Xəbər lenti
 

İndi Ermənistandakı vəziyyəti ən uyğun təbirlə xaos adlandırmaq mümkündürBurdakı vəziyyət məntiq qanunlarına tabe olmur, yəni proqnozlaşdırıla bilməz. Yalnız bir şeyi əminliklə demək olar: ölkədə sonu və kənarları görünməyən bir sarsıntı dövrü başlayıb”
 
Ovqat.com xəbər verir ki, Rusiyanın tanınmış nəşri Lenta.ru-nun Ermənistandakı vəziyyətlə bağlı dərc etdiyi məqaləsində belə deyilir.
 
Milli faciənin xüsusiyyətləri sərlövhəli məqalənin müəllifi Elen Babayanın fikrincə, Ermənistandakı siyasi böhran hakimiyyət dəyişiklikləri ilə aradan qaldırılacaq səviyyədə deyil: “Ermənistanda dövlətçilik böhranı başlayıb ki, bunu şahmat zuqzvanqı ilə müqayisə etmək olar: İstənilən hərəkət, vəziyyəti daha da pisləşdirəcək”.
 

 

Müəllif artıq neçə gündür, kapitulyasıya aktına qol çəkən Nikol Paşinyanın indiyədək hakimiyyətdən uzaqlaşdırılmamasının səbəblərini onun hələ də alternativsiz kimi görülməsi ilə izah edir. Baxmayaraq ki, bütün Ermənistan onu xəyanətkar kimi qiymətləndirir və istefasını tələb edir. Hətta ölkənin 17 siyasi partiyası bu barədə bəyanat verib və erməniləri Paşinyanı devirməyə çağırıb. Amma məsələ burasındadır ki, həmin 17 partiyanın bir sədrindən və qovluğundan başqa heç nəyi yoxdur. Əksəriyyəti 2 il yarım əvvəl xalq tərəfindən devrilmiş korrupsioner rejimin qalıntılarıdır və fürsətdən yararlanaraq Paşinyandan qisas almağa çalışırlar. Erməni xalqı da bunun fərqindədir və onların odlu-alovlu çıxışlarına çox etibar etmirlər.
 
Elen Babayanın fikrincə, Ermənistanda müxalifət çevrəsində yalnız iki nisbətən ciddi oyunçu var: “Birincisi, "İşıqlı Ermənistan" partiyası və lideri Edmon Marukyandır. Partiya özünü qərbyönümlü bir liberal qüvvə kimi təqdim edir. Marukyan və Paşinyan “məxməri inqilab”dan əvvəl silahdaş idilər, parlamentdə eyni fraksiyada ("Elk") təmsil olunurdular. Amma Paşinyan hakimiyyətə gələndən sonra yollarını ayırdılar. Marukyan müxalifətə keçdi və üçüncü, ən kiçik parlament fraksiyasına rəhbərlik etdi. "İşıqlı Ermənistan" Paşinyanın istefası kimi ümumi tələbi dəstəkləyir, lakin digər müxalifətlə əlaqə qurmaqdan çəkinir. Nədən ki, keçmiş korrupsionerlərlə ittifaq qurmaq ona dividend yox, yalnız itkilər gətirə bilər.
 
İkinci təcrübəli siyasi oyunçu “Çiçəklənən Ermənistan Partiyası”dır. Lideri ölkənin ən varlı adamı, keçmiş oliqarx Gagik Tsarukyandır. Tsarukyan Sovet İttifaqı illərində mütəşəkkil cinayətkar dəstə qurduğuna görə mühakimə olunub, amma indi ətrafına xeyli tərəfdar toplaya bilib. Partiya həqiqi siyasi və ideoloji təməl üzərində  qurulmayıb, klassik mənada bir partiya deyil, bununla belə, Tsarukyan tərəfdarlarının ciddi maliyyə və insan resursları var (parlamentdə Paşinyanın “Mənim addımım” blokundan sonra ikinci yerdədirlər).


 
Siyasi böhrandan əlavə, Ermənistanı humanitar böhran gözləyir; koronavirus pandemiyası da atəşə yağ tökür”.
 
Müəllif Ermənistandakı bu xaotik durumun və siyasi çaxnaşmaların Dağlıq Qarabağdakı ermənilərə yansımadığı qənaətindədir: “Qarabağın özündə isə hər şey fərqlidir. İnsanlar “qəhrəman”larını dəfn edirlər və Ermənistandakı siyasi hay-küylə əlaqələri azdır – “vətən”lərini itiriblər. Bəziləri hələ də nəzarət-buraxılış məntəqələrindədir və evlərini tərk etmək istəmirlər. Paşinyan günahkar axtararkən, onlar Qarabağda döyüşməyə davam etdilər. Xankəndinin kənarındakı Şuşada döyüşlər 10 Noyabr günortaya qədər davam etdi - döyüşçülər patronları olduğu müddətcə mövqelərini tərk etmədilər. Əksəriyyəti orada öldü. Ancaq Qarabağ təslim oldu və qurbanları boşa çıxdı.


 
Ermənilər üçtərəfli razılaşma əsasında Azərbaycana təhvil verilən ərazilərdə türklərlə yanaşı yaşamaq istəmirlər. Və çox güman ki, yaşamayacaqlar da. Evlərini, bağlarını, torpaqlarını yandırıb qaçqın vəziyyətinə düşərək Ermənistana yola düşürlər. “DQR prezidenti Arayik Harutyunyan isə onları bunu etməməyə çağırır, lakin az adam onu dinləyir. Çünki bundan sonra nə olacağı məlum deyil. Qarabağ erməniləri indidən sığınacaqsız, işsiz, dolanışığı olmayan on minlərlə insan vəziyyətinə düşüblər, bir çoxu yaralanıb və ya köməyə ehtiyacı var”,-Elen Babayan belə yazıb. 




Ana səhifəyə qayıt        Baxış: 4 883          Tarix: 14-11-2020, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma