Xəbər lenti


Mütəllim Rəhimli
 

Qarabağdakı məğlubiyyətin ardınca Ermənitanda daxili siyasi vəziyyət gərginləşib və əleyhidarları baş nazirin istefasını tələb edirlər. Lakin Paşinyan hələ də dirənir. Proqnozların əleyhinə olaraq ölkə daxilində əhalinin əksəriyyəti ona qarşı etirazlara qoşulmur. Bu da Qarabağla bağlı ermənilərin hamısının eyni düşüncədə olmadığını göstərir. 
 
Buna baxmayaraq Rusiyanın Qarabağ planında Paşinyanın istefası mühüm yer alır. Aralarında Robert Koçaryan və Serj Sarkisyanın da olduğu 10-dan çox siyasi partiyanın rəhbəri Nikol Paşinyanın istefa verməsini və onun yerinə Vazgen Manukyanın baş nazir seçilməsini istəyir. Yəni Rusiya bu ölkədəki siyasi tərəfdarlarının hamısını bir yerə cəm edərək güc göstərir. 
 
Bütün bunlar hələ ki, hədəfə çatmaq üçün yetərli deyil. Ona görə də Paşinyanın mövqelərini daha da zəiflətmək üçün ətrafındakıların istefası və s. kimi təzyiq vasitələrinə də əl atılır. 
 
Rusiyanın əksinə olaraq Qərb Paşinyanın qalmasını istəyir. Cəmiyyətin bütövlükdə ona qarşı köklənməsini əngəlləyir, təmkinli addımların atılmasını və qərarların qəbulunu dəstəkləyir. 
 
Hər iki tərəf Ermənistan üzərindən öz oyununu oynamaqdadır. Qərb Rusiyanın ssenarisini pozmaqda və Paşinyanı qorumaqdadır. Hələ ki, görünən mənzərə budur.
 
Paşinyanın hakimiyyətdə qalması Ermənistanda Qarabağ iddialarının nəzərə alınmayacağını və onun arxa plana keçəcəyini söyləməyə imkan verir. O, ölkəsini daha çox Qərbə istiqamətləndirməyə çalışacaq, beləliklə də, Azərbaycanla deyil, Rusiya ilə qarşıdurmada olacaq. Bütün gücünü Rusiyanın nəzarətindən çıxmağa, heç olmasa Gürcüstan kimi Avropa Birliyi ilə əlaqələr qurmağa yönəldəcək. 
 
Lakin hazırda ölkə müxalifətinin baş nazirliyə vahid namizədi olan Vazgen Manukyan, gələcəkdə baş nazir olacağı ehtimal edilən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, adı hələ çəkilməsə də iddiaları sezilən Robert Koçaryan daha şovinist təsir bağışlamaqla, həm də Rusiyanın dəstəklədiyi namizədlərdir. Bunların siyasəti həmişə Azərbaycan torpaqlarının işğalı və Qarabağ üzərindən qurulub. Hakimiyyətə gəldikləri təqdirdə də çox güman ki, Rusiyanın dəstəyi ilə ölkəmizə qarşı aqresiya siyasəti aparacaqlar. Rusiyanın diqtəsi və nəzarətinə verəcəkləri Ermənistan cəmiyyətinə bundan artıq nəsə bəxş edəcəkləri görünmür. Rusiya “sülhməramlılarının” nəzarətində olan və hazırda qeyri-müəyyənliklərlə dolu Qarabağda revanş edəcəklər. Bu isə bizim xeyirimizə deyil.
 
Ona görə də, Paşinyanın maksimum dirənərək, C.Baydenin ABŞ-da hakimiyyət başına gələnədək qalması regionda situsiyanı dəyişə bilər. O vaxtadək Ermənistanda tərəflərin silahdan istifadə etməsi də istisna deyil. Rusiyaya vətəndaş müharibəsini alovlandırmaqdan başqa yol qalmaya da bilər. Çünki Paşinyana qarşı sui-qəsdlər də bəhrə vermir, Qərb onun mühafizəsini çox yaxşı təşkil edir və lazım gələndə bunkerdə gizlədir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 051          Tarix: 17-12-2020, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma