Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Xəbər verildiyi kimi, Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) 2 gün öncə Azərbaycan pomidoruna və almasına idxal qadağası qoyub. Səbəbi isə həmin məhsullarda, guya, Amerika pomidor güvəsi və Şərq güvəsi adlanan zərərvericilərin aşkarlanmasıdır.
Xidmətin məlumatına görə, dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Rusiyaya tədarük olunan məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərində karantin qadağası elan olunan “obyektlərin” aşkarlanması barədə xəbərdarlıq edib. Di gəl ki, məhsullarımızda sistematik hal alan bu qüsurlar aradan qaldırılmayıb: “Beləliklə, təkcə 22 oktyabr 2020-ci ildən bu günə qədər Avrasiya İqtisadi Birliyi üçün karantin altında olan obyektlərin 17 aşkarlanma halı qeydə alınıb”. Rosselxoznadzor da guya, məcbur qalıb Rusiyanın “fitosanitar rifahını qorumaq, bu zərərvericilərin ölkə ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün” 10 dekabr 2020-ci ildən etibarən, Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan edib.
Maraqlıdır ki, Azərbaycan 3 ildən artıqdır Rusiyanın pomidor idxalatının 30%-dən çoxunu təmin edirdi. İndiyə qədər isə həmin məhsullarda heç bir güvə və ya başqa zərərvericilər aşkarlanmamışdı. Əksinə, Rusiya bazarı Azərbaycandan daha çox məhsul almağa həvəsli idi. İndi birdən-birə nə oldu ki, 22 oktyabr 2020-ci il tarixindən etibarən məhsullarımızda güvə çıxdı? 17 dəfə bu hal “təkrarlanandan” sonra isə yalnız hansısa şirkətə qarşı deyil, bütünlüklə Azərbaycan istehsalı olan pomidorlara qadağa qoyuldu?
Araşdırmalarımıza əsasən, “Rosselxoznadzor” yalnız Azərbaycan məhsullarını bu cür “qaralamayıb”. Bizimlə yanaşı, Türkiyə, Özbəkistan, Ermənistan, Belarus, Hollandiya, Belçika və Fransaya da bənzər qadağalar tətbiq olunub. Azərbaycanla onların yeganə fərqi isə yanaşmadadır. Xidmət həmin ölkələrin bəzi bölgələrinə bu qadağanı tətbiq etdiyi halda, bizi tamamən “qara siyahı”ya salıb.
“Noyabrın 26-dan Özbəkistanın Fərqanə, dekabrın 4-dən Navoi bölgəsindən pomidor və bibər idxalına qadağa qoyulmuşdu. 11 dekabrdan etibarən isə Özbəkistanın Kaşkadarya bölgəsindən və Türkiyənin Antalya və İzmir vilayətlərindən, 14 dekabrdan Ermənistanın Armavir bölgəsindən pomidor və bibər idxalına qadağalar tətbiq edilir”,-deyə Rusiyanın “Vzqlyad” nəşri bildirir.
Rusiyanın Azərbaycana “ayrıca diqqət ayırması” istər-istəməz ağla bu qərarın siyasi xarakter daşıdığı ehtimalını gətirir. Pomidorumuzu qaralama cəhdinin xüsusilə Dağlıq Qarabağdakı son döyüşlərdə qazandığımız uğurlarla eyni vaxta düşməsi də bu ehtimalı qüvvətləndirir. Mümkündürmü ki, bu qərarda erməni barmağı olsun? “Rosselxoznadzor” rəhbərliyinin nə qədər erməni təsirində qalıb-qalmadığını müəyyənləşdirə bilmədiyimizdən bu sualı açıq saxlayırıq. Hələlik isə sözügedən versiyadan heç də daha az inandırıcı olmayan digər ehtimal üzərində dayanmağa çalışacağıq. Söhbət koronavirus pandemiyasının Rusiya iqtisadiyyatına vurduğu zərərdən və bu zərəri idxal məhsullarını azalmaqla kompensasiya etmək siyasətindən gedir.
Bildirildiyinə görə, koronavirus qadağaları Rusiyada bir çox restoran və kafelərin bağlanmasına səbəb olub. Pomidorun ən çox istehlak olunduğu məkanlar isə buralardı. Milli Meyvə və Tərəvəz Birliyinin icraçı direktoru Mixail Qluşkovun iddiasına inansaq, bu il istixana məhsullarına tələbat hardasa 30% azalıb. Bu da yerli istehsalçıların da işini çətinləşdirib. Rusiyada istehsal olunan pomidorlar keyfiyyət baxımından idxal məhsullardan geri qalması müştəriləri idxal mallara yönəldir. Nəticədə Rusiyanın yerli təsərrüfatları azad rəqabətdə uduzur. Onların rəqabət potensiallarını artırmaq üçün isə idxal malların həcmini azaltmaq tələb olunur.
Üstəlik, qiymətlər də ötən illərlə müqayisədə ucuzlaşıb. Rusiya Milli Meyvə və Tərəvəz Birliyinin hesabatına görə, 2020-ci ilin 10 ayında qiymətlər 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xiyarda 14%, pomidorda isə 5% ucuzlaşma qeydə alınıb. Bu da bir çox yerli müəssisələri iflasa doğru sürükləyir. “Uralın ən böyük istixana müəssisəsi olan və yerli əhalinin istixana tərəvəzlərinə olan tələbatının 64% -ni təchiz edən “Çurilovo” kənd təsərrüfatı kompleksi iflas təhlükəsi altındadır. Çelyabinsk Bölgəsi Arbitraj Məhkəməsi bir neçə gün əvvəl iflas davası açdı”,-deyə qurum bildirir.
Təsərrüfatların enerji istehlakının da son beş ilə nisbətən xeyli bahalaşdığı xəbər verilir. “Rosstat”-a görə, elektrik enerjisi tarifləri 24%, qaz tarifləri isə 31% artıb. “Nəticədə bu ilin sonunda tərəvəz istehsalının maya dəyərinin 50%-dən çoxu enerji istehlakına sərf olunur. Söhbət lampalarla işləyən qış istixanalarından gedir”, - Rusiya Milli Meyvə və Tərəvəz Birliyinin sədri Mixail Qluşkov media açıqlamasında belə deyib. Bir sözlə, Rusiyanın istixana təsərrüfatları yüksək gəlirliliklə öyünə bilməzlər. Qluşkov qeyd edir ki, keçən il gəlir 5% idi və bu il çox güman ki, ən yaxşı halda 2% olacaq və ya sıfıra yaxınlaşacaq.
Rusiya mütəxəssisinin fikrindən belə anlaşılır ki, ölkəyə pomidor idxalına qadağa qoyulması sırf iqtisadi səbəblə bağlıdır. Tələbatın azaldığı indiki zamanda yerli təsərrüfatları qorumaq üçün Rusiya istər-istəməz idxal mallara məhdudiyyətlət qoymağa məcburdur. Xüsusilə Azərbaycanın “qaralanmasına” gəlincə, bu, bizim Rusiyaya pomidor ixracımızın daha çox olması ilə bağlıdır. Belə ki, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə ölkəyə 172 min ton Azərbaycan pomidoru idxal edilib. Bu, Rusiyaya ümumi pomidor idxalının təxminən 31% -i mənasına gəlir. Deməli, təkcə Azərbaycan pomidorlarına idxal qadağası qoymaqla məsələni böyük ölçüdə həll etmək olar. Çünki Rusiyanın idxal pomidor statistikasına görə, Azərbaycandan sonra ikinci yeri Türkiyə tutur ki, o belə, bizimlə müqayisədə xeyli geridədir. Rusiyanın gömrük statistikasına inansaq, bu il Türkiyə Rusiyaya 52 min tondan çox (azərbaycanlılardan üç dəfə az) pomidor idxal edib. Türkiyədən sonra Rusiyaya ən çox pomidor satan ölkə Özbəkistandır. O da Rusiyanın idxal pomidor ehtiyacının cəmi 9%-ni təmin edir. Dolayısıyla Rusiya Azərbaycana bu qadağanı tətbiq etməsəydi, bizim əvəzimizə ən azı 3 ölkəni “qara siyahı”ya salmalı idi.
Bununla belə, mütəxəssislər Azərbaycana qarşı tətbiq edilən idxal qadağasının uzun sürməyəcəyini düşünürlər. Pomidor istehlakının ən çox artdığı yay sezonunda bu qadağanın ortadan qaldırılacağı güman olunur. Əks halda yerli istehsalla kifayətlənmək Rusiyanın qida bazarında qiymətlərin surətlə artmasına səbəb ola bilər ki, Moskvanın indiki ağır iqtisadi vəziyyətində bu, ən son arzuladığı haldır. Ölkədə infilyasiyanın və sosial narazılığın qarşısını almaq üçün Rusiya yenidən öz bazarlarını xarici şirkətlərə açmalıdır. Onu da nəzərə alsaq ki, Azərbaycanın pomidor istehsalçıları əsasən yaz və yay mövsümündə ixracata əhəmiyyət verirlər, “Rosselxoznadzor”un bu qərarının təsərrüfatlarımıza vuracağı zərər o qədər də böyük olmaya bilər. Amma yenə də Azərbaycanın müvafiq qurumları, əsasən də pomidor təsərrüfatları alternativ bazar axtarmalı, bu cür “sürprizlərdən” sığortalanmaq üçün yalnız bir istiqamətlə kifayətlənməməlidirlər.
Mürvət Həsənli,
İş adamı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar