Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın ölkə parlamentinə təqdim etdiyi “Azərbaycana hərbi qüvvələr göndərmək təzkirəsi” bu gün səsverməyə çıxarılacaq. Müşahidəçilər “təzkirə”nin yekdilliklə qəbul olunacağını istisna etmirlər. Beləliklə, Türkiyə son 102 ildə ilk dəfə Azərbaycanda öz hərbi qüvvələrini yerləşdirmək hüququ qazanacaq.
Sual oluna bilər: Türk ordusunun Azərbaycanda dislokasiyası region dövlətlərinə, o cümlədən bizə və qardaş ölkəyə nə verəcək?
Türk ordusunun Azərbaycana göndərilməsi ilk növbədə ölkəmizin geosiyasi təmayülünün dəyişdirilməsi ilə nəticələnə bilər. Sirr deyil ki, Azərbaycan hardasa 30 il bundan əvvəl rəsmən müstəqilliyini elan etsə də, indiyə kimi Rusiyanın təsir dairəsindən çıxa bilməyib. Ölkə başçısı son vaxtlar “5-ci kolon” adlandırılan bu qüvvələri hakimiyyət orqanlarından uzaqlaşdırmağa cəhd göstərsə də, onun Moskvanın ağır təzyiqləriylə üzləşdiyi hiss olunmaqdadır. Təsadüfi deyil ki, Ramiz Mehdiyevlərə, Əli Həsənovlara qarşı mübarizə güclənincə, ermənilərin növbəti hücumu baş verdi və Azərbaycan ordusunun ağır zərbəsiylə düşmən tamamilə sıradan çıxarılmaq təhlükəsilə qarşı-qarşıya qaldı. Rusiya “sülhməramlılarının” məhz belə bir zamanda Dağlıq Qarabağa gəlməsi Moskvanın regiondakı nazik sapdan asılı qalan qüvvələrini xilas etmək və vəziyyəti şəxsən öz nəzarətinə götürmək ehtiyacından qaynaqlanırdı.
Görünən budur ki, Kreml hələ də Dağlıq Qarabağ kartını əldən buraxmaq istəmir, Cənubi Qafqazın iki ölkəsini nəzarətindən çıxacağı təqdirdə, tərəflərdən birini dəstəkləməklə digərini dizə gətirmək fürsətini əldə saxlamağa çalışır. Onun bu siyasətinin qarşısını almaq üçün regionun digər böyük gücü Türkiyənin Azərbaycana əsgər göndərməsi günün ən aktual tələbi kimi ortaya çıxır. Türk ordusu Azərbaycanda yerləşərsə, Rusiyanın ölkəmizə qarşı Qarabağ kartından istifadə etməsi çətinləşəcək, bu da rəsmi Bakıya rus tör-töküntülərindən yaxa qurtarmaq imkanı verəcək.
Digər tərəfdən, Ermənistanın iyul ayında Tovuz rayonuna hücumları göstərdi ki, Rusiyanın Azərbaycanda başlıca hədələrindən biri enerji dəhlizləridir. Özünün “Türk axını” projesinə və neft kəmərlərinə alternativ kimi baxdığı TANAP-TAP və Bakı-Ceyhan boru xətlərinin sıradan çıxarılması Avropanı rus karbohidrogen qaynaqlarından asılı vəziyyətə salmaq istəyən Moskvaya hava-su kimi lazım idi.
Ermənilər vasitəsilə Gəncə-Tovuz keçidinə hücum edilməsinin zamanlaması da bu versiyanı təsdiqləyir. Xatırlayırsınızsa, bu hücum o zamana təsadüf etmişdi ki, ABŞ rəsmiləri Avropa ölkələrini Rusiyanın “Şimal axını-2” və “Türkiyə axını” layihələrindən imtina etməyə çağırmış, əks halda bu əməkdaşlığa gedən tərəfləri sanksiya ilə təhdid etmişdi. Üzərindən qısa müddət keçməmiş, Ermənistanın hücumları başlamışdı. Azərbaycan Ordusu iyul hücumlarının qarşısını aldıqdan bir neçə ay sonra isə Dağlıq Qarabağdakı son müharibəyə start verilmişdi.
Azərbaycanın əks hücum əməliyyatları nəticəsində erməni ordusu məhv olma həddinə gəlsə də, problem ortadan qalxmadı. Rusiya Silahlı Qüvvələrinin “sülhməramlı” niqabı altında Dağlıq Qarabağa yerləşdirilməsi daha ciddi təhdidə çevrildi. Sözsüz ki, bu ordunun qarşısında dayanacaq daha ciddi hərbi qüvvəyə ehtiyac var və bu, təkcə Azərbaycanın yox, həm də Qərb ölkələrinin enerji təhlükəsizliyi maraqlarından irəli gəlir. Bu qlobal tələblərə ən yaxşı cavab verən qüvvə isə Türk ordusudur. Belə ki, bu ordu Azərbaycana ögey olmadığı kimi, Yaxın Şərqdə rus ordusu ilə dəfələrlə qarşılaşıb və mühüm uğurlar əldə edib.
Türk ordusunun Cənubi Qafqaza yerləşdirilməsinin çox ciddi geosiyasi səbəbləri də var. Bu səbəbləri iki yerə bölə bilərik: yaxın geosiyasi hədəflər, uzaq geosiyasi hədəflər.
Yaxın perspektivdə bu hərbi dislokasiya Qara dənizdən Xəzərə qədər uzanan Cənubi Qafqaz regionunu Rusiya və İranın təsir dairəsindən çıxarmaq, son zamanlar bu iki ölkənin xüsusilə Yaxın Şərqdə qurduqları hərbi ittifaqın arasında bufer zona yaratmaq məqsədi güdür.
Bəllidir ki, Rusiya ilə İran arasında sərhədləri olan yeganə ölkə Azərbaycandır və Şimal-Cənub nəqliyyat yolunda ən qısa yol bu ərazilərdən keçir. Üstəlik, digər alternativ yollardan fərqli olaraq Azərbaycan marşrtutu Qərb dövlətlərinin nəzarətindən də uzaqda yerləşir. Bu da Rusiya-İran arasında gizli hərbi-strateji əlaqələrin qurulmasına münbit şərait yaradır. NATO üzvü olan Türkiyənin həm İran, həm də Rusiya ilə ciddi rəqabətdə olduğunu hesaba qatsaq, qardaş ölkənin ölkəmizdəki hərbi vəziyyətə nəzarət etməsi beynəlxalq birliyin də maraqlarına uyğundur.
Perspektiv planda isə bu nəzarət mexanizminin Orta Asiya ölkələrinə qədər uzanması gözlənir. Türk Ordusunun son zamanlar açıq şəkildə Turançılıq ideyalarını mənimsəməsi, Türk dövlətləri arasında iqtisadi, mədəni, hərbi-təhlükəsizlik əlaqələri qurmaq niyyətini gizlətməməsi də bu perspektiv hədəfdən qaynaqlana bilər. Bu potensial ittifaq gələcəkdə Rusiya ilə Çin arasında bufer zonaya çevrilə bilər ki, dünyanın super güclərinin, o cümlədən ABŞ-ın da geosiyasi maraqlarını tam mənası ilə ifadə edir. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS kimi layihələrlə Çin və Rusiya yeni dünya düzənində özlərinin hegemoniya sahəsi yaratmağa çalışırlar və bu da ənənəvi güc mərkəzlərini qıcıqlandırır. Xüsusilə Çinin iqtisadi cəhətdən böyüməsi sərhəddindəki digər bölgələri – Orta Asiya ölkələrini də təhdid edir. Bu bölgələrin ənənəvi güc mərkəzlərinə yaxın qüvvələr tərəfindən idarə olunması Qərb ölkələri baxımdan daha uyğun alternativ təsiri bağışlayır.
Bu konteksdən yanaşanda, illər öncə yaradılan və sonra yaddan çıxan bir çox Türkdilli respublikaların əməkdaşlıq təşkilatlarının ötən ilin sonlarından aktivləşdirilməsi təsadüfi görünmür. Həmin əməkdaşlıq təşkilatları arasında milli təhlükəsizlik orqanlarının birgə fəaliyyətləri xüsusilə nəzərə çarpır. Ötən il bu istiqamətdə ən mühüm addımı atanlardan biri atılan Azərbaycan DTX-sı oldu. DTX rəhbəri Əli Nağıyevin təşəbbüsü ilə 2019-cu ilin sentyabr ayında Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası da keçirildi. Konfransda Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşının iştirakı türkdilli olmamasına baxmayaraq, şimal-qərb qonşumuzun da bu layihəyə qoşulacağı anlamına gəlir.
Azərbaycan-Ermənistan-Rusiya liderləri arasında imzalanan 10 noyabr bəyanatında Naxçıvandan Azərbaycanın materik hissəsi arasında dəhlizin yaradılması da Ankaranın qarşıya qoyduğu hədəflərin qismən reallaşmasına xidmət edir. Moskva faktiki olaraq Ankaraya bu kiçik güzəşti verməklə onu neytrallaşdırmaq məqsədi gütsə də, Türkiyə “uşaq başı aldadan” bu hədiyyə ilə razılaşmaq niyyətində deyil. Öz böyük layihəsinin inşasını nəzarətə götürmək üçün özü Cənubi Qafqaza gəlmək istəyir. Onun Azərbaycana ordu yeritmək planı da məhz bu hədəflərdən doğur.
Bir çoxları Rusiya rəsmilərinin “Türkiyə Dağlıq Qarabağın içərisində sülhməramlı missiya həyata keçirməyəcək” bəyanatlarını eşidib təəssüflənirlər. Həqiqətən də Dağlıq Qarabağın son 200 il boyunca həmişə ermənilərin tərəfində dayanan və bizim dədə-baba torpaqlarımızı əlimizdən alıb onlara verən imperialist ölkənin təkbaşına nəzarətində olması Azərbaycana yaxşı heç nə vəd etmir. Bununla belə, rəsmi Ankaranın dəfələrlə bu lahiyədə yer aldığını bəyan etməsi və Prezident Rəcəb Tayib Ərdoğanın Azərbaycana qoşun yeritmək barədə qərar layihəsini TBBM-nə göndərməsi tamamilə başqa mətləblərdən xəbər verir. Məsələyə bu baxımdan yanaşanda Moskvanın Türk zabitləri üçün yalnız Dağlıq Qarabağ xaricində qurulması ön görülən ortaq müşahidə mərkəzində yer ayırmaq təşəbbüsü hələ heç nə ifadə etmir. Ən azı o səbəbdən ki, Türkiyə Prezidentinin hazırladığı layihədə təkcə müşahidə mərkəzində ilişib qalmaq nəzərdə tutulmayıb və ölkəmizə təşrif buyuran Türk ordusu Putinin deyil, öz Ali Baş Komandanı R.T.Ərdoğanın əmrinə tabedir. Hazırda TBBM-də müzakirə olunan “təzkirə”də deyilir: “Azerbaycan’ın belirleyeceği yerde, Türkiye’nin Rusya ile birlikte kuracağı Ortak Merkez’de ve bu merkezin icra edeceği faaliyetlerde TSK personelinin ve lüzumuna göre ülkemizden sivil personelin görev yapmasının, 16 Ağustos 2010’da imzalanan ‘Türkiye Cumhuriyeti ile Azerbaycan Cumhuriyeti Arasında Stratejik Ortaklık ve Karşılıklı Yardım Anlaşması’ uyarınca ülkemizin taahhütlerine uygun, Azerbaycan’ın toprak bütünlüğünü tescil eden uluslararası hukuk, Birleşmiş Milletler Güvenlik Konseyi kararları ve Avrupa Güvenlik ve İşbirliği Teşkilatı ilkeleriyle uyumlu olduğu; bölge halklarının da huzur ve refahı yararına olacağı, ayrıca milli çıkarlarımız bakımından gerekli olduğu değerlendirilmektedir”.
Mətndən də göründüyü kimi, Türk əsgərlərinin Rus “sülhməramlı”ları ilə birlikdə “Ortak Merkez’de ve bu merkezin icra edeceği faaliyetlerde” iştirakına qərar verilib. Həmçinin Türk əsgərlərinin harda qulluq etməsini müəyyənləşdirəcək tərəfin Azərbaycan olduğu xatırladılıb. Bütün bunlar Türk ordusunun Dağlıq Qarabağın içərisində xidmət göstərmək israrından xəbər verir.
Maraqlıdır ki, Türkiyə Prezidentinin hazırladığı bu qanun layihəsinə Moskvadan da sərt cavab gəlmədi. Kremlin sözçüsü Dmitri Peskov layihəni “Ankaranın daxili işi” adlandırdı və monitorinq mərkəzinin yaradılmasının Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın “məhsulu” olduğunu bildirdi. Bir nov, Dağlıq Qarabağda birgə əməkdaşlığa razılıq nümayiş etdirdi.
Digər tərəfdən, Rusiyanın Dağlıq Qarabağda özünü müstəsna hüquqa sahib birisi kimi aparmasının da hüquqi əsası yoxdur və yəqin ki, yaxın zamanlarda beynəlxalq aləmdə çox ciddi etirazlara səbəb olacaq. Ən əsası isə, Moskva ilə dil tapa bilməyəcəyi təqdirdə Türkiyə ordusunun rəsmi Bakının razılığını alaraq yeni təmas xəttində rus ordusu ilə üz-üzə də dayanma ehtimalı var. Bu isə nəticə etibarilə rus sülhməramlılarının mühasirəyə düşməsi mənasına gəlir. Necə ki, Azərbaycan ordusu 30 min nəfərlik erməni yaraqlılarını eyni məkanda sıxışdırmış və Ermənistan ağ bayraq qaldırmışdı. İrəvanın kapitulyasiya aktı imzalamasından sonra hərbi-strateji cəhətdən heç də avantajlı olmayan eyni ərazidə yerləşdirilən rus sülhməramlılarının Türkiyə ordusu ilə üz-üzə dayanacağı təqdirdə ümidlərini ancaq eni 5 km. olan “dar boğaz”a bağlamaqdan başqa çarəsi qalmayacaq. Odur ki, NATO-nun ən güclü ordularından biri ilə üz-üzə dayanmaqdansa, yan-yana dayanmaq Moskvadan baxanda daha məntiqli görünür.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar