Xəbər lenti
 
 
Bakıdan Argentinaya qədər hava yolu məsafəsi hardasa  14 min km-dir. Ekvatorun diametrinin cəmi 12 min 756 km olduğunu nəzərə alsaq, Argentina dünyanın o başından da uzaqda yerləşir. Di gəl ki, Ramiz Mehdiyevlə Əli Həsənov cütlüyünün Azərbaycan  dövlətçiliyinə qarşı elan edilməmiş savaşının əks-sədası bu ölkəyə qədər gedib çıxıb. 
 
Ovqat.com xəbər verir ki, Argentinanın “La City” portalı “Sovet kommunizmindən sonrakı Azərbaycan” sərlövhəli yazısında ölkəmizin müstəqillik elanıyla başlayan müasir dövrünə işıq tutub.
 
Müəllif yazısında 2019-cu ildən başlayaraq, Azərbaycan hakimiyyətində aparılan kadr dəyişikliklərinə də nəzər salıb və korrupsionerlərə qarşı mübarizəni bu cür qiymətləndirib: “...Qeyd olunan dəyişikliklərin pik nöqtəsi 2019-cu ildə olub. Məhz ötən ildən başlayaraq, 1990-cı illərdən hakimiyyətdə önəmli mövqelərə sahib olan kadrların Qərbdə təhsil almış gənclərlə əvəzlənməsinə başlanılıb. Bununla yanaşı, son dövrlərdə korrupsioner məmurlara qarşı kifayət qədər sərt tədbirlər də görülməkdədir”.
 
Məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.


 
Vasif Huseynov
BMTM eksperti
 
Cənubi Qafqazda yerləşən, şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan, əsasən müsalmanların yaşadığı, lakin dünyəvi respublika olan Azərbaycan gələn il müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək. Azərbaycan müstəqilliyini keçmiş Sovet İttifaqının süqutundan sonra ittifaqa daxil olan digər 14 ölkə ilə birlikdə elan edib.
 
Müstəqilliyinin ilk illərində Azərbaycan ciddi iqtisadi-siyasi problemlərlə üzləşmişdi. Üstəlik, ərazisinin 20%-nin qərb qonşusu Ermənistan tərəfindən işğalı ilə onun vəziyyəti daha da ağırlaşmışdı. Bir sözlə, ağır sosial-iqtisadi vəziyyət, daxili siyasi təlatümlər, Ermənistanla müharibə, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğalı nəticəsində 1 milyona qədər insanın qaçqın və məcburi köçkünə çevrilməsi və s. -Azərbaycanın müstəqilliyinin ilk illərində üz-üzə qaldığı vəziyyət idi.
 
Doğrudur, ötən illər ərzində iki qonşu arasındakı münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə edilməyib. Buna baxmayaraq, Azərbaycan istər siyasi, istərsə də iqtisadi baxımdan inkişaf edə, müxtəlif sahələrdə çoxsaylı nailiyyətlər qazana bilib.
 
Sovet İttifaqının dağılmasından sonrakı ilk illərdə ölkədə sənaye istehsalı kəskin azalmışdı. Yalnız 1993-cü ildə bu azalma 50% idi. Bu rəqəm yəqin ki, ümumi mənzərəni təsəvvür etmək üçün kifayətdir. Bundan başqa, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına xaricdən bir dollar belə, investisiya qoyulmamışdı. Nəticədə ölkədə yaşayış səviyyəsi xeyli pisləşmiş, bir çox azərbaycanlı yaşamaq üçün xüsusilə Rusiyaya üz tutmağa başlamışdı.
 
Ölkə inkişaf yoluna 1993-cü ilin iyununda Heydər Əliyevin (vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdu) hakimiyyətə gəlişindən sonra qədəm qoyub. Prezident Heydər Əliyevin ilk addımı makroiqtisadi vəziyyətin sabitləşdirilməsi olub. O, neft-qaz sektorunun inkişafına birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görməyə başlayıb. Nəticədə 1994-cü il sentyabrın 20-də azərbaycanlıların “Əsrin müqaviləsi” adlandırdıqları nəhəng bir müqavilə imzalanıb. Müqaviləyə Azərbaycanla yanaşı, 8 fərqli ölkədən 11 transmilli neft şirkəti imza atıb. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasısürətli iqtisadi inkişafı üçün güclü zəmin yaranıb.
 
Bunun ardınca 1996 və 1999-cu illərdə Bakını müvafiq olaraq Novorossiysk və Supsa ilə birləşdirən neft ixrac boru kəmərləri istismara verilib, 2006-cı ildə isə Azərbaycan neftini dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan ixrac boru xəttinin açılışı olub.
 
Bununla yanaşı, Azərbaycan təbii qaz ehtiyatlarını da dünya bazarına çıxarmaq üçün lazımi infrastruktur yaradıb – Bakı-Tbilisi-Ərzurum (2006) və “Cənub Qaz Dəhlizi” (2020) layihələri buna misaldır.
 
Beləliklə, ölkəyə neft və qaz gəlirləri axmağa başlayıb. Nəticədə ölkə iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu, özünü ölkə iqtisadiyyatının bir çox sektorunda gostərib. 1995-2017 illərdə Azərbaycan iqtisadiyyatına ümumilikdə 125,5 milyard dollar xarici investisiya qoyulub. Bu məbləğin 96,1%-i (120,6 milyard dollar) 2000-2017-ci illərdə yatırılıb. Nəticədə 1992-ci ildə cəmi 1,5 milyard dollar təşkil edən ÜDM, 2010-cu ildə 52 milyard dollara çatıb. Bu, nə az, nə çox – düz 40 dəfə artım deməkdir.
 
Bənzər artım xarici ticarətdə də qeydə alınıb. Əgər 1995-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 2,5 milyard dollar olubsa, 2010-cu ildə bu, 30,9 milyard dollara çatıb.
 
Ötən illər ərzində Azərbaycan iqtisadiyyatının böyüməsi onun Latın Amerikası ölkələri də daxil olmaqla, xarici ölkələrlə iqtisadi əlaqələrini genişləndirib. Bakının amerikalı tərəfdaşları ilə ticarət dövriyyəsinin həcmi 1992-ci ildə 40 milyon dollardan az idisə, 2018-ci ildə bu rəqəm 1 milyard dolları ötmüşdü.
 
Bu gün Azərbaycan Latın Amerikası ölkələrilə istər ikitərəfli, istərsə də BMT, Qoşulmama Hərəkatı və s. beynəlxalq təşkilat çərçivəsində çoxtərəfli əlaqələr qurub.
 
Nəhayət, son illərdə dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması Azərbaycana da öz təsirini göstərib. Lakin o, aparılan hərtərəfli iqtisadi islahatlar nəticəsində neft-qaz sektorundan gələn gəlirlərin azalmasını kompensasiya edə bilir. Bu gün ölkə iqtisadiyyatının xüsusilə turizm, kənd təsərrüfatı və sənaye kimi sektorlarının inkişafı üçün bir çox addımlar atılıb.
 
Bir sözlə, 1993-cü ildən bu yana Azərbaycan istər iqtisadi, istərsə də siyasi baxımdan önəmli sabitlik dövrü keçirir. Hələ həmin illərdə Ermənistanla atəşkəsə nail olmuş prezident Heydər Əliyev ölkənin cənubunda baş qaldırmış separatçı hərəkatı da boğa, bununla da siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin edə bilib.
 
Heydər Əliyevin daxili və xarici siyasi kursunu davam etdirən hazırkı dövlət başçısı İlham Əliyev də Azərbaycanın davamlı inkişafına nail olub. Enerji daşıyıcılarının qiymətindəki güclü dalğalanmaların ölkədə iqtisadi transformasiyanı sürətləndirdiyi bir vaxtda Azərbaycan dövlət idarəçiliyində də böyük dəyişikliklərə gedib. Bu gün onun güclü, mərkəzləşdirilmiş hökumətinin olması, ölkədə siyasi sabitliyin hökm sürməsi hakimiyyət orqanlarına anında lazımi islahatlara başlamaq imkanı verir.
 
Yeri gəlmişkən, qeyd olunan dəyişikliklərin pik nöqtəsi 2019-cu ildə olub. Məhz ötən ildən başlayaraq, 1990-cı illərdən hakimiyyətdə önəmli mövqelərə sahib olan kadrların Qərbdə təhsil almış gənclərlə əvəzlənməsinə başlanılıb. Bununla yanaşı, son dövrlərdə korrupsioner məmurlara qarşı kifayət qədər sərt tədbirlər də görülməkdədir. Hər halda, ötən ilin dekabrında Azərbaycanda ilk dəfə bir regionun rəhbəri yol verdiyi korrupsiya və soyğunçuluq əməllərinə görə həbs edilib. Bundan sonra dövlət qurumlarında korrupsiya halları ilə mübarizə daha geniş vüsət alıb. Nəticədə müxtəlif nazirlik və digər dövlət qurumlarında yüksək vəzifəli məmurlar yol verdikləri nöqsanlara görə mühakimə olunub, bəzilərisə həbs edilib.
 
Azərbaycan COVID-19 pandemiyasının mənfi təsirlərini də iqtisadi sabitlik nəticəsində minimuma endirib. Pandemiyadan dəyən zərərin kompensasiya olunması üçün hökumət ilkin mərhələdə 2,5 milyard manatlıq (1,47 milyard dollar) sosial-iqtisadi paket müəyyənləşdirib. Bu məbləğ pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına, o cümlədən neft və səhm bazarlarındakı dəyişikliklərin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və biznesə təsirinin minimuma endirilməsinə yönəldilib.
 
Doğrudur, qlobal iqtisadi geriləmə 51,53 milyard dollar strateji ehtiyatı olan Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Lakin ölkənin pandemiyanın yaratdığı problemlərin öhdəsindən gələcəyilə bağlı nikbinlik var.
 


Ana səhifəyə qayıt        Baxış: 3 419          Tarix: 9-09-2020, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma