Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
“Rusiya Arktika və Şimal dənizi ərazilərində nəzarətini genişləndirəcək".
Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə deyib.
Prezident bunu həmin ərazilərin faydalı qazıntılar hasilatı baxımından mühüm istiqamət olması ilə əlaqələndirib.
"Rusiya şimal ölkəsidir, ərazimizin 70% - dən çoxu şimal enliklərində yerləşir. Şimalda baş verən hər hadisə bizim üçün xüsusi maraq və dəyər kəsb edir. Mən bunları deyərkən, Şimal dəniz yolunun mənimsənilməsindən danışmıram", – deyə o, "Rusiya könüllüləri" müsabiqəsinin finalçıları ilə görüşdə bildirib.
Putinin fikrincə, bu istiqamətdə nəzarəti genişləndirmək Rusiyanın gələcəyi deməkdir, “xüsusilə də təbii qazıntıların hasilatı baxımından”.
Prezident qeyd edib ki, Arktikanın təbiəti olduqca zəifdir, orada təsərrüfat fəaliyyəti ekoloji risklərin minimallaşdırılması nəzərə alınmaqla aparılmalıdır.
Ovqat.com-un fikrincə, Rusiya prezidenti bu sözləri elə-belə, sözgəlişi bildirməyib. Bir neçə gün bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin baş katibi Kennet Braytvayt Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim etdiyi məruzədə Pentaqonun yeni hərbi strategiyasını açıqlayaraq vurğulamışdı ki, ölkənin 2-ci hərbi donanmasının yenidən bərpasına ehtiyac var.
Braytvaytın fikrincə, istənilən hərbi güc hər zaman yeni təhdidlərə görə təşkil edilməlidir. Bugünkü təhdidlər isə Atlantik bölgəsində mühüm dəyişikliklərə gedilməsini şərtləndirir: "İndiki donanma quruluculuğumuz NATO cinahlarının etibarlı olduğu, Rusiya donanmasının limanlarda lövbər saldığı və 11 sentyabrdan sonra terrorizmin bizim üçün daha böyük problem olduğu düşüncəsinə söykənir. Bugünkü dünya isə belə deyil".
Göründüyü kimi, açıq şəkildə Rusiyanın hədəfə alındığının gizlədilmədiyi məruzədə 2-cı donanmanın məqsəd və məramına da aydınlıq gətirilmişdi:
"Hərbi Filot Komandanlığını yenidən Atlantik Donanması adlandırırıq. Bu mühüm bölgədəki dəniz gücümüzün diqqətini ABŞ-a və müttəfiqlərinə dənizdən yaxınlaşma məsələsinə yönəldəcəyik. Atlantik Donanması müəyyən qabiliyyət və tutumla şərq cinahımıza yenidən yaxınlaşan Rusiya donanmasının özünü büruzə vermə cəhdlərinin qarşısını alacaq".
ABŞ Hərbi Dəniz Qüvvələrinin baş katibi Kennet Braytvaytın bu sözlərindən qısa müddət sonra keçirilən NATO ölkələrinin Xarici İşlər nazirlərinin son sammitində də alyans qarşısında əsasən 2 təhdidin dayandığı bəyan olunmuşdu: Rusiya və Çin yayılmaçılığı. Nazirlər Çindən daha vacib təhdidin Rusiya olduğu fikrində həmrəylik nümayiş etdirmişdilər. Bütün bu etiraflardan sonra Rusiyanın hadisələrə laqeyd qalması gözlənilmirdi.
Onu da vurğulayaq ki, NATO donanmalarının Şimal dənizinə açılması hələ bir neçə aydan əvvəl başlamışdı. Məlumatlara görə, ABŞ-ın USS Ross raket destroyerinin rəhbərliyi altında NATO hərbi donanmasının sentyabrın 8-də Barents dənizi hövzəsinə daxil olmuşdu. Şimal dəniz yolunda irəliləmək istəyən hərbi gəmilər hesaba qatmadıqları ciddi bir problemlə qarşılaşmışdılar və bu təlimlər uğurlu olmamışdı. Məsələ burasındadır ki, payız aylarında Şimal dənizi buz bağlayır və buzqıran gəmiləri olmadan həmin su hövzəsində irəliləmək mümkünsüz hala gəlir. ABŞ və NATO donanmaları isə əsasən isti dənizlər üçün hazırlanıb. Həmin gəmilərin soyuğa dayanıqlı qatı yoxdur və matrosların aşağı temperatura dözümülüyü nəzərə alınmayıb. Bütün bu çatışmazlıqlar NATO gəmilərini buzda ilişib qalmamaq üçün bölgəni dərhal tərk etmək məcburiyyətində buraxmışdı.
Bunun əksinə olaraq, Rusiya hərbi dəniz donanması əsas gücünü Şimali Buzlu okeanı üçün qurub. Rusiyanın 20-dən çox buzqıran gəmisi var və bu gəmilər donanmanın irəliləyişinə tələb olunan dəstəyi verə bilirlər.
ABŞ-ın Şimal dənizinə və Arktikaya açılmaq istəməsinin səbəblərinə gəlincə, fikrimizcə, Vladimir Putin bugünkü çıxışında mövzuya kifayət qədər aydınlıq gətirib. Doğrudan da Arktika öz yeraltı zənginliyi ilə seçilən coğrafiyalardandır. ABŞ Enerji İnformasiyası Administrasiyasının (U.S. Energy Information Administration) məlumatlarına əsasən, hazırda Arktikada su altında 90 milyard barel neft ehtiyatı var. Bu isə dünyanın ümumi neft ehtiyatlarının 13%-ni təşkil edir. Qaz ehtiyatlarına gəldikdə isə dünyanın kəşf edilməmiş qaz ehtiyatlarının 30%-i bu ərazidə yerləşir. İndiyədək Arktikanın təbii zənginliyindən istifadə olunmamasının yeganə səbəbi kilometrlərlə buz təbəqəsinin altında yerləşməsidir.
Nəzərə alsaq ki, hazırda enerji sahəsində ciddi sıxıntılar yaşanır və bir neçə 10 ildən sonra dünyanın ənənəvi neft-qaz yataqlarının tamamilə tükənəcəyi gözlənilir, Arktikanın əhəmiyyətini anlaya bilərik. Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə dünyanın enerji hasilatı mərkəzi Yaxın Şərqdən Arktikaya keçəcək. Vladimir Putin də “Şimal dənizi və Arktika istiqamətində genişlənmək ölkənin gələcəyidir” deyərkən məhz bu perspektivi nəzərdə tutur.
Putinin bu bəyanatına ABŞ-ın laqeyd qalacağı gözlənilmir. ABŞ-ın buzlu sularda hərəkət etmək qabiliyyətli gəmiləri olmasa da, Şimal dənizi üçün hazırlanmış güclü sualtıları var.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar