Xəbər lenti
 
 
Bakı və Yerevan yeni müharibəyə hazırlıqdan danışır
 
Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin müəllifi Yuri Roks qələmə aldığı Bakı və Yerevan yeni müharibəyə hazırlıqdan danışır sərlövhəli məqaləsində Dağlıq Qarabağ ətrafında fəallaşan hərbi gərginlikdən bəhs edib.
 
Aktuallığını nəzərə alıb məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.
 
“Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Yerevanla Dağlıq Qarabağ probleminə dair danışıq aparmağın mənasız olduğunu bildirib. O, hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi bəyanatlarla çıxış etdiyi halda sülh razılaşmasından danışmaq əhəmiyyətsizdir”.
 
 Bundan əvvəl Yerevan da hazırda xarici işlər nazirləri səviyyəsində belə, danışıqların planlaşdırılmadığını təsdiqləmişdi.
 
Bu arada tanınmamış “Dağlıq Qarabağ Respublikası” (dırnaq işarəsi bizə aiddir -Ovqat.com) ilə təmas xəttində vəziyyət yenidən gərginləşməkdədir. Son bir həftədə tərəflər arasında atəşkəs rejimi təxminən 300 dəfə pozulub, erməni hərbçisi həlak olub.
 
Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ Ermənistandır” deməklə nəinki bu yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Yəni, bu, siyasi təxribat idi”, - deyə İlham Əliyev aparıcı telekanallara müsahibəsində bildirib.
 
Azərbaycan lideri Yerevanın “DQR”i danışıqlara cəlb etmək cəhdlərini də təxribat hesab edir. “Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər”, - deyə Əliyev qeyd edib.
 
Azərbaycan prezidentinin fikrincə, “faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb… biz yox, ErmənistanBelə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”, - deyə İlham Əliyev vurğulayıb.
 
Azərbaycanın dövlət başçısı qeyd edib ki, Ermənistan beynəlxalq konvensiyalara zidd oaraq işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirir: “Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlib, orada hansısa iş görür. Ondan başqa, bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik?”.
 
İlham Əliyev Ermənistanın təcavüzkar siyasət yürütdüyünü, yeni müharibəyə hazırlaşdığını söyləyib: “Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
 
Bakı tərəfindən belə ittihamlar ilk dəfə səsləndirilmir. Yerevan isə Stepanakertin (Xankəndi – Ovqat.com) 1991-ci ildən demək olar ki, 90-cı illərin sonunadək danışıqlarda iştirak etdiyini dəfələrlə xatırladıb. Onların fikrincə, Azərbaycan “DQR”i öz tərkib hissəsi hesab edirsə, öz vətəndaşları ilə danışıqlardan imtina etməməlidir.
 
İndiki vəziyyət bu və ya digər mənada, Azərbaycandan çox erməni tərəfini qane edir. Demək, erməni tərəfi balansı dəyişməkdə opponentlərindən daha az maraqlıdır. Dağlıq Qarabağdan uzaqda yerləşən sərhədyanı Tovuz rayonunda baş vermiş toqquşmalara gəldikdə, Yerevanın Bakının ittihamlarına cavab olaraq verdiyi sual cavabsız qalıb – Azərbaycanın hərbi avtomobili erməni mövqelərinin yaxınlığında nə axtarırmış? Erməni tərəfi “Tavuş toqquşmaları”nın məhz bundan başladığını deyir.
 
Bu arada, İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsindən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib ki, yaxın vaxtlarda Bakı ilə danışıqların aparılması gözlənilmir. Elə həmin tədbirdə müdafiə naziri David Tonoyan Azərbaycan hərbçilərinin təmas xətti və dövlət sərhədi boyu böyük ərazidə mühəndis-istehkam işləri apardığını deyib. O, hesab edir ki, bununla Azərbaycan erməni tərəfinin mövqe üstünlüyünü aradan qaldırmağa çalışır: “Təbii ki, biz vəziyyətin istənilən məcrada inkişafına hazırıq”.
 
Vəziyyəti özünün “Facebook” səhifəsində təhlil edən “DQR” liderinin təhlükəsizlik məsələləri üzrə keçmiş “müşavir”i, “Enaket” analitik mərkəzinin rəhbəri Tiqran Abramyan münaqişə tərəflərinin bu yaxınlarda miqyaslı hərbi təlimlər keçirdiklərini xatırladıb. Üstəlik, Azərbaycan tərəfi bunu Türkiyə ilə birgə edib. Abramyanın fikrincə, Bakı diplomatik planda əvvəlcə Ermənistanın təcavüzkar oduğunu sübut etməyə çalışır. Bu halda o, hərbi əməliyyatlara başlamaq üçün informasiya məkanında öz üstünlüyünü təmin edəcək. Abramyan hesab edir ki, hazırkı vəziyyət və Azərbaycan tərəfinin bəyanatarı yaxın gələcəkdə sərhəddə təxribat riskinin yüksək olaraq qalacağından xəbər verir.
 
Xatırladaq ki, Paşinyanın bir il əvvəl səsləndirdiyi “Qarabağ Ermənistandır” bəyanatı heç də təkcə Azərbaycanda qıcıq doğurmayıb. Ermənistanın ikinci prezidenti Robert Koçaryan da bu bəyanatı siyasi səhv hesab edir. O, ekspertlərlə bu günlərdə keçirdiyi görüşdə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti şərh edərkən Paşinyanın bir il ərzində bir-birinə zidd iki bəyanat səsləndirdiyini söyləyib: ““Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır və “Qarabağ Ermənistandır”. Sual olunur: Azərbaycanın söhbətin eyni tərəfdən getdiyini deməsi üçün niyə şərait yaradırsan? Əgər belədirsə, nə üçün danışıqlar masası arxasında bir tərəfi iki nəfər təmsil etməlidir?”.
 
Koçaryan Qarabağ problemini son dərəcə incə məsələ sayır: “Odur ki, burada nələrin yolverilməz olduğunu bilmək çox vacibdir”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 461          Tarix: 21-09-2020, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma