hədəflərdən sayır. Halbuki, o, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının toxunulmazlığına dair qətnamələri, həmçinin digər sənədləri qəbul etmir. Yeri gəlmişkən, Yerevan ötən aylarda ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə irəli sürülmüş “Madrid prinsipləri”ndən belə, imtina edib. Halbuki, məhz “Madrid prinsipləri” regionda sülhün bərqərar olmasına töhfə verəcək ən real vasitə sayılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu prinsipləri “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi üçün çox mühüm addım” kimi qiymətləndirib. BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb edilir. 2020-ci ilin aprelindən danışıqların bütün mahiyyətinə qarşı çıxmış Ermənistanın xarici işlər naziri isə masada hər hansı sənədin olmadığını bildirir.
 
Beləliklə, Ermənistan Cənubi Qafqazın iki ölkəsi arasında uzun illərdir davam edən münaqişəyə son qoymağa yardım edəcək sənədləri rədd etməklə, ekspansionist, irredentist iddialarla dolu, hüququ qüvvəsi olmayan müqaviləninsə “yubiley”ini keçirməklə, xarici siyasətinin əsl mahiyyətini bir daha ortaya qoyur.
 
“Bu, çox güman ki, rəqiblərimizin və beynəlxalq ictimaiyyətin gözündə Qarabağ problemini məhz ərazi ekspansiyası kimi müəyyən etmək istiqamətində atılmış son addımdır”, - deyə Jirair Libaridyan bildirir.
 
Həqiqətən, Yerevan rəsmilərinin populist xarici siyasəti erməni xalqını daha böyük ərazi iddialarına, qonşu ölkələrə qarşı təcavüzə həvəsləndirir. Belə xarici siyasət region xalqları üçün sülh deyil, ağır fəsadlara yol açacaq hərbi əməliyyatlar vəd edir.
 
Vasif Hüseynov


Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 9-09-2020, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma