Xəbər lenti

 
1968-ci ilin avqust ayında o dövrün Çexoslovakiyası adlanan məmləkətdə vətəndaşlar ayağa qalxıb rus ordusunun dərhal ölkəni tərk etməsi tələbini ortaya qoymuşdular. Etirazçıların maraqlı bir şüarı da vardı: “İvan, evinə dön, burda sənin üçün araq yoxdur”. 
                                        
Üzərindən 53 il keçməsinə baxmayaraq, çexoslovakiyalıların səsləndirdikləri bu şüar hələ də aktuallığını itirməyib. Əksinə, getikcə rus ordusunun ayağını basdığı bütün coğrafiyalarda ötkəm şəkildə dilə gətirilir. 1990-cı illərdə bu sədalar Almaniyadan və Baltikyanı ölkələrdən gəlirdi. Daha sonra Ukraynada, Moldovada, Gürcüstanda, hətta Belarusda səslənməyə başladı. Azərbaycanın ermənilərə qarşı böyük zəfər çaldığı  44 günlük müharibədən sonra “İvan, evinə dön” nidaları bizim məmləkətin də əsas siyasi çağırışına çevrildi.
Şüarı dilə gətirənlərdən biri də AMİP-dir. Bəs Azərbaycanın ən qədim partiyalarından olan AMİP niyə “İvanın evə qayıtmasının” vacibliyinə inanır?
 
Partiyanın Mərkəzi Şurasının sədri Rəşad Bayramov Ovqat.com-un suallarını cavablandırır:


 
-Rəşad bəy, bir neçə gün əvvəl AMİP Rusiya sülhməramlılarının səlahiyyətlərini aşan davranışlarıyla bağlı bəyanat verib. AMİP Lideri Etibar Məmmədov da sülhməramlıların davranışlarından narahatlıq ifadə edən aşıqlama ilə çıxış edib. Cəmiyyətdə də bununla bağlı narazılıqlar var. Sizcə prosses hara gedir?
 
-Sadaladığınız bəyanatlar və etirazlar ilk dəfə deyil ki, tərəfimizdən səsləndirilir. Bilirsiniz ki, Rusiyanın “sülhməramlı” adlanan hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsinə gəlməsi ictimaiyyət tərəfindən əvvəldən də  birmənalı qarşılanmayıb. Rusiyanın sülhməramlı missiyanı layiqincə yerinə yetirəcəklərinə təbii olaraq inanmamışıq, çünki ortada ən azından uzun illərin təcrübəsi var. Zaman keçdikcə də Rusiyanın nəzarətimizdə olmayan ərazilərdəki fəaliyyəti şübhələrimizin əsaslı olduğunu ortaya qoydu və bu baxımdan da etirazlarımız təbiidir.
 
-Etirazlar əsasən nədən ibarətdir?
 
-İlk etiraz həmin hərbi birləşmələrin hər hansı bir mandata sahib olmadan Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində yerləşməsi ilə bağlıdır. Məlumdur ki, hər hansı sülhməramlı kontingentin bu və ya digər ərazidə yerləşməsi üçün BMT-dən mandat alması lazımdır. Rusiya ərazimizdə qoşun yerləşdirmək üçün hələ ki, belə bir mandata sahib deyil. İkinci etiraz həmin hərbi birləşmələrinin üçtərəfli bəyanatda nəzərdə tutulduğundan daha artıq sayda gəlməsi ilə bağlıdır. Özü də bu birləşmələr ərazilərimizə bəyanatda göstəriləndən də qat-qat artıq texnika yeridiblər və bu texnikalar məlum olduğu kimi, hücum əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Əks halda sülhməramlı missiyanın zenit raket kompleksləri, tanklar və digər ağır texnika ilə silahlanmasına başqa nə ad vermək olar? İmzalanmış bəyanata görə, Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi silahlar mülki əhali arasında hər hansı konfilikt olarsa, bu konfiliktə müdaxilə etməyə yetəcək adi atıcı silahlar ola bilərdi. Amma əvəzində tam təchizatlı hərbi birləşmələr görürük.
 
-Rəşad bəy, qeyd etdiniz ki, Rusiya nəzərdə tutulandan daha çox tərkibdə gəlib. Bununla bağlı konkret rəqəmlər varmı?
 
-Üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının sayı konkret olaraq göstərilib və bu say 1960 nəfər olmalı idi.  Lakin hərbçi, məmur, texniki mütəxəssis, həkim, tibb bacısı və tikinti işçisi adı altında Qarabağa göndərilən rusların sayı 5 min nəfəri keçib. Ayrı-ayrı mənbələrdən isə hər birində 300 hərbçinin qalacağı 32 ədəd modul tipli zastavanın yaradılacağı bildirilir. Bu isə hərbçilərin sayının 10 min nəfərə çatacağı deməkdir. Bu faktı kifayət qədər məlumata malik olan, hər birimizin yaxşı tanıdığı Maksim Şevcenko da təsdiqləyib. Putinin də ənənəvi mətbuat konfransında sühməramlı kontingentin sayının artırılmasının mümkün olduğunu deməsi bu sayın daha da artırılacağını düşünməyə əsas verir. Bu isə o anlama gəlir ki, Qarabağda yerləşdirilən Rusiya qüvvələri sülh yaratmaq məramını aşaraq faktiki olaraq işğal gücünə çevrilməkdədir. 
 
-Amma Rusiya say tərkibinin artırılmasını ərazinin böyük olması ilə izah edir və daha yaxşı fəaliyyət göstərmək üçün lazım olduğunu deyir.


 
-Bunlar bəhanədən başqa bir şey deyil. Çünki bu günə olan görüntü ondan ibarətdir ki, adı çəkilən hərbi birləşmələr üzərlərinə düşən missiyanı yerinə yetirməkdən başqa nə ilə desən məşğul olurlar. Rusiya müxtəlif bəahnələr gətirməkdənsə yaxşı olar ki, konkret suallara cavab versin. Cavab versin ki, 45 mindən artıq ermənini Xankəndi, Xocalı və digər ərazilərimizdə hansı prinsip əsasında yerləşdirir? Həmin şəxslərin Azərbaycan vətəndaşları olub-olmaması və ya işğaldan qabaq həmin ərazilərdə yaşayıb-yaşamadıqları yoxlanılırmı? Cavab versin ki, ona həmin ərazilərdə qanunsuz məskunlaşma aparmaq hüququ hansı saziş və ya müqavilə əsasında verilib? Cavab verilsin ki, 45 min erməniylə bərabər neçə azərbaycanlının öz evinə qayıtması təmin edilib? Kəlbəcər və digər ərazilərin boşaldılması zamanı rus əsgərlərinin gözü qarşısında ermənilər tərəfindən evlərin yandırılması, ağacların kəsilməsini nə ilə izah edirlər? Və ya Rusiya sülhməramlı missiyasının rəhbərliyi hansı əsasla Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxlərlə, özü də separatçı rejimin bayrağı altında görüşlər keçirir? Cavab versin ki, Azərbaycanın hərbi əsir olaraq təhvil verdiyi şəxsləri niyə məhz Araik Arutunyana təhvil verilir? Rusiya Azərbaycanın ərazisi olaraq tanıdığı bölgədə separatçı rejimin rəhbərlərindən medal almasına aydınlıq gətirməlidir. Bilirsiniz ki, bir neçə gün əvvəl separatçı rejimin “Fövqaladə Hallar Nazirliyi” Rusiya Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarını medallarla təltif edib və bunun üçün Xocalıda xüsusi mərasim keçirilib. Rusiyanın sülhməramlı adı ilə regiona daxil olan əsgərlərinin Qarabağın sıldırım rayonlarında tam təhcizatlı təlimlər keçirməsi də suallar doğurur. Rusiyadan bütün bu sualların cavabı istənməli və izahat tələb olunmalıdır.
 
-Sizcə rəsmi Bakı bütün bu sadalananlarla bağlı etirazlarını bildirmirmi?
 
-Əgər suallar varsa demək ki, cavablar da var. Etiraz verilibsə demək ki, bundan nəticə də çıxarılmalıdır. Amma görünən odur ki, ortada hər hansı bir nəticə yoxdur. Mən rəsmi Bakının sadlanan məslələrlə bağlı etirazları Rusiyanın diqqətinə çatdırdığına əminəm. Amma ortada nə bizi qane edən cavab, nə də etirazlardan sonra hər hansı bir problemin həllini tapmasının şahidi olmamışıq. Bu isə o deməkdir ki, Moskva rəsmi Bakının etirazlarını qulaqardına vurur. Nəticədə vəziyyət hər keçən gün daha da pisləşir. Elə hərbçimizin şəhid olması ilə nəticələnən Tuğ kəndindəki son insident də buna əyani misaldır. Oradakı şəhidimizin qanı həm də Rusiyanın əlindədir. Çünki öz vəzifələrini doğru-düzgün yerinə yetirə bilmirlər, daha doğrusu, yerinə yetirmək istəmirlər.
 
-Demək istəyirsiz ki, oradakı Rusiya hərbçiləri baş verən insidentlərin qarşısını bilərəkdən almır? 
 
-Bilərək ya bilməyərək, bunun elə bir fərqi yoxdur. Üçtərəfli bəyanata görə, həmin ərazilərin erməni hərbi birləşmələrindən təmizlənməsi birbaşa Rusiya sülhməramlılarının vəzifəsidir. Rusların həmin ərazilərdən ermənilərdən qalan silahlı qüvvələri tamamilə çıxarması lazım idi. Amma onların bu günə qədər hansısa erməni hərbçisini tərksilah etdiyinin şahidi olmamışıq. Əvəzində rus komandanlığının erməni terrorçuları ilə çox xoş davranışları və separatçıların bayrağı altında müxtəlif pozalar verdiyinin şahidiyik.
 
-Sizcə bütün bu sadalalnların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?


 
-İlk növbədə, Rusiyanın dırnaqarası sülhməramlılarına başa salınmalıdır ki, bura Azərbaycan torpağıdır və biz 30 il əvvəlki Azərbaycan deyilik. Sadaladığım bütün məsələlərlə bağlı faktlar aktlaşdırılmalı və rəsmi Moskvaya təqdim olunmalıdır. Deyilməlidir ki, göndərilən hərbi birləşmələr öz işlərinin öhdəsindən gəlmək istəmir və tərəfsiz deyillər. Sülhməramlı missiyaya rəhbərlik edən R.Muradovun Azərbaycan torpağında Ermənistan Müdafiə naziri ilə görüşü ilə bağlı dərhal izahat tələb olunmalıdır. Sən kimsən ki, mənim torpağımda düşmən ölkənin Müdafiə naziri ilə görüş keçirisən? Bütün bunlara ya son qoyulmalı, ya da həmin hərbi birləşmə bölgəni tərk etməlidir. Susmaqla və ya məsələlərə mülayim yanaşmaqla heç nəyə nail olmaq mümkün olmayacaq. Odur ki, elə xəritə məsələsində olduğu kimi, dövlətin rəsmi qurumları səslərini ucaltmalıdırlar. Rusiya “sülhməramlı”larının Qarabağda həddini aşan xəritə qalmaqalı zamanı Azərbaycan rəsmilərinin kəskin reaksiyası Rüstəm Muradovun yeni xəritə dərc etməyə məcbur etdi və işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı rus “sülhməramlı”lar yenidən öz yerlərinə qayıtdılar. Təbii ki, bu məsələdə qardaş Türkiyənin də böyük rolu oldu. Belə ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan etdi ki, Türkiyə məsələlərə seyirçi qalmayacaq: “Müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəçiliyi götürmüşük”.  Qısası, ortaya konkret mövqe qoyulduqda nəticə də əldə etmək olur və biz də Azərbaycan hakimiyyətindən bu cür konkret mövqe qoymasını istəyirik. Bizlər isə, siyasilər olaraq bütün imkanlarımızla bu məsələ də hökumətin yanında olacağıq. Eyni vaxtda Laçın dəhlizinin başlanğıcında, Azərbaycan-Ermənistan sərhədində sərhəd gömrük məntəqəsi yaradılmalı və Rusiyanın həmin dəhliz vasitəsilə daşıdığı ermənilərin kimliyinin araşdırılması və daşınan malların nəzarətə götürülməsi təmin edilməlidir. Laçın dəhlizinin Rus sülhməramlılarının nəzarətinə verilməsi heç də o anlama gəlməməlidir ki, ermənilər orada istədiklərini edə bilərlər. Paralel olaraq, Türkiyə ilə dərhal hərbi ittifaq sazişi imzalanmalı və Türkiyə silahlı qüvvələrinin Azərbaycana gəlişi təmin edilməlidir. Türkiyə ilk gündən etibarən haqq davamızda yanımızda olub və indi də bütün imkanları ilə yanımızda olmağa hazırdır. Bunu həm ölkənin prezdienti T.Ərdoğan həm də digər rəsmi şəxslər dəfələrlə qeyd ediblər. 
 
-Rusiya isə Türkiyə silahlı qüvvələrinin bölgəyə gəlişinin onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcəyini deyir və ermənilərin bununla bağlı narahatlıqlarını ifadə edir.
 
-Bəli haqlısınız. Rusiya tərəfindən belə bir narahatlıq ifadə olunub. Bunu Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar da bir neçə gün öncəki açıqlamasında dilə gətirdi. Amma Rusiya və ya Ermənistanın narahatlığı bu məsələdə bizim üçün hər hansı bir əhəmiyyət daşımamalıdır. Ermənilər Türkiyənin Qarabağdakı mövcudluğundan nə qədər narahatdırlarsa bizlər də Rusiyanın orada olmasından bir o qədər narahatıq. O Rusiyanın ki, 44 günlük savaş dönəmində də ondan əvvəl də Ermənistanı hər cür silah-sursatla təmin edib və bu da birbaşa Putinin dilindən etiraf olunub. Əgər Ermənistanın siyasi, iqtisadi, hərbi müttəfiqi olan Rusiya “sülhməramlı” missiya adıyla Qarabağa yerləşibsə bizim müttəfiqimiz olan Türkiyə niyə olmasın? Öz ərazilərimizdə müttəfiqimiz və qardaşımız olan Türkiyənin hərbi birləşməsinin yerləşməsi üçün Rusiya və ya Ermənistandan icazı almalıyıq? Biz Rusiyaya “Ermənsitandakı hərbi bazanı ləğv et və oranı tərk et” deyirikmi? Bura Azərbaycandır və kimi, hara və hansı sayda dəvət edəcəyimiz də bizim işimizdir. 


 
-Sizcə Türkiyə ilə hərbi ittifaq sazişi və türk qoşunlarının Azərbaycana gəlməsi nəyi dəyişə bilər?
 
-İlk olaraq Rusiya sülhməramlılarının özbaşınalığına son qoyular. Ermənistan başa düşər ki, hər hansı təxribat törədəcəyi halda bunun sərt cəzası olacaq və Rus sülhməramlılarının arxasında gizlənmək mümkün olmayacaq. Rusiya da anlayar ki, tərəf tutacağı halda qarşısında təkcə Azərbaycan əsgərini deyil, həm də Türkiyə əsgərini görəcək. Rusiya bölgənin tək söz sahibi olmadığı və Türkiyənin də regionda söz sahibi olması faktıyla barışmaq məcburiyyətindədir və artıq barışıb da. Sadəcə bu məsələdə həlledici rola sahib olan Azərbaycan prinsipial olaraq möhkəm dayanmalı və sərt üzünü göstərməlidir. Sadladığım məsələlər həllini tapacaqsa Rusiya da tərəfsiz qalmağın vacib olduğunu anlayacaq. Anlamayacaqsa ərazilərimizi tərk etməsi tələbi ilə üzləşəcək.
 
-Azərbaycanın belə bir tələblə çıxış edəcəyi halda vəziyyət necə dəyişə bilər? Bu ümumilikdə imzalanmış bəyanatı təhlükə altına qoymazmı?
 
-Bəyanatın təhlükə altına düşə biləcəyindən ən çox qorxan Ermənistandır. Onlar anlayırlar ki, bəyanatın ləğvi halında Azərbaycan Xankəndi başda olmaqla nəzarətimizdə olmayan bütün ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılması üçün anti-terror əməliyyatını davam etdirə bilər. Bu halda hətta Rusiya belə, onlara açıq şəkildə kömək edə bilməyəcək. Birincisi, ona görə ki, Putinin də dediyi kimi Azərbaycan hərbi əməliyyatları öz ərazi hüdudları çərçivəsində həyata keçirəcək, ikincisi, Rusiya indiki mərhələdə Azərbaycanla münasibətlərin korlanmasında maraqlı olmayacaq. Ermənistana gizli dəstəyi isə Rusiya onsuz da həmişə verib və bundan sonra da verməyə davam edəcək. Necə ki, bayaq da qeyd etdiyim kimi 44 günlük müharibənin gedişində Rusiya Ermənistana yetərincə silah-sursatla təmin etmişdi. Hətta Gümrüdəki bazadan yetərli qədər tankın da ermənilərin ixtiyarına verildiyi ilə bağlı faktlar var. 
 
-Amma bəyanatın ləğvi həm də Naxçıvan dəhlizi ilə bağlı məsələnin də ortadan qalxmasına səbəb olar ki, bu da nə bizə nə də Türkiyəyə sərf etmir.
 
-Məlumdur ki, Naxçıvan dəhlizi ilk növbədə Türkiyənin Orta Asiyaya açılan ən qısa və regional əməkdaşlıq baxımından strateji önəm daşıyan qapısıdır. Rusiyanın Naxçıvan dəhlizi məsələsindən Türkiyə və Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsi elə də asan məsələ deyil. Çünki Türkiyənin də əlində Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər imkanlar var. Bilirsiniz ki, iki gün əvvəl “Türk axını” çərçivəsində Rusiya qazının rusların Şərqi Avropadakı əsas müttəfiqi Serbiyaya nəqlinə başlanılıb. Rus qazı Qara dənizi keçərək Türkiyəyə, ordan isə Bolqarıstan üzərindən Serbiyaya daşınacaq. Dağlıq Qarabağdakı son döyüşlər başlamamışdan əvvəl layihənin perspektivi şübhə altında düşmüşdü. ABŞ Dövlət Departamenti dəfələrlə açıq şəkildə layihə iştirakçılarını “Türk axını”ndan imtina etməyə çağırmış, əks halda “sözəbaxmayan” müttəfiqlərə ağır sanksiyalarla hədə-qorxu gəlmişdi. Lakin bütün təzyiqlərə baxmayaraq Türkiyə rus qazının öz ərazisindən daşınmasına yaşıl işıq yandırdı. Türkiyənin öz hərbi qüvvələrini müşahidə üçün Dağlıq Qarabağa göndərdiyi ərəfədə “Türk axını” xətti ilə Serbiyaya qaz verilməsi də Dağlıq Qarabağ ətrafında aprılan diplomatik danışıqlarda iki əsas prinsipdə qarşılıqlı razılığa gəlindiyini göstərir: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”. Bu şans təkcə Türkiyəyə ciddi tranzit pulu qazandırmır. Həm də regionun ən güclü dövlətlərdən birinin – Rusiyanın boğazını və tez-tez təzyiqlərinə məruz qaldığı Avropa İttifaqının enerji təhlükəsizliyini öz ovcunda tutmasına şərait yaradır. Türkiyənin əlində olan digər bir təsir vasitəsi isə Bosfor boğazı ilə bağlıdır. Qara dənizi Aralıq dənizinə birləşdirən bu boğazın bağlanması Rusiyanı isti dənizlərə açılan yeganə qapıdan məhrum etməklə yanaşı, həm də onun ən güclü hərbi donanmasını işləksiz hala gətirə bilər. Göründüyü kimi Rusiyanın bizlərə Naxçıvan dəhlizi vasitəsilə təzyiq etməsi elə də asan məsələ deyil. 


 
-Rəşad bəy son olaraq bir məsələ ilə bağlı da mövqeyiniz bilmək istərdik. Sizcə Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışı mümkündürmü?
 
-Birgə yaşayış yalnız hər iki tərəfin istəyi ilə mümkün ola bilər. Əvvəlcə ona aydınlıq gətirilməlidir ki, ermənilər bizimlə birgə yaşamaq istəyirlərmi? Bu günə qədər hər hansı bir erməni rəsmisinin, millət vəkilinin və ya sıravi bir erməninin dilindən birgə yaşayışın mümkünlüyü ilə bağlı tək bir ifadə eşitmisizmi? Mən eşitməmişəm. Amma bizdə ermənilərlə birgə yaşamağın mümkünlüyünü dilə gətirmək üçün sanki bir yarış keçirilir və bu da onunla izah olunur ki, biz dünyaya birgə yaşamağa hazır olduğumuzu sübut etməliyik. Biz niyə kiməsə nəyisə sübut etməliyik axı? Sübut göz önündədir. Bu gün Bakıda da, rayonlarımızda da 30 mindən artıq erməni yaşayır və onlara gözün üstündə qaşın var deyən də yoxdur. Mövqe belə olmalıdır ki, mənimlə birgə yaşamaq istəyirsənsə buyur yaşa, istəmirsənsə xoş getdin. Yoxsa ki, “səni sevəcəyəm sən sevməsən də” prinsipi ilə hərəkət etməklə uzağa getmək mümkün deyil.
 
Söhbətləşdi: Nicat Türkoğlu,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 8 325          Tarix: 4-01-2021, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma