Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Azərbaycanda bütün diqqətlər Qarabağ savaşına yönəldiyi bir zamanda ABŞ-da ciddi proseslər gedir.
Ovqat.com-un məlumatına görə, prezident seçkilərində respublikaçı namizəd Co Baydenin qələbəsini qəbul etməyən Donald Tramp rəqibini məhkəməyə verməklə kifayətlənməyib, hərbi-təhlükəsizlik strukturlarında da mühüm kadr dəyişikliklərinə imza atıb.
Trampın mühüm addımlarından biri ABŞ Müdafiə naziri Mark Esperi işdən çıxarmaq olub.
Qeyd edək ki, Trampın məlum qərarından bir neçə gün əvvəl Esperin istefaya gedəcəyi və ya hətta işdən çıxarılması barədə ərizəsini artıq yazdığı bildirilirdi. Pentaqon isə bu məlumatları təkzib etmişdi. Üzərindən az keçməmiş Tramp özünün ənənəvi Twitter paylaşımında Esperi istefaya göndərdiyini, onun yerinə isə Milli Antiterror Mərkəzinin prezidenti Kristofer Milleri təyin etdiyini açıqladı.
Esperin ardınca Pentaqondan daha üç yüksək rütbəli məmur işdən çıxarıldı. Onlardan biri ABŞ Müdafiə nazirinin təhlükəsizlik siyasəti üzrə müavini Ceyms Anderson oldu. Maraqlıdır ki, Anderson bu ilin fevral ayında həmin vəzifəyə təyin edilmişdi. 9 ayı keçməmiş onun istefaya göndərilməsi təsadüfi görünmür.
Andersonun yerinə təyin olunan Antoni Tata isə anti-islamçı mövqeyi ilə seçilir. ABŞ ictimaiyyəti Tatanı müsəlman adı daşıdığına görə sabiq prezident Hüseyn Barak Obamanı “terrorçu” adlandırmasıyla tanınmışdı. Bundan əvvəl Trampın onu yeni vəzifəyə təyin etmək cəhdi məhz bu səbəbdən Senat tərəfindən geri çevrilmişdi.
Tatanın siyasi kimliyi də kifayət qədər mübahisə doğurur. Onun Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin keçmiş sədri olmuş respublikaçı Devin Nyuns ilə sıx münasibətlərinin olduğu bildirilir. Nyuns seçki ərəfəsində Baydenin oğlu Hanterə qarşı ağır ittihamlar irəli sürən və Trampın Rusiya ilə əlaqələrinin yalan olduğunu sübut etməyə çalışan əsas fiqurlardan biri kimi tanınır.
İşdən çıxarılan başqa yetkili Müdafiə Nazirliyinin Təhlükəsizlik və Kəşfiyyat üzrə müavini Cozef Kernandır. Kernan isə Pentaqon rəhbərinin Aşağı İntensivli və Xüsusi Əməliyyatlar üzrə müavini Ezra Kohen-Ootniklə əvəzlənib.
Sonuncu şəxs Ağ Evin Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Mişel Flinnin yaxın həmkarı kimi tanınır və Tramp administrasiyasının ilk günlərdə Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşməsi və bu görüşün məzmunu barədə Ağ evə yalan söyləməsi ilə əlaqədar ittihamlarla mühakimə olunmuşdu. İddialara görə, Kohen-Ootnik həm də Nyuns ilə olduqca yaxın dostdur.
İşdən çıxarılan bir başqa yetkili Müdafiə Nazirliyinin Xüsusi Protokolunun rəhbəri Cen Stüartdır. Stüartın yerinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının əməkdaşlarından biri olan Kaş Patel gətirilib.
Kaş Patel "Nyuns Memo" kimi tanınan sənədı hazırlayan şəxs kimi tanınır. Həmin sənəd Devin Nyunsun Nümayəndələr Palatasına təqdim etdiyi 4 səhifəlik “Federal Təhqiqatlar Bürosunda Rusiya izi” materialının istintaqının siyasi motivasiya ilə araşdırıldığı iddiasını irəli sürürdü. Pentaqondakı bu təyinatlara paralel olaraq,
ABŞ-ın digər kritik dövlət müəssisələrindən Milli Təhlükəsizlik Agentliyinin rəhbəri vəzifəsinə gətirilən Maykl Ellis də Nyuns və Flinnə yaxın şəxs kimi tanınır. Ellis isə Trampın Ukrayna Prezidenti ilə telefon danışığının qeydlərini ortadan qaldırmaqda günahkar bilinir.
Göründüyü kimi, Donald Trampın vəzifəyə təyin etdiyi şəxslərin demək olar hamısı Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamları ilə birbaşa əlaqəlidirlər və ABŞ külislərində "Trampın sadiq rəsmiləri" kimi ad çıxarıblar.
Bəs bu yeni təyinatlar nə vəd edir?
Siyasi analitiklər bu kadr dəyişikliklərini iki başlıca amillə əsaslandırmağa çalışırlar. Bunlardan biri ABŞ liderinin gedə-getdə İrana qarşı hərbi əməliyyatlara start verməsi ehtimalı ilə əlaqədardır. ABŞ prezidentləri adətən sonuncu səlahiyyət müddətində bu cür kritik qərarlara imza atırlar. Çünki onların təkrar seçilmək imkanları olmur. Deməli, kritik qərarların mənfi nəticələnəcəyi təqdirdə səs itkisinə yol açma ehtimalı da yoxdur. Trampın yenidən seçilmə ehtimalının ortadan qalxdığını nəzərə alsaq, bu cür riskli qərara imza atması təəccüb doğurmur. Bu məntiqlə yanaşsaq, Trampın Baydenə qarşı məhkəmə iddialarının sadəcə vaxt uzatmaq üçün baş vurulan taktiki gediş olduğu nəticəsi ortaya çıxır. Mümkündür ki, ABŞ-dakı müəyyən dairələr yeni prezidentə ağır məsiliyyətlər yükləmək istəmədiklərindən “qurban keçisi” kimi Trampı seçiblər.
Vaşinqtonun İran əməliyyatına hazırlaşması üçün əsaslar də yox deyil. ABŞ-ın kəşfiyyat məlumatlarına görə, İran 2020-ci ildə uranın zənginləşdirilməsi səviyyəsini 2015-ci ildə bağlanmış saziş çərçivəsində müəyyən edilmiş 300 kiloqram həddindən 12 dəfədən çox miqdara çıxarıb. Bu isə ABŞ-ı və onun başda İsrail olmaqla bir çox strateji müttəfiqlərini narahat etməyə bilməz.
Digər bir ehtimala görə isə, Tramp gedərayaq Rusiya ilə əlaqələrini rəsmi arxivlərdən silmək üçün özüylə bərabər bu işlərə bulaşan insanları vəzifəyə gətirib. Məqsəd vəzifədən ayrıldıqdan sonra heç bir ittihamlarla üzləşmədən həyatının qalan hissəsini sürdürməkdir. Seçilməsinə dəqiq gözlə baxılan Baydenin anti-Rusiya təfəkkürlü təcrübəli siyasətçi olduğunu nəzərə alsaq, onun hakimiyyəti dövründə Vaşinqtonun Moskvaya təzyiqlərinin artacağı gözlənilir. Bu çərçivədə onun köhnə palanları eşməsi də mümkündür. Tramp da, istisna deyil ki, köhnə palan içindən çıxmaq istəməsin.
Bizim üçün ən maraqlı cəhət ondan ibarətdir ki, istər Trampın son günlərində, istərsə də Bayden hakimiyyətinin ilk dövrlərdə hədəf seçilən coğrafiyalara qonşuyuq. Həm İran, həm də Rusiya bizə yaxın olduğundan və ən əsası ölkəmiz bu iki dövlətin arasında yerləşdiyindən qlobal geopolitik mübarizənin Azərbaycandan başlaması istisna edilməməlidir. Məsələyə bu baxımdan yanaşanda Dağlıq Qarabağdakı döyüşlərin qlobal xarakter alması və bunun ilk əlaməti olaraq, Rusiyanın Dağlıq Qarabağa “sülhməramlı” ordu yetirməsi təsadüfi sayılmaya bilər.
O da təsadüfi deyil ki, ərazi bütövlüyümüzə daxil olan ərazidə aparılan müharibə İran tərəfindən də xüsusi diqqətlə izlənilir və cənub qonşumuz ən nəhəng hərbi hissələrini Arazın o tayına toplayıb.
Rusiyanın öz “sülhməramlı”larını İrəvan üzərindən bölgəyə transferi də bu baxımdan təəccüblü deyil. Hadisələrin gedişatı bizim Türkiyə-ABŞ-İsrail-Böyük Britaniya cəbhəsinə sürükləndiyimizi, Ermənistanın isə Rusiyanın təsir dairəsində qaldığını göstərir. Rusiya isə durmadan Dağlıq Qarabağdakı “sülhməramlı” qoşunlarının sırasını möhkəmləndirir. Yaxın günlərdə bizim perspektiv müttəfiqlərimizin də cavab addımı atacağını gözləmək yersiz olmayacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar