Xəbər lenti
Bu gün, 19:25

 
Naxçıvanda karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb.
 
Ovqat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumatda belə deyilir.
 
Məlumata görə, dekabrın 3-də Şərur rayonunda yerləşən "Siyaqut" şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Toy məclisinin təşkilatçısı - şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər. Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.
 
Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.
 
Ovqat.com-un əldə etdiyi məlumata görə isə, Muxtar Respublikada karantin qaydalarının kobud şəkildə pozulmasının cəzalandırılması Naxçıvan rəhbərliyinin öz təşəbbüsü ilə baş tutmayıb.
 


Bildirilir ki, koronavirusun cövlan etdiyi və Dağlıq Qarabağ müharibəsinin minlərlə şəhidinin 40-ı çıxmadığı bir zamanda Muxtar Respublikada toy məclislərinin keçirilməsi, üstəlik, müştərilərdən pandemiya şirinliyinin alınması barədə iddiaların ciddi ictimai narazılığa səbəb olması paytaxt Bakını dərhal hərəkətə keçirib. Naxçıvan MR rəhbərliyinə zəng edən ölkə rəhbərliyi Ali Məclis sədrini bərk tənqid edib. Sədr həzrətləri də öz növbəsində guya heç nədən xəbəri yoxmuş kimi Şərur icra başçısının abrını ətəyinə büküb. İsra başçısı isə rayon polis idarəsinin rəisini yaxşıca danlayıb. Danlamaq növbəsi polis rəisinə çatında, o da hirsini Siyaqut şadlıq evinin rəhbərliyindən və toy sahibindən çıxıb. Beləcə, rəsmi məlumata insaq, şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və videonu yaymaqda şübhəli bilinən məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu 7 sutka həbsə layiq görülüb.
 
Naxçıvan MR rəsmi informasiya vasitələrinin yaymadığı bir başqa məlumata görə, Şərur rayon polis idarəsinin rəisi də Muxtar Respublikanın DİN tərəfindən şiddətli töhmətlə “mükafatlandırılıb”.
 
İddia edilir ki, Naxçıvanda artıq adi hala çevrilən paytaxtın qərarlarını hesaba almamaq ənənəsi ölkə rəhbərliyini bərk qəzəbləndirib. Ən yüksək səviyyədə müvafiq qurumlara göstəriş verilib ki, bu kimi məsələlər dərindən araşdırılsın və muxtar səlahiyyətləri özbaşınalıq kimi dərk edənlərə əməllərinə uyğun cəzalar verilsin. 
 
Qeyd edək ki, paytaxtdan dəfələrlə bu cür təpkilərin gəlməsinə baxmayaraq, Naxçıvan rəhbərliyi bütün iradlara “dəyirman öz işindədir, çaxçax baş ağrıdır” prinsipiylə yanaşır. Odur ki, Muxtar Respublikada budəfəki qəzəbin də hansısa fayda verəcəyinə inanmırlar.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 639          Tarix: 4-12-2020, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma