Xəbər lenti

 
Ukraynanın Donbass probleminin tənzimlənməsi üzrə Əlaqə Qrupunun nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Rusiyanı beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxarılmaqla təhdid edib.
 
Ovqat.com-un məlumatına görə, Kravçuk bu ilin sonuna qədər Donbassdan çıxmayacağı təqdirdə, Rusiyanın beynəlxalq ödəniş sistemindən uzaqlaşdırılması üçün müvafiq dairələrə müraciət edəcəklərini açıqlayıb. 
 
O, "Ukrayna 24" telekanalına verdiyi açıqlamasında vurğulayıb ki, rəsmi Kiyev 2021-ci ilin ilk aylarından etibarən, Kremlin işğalçı siyasətinə qarşı bəzi mühüm addımlar atmağa hazırlaşır. “Məsələn, belə addımlardan biri "beynəlxalq ödəniş sistemi" sanksiyaları ola bilər. Ukrayna, digər sanksiyalarla yanaşı, beynəlxalq qurumlardan bunu xahiş və tələb edəcək. Əgər Rusiyanı SWIFT beynəlxalq ödəniş sistemindən çıxara bilsək, onun iqtisadiyyatının hansı hala düşəcəyini izah etməyə söz tapmıram", - Kravçuk belə deyib. O, həmçinin əlavə edib ki, “bu, artıq konkret fiziki şəxslərə qarşı yox, bütövlükdə dövlətə qarşı sanksiyadır".
 
Rusiya rəsmiləri və Ukraynadan ayrılmaq istəyən qondarma “respublika”ların nümayəndələri isə bu təhdidləri ciddi hesab etmirlər. Onların fikrincə, beynəlxalq “SWIFT” ödəniş sistemi Ukraynanın “xahiş və tələbləri” ilə idarə olunmur. "İndi Kravçuk növbəti radikal bəyanat verir və   öz ciddiliyini sual altına qoyur. Ukraynalılar öz təhdidlərini reallaşdırmaq iqtidarında deyillər",-deyə “Luqanski Xalq Respublikası” rəhbərinin müşaviri, Minskdə aparılan danışıqlarda “respublika”nın təmsilçisi Rodion Miroşnik mediaya açıqlamasında bildirib.
 
Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov da Miroşniklə eyni fikirdədir: “Birincisi, SWIFT-ə nəzarət edən Ukrayna deyil. Hətta Amerika belə, bu sistemə istədiyini təlqin edə bilməz. Bu səbəbdən Rusiyanı yalnız çox sayda oyunçunun səylərini əlaqələndirərək SWIFT-dən ayırmaq mümkündür".
 
Bəs, görəsən, bir-birini təhdid edən tərəflərdən hansı daha haqlıdır? SWIFT nədir və Rusiyanı o sistemdən uzaqlaşdırmaq nə dərəcədə mümkündür?
 
Əvvəla, ondan başlayaq ki, Dünya Banklarıarası Maliyyə Telekomunikasiya Cəmiyyəti (SWIFT) ödəniş sistemi 1973-ci ildə Belçikada yaradılıb və dünya bankları arasında elektron pul köçürmələrini təmin edir. Hazırda dünyanın 200-dən çox ölkəsi bu sistemə qoşulub və faktiki olaraq bu sistem olmadan heç bir böyük bank əməliyyatlarının aparılması mümkün deyil. Bu mənada SWIFT-dən uzaqlaşma sanksiyaya məruz qalan ölkənin iqtisadi cəhətdən çöküşü deməkdir. Necə ki, biz bunu Şimali Koreya və İran təcrübələrində gördük.
 
Rusiya rəsmiləri bu sistemə təsir mexanizminin ABŞ-ın əlində olmadığını söyləsələr də, faktlar tamamilə başqa mətləblərdən xəbər verir. Ekspertlərin fikrincə, II Dünya müharibəsindən sonra, xüsusilə 1950-ci illərdə ABŞ-ın qlobal iqtisadiyyatda ciddi bir ağırlıq qazandığı dövrdən faktiki olaraq beynəlxalq valyutaların məzənnə etalonuna çevrilən ABŞ dolları 1970-ci illərdə qurulan və Vaşinqtonun nəzarəti altında olan SWIFT ilə qlobal hegemonluğunu gücləndirdi. Deməli, “SWIFT sisteminin ABŞ-la heç bir əlaqəsi yoxdur”, demək özünə təskinlik verməkdən başqa bir şey deyil.
 
Bununla belə, son illərdə ABŞ iqtisadiyyatı dünya lideri olmaq vəsfini itirməyə başlayıb. Bazar nisbətinə görə, ABŞ iqtisadiyyatı 1950-ci ildə qlobal iqtisadiyyatın 40%-ni öz əlində cəmləşdirirdi. Bu gün isə onun payı 24%-ə qədər azalıb. Hətta indi dünyanın ən böyük iqtisadiyyatı ABŞ deyil, Çindir. Amma ABŞ iqtisadi güc baxımdan əvvəlki mövqeyini itirsə belə, dollar hələ də dünyanın beynəlxalq ehtiyat valyutası olmaq xüsusiyyətini itirməyib. Bunu da böyük ölçüdə SWIFT sisteminə borcludur. Nədən ki, SWIFT köçürmələri əsasən dollar üzərindən aparılır. 
 
Üstəlik, son vaxtlar ABŞ-ın SWIFT sistemindən qarşı tərəfə sanksiya vasitəsi kimi istifadə etdiyi sirr deyil. 2018-ci ildə Şimali Koreyanın və İranın bu sistemdən uzaqlaşdırılması faktları var. Bu sanksiyalar həmin ölkələrin iqtisadiyyatına ağır zərbələr vurub, onları işləməz hala gətirib.
 
Fəqət elə həmin İran təcrübəsi ABŞ-ın bu gücünə çox da arxayın olmaması həqiqətini ortaya çıxardı. Tramp hakimiyyətinin nüvə sazişindən çəkilərək İrana qarşı tətbiq etdiyi SWIFT sanksiyasını ifratçılıq kimi dəyərləndirən bir çox Avropa ölkələri, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya INSTEX ödəmə sistemi yaratdılar. Düzdür, Avropa ölkələri bu sistemdən yalnız qida, dərman və sairə kimi humanitar məqsədli hesablaşmalarda istifadə etsələr də, həmin dar çərçivəli tətbiqin İrana münasibətlə əlaqədar olduğu da sirr deyil. Mümkündür ki, ABŞ SWIFT sanksiyasına məruz qalanların sırasını genişləndirkcə, INSTEX-in əhatə dairəsi də böyüsün. Bu baxımdan Rusiyaya SWIFT sanksiyalarının tətbiqi ABŞ üçün də ciddi risk deməkdir. Özəlliklə, Almaniya və Fransa kimi ölkələrin “Şimal axını-2” proyektinin tamamlanmasında maraqlı olması, Rusiya ilə enerji mənbələrinin hasilatında əməkdaşlığa meyllənməsi də SWIFT sanksiyalarının perspektivini şübhə altında qoyur
 
Digər tərəfdən 4 illik Tramp hakimiyyəti göstərdi ki, Vaşinqtonun milli maraqlarına təhdid kimi gördüyü ölkələrin siyahısı xeyli genişdir. Yeri gələndə bu siyahiya Çin, Kanada  Avropa İttifaqı kimi dövlətlər də daxil ola bilərlər. Hər halda Trampın  bütün dünyaya qarşı ticarət savaşı açması digər güclü dövlətləri də bərk narahat edir və hər kəs bu asılılıqdan xilas olmağa çalışır. Bu mənada mümkündür ki, dünyanın digər sənaye ölkələri SWIFT təhlükəsinə qarşı alternativ ödəmə sistemini gücləndirsinlər. Bu da nəticə etibarilə həm də dolların nüfuzuna ciddi zərbə vura və ortaq valyuta erasının sonunu gətirə bilər. 
 
Amma o da mümkündür ki, Trampın küsdürdüyü Avropa ölkələrinin qəlbini qazanmağı hədəfləyən Bayden administrasiyası onları “rus təhlükəsi”nin ciddiliyinə və ortaq təhdidin dinc yolla həllinin iqtisadi sanksiyalardan keçdiyinə inandırsın. Rusiyaya qarşı SWIFT sanksiyalarının tətbiq olunub-olunmayacağı ABŞ-ın yeni prezidentinin bu məsələyə nə dərəcədə səmimi yanaşmasından və inandırcılıq gücündən asılıdır.

Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 432          Tarix: 7-12-2020, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma