Xəbər lenti
 
 

15 min PKK-çı Dağlıq Qarabağa köçürülə bilər.
 
Ovqat.com xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinin məlumatından belə çıxır.
 
Nəşrin “Ermənistan PKK-dan terrorçu idxal edir” sərlövhəli məqaləsində bildirilir:


 
Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyin ardından, Türkiyə qardaş ölkəyə hərtərəfli dəstəyini nümayiş etdirir. İllərdir “Bir millət, iki dövlət” şüarı ilə birgə addımlayan bu iki ölkə Ermənistanın təcavüzünə qarşı da eyni mövqedən çıxış etməkdədir.
 
Bölgədən gələn son xəbərlər Ermənistan-PKK əməkdaşlığı mövzusunu yenidən aktuallaşdırıb.
 
“Xarici terrorçu döyüşçü” terminini yəqin ki, eşitmisiniz. Qısa şəkildə “XTD” deyək. Bu termindən ayrı-ayrı təşkilatların sıralarında pul qarşılığında və ya hər hansı başqa motivasiya ilə döyüşən “paramilitar” kadrları tərif edərkən istifadə olunur. Başqa sözlə, onlar hər hansı təşkilatda ideoloji səbəblərlə yer almır, sadəcə, nəyinsə qarşılığında terrorçuluq edirlər. Bunu “legioner terrorçu” kimi də xarakterizə etmək olar.
 
Mandat müharibələrinin populyar olduğu müasir dövrdə XTD əhəmiyyətini daha da artırıb və bu, heç kimə sirr deyil. “Sabah.com.tr”-dəki ilk yazımda sizə verəcəyim yeni məlumat başqadır. Terror təşkilatlarının məhz xarici terrorçu döyüşçülərdən istifadə etdiyi faktdır. Lakin bir terror təşkilatının öz silahlılarını hər hansı dövlətə ixrac etməsi indiyədək görünməmişdi. Bu gün PKK məhz bununla məşğuldur. O, terrorçu ixrac edir.
 



15 min terrorçu üçün sövdələşmə
 
Gəlin bu xəbərin elementlərini ümumiləşdirək:
 
Nə? - PKK özünün 15 min terrorçusunu Ermənistana təklif edib.
 
Harada? - Bu sualı “haradan haraya” kimi qəbul etsək, cavab – İraqdan Ermənistanadır (bu haqda müzakirələr həm İraqda, həm də Ermənistanda aparılıb).
 
Nə vaxt? - PKK-Ermənistan danışıqları 2020-ci ilin iyunundan davam edir.
 
Necə? - Ermənistanın dövlət rəsmiləri PKK rəhbərliyilə sərbəst şəkildə görüşürək müzakirələr aparır, prosesi icra edir.
 
Nə üçün? - Fikrimcə, jurnalistikanın qızıl prinsiplər arasında ən vacib sual budur. Cavab: “Düşmənimin düşməni mənim dostumdur!”. Başqa sözlə, Ermənistan Türkiyənin tərəfində olan Azərbaycana Türkiyənin düşməni olan PKK terrorçuları vasitəsilə də hücum etmək istəyir. Eyni sözləri PKK haqda da demək olar.
 
Kim? - Ermənistan və PKK! Ancaq əsas tərəf Ermənistandır. Çünki, bu, bir dövlətin terrorçu elementləri özünə birləşdirdiyi ilk haldır. Bunu təsəvvür etmək belə, çətindir. Dövlətçilik ənənələri olmayan dövlət belə, özünü bu qədər alçaltmamalıdır!
 
Digər tərəfdən, aldığım məlumata görə, PKK Livayadakı qiyamçı Xəlifə Haftar ordusuna qarşı da silahlı dəstələr göndərib. Bunu da unutmayın.


 
Türkiyənin ardınca, İraqda da sığınacaq tapa bilmirlər
 
Bəs PKK terror təşkilatı nədən belə edir? Səbəb aydındır. Təşkilat 2015-ci ildəki “xəndək hadisələri” zamanı darmadağın edildikdən sonra onun Türkiyənin hər hansı hissəsində məskən qurmaq imkanı və ehtimalı minimuma enib. Üstəlik, Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildən sonra İraqın şimalında apardığı əməliyyatlar üzündən burada da PKK-nın vəziyyəti ağırlaşıb. Nəticədə terrorçu ünsürlər PKK-nın əkiz qardaşı olan PYD-nin nəzarət etdiyi Suriyadan, daha konkret desək, Suriyanın şimal-şərqindən başqa heç yerdə işə yaramır. Belə olan təqdirdə PKK rəhbərliyi fərqli düşünməyə başlayıb: təşkilatın silahli ünsürləri burada aparılan əməliyyatlar nəticəsində ölməkdənsə, Ermənistanda Azərbaycana, dolayısı ilə həm də Türkiyəyə qarşı vuruşsun.
 
Buraya Azərbaycanla müharibə şəraitində olan, nəticədə əldən düşmüş Ermənistan ordusundakı canlı qüvvə çatışmazlığını da əlavə edin.
 
Beləliklə, diaspor təşkilatlarının dəstəyini alan PKK-nın yeni planı Suriya və Livanda, eləcə də uzun illərdir İraqda məskunlaşmış üzvlərinin Ermənistana köçürülməsini nəzərdə tutur. Odur ki, PKK düz 15 min üzvünə İraqdan Ermənistana köçməyi təklif edib. Ən vacibi isə bu təklifə Ermənistanın da müsbət yanaşmasıdır.
 
Livana hücumdan sonra 500 nəfər…
 
Gəlin, sizə Livanda baş verənlərdən də danışım. Məlum Beyrut partlayışından sonra Yerevanın Livan xalqı ilə həmrəylik nümayişi çərçivəsində bu ölkədən Ermənistana mülki şəxslər olduğu iddia edilən 500 nəfər köçürülüb. Lakin ciddi kəşfiyyat məlumatlarına əsasən, burada da söhbət Azərbaycanın işğal altındakı ərazilərində vuruşmaq məqsədilə gəlmiş “paramilitar” elementlərdən gedir. Bu yerdə Ermənistan Müdafiə Nazirliyinin 2020-ci ilin avqustunda qəbul etdiyi “xalq könüllüləri ordusu”nun yaradılması qərarı da unudulmamalıdır.
 
Yazının əvvəlində XTD-ni “pul qarşılığında və ya başqa motivasiya ilə” ayrı-ayrı təşkilatlara işləyən “paramilitar” ünsürlər kimi təqdim etmişdim. “Paramilitar” dəstə hərbi, lakin qeyri-nizami könüllülərdən ibarət, üstəlik, dövlətlər tərəfindən dəstəklənən qüvvələrə deyilir. “Para” yunan dilində “xarici”, “militar” isə məlum olduğu kimi, “hərbi” anlamına gəlir. Bu termini “para” sözünün türk dilindəki qarşılığı ilə əlaqələndirə bilərik. Yəni söhbət para qarşılığında silahlı terror fəaliyyətilə məşğul olan qüvvələrdən gedir.
 
Bir sözlə, PKK Ermənistana terrorçu ixrac edir. Demək, Yerevan da öz növbəsində, PKK-dan terrorçu idxal etməkdədir.
 
İlk yazımı belə bitirim: Türkiyə heç şübhəsiz, bütün yaşananları yaxından izləyir. Bütün bunları mən bilir, mən yazıramsa, demək dövlət də bilir.
 
Fərhad Ünlü


Ana səhifəyə qayıt        Baxış: 3 608          Tarix: 24-09-2020, 03:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma