Xəbər lenti

 
 
“Rusiya sülhməramlılarını Dağlıq Qarabağa yalnız Azərbaycan və Ermənistanın razılığı ilə göndərə bilər”.
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Paşinyanın mediaya verdiyi açıqlamasını şərh edərkən belə deyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin “Rusiya sülhməramlılarının Qarabağda görmək istərdinizmi” sualına müsbət cavab vermiş və belə məsələlərin "ATƏT-in Minsk qrupu çərçivəsində daha geniş kontekstdə müzakirə oluna biləcəyini" bildirmişdi. Dolayısıyla Dağlıq Qarabağda sülhməramlı missiyanı təkcə Rusiyaya yox, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə həvalə olunmasını arzuladığını vurğulamışdı. 
 
Həmsədr dövlətlərindən biri kimi Rusiyanın cavabı isə Peskov tərəfindən çox konkret verildi. Bəs görəsən, digər həmsədr dövlətlərin bu təklifə cavabı necə olacaq? Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinə razılıq verərmi?
 


Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, politoloq Aydəm İsmayılov Kremlin sözçüsünün fikirlərinin ilk baxışdan konstruktiv təklif kimi görünsə də, əslində ermənipərəst elementlər ehtiva etdiyinə inanır. 
 
Məsələ burasındadır ki, Dağlıq Qarabağ Azərbaycanın müstəsna suverenlik hüququna daxildir və beynəlxalq hüquqa görə, onun taleyinə yalnız bir tərəf qərar verə bilər - Azərbaycan. Peskov isə Ermənistanı da gətirib bizə calaq etməklə, Dağlıq Qarabağı mübahisəli ərazi kimi göstərməyə çalışır. Halbuki, bu bölgə BMT və bütün dünya dövlətləri, o cümlədən Rusiya tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Hətta Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini indiyədən tanımayıb və tanıya bilməz də. Belə olan təqdirdə Azərbaycan qanuni ərazisi barədə qərar vermək səlahiyyətini niyə başqalarıyla, özü də onun torpağını işğal etmiş düşmən dövlətlə bölüşməlidir?”
 
A.İsmaylovun fikrincə, Ermənistanın nə istəyib-istəməməsi, hansı xəyallarla yaşaması indiki şəraitdə heç bir məna kəsb etmir. Məşhur bir aforizm var: “Hər kəsin xəyal qurmaq azadlığı mövcuddur və öz xəyalları çərçivəsində şirin yuxular görə bilər”.  Amma bu xəyalların reallaşdırılması hüququ həmin şəxsdə deyilsə, səsləndirdiyi ideyalar da elə xəyal olaraq qalmağa məhkumdur”.
 
Aydəm İsmayılov rəsmi Bakının Dağlıq Qarabağa rus sülhməramlılarnın yerləşdirilməsiylə razılaşacağına isə inanmır: “Çünki Dağlıq Qarabağ problemi Azərbaycanın daxili məsələsidir və bizim ordumuz həmin ərazidə sülh və əmin-amanlıq yaratmaq qüdrətinə malikdir. Silahlı Qüvvələr olaraq bu həm də ordumuzun 1 nömrəli borcudur. Ordumuzun isə öz vəzifələrini yerinə yetirə bilməsi üçün başqalarının dəstəyinə ehtiyacı yoxdur”.
 
Bununla belə, Paşinyan çox arzulayırsa, beynəlxalq sülhməramli qüvvələrin yalnız Ermənistanla Azərbaycan sərhədlərinə yerləşdirilə biləcəyini düşünən Aydəm İsmayılov deyib: “Amma bu sülhməramlıların fəaliyyəti üçün ərazini də Ermənistan ayırmalıdır. Çünki bunu istəyən odur. Üstəlik, həmin sülhməramlıların hansı dövlətdən seçilməsi məsələsi var. Azərbaycan istəməz ki, indiyədək ermənipərəst mövqeyi ilə seçilən dövlətlər onun sərhədlərində cəmləşsinlər. Biz yalnız Türkiyə və Pakistan əsgərlərinə bu missiyanı həvalə edə bilərik. Paşinyan dövlətin namusu sayılan sərhədlərini Türkiyə və Pakistan əsgərlərinin nəzarətinə vermək istəyərsə, Azərbaycan buna etiraz etməz. Amma yenə də deyirəm, bir şərtlə; həmin sülhməramlılar sərhəddin Ermənistan tərəfində partul xidməti göstərsin”.
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 31 711          Tarix: 4-10-2020, 07:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma